Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə oktyabr-noyabr aylarında keçirilmiş bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə yekun vurulub.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə mədəniyyət mərkəzlərindən 21 musiqi kollektivi və 27 ifaçı iştirak edib.
Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, “Ən yaxşı ansambl” nominasiyasının qalibi İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Ailə” folklor xalq ansamblı, “Ən yaxşı vokal ifaçı” nominasiyasının qalibi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Qobustan” instrumental ansamblının solisti Tahir Quliyev, “Ən yaxşı muğam üçlüyü” nominasiyasının qalibi Ə.Əmirov adına Mədəniyyət Sarayının muğam üçlüyü olub.
“Müsabiqədə fəal iştirakına görə” Binəqədi Mərkəzi Mədəniyyət evinin “Qönçə” instrumental ansamblının solisti Sadiq Həsənquliyev, Nizami adına Mədəniyyət Mərkəzinin “Mərdi Məkan” ansamblının solisti Valid Tağızadə, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq kollektivinin solisti Asif İmanquliyev, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin muğam üçlüyü, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” folklor xalq ansamblı layiq görülüb.
Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbourinin 2015-2016-cı illərdə bəstələdiyi “Nizami” operasından “Fərhadın ariyası” parçasının onlayn təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.
Gənc bəstəkar bildirib ki, iki pərdəli opera üzərində işləməyə hələ 2015-ci ildə İstanbulda Memar Sinan Universitetində təhsil alarkən başlayıb. Operanın librettosunu da özü qələmə aldığını bildirən A.Torkanbouri ana xəttin Nizaminin “Xəmsə”sində yer alan poemalar əsasında dahi şairin həyatı haqqında sürreal süjet üzərində qurulduğunu söyləyib.
Qeyd edilib ki, bəstəkarın 2016-cı ildə Avstriyaya köçməsi səbəbi ilə natamam qalan operanın musiqisi müasir musiqi üslubunda, lakin Azərbaycan musiqi səs sistemi əsasında bəstələnib. Bəstəkarın sözlərinə görə, əsər ənənəvi klassik musiqi üslubunda olmasa da, eksperimental musiqi kimi də dəyərləndirilməməlidir. Azərbaycanın öz musiqi dili və xarakteri bu operanın əsas məğzini təşkil edir.
Operada Nizami Gəncəvi ilə yanaşı, əsas fiqur Fərhad obrazıdır və əsərdə dahi şairin onun bədii qəhrəmanı ilə rastlaşması əksini tapır. Fərhad obrazında “Xəmsə” poemalarının digər qəhrəmanlarının – Məcnun və Bəhram Gurun xarakter cizgiləri də özünü ehtiva edir.
Videotəqdimatda Fərhad obrazını Vyana Dövlət Operasının xorunun üzvü Umut Kaya canlandırıb. İstedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr etdiyi və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənən batika əsərlərindən ibarət sərgi isə əsərin ruhuna uyğun ab-hava yaradıb.
Gənc bəstəkar bildirib ki, dahi şairin yubileyi onu yenidən operanı davam etməyə həvəsləndirib və nəticədə Azərbaycan və türk musiqiçilərinin birgə əməyinin məhsulu olan bu videoçarxı ictimaiyyətə təqdim etmək qərarına gəlib. Qeyd edilməlidir ki, “Nizami” operası ilə yanaşı, bəstəkarın 2012-ci ildə yazar Rüqəyyə Kəbirinin uşaq nağılı əsasında “Noxud” operettasını bəstələyib.
Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir. Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş olunur.
Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq sərgi barədə öz fikirlərini bölüşüb. Bildirib ki, sərgidə nümayiş olunan əsərlər unikallığı ilə seçilir. “Rəssam əsərlərində gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır. Mən 2017-ci ildə Tbilisidə olarkən rəssamın emalatxanasında olmuşdum. Nino Kipşidzenin əsərləri məni valeh etmişdi və qərara gəldim ki, onun sərgisini ölkəmizdə təşkil edək”, - deyə Ş.Məlikova qeyd edib.
Sərginin açılışında iştirakdan məmnunluğunu ifadə edən Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze vurğulayıb ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə səbəb olur.
Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze sərginin əhəmiyyətindən söz açaraq rəssamın yaradıcılığının özünəməxsusluğundan danışıb.
Sonda Nino Kipşidze çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, sərgi gələn il yanvarın 22-dək davam edəcək.
“Netflix” Koreya Respublikasının elmi-fantastik filmi olan “Səssiz dəniz”in (The Silent Sea) treylerini yayımlayıb.
AZƏRTAC xəbər verir ki, film iqlim dəyişikliyi səbəbindən kosmosa səyahətlərin məcburi hala gəldiyi distopik bir gələcəkdən bəhs edir.
Filmdə yaxın gələcəkdə Yer kürəsinin bütün təbii ehtiyatlarının tükənməsi təsvir edilir. Belə ki, bəşəriyyətin aclıqla üz-üzə qaldığı bir vaxtda, Yer kürəsini məhv olmaqdan xilas etmək üçün koreyalı bir kosmos heyəti Aya göndərilir...
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə TÜRKSOY-da keçirilən mərasimdə, o cümlədən “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimat mərasimində çıxış edib.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un mərkəzi qərargahında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Qənirə Paşayeva 2021-ci ildə Azərbaycan aşıq sənətinin klassiki, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələr çərçivəsində görülən işləri yüksək dəyərləndirib.
Aşıq Ələsgər yaradıcılığının önəmi, söz və saz sənatkarının fəaliyyətinin araşdırılması, Azərbaycanda Aşıq Ələsgər yaradıcılığına, ümumən aşıq sənətinə və onun inkişafına göstərilən diqqət və qayğıdan söz açan Komitə sədri, Aşıq Ələsgər yaradıcılığının türk dünyasında daha geniş tanıdılmasının vacibliyinə toxunub.
Çıxışında Azərbaycanın tarixi şəxsiyyətlərinin zəngin yaradıcılığının müqayisəli təhlilinə geniş yer ayıran Qənirə Paşayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi Zəfərindən söz açıb.
Komitə sədri Dədə Ələsgərin Göyçədə erməni işğalında qalan məzarından da danışıb. O deyib ki, Göyçədə, Zəngəzurda, İrəvandakı tarixi abidələrimiz, qəbirlərimiz Qarabağda olduğundan daha betər erməni vandallığına məruz qalıb. O, Aşıq Ələsgərin məzarının da erməni vandallığına məruz qaldığını bildirib: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni vandallığının qurbanı olub.
Aşıq Ələsgərin varlığı yalnız Azərbaycan mədəniyyəti tarixi üçün deyil, ümumtürk mədəniyyəti üçün önəmlidir. Onun, ümumən ozan-aşıq yaradıcılığının qorunub təbliğ edilməsi Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinə aiddir.
Bugünlərdə biz Bakıda Xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Azərbaycan aşıq sənəti” bədii sərgisini təşkil etdik. Habelə ustadlar-ustadının əsərləri toplanmış kitab nəşr etdik. Çox şadıq ki, türk dünyasının ən önəmli ocaqlarından biri olan TÜRKSOY-da Aşıq Ələsgəri anırıq, onun Ankarada çıxmış kitabının təqdimatını keçiririk. Mən bugünkü tədbirimizi türk dünyası mədəniyyət tarixinin ən yeni səhifələrinə düşəcək hadisələrdən biri hesab edirəm. Aşıq sənətinin, qüdrətli söz ustadının adına layiq bir tədbir təşkil etdiyiniz üçün bütün zəhməti keçənlərə könül dolusu təşəkkürlərimi yetirirəm. Mən bu gün bizimlə olan bütün dəyərli aydınlarımıza, sənətçilərimizə, media və QHT təmsilçilərimizə, hər kəsə çox təşəkkür edirəm. TÜRKSOY-un bu doğma tribunasından çıxış edərkən, Aşıq Ələsgərin 200 illik yubileyi haqqında Sərəncam imzalamış Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, aşıq sənətinə, muğam sənətinə, ümumən mədəniyyətimizə yüksək diqqət-qayğı ilə yanaşan Birinci vitse-prezidentimiz, UNESCO VƏ ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya könül dolusu minnətdarlığımızı çatdırmaq istəyirəm. Mehriban xanımın dəstəyi ilə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
TÜRKSOY-un Baş katibi hörmətli Düsen Kaseinovun da vurğuladığı kimi, Aşıq Ələsgərin ürəkləri oxşayan yüksəkkeyfiyyətli yaradıcılığı və şəxsiyyətinin təbliği, onun yaradıcılıq örnəklərinin müxtəlif dillərə çevrilərək nəşr edilməsi vacib məsələdir. Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması yönündə TÜRKSOY-un həyata keçirdiyi layihələr bizə yaxşı məlumdur. Baş katib Düsen Kaseinova, fədakar TÜRKSOY kollektivinə, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisinə təşəkkür edirik ki, TÜRKSOY hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinin və onların yaradıcılığının təbliğinə diqqətlə yanaşıb.
Çıxışımın sonunda, ev sahibi təşkilata, hamımızın doğma ocağımız olan TÜRKSOY-a bir hədiyyə təqdim etmək istəyirəm.
Bir qədər öncə söz açdığımı sərgidə nümayiş olunan əsərlərdən biri Aşıq Ələsgərin miniatür portretidir. Böyük məmnuniyyətlə onu TÜRKSOY-a bağışlayırıq. Elə hesab edirəm, bu gözəl əsər TÜRKSOY-da öz layiqli yerini bulacaqdır”.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi vətənpərvərlik mövzusunda layihələrini həyata keçirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbirin qonaqları Qazi İmran Quluzadə və Samir Bünyatov olub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.
Daha sonra qazilər şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə, eləcə də müharibə qazilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Sonda qazilər kitabxana tərəfindən fəxri fərmanla təltif ediliblər.
Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmilərinin, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Forumda üç mövzu üzrə panel sessiyalar keçiriləcək: “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”; “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”; “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”.
Parisdə keçirilən “Gourmand Awards” beynəlxalq kulinariya kitabları müsabiqəsində “İrəvan xanlığı bölgə mətbəxi” kitabı birinci yeri tutub.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktor müavini Ceyran Əsgərova bildirib ki, kitab beynəlxalq müsabiqənin “Əyalət mətbəxi” nominasiyasında “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb.
Bu, AMKM-in “Gourmand Awards” beynəlxalq müsabiqəsində qazandığı üçüncü qalibiyyətdir. İndiyədək mərkəzin bu müsabiqədə “Azərbaycan kulinariyası” (2017) və “Dolmalar” (2019) kitabları ən yaxşı kitablar mükafatlarına layiq görülüblər.
Tədbir çərçivəsində təşkil olunan Azərbaycan guşəsində “İrəvan Xanlığı Bölgə Mətbəxi”, “Azərbaycan kulinariyası”, “Dolmalar”, “Qastrosofiya” kitabları və milli şirniyyat nümunələri nümayiş etdirilib. AMKM-in milli geyimli təmsilçiləri tədbir iştirakçılarını Azərbaycan şirniyyatlarına qonaq edib.
AMKM-in baş direktoru Tahir Əmiraslanov bildirib ki, mərkəzin komandası beynəlxalq tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iştirak edib: “Bizim qələbəmizdə Diasporla İş üzrə Dövlət Komitəsinin çox böyük payı var”, - deyə baş direktor nəzərə çatdırıb.
Qeyd edək ki, AMKM-in baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabı 2020-ci ildə nəfis şəkildə “TEAS Press” nəşriyyat evi tərəfindən çap edilib. Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsinə cavab olaraq başlanılıb. AMKM bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb, “Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb. Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib. İrəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb. Kitabda 220 xörəyin, yemək, şirniyyat, çörək məmulatlarının, içkilərin və s. şəkli verilib.
Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKM-in baş direktoru Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKM-in baş texnoloqu, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır. Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli yazıb, rəyi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib. Kitab çapa AMKM-in Elmi Şurası tərəfindən məsləhət görülüb.
Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.
Dekabrın 3-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor Lars fon Trierin “Melanxoliya” filmi nümayiş ediləcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, film, dünyanın qaçılmaz sonu ilə üzləşən iki bacının münasibətindən bəhs edir. Melanxoliya planetinin Yerlə toqquşması ərəfəsində toya hazırlaşan Castin klinik depressiyaya düşür. Kler bacısının qayğısına qalır, lakin planetin yaxınlaşması xəbəri onun təlaşını artırır.
Tədricən, iki bacı rollarını dəyişir – indi təşviş içində olan Klerin özünə bacısının qayğısı lazımdır...
Ekran əsəri Azərbaycan dilində altyazıları ilə təqdim olunacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə təşkil olunub.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür: http://mct.gov.az/az/bfdestek2022