Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Lüksemburq “Beynəlxalq Bazarı”nda Azərbaycan stendi diqqəti cəlb edib

    Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə “Lüksemburq Beynəlxalq Bazarı”nda ölkəmiz böyük stendlə təmsil olunub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın böyük bayrağı ucaldılan stendimiz ziyarətçilərin diqqətini daha çox cəlb edib.

    Qala divarları formasında qurulmuş və milli ornamentlərlə bəzədilmiş stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verib. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən video yayımlanıb.

    “Lüksemburq Beynəlxalq Bazarı”nda ziyarətçilərə “Made in Azerbaijan” brendi məhsulları, təravətli çaylar, meyvə şirələri, nar şirəsi, quru meyvələr təqdim olunub. Lüksemburqluların Milad bayramı ərəfəsində keçirilən bazardan yaxınları üçün hədiyyələr almaq imkanı olub.

    Qeyd edək ki, ölkəmiz artıq yeddinci “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.

    Azərbaycan stendi haqqında yerli RTL radiosunda da məlumat verilib.

  • Bakıda “Müxtəlif dinlərin maddi-mənəvi irsi və dinlərdə musiqi” adlı konfrans keçirilib

    Noyabrın 29-da Mədəniyyət nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin təşkilatçılığı ilə Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində “Müxtəlif dinlərin maddi-mənəvi irsi (Qarabağ kontekstində) və dinlərdə musiqi” adlı konfrans keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda mövcud olan multikultural dəyərlər, konfessiyalararası sıx münasibət, ölkəmizdə qədim tarixə malik tolerantlıq, qarşılıqlı hörmət və anlaşma məsələləri müzakirə olunub.

    Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru Səadət Xələfbəyli qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın məqsədi konfessiyalararası əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə töhfə verməkdir. Qeyd edib ki, konfrans müddətində işğaldan azad olunmuş maddi-mədəni irsimiz barədə çıxışlar dinləniləcək.

    Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek deyib: “Dünyada əgər hər şey yerində olsa qəlbimiz açılar. Ümid edirəm kilsədə səslənən dini musiqi də öz yerini tapır. İnsan arzuladığı bir yerə çatmaq istəyəndə Allah ona səbir və lazım olan xüsusiyyətləri bəxş edir. İnsanın bir şeyə can atması olduqca vacibdir. Musiqini ifa etmək gözəldir amma onu ifa edərkən Allahı axtarmaq fərqli bir məsələdir. Belə insanlar məni hər zaman heyran edib.”

    Konfransın aktual məsələyə həsr olunduğunu söyləyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli bildirib ki, Azərbaycan tarixində heç zaman dini zəmində münaqişə baş verməyib. Hətta Azərbaycanda müxtəlif xalqların dini icma nümayəndələri Qarabağ müharibəsi zamanı xristian dünyasına müraciət ünvanlayaraq bildiriblər ki, Qarabağ tarixən Azərbaycan ərazisidir. Bu sənət tarix olaraq qalacaq”.

    Bildirib ki, bəzi ölkə rəhbərləri multikulturalizmin mövcud olmaması ilə bağlı çıxışlar edirlər. Ancaq Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda dinə sevgi və tolerantlıq hər zaman hiss olunub. Burada radikal düşünən insanlar yoxdur. Musiqidə bir harmoniya olduğunu söyləyən hacı Şahin deyib: “Ruha sirayət edə bilən, insanda mərhəmət hissi aşılayan musiqiyə hər zaman ehtiyac var”.

    Katolik kilsəsinin apostol prefekturasının məlumat şöbəsinin katibi Toral Ağayev bildirib ki, Azərbaycanda mövcud olan dini icmaların rəhbərləri çıxışlarını böyük yaradan Allahın adı ilə başlayırlar. Hər bir yaradıcı insan öz qabiliyyətini Allahdan alır. Allah xristianlıqda nizamsızlığı nizama salan bir qüvvə kimi göstərilir: “İnsan şüuruna təsir edən ən böyük qüvvə məhz incəsənətdir. Musiqi xristianlıq dinində xüsusi önəm kəsb edir. Xristianlıqda oxuyan ikiqat ibadət etmiş kimi sayılır. Bəzi alimlərin fikrincə insan nitqi danışmaq üçün deyil oxumaq üçün yaradılıb. Davud peyğəmbərin nəğməkar peyğəmbər olduğunu deyən T.Ağayev bildirib ki, bu ad yunan musiqi aləti olan arfa adından götürülüb. O rəsmlərdə musiqi alətilə birgə təsvir olunur. “Qürurverici haldır ki, dini yaradıcılıq tək ənənələrə söykənmir, əksinə, inkişaf edir. Tolerant mühit katolik icması arasında yaradıcılığa şərait yaradır”,- deyə Toral Ağayev əlavə edib.

    Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun köməkçisi Hətəmgül Məmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlığın yaşandığı nadir ölkələrdən biridir. Azərbaycanda tarixən müsəlman, yəhudi, xristian və digər dini icmalar dostluq və əmin-əmanlıq şəraitində yaşayıb. O, din nümayəndələrinin bir-birlərinə hörmətlə yanaşması ilə bağlı misallar gətirib. Bildirib ki, Ramazan ayında Çotari kilsəsində xristian din icma nümayəndələrinin müsəlmanlar üçün iftar süfrəsi açması bir ənənəyə çevrilib. Qeyd edib ki, Astarada fəaliyyət göstərən məscidlərdə sünni və şiə nümayəndələri məhərrəmlik ayında bir yerə toplaşıb namaz qılırlar. Tolerantlıq dünyada hüquqi məsələ olduğundan qanunla nizamlanır və bu qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Ancaq Azərbaycanda bu məsələ mənəvi məsələdir. Tolerantlıq dözümlülük olsa da bizim üçün sevgi məsələsidir. Azərbaycanda tolerantlığın nümunələrindən biri də Bakının mərkəzində qorunan Erməni kilsəsidir. Bildirib ki, həmin kilsədə hətta heç bir kitaba ziyan dəyməyib. Bu Azərbaycan xalqının dözümlü olduğunu sübut edir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında kilsə və məscidlər fəaliyyət göstərir, din nümayəndələrinin ora səfərləri təşkil olunur.

    Daha sonra Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov, İslam Universitetinin İctimai elmlər kafedrasının müdiri Elvin Talişinski, müstəqil araşdırmaçı-jurnalist, səyyah Ağa Mehdiyev çıxış ediblər.

    Tədbirin bədii hissəsində ümumbəşər dini musiqilər səsləndirilib.

  • Bakıda gürcüstanlı rəssam Nino Kipşidzenin əsərlərindən ibarət sərgi açılacaq

    Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılışı olacaq.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək. Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş etdiriləcək.

    Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini “yarıb keçərək” tamaşaçıya tamamilə yeni, ecazkar, çoxölçülü bir dünyanı açır. Nino Kipşidzenin əsərləri rəngkarlıq və tekstilin incə, valehedici keçidində yer alır. Rəssam əsasən mənzərə və natürmort janrında işləyir. Onun əsrarəngiz mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Nino Kipşidzenin yaradıcılığında, sözün əsl mənasında, ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar olduqca çoxdur. Bununla yanaşı, rəssam fiqurativ kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.

    Sərginin kuratoru – Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridzedir.

    Qeyd edək ki, sərgi gələn il yanvarın 22-dək davam edəcək.

  • Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir Estoniya mətbuatında

    Estoniyanın nüfuzlu “Delfi” xəbər portalında “Tallində Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib” adlı məqalə dərc olunub.

    AZƏRTAC xəbər verir ki, məqalədə Estoniyada təşkil edilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirdəki Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun, Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqubun, Estoniyada fəaliyyət göstərən “Ocaq” radiosunun baş redaktoru Sənəm Əliyevanın çıxışları, həmçinin tədbirin mahiyyəti haqqında məlumatlar verilib.

    Yazıda tədbirin ölkəmizin Estoniyadakı səfirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Estoniyada geniş yayımlanan “Ocaq” radiosunun və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirildiyi də qeyd olunub.

    Məqalədə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğu fikirləri yer alıb.

    Nəşrdə, həmçinin səfirin il ərzində ölkəmizdə və ölkə hüdudlarından kənarda bir çox tədbirlərin keçirilməsi ilə bağlı fikirlərinə və bu cür silsilə tədbirlərin davamı olaraq Estoniyada baş tutan, Nizami Gəncəvi irsinin öyrənilməsinə həsr olunan elmi seminarın əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, Estoniyada keçirilən tədbir bu ölkə ictimaiyyətində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında daha müfəssəl məlumat əldə etməyə imkan yaradıb.

    Yazıda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirdə Türkiyənin Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etməsi və eləcə də azərbaycanlı gənc musiqiçilər tərəfindən musiqi parçaları ifa edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, mərasimin sonunda Azərbaycan milli mətbəxinin nemətləri qonaqlara təqdim olunub.

  • Azərbaycanlı alimlər “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər

    Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhad Kabaklı 2021-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatı sahiblərinin adlarını açıqlayıb.

    AZƏRTAC xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər. Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdulla uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar.

    Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana türk dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunub.

  • “Atabəy” filmi Təbrizdə Azərbaycan dilində nümayiş olunub

    İranın Azərbaycan əsilli tanınmış xanım rejissoru Nikki Kəriminin lentə aldığı “Atabəy” filmi Təbrizin məşhur “Qüds” kinoteatrında Azərbaycan dilində nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, filmin nümayişi ilə bağlı Qala gecə keçirilib. Gecədə filmin ssenari müəllifi Hadi Hejasifər, İranın tanınmış aktyorları Səhər Dövlətşahı, Cavad İzzəti və Təbrizin mədəniyyət xadimləri iştirak ediblər.

    “Atabəy” filmi Tehranda keçirilən 38-ci “Fəcr” film festivalında “Pənc Simruq” mükafatına layiq görülüb. Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir.

    Film güclü emosional təsirə malikdir və elə bu səbəbdən də tamaşaçılar tərəfindən maraqla qarşılanır.

  • UNESCO-da “Afrika Həftəsi”ndə Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub

    UNESCO-da “Afrika Həftəsi” çərçivəsində ölkələrin mətbəxləri təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş mətbəx nümunələri təqdim edilib.

    UNESCO yanında Afrika qrupuna sədrlik edən Qabonun daimi nümayəndəsi, eləcə də Azərbaycan, Çin, Tunis və Namibiyanın daimi nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

    Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin Afrika ölkələrinə, eləcə də UNESCO-nun Afrika Prioriteti çərçivəsində bu ölkələrə verdiyi töhfələrdən söz açıb.

    Sonra ölkələrin mətbəxləri təqdim olunub. Azərbaycan mətbəxindən mədəni kimliyimizin tərkib hissəsi kimi hazırlanma və paylaşma ənənəsi adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, ət və göy qutabı, milli şirniyyatlarımız-paxlava və şəkərbura təqdim olunub. Azərbaycan masası bayrağımız, eləcə də milli suvenirlərimizlə bəzədilib. Azərbaycan masasının ziyarətçiləri mətbəximizin ləziz təamlarını sevgi ilə dadıblar.

    UNESCO-da “Afrika Həftəsi” noyabrın 26-dək davam edəcək.

    Xatırladaq ki, Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. Ölkəmiz 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Etimad Fondu vasitəsi ilə Afrikanın Kenya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib. Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatanlığı layihələrində iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətləri və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə vermişdir. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak etmişdir.

  • Azərbaycan ilə Yunanıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov noyabrın 25-də Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqos ilə görüşüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.

    Ölkələrimiz arasında birgə fəaliyyətin əhəmiyyətini qeyd edən nazir qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsi, konkret layihələrə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsi, kinematoqrafiya, arxeologiya, ölkəmizdə xüsusilə işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrin bərpası, qurumlararası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Səfir Nikolaos Piperiqos qəbula görə təşəkkür edərək, ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə müəyyən edilən istiqamətlər üzrə fəaliyyət planlarının tərtib edilməsi, hər iki ölkədə müvafiq sahələrdə qurumlar arasında birbaşa əməkdaşlığın təşviq edilməsi və digər bu kimi həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini səsləndirib.

    Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

  • “Ulduz” jurnalının noyabr nömrəsi dərc edilib

    “Ulduz” ədəbiyyat jurnalının noyabr nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, jurnalın sözügedən nömrəsi Adilə Nəzərin özüylə söhbəti və şeirləri ilə açılır.

    Şair Qulu Ağsəsin “4+4: rəqəmsal namə”si 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr edilib. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdimatında Xalq şairi Məmməd Arazın 49 il öncə qələmə aldığı “Aşıq Ələsgər yüksəkliyi” adlı yazısı ustad sənətkarın 200 illiyi münasibətilə dərc edilib. Dərginin “525-ci qəzet”lə ortaq layihəsi olan "Ustad dərsləri" oxucuları bu dəfə də yazıçı-dramaturq Əli Əmirli ilə görüşdürür.

    “Tərcümə saatı”nda Səlim Babullaoğlunun tərcüməsində XX əsr Ukrayna şairlərinin seçmə şeirləri ilə tanış olacaqsınız.

    Dərgidə, həmçinin Vüsal Oğuzun “Əyalət şairinin bir günü”, Babək Göyüşün “Adam öldürmək istəyirəm”, Ənvər Çingizoğlunun “Buynuzsuz qoçun qisası”, Rizvan Nəsiboğlunun “Səksəninci döngə” kimi hekayə və esseləri də yer alıb. Çinarə Nüsrətlinin “Şuşaya məktub”, Fərid Hüseynin Dostoyevskinin “Cinayət və сəza” romanından bəhs edən “Ləkə yaddaşı”, Təranə Turan Rəhmlinin “Qəlbin gözü ilə görünən Yaponiya” kimi publisistik yazıları xüsusi maraq doğurur.

    Dərginin əməkdaşı Taleh Mansurun “Xəzər sahillərindən Amudərya sahillərinə...” başlıqlı yazısı müəllifin Özbəkistan səfərindən bəhs edir.

    İlham Abbasovun təqdimatında Nobel mükafatı laureatlarının ən parlaq nümayəndələrindən olan Perl Bakın həyat və yaradıcılığına nəzər salınır.

    Bundan əlavə, oxucular dərginin bu nömrəsində Mücirəddin Mübarizin, Elvin İntiqamoğlunun, Reyhan Kənanın, Elvin Nurinin və Elvin Əlizadənin şeirləri ilə də tanış olmaq imkanı qazanacaqlar.

    Qeyd edək ki, “Dərgidə kitab”da mərhum şair Əhməd Oğuzun şeirləri, “Sərgi” bölməsində isə rəssam Yaşar Səmədovun rəsmləri yer alır.

  • Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək

    Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirov və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.

    Bu barədə Report-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə UNESCO-nun 41-ci Baş Konfransı keçirilib. Konfrans çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

    Qeyd edək ki, Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi il bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub. Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir.

    Xatırladaq ki, cari ilin noyabr ayında UNESCO səviyyəsində Azərbaycanla bağlı əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib, həmçinin ölkəmiz UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.