Beynəlxalq Muğam Mərkəzində (BMM) Latviya Respublikasının müstəqillik gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
BMM-dən AZƏRTAC-a bildirilib ki, Latviyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə noyabr ayında Azərbaycanda Latviya ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib. Qeyd edilib ki, Latviyadan olan musiqiçilərin “Mello –M Cello Triosu” violonçel ifaçılarından ibarət qrupunun çıxışı həmin tədbirlərin davamıdır. Kitab mübadiləsi, rəsm sərgisi, Latviya animasiya film festivalı və digər layihələr maraqla qarşılanıb.
Sonra konsert proqramı təqdim olunub.
Qrupun repertuarında yer alan möhtəşəm əsərlər paytaxt tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Qrup peşəkar musiqiçilər Karlis Auzans, Miķelis Dobičins və Janis Pauls tərəfindən 2005-ci ildə yaradılıb. Trio dünyanın xit əsərlərini ifa edir. Onların repertuarında müxtəlif ingilis dilində mahnıların instrumental cover versiyaları, xüsusilə də “The Final Countdown”, “Mission Impossible” ifaları məşhurdur. Dünyanın məşhur musiqiçiləri ilə bir səhnəni bölüşən qrupun Bakı konserti tamaşaçılarda unudulmaz təəssürat yaradıb.
Qeyd edək ki, BMM-nin səhnəsində dünyanın məşhur musiqiçilərinin çıxışı ənənə halını alıb.
Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışına həsr olunan tədbirin iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərgi haqqında məlumat verib, bir sıra məsələlərə də toxunub. Milli Məclisin deputatı 200 illiyi keçirilən Dədə Ələsgərin - Aşıq Ələsgərin illərdir erməni işğalında qalan qərib məzarından da danışıb. Deyib ki, işğal edilən torpaqlarımızda ermənilər barbarlıq əməlləri törədiblər: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni barbarlığının qurbanı olub. Aşıq Ələsgərin varlığı Azərbaycan mədəniyyəti tarixi üçün önəmlidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi mədəniyyət siyasətinin bir hissəsidir”.
Qənirə Paşayeva xatırladıb ki, Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Komitə sədri Xalq rəssamı Arif Hüseynovun yaradıcılığı haqqında da danışıb. Bildirib ki, tədbirdə Türkiyədən və Özbəkistandan da qonaqlar iştirak edir. “Bu, aşıq sənətinə verilən önəmdən irəli gəlir, - deyə Qənirə Paşayeva bildirib.
Tədbirdə Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı bildirib ki, miniatür sənəti XIII əsrdən inkişaf etməyə başlayıb. Xalq rəssamı Arif Hüseynov müasir dövrdə bu sənəti yaşadan sənətkardır. Bugünkü sərgi bunun bariz nümunəsidir.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib ki, Arif Hüseynov öz yaradıcılığında ölkə əhəmiyyətli mövzulara toxunur.
Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov sərginin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Rəssamlara dəstək olmaq lazımdır. Bu, çox önəmlidir. Aşıq sənəti türk dünyası üçün çox vacibdir”.
"Dədə Ələsgər" İctimai Birliyinin sədri Xətai Ələsgərli isə qeyd edib ki, Aşıq Ələsgərin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir: "Hər zaman dövlət ona dəstək olub. Yubileyləri təntənə ilə qeyd olunub. Sərginin təşkilatçılarına təşəkkür edirəm. Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması ən böyük arzumuzdur".
Tədbirdə, həmçinin "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Milli Məclisin deputatları Sahib Alıyev, Ülviyyə Həmzəyeva və başqaları çıxış ediblər.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə rəssamın 20 əsəri nümayiş olunub.
Sərgi ilə bağlı hazırlanmış kataloqda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Aşıq sənətimiz rənglərin işığında” sərlövhəli yazısında qeyd edib ki, Xalq rəssamı professor Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” silsiləsini həm də onun bu vaxta qədər incəsənət tariximizdə “ağ ləkə” kimi görünən saz-söz sənəti tarixinə vətəndaş mövqeyinin ifadəsi saymaq olar. “Əvvəllər də rəssam aşıq sənətinin bədiiləşdirilməsinə maraq göstərib, amma bu epizodik xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra Arif Hüseynovun xalqımızın qopuzlu dünyasına müraciəti davamlı və daha əhatəli olmuşdur. Elə onun ictimailəşdirməyə qərar verdiyi otuza qədər əsər də bunun ifadəsidir... Özündə ənənə ilə müasirliyin qovşağını yaşadan bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhunda rəssamın Azərbaycanımıza - onun əvəzolunmaz mənəvi dəyəri olan saza - aşıq sənətinə nəhayətsiz sevgi və ehtiramı duyulmaqdadır”.
Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, operada teatrın aparıcı solistləri Xalq artisti Əkrəm Poladov (Əli), Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək) və başqaları iştirak edəcəklər.
"Koroğlu" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
Argentinadakı səfirliyimizin təşəbbüsü, La Plata Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının təşkilatçılığı ilə Buenos Ayres şəhərində yerləşən Şərq İncəsənəti Muzeyində sənətşünaslıq elmləri doktoru professor Röya Tağıyevanın müəllifi olduğu, ispan dilinə tərcümə edilərək çap edilmiş “Azərbaycan xalçaları” kitabının təqdimat mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru Rosio Boffo çıxışında “Azərbaycan xalçaları” kitabının Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni irsinin təşviqi baxımından ispandilli auditoriya üçün əvəzsiz mənbə olacağına və oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
“Azərbaycanşünaslıq” kafedrasının əlaqələndiricisi professor Paulo Botta Azərbaycanın Argentinada təbliği məqsədilə kafedra tərəfindən ölkəmizin tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında kitabların ispan dilinə tərcümə olunub çap edildiyini, bu kitabın da bu layihə çərçivəsində ərsəyə gəldiyini deyib.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov ölkəmizin təkcə ticarət yolu deyil, eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz olan qədim “İpək Yolu” üzərində yerləşməsinin Azərbaycan xalçaçılıq sənətinin formalaşması və inkişafında müstəsna rol oynadığını deyib. R.Aslanov bu sənətin ənənə və sirlərinin xüsusi qayğı ilə saxlanılaraq nəsildən-nəslə ötürüldüyünü qeyd edib və 2010-cu il tarixindən etibarən Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edildiyini vurğulayıb.
Şərq xalçaçılıq sənəti üzrə mütəxəssis olan Aqustina Leiva naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə fərqlənən Azərbaycan xalçaçılıq məktəbləri haqqında danışıb və Azərbaycan xalçalarını bir xalqın tarixi inkişaf yolu, adət və ənənələri, bədii irsi və mədəniyyəti haqqında dolğun təsəvvür formalaşması baxımından qiymətli mənbə kimi xarakterizə edib.
Tədbirdə, həmçinin Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təqdim edilmiş Azərbaycan xalçaçılıq məktəbinin nümunələrindən ibarət fotosərgi nümayiş olunub.
Bakıda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumun ikinci günü “Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusunda panel iclasla davam edib.
AZƏRTAC xəbər verir ki, iclasda Avrasiya Xalqları Assambleyası Ədəbi Şurasının sədri Marqarita Almuhametova Nizami Gəncəvi fəlsəfəsi haqqında məruzəsi dinlənilib.
O deyib: “Biz Nizami Gəncəvinin ideyalarını nəinki onun əsərlərində, həm də həyat tərzində görə bilərik. O insani dəyərləri müdafiə edərək onları təbəqəyə bölmür, cəmiyyətdə ümumi rifahı qaldırmağa çalışırdı. Onun ideyaları 8 əsirdən çoxdur ki, öz aktuallığını saxlayır. Bu gün Nizamini keçmişdən gələn gələcəyin insanı adlandıra bilərik. Onun fəlsəfəsinin əsasında insanın Allahın ən gözəl yaradığı varlıq olduğu dayanır. Bu, onun bütün əsərlərində təcəssümünü tapır”.
Rusiya Milli Kitabxanası, əlyazmalar departamentinin tədqiqatçısı Olqa Yastrebova Nizami Gəncəvinin əsərləri əsasında çəkilən miniatürlər haqqında danışıb. Bildirib ki, Nizaminin yaratdığı obrazlar əsasında çəkilmiş miniatürlərə Rusiya, İngiltərə, Pakistan, Hindistan, Özbəkistan və digər ölkələrin kitabxanalarında da rast gəlmək olar. Nizaminin "Xəmsə"sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Miniatürlərdə obrazların, ümumilikdə Nizaminin ruhu olduqca qabarıq şəkildə hiss olunur və öz janrı ilə seçilir.
Şota Rustavelli universitetinin professoru Qaqa Lomidze “Nizami Gəncəvinin XII-XVIII əsrlərdə Gürcüstan ədəbiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, Gürcüstanda yaşamış Şota Rustaveli, David Quramişvili və digər şair və yazarların tərcümələrində Nizami Gəncəvinin yaratdığı obrazlardan bəhs edib.
Sonra Tbilisi Dövlət Universitetinin professoru xanım Maka Elbakidze “Mədəniyyətlər arası körpü: Rustaveli və Nizami”, Daşkənd Dövlət Pedaqoji Universitetin professoru Erkin Nuriddinov “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu”, türkiyəli tədqiqatçı Zaur Şüküroğlu “Türkiyədə Nizami Gəncəvi və əsərləri üzərində aparılan araşdırmaların dəyərləndirilməsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Forum gün ərzində “Nizami Gəncəvi: Müasir dünyaya baxış” və “Nizami Gəncəvi: Müasir dünyaya baxış” mövzularında panellərlə işini davam etdirəcək.
2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.
Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xətin dolğun ifadəsidir.
Azərbaycan Respublikası Prezidentinin “Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq rəssamı – Mikayıl Abdullayev” adlı Elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr süzgəcində”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Mikayıl Abdullayev haqqında”, “Mikayıl Abdullayev qələmindən sətirlər”, “Mükafatları”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Mikayıl Abdullayevin xatirə lövhəsi”, “Fotoqalereya”, “Rənglərdə əbədiləşən həyat”, “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/M.Abdullayev/index.html linkindən istifadə edə bilərlər.
Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Kəlbəcər azaddır!” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Kəlbəcərin tarixi, təbiəti, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/kelbecer_azaddir!/index.htm linkindən istifadə edə bilərlər.
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində gənc fotojurnalist Maya Bağırovanın Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vəhşilikləri əks etdirən fotolarından ibarət “Qara bağ” adlı fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə gənc fotoqrafın “Qafqazın Xirosiması” adlanan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarından çəkilmiş fotolar nümayiş olunub.
Fotolarda 30 ilə yaxın erməni vandallarının işğalı altında olmuş şəhər və kəndlərimizdə yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyi əks olunub. Daha çox ağ-qara rənglərə üstünlük verən fotoqraf sərgisində yerli ictimaiyyətə erməni vandallarının törətdiyi vəhşilikləri əyani olaraq göstərib. Hisslərini fotoları vasitəsilə çatdırmağa nail olub.
Sərgidə fotoqrafın torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və “27 sentyabr - Anım Günü”ndə işıq üzü görmüş Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanda erməni vandalizmini əks etdirən fotolarından ibarət broşür yerli ictimaiyyətin nümayəndələrinə təqdim olunub.
Xatırladaq ki, M.Bağırovanın Azərbaycan və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində o, Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı uşaqların həyatını fotoları vasitəsilə yerli ictimaiyyətə göstərmişdir.
Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil almış Maya Bağırova sonradan Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirib. “Paris Match” jurnalı ilə əməkdaşlıq edən fotoqraf Fransada fotojurnalistika üzrə təhsilini təkmilləşdirib. O, Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Gənc fotoqraf Maya Bağırova 2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.
Noyabrın 24-də Pakistan İslam Respublikasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun həmin ölkəyə işgüzar səfəri çərçivəsində İçərişəhər və Lahor qədim Qala şəhəri Administrasiyası arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, protokolu Pakistan tərəfindən Lahor qədim Qala şəhəri Administrasiyasının direktoru Kamran Laşari imzalayıb. Protokolun imzalanmasında əsas məqsəd idarə və Lahor qədim Qala şəhərinin Administrasiyası arasında dostluq münasibətlərini genişləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdən ibarətdir.
Sənəddə incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və digər məsələlər öz əksini tapıb.
İmzalanma mərasimindən sonra tərəflər işgüzar görüş keçirib. Görüşdə İçərişəhər və Lahor Qala şəhərləri arasında əməkdaşlıq imkanları və gələcək planlar müzakirə edilib.
Noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 27.0 millimetr, Lənkəranda 22.0 millimetr, Qəbələdə 17.0 millimetr, Göygöldə 9.0 millimetr, Daşkəsəndə 8.0 millimetr, Gədəbəy, Gəncədə 7.0 millimetr, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 millimetr, Quba, Lerik, Qusarda 5.0 millimetr, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 millimetr, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 millimetr, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 millimetr, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 millimetr, Bakı, Pirallahıda 0.0 millimetr olub.
Qar örtüyünün hündürlüyü Xınalıq, Daşkəsəndə 5 santimetr, Qrızda 4 santimetr, Göygöl, Altıağacda 2 santimetr, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 santimetr olub.
Şimal-qərb küləyi arabir Neftçalada saniyədə 24 metr, Salyan, Naftalanda saniyədə 22 metr, Tovuz, Daşkəsəndə saniyədə 20 metr, Qobustan, Tərtər, Tovuzda saniyədə 18 metr, Şirvanda saniyədə 16 metr, Şəkidə saniyədə 15 metr, Bakıda və Abşeron yarımadasında: Maştağa, Neft Daşlarında saniyədə 25 metr, Qum adasında saniyədə 24 metr, Ələt, Bakıda saniyədə 22 metr, Pirallahıda saniyədə 21 metr, Çilov adasında saniyədə 20 metr, Sumqayıtda saniyədə 18 metrədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda 8°-dək şaxta, Naxçıvan MR-də 0-5° isti olub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək. Noyabrın 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.