Bakıdakı UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Vasitələri Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocaev ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə media sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi aparılması, qarşılıqlı təlimlərin keçirilməsi və digər məsələlər müzakirə olunub.
Sonra BAMF-nin prezidenti Umid Mirzəyev və universitetin rektoru Şerzod Kudratxocaev iki Memorandum imzalayıblar. Özbəkistan Universiteti və hər iki ölkənin press-klubları arasında əməkdaşlığa dair sənədlər təsdiq edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Şerzod Kudratxocayev arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Tərəflər hər iki ölkənin tanıdılması, media sahəsində əməkdaşlıq, birgə konfransların, mediaturların, Özbəkistan jurnalistləri üçün Azərbaycan dili kurslarının təşkili, press-kluba, universitetə Azərbaycana dair kitab və nəşrlərin göndərilməsini razılaşdırıb.
İmzalanma mərasimində Samir Abbasov 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan mətbuatının Azərbaycana mühüm informasiya dəstəyi göstərdiyini vurğulayıb. O, Özbəkistan tərəfinə öz təşəkkürünü bildirib və əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.
Şerzod Kudratxocayev Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın təqdirəlayiq olduğunu qeyd edib və yeni əlaqələrin qurulmasını yüksək qiymətləndirib.
Umud Mirzəyev hər iki ölkənin jurnalistləri və media qurumları arasında əməkdaşlığın yeni müstəviyə keçəcəyinə əminliyini vurğulayıb.
AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.
Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.
Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.
Azərbaycan xalçaçılıq sənətinin gözoxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.
“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırılır.
Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.
Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Əməkdar incəsənət xadimi Əlağa Vahidinin vəfatından 56 il ötür.
Əlağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin şirinliyini özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.
“Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstərib. “Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Yeri gəlmişkən qeyd edək ki, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Detektiv janrda yazdığı əsərlərlə tanınan yazıçı Elxan Elatlı oxucularının görüşünə gələcək.
AZƏRTAC xəbər verir ki, görüş oktyabrın 7-də Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində reallaşacaq.
Görüşdə, həmçinin yazıçının “Uğursuz gecə” kitabının təqdimatı baş tutacaq.
Qeyd edək ki, oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edəcək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Oktyabrın 1–i Beynəlxalq Musiqi Günüdür.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.
Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.
Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.
Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır.
Bütün bunlar bir daha sübut edir ki, musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd qalsın. Musiqi həmişəyaşardır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət durduqca var olacaqdır.
Özbəkistanda keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestival çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, bir sıra universitin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Açılışa Azərbaycan nümayəndə heyətinin üzvləri-Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” studiyasının direktoru Fariz Əhmədov, “Baku Media Center”in icraçı direktoru Orman Əliyev, “UNEC TF” Fondunun departament müdiri Ellada Əliyeva, Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, rejissor Afaq Yusifli və digərləri qatılıb.
Əvvəl Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və iştirakçılar ulu öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri düzüblər.
H.Quliyev mərasim iştiraçılarını salamlayıb, bu münasibətlə festivala qatılanları təbrik edib.
Səfir uzun illərdən bəri Azərbaycan kinosunun şərəfli bir yol keçdiyini, dünya kino tarixinə qiymətli sənət əsərləri bəxş etdiyini bildirib. O deyib ki, Azərbaycan kinematoqrafçıları son 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız haqqında müxtəlif sənədli və bədii filmlər çəkib və 44 günlük Vətən müharibəsindən sonra bu iş daha sürətlə davam edir. Biz torpaqlarımızı erməni işğalından azad etdik və bu haqda sənədli və bədii filmlər daha çox çəkilməli və dünyada yayılmalıdır. Bu gün burada da belə filmlərdən biri nümayiş etdiriləcək.
Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışan səfir vurğulayıb ki, tanınmış Azərbaycan kinorejissoru, Xalq artisti Tofiq Tağızadə vaxtilə “Görüş” adlı film çəkib və bu əsər Azərbaycan-özbək dostluğunun bariz nümunəsidir.
Rüfət Həsənov bildirib ki, zaman-zaman Azərbaycan rejissorları və artistləri Özbəkistanda, özbək kinematoqrafçıları isə Azərbaycanda birgə film çəkilişlərində iştirak ediblər. Məşhur “Nəsimi” filminin bəzi kadrları, o cümlədən Nəsiminin edam edilməsi səhnəsi Özbəkistanda, Xivədə çəkilib.
R.Həsənov qeyd edib ki, kinematoqrafçılarımız bundan sonra da daha yaxından əməkdaşlıq edəcək, birgə yeni-yeni filmlər yaradacaq. O deyib ki, indiki festivalda Azərbaycan kinematoqrafçılarının filmləri Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov “İpək yolu dürdanəsi” festivalında Azərbaycandan böyük nümayəndə heyətinin təmsil edilməsindən məmnun olduğunu bildirib, bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsini arzulayıb.
“Uzavtosanoat” Səhimdar Cəmiyyəti idarə heyəti sədrinin müşaviri Zumrad Şadjalilova qonaqları salamlayıb, ölkələrimiz arasında belə mədəni tədbirlərin müntəzəm olaraq keçirilməsi vacibliyindən danışıb.
Sonra rejissor Orman Əliyevin 44 günlük Vətən müharibəsindən bəhs edən “Biz” sənədli filmi nümayiş etdirilib.