Daşkənd Beynəlxalq Film Festivalında Türkiyə kinosuna da geniş yer ayrılıb. Müxtəlif ölkələrin kino günlərinin təşkil olunduğu festival çərçivəsində Türkiyə xüsusi bölməsinin də geniş proqramı var.
AZƏRTAC xəbər verir ki, festival günlərində Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərlərində Nuri Bilge Ceylanın “Ahlat ağacı” və Semih Kaplanoğlunun “Sədaqətin mənşəyi” də daxil olmaqla ümumilikdə 11 türk filmi nümayiş olunacaq.
Festivalın Türkiyə xüsusi bölməsi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Daşkənddəki səfirliyi və Yerli Düşüncə Dərnəyi tərəfindən hazırlanıb. Film nümayişləri ilə yanaşı Türkiyə ilə Özbəkistan arasında kino sahəsində ortaq layihələr və əməkdaşlıqla bağlı görüşlər də keçiriləcək.
Festivala Türkiyədən Nuri Bilge Ceylan, Reis Çelik, Mahmut Fazıl Coşkun, Ercan Kesal, Oktay Kaynarca, Melisa Aslı Pamuk, Erkan Petekkaya, Nazan Kesal, Filiz Ahmet, Erkan Kolçak Köstendil və Dilan Çiçek Deniz kimi tanınmış rejissorlar və aktyorlar qatılıb.
Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar düşmənə qarşı qətiyyətlə mübarizəyə başladı və 44 gün ərzində uğurla irəliləyərək işğal altında olan ərazilərimizi azad etməyə nail oldu. Bölgədə sülhün və sabitliyin əsasını qoydu. Dünya 44 gündə Azərbaycan Ordusunun gücünü və igidlərimizin şücaətini gördü.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.
Bildirib ki, ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarının ilk günündə düşmənə böyük zərbə vuruldu. Şanlı Azərbaycan Ordusu düşmənin müdafiə xəttini qətiyyətlə yararaq bütün cəbhəboyu uğurla irəlilədi və ermənilərin “məğlubedilməz ordusu”nun əfsanə, mif olduğunu sübut etdi. Vətən nisgili, işğal altında olan torpaqlarımızın ağrısı bitdi və biz qalib xalq kimi tarix yazdıq.
Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor deyib: “Qarabağ musiqimizin beşiyidir. Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri şanlı Ordumuz tərəfindən azad edildi. Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik. Şuşanın dağlarında bu gün Azərbaycan əsgəri keşik çəkir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu Zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa şəhərinin təbii coğrafi relyefi ağır olduğundan qəhrəman hərbçilərimiz böyük mətanətlə sıldırım qayaları aşaraq düşmən üzərində misli görünməmiş hünər göstərdilər. Şuşanı ziyarət edən hər kəs igidlərimizin keçdikləri keçilməz yolları, vətən eşqi ilə əzmkarlıq göstərərək dırmaşdıqları sıldırım qayaları heyrətlə seyr edir. Azərbaycan övladlarının bu çətin sınaqdan alnıaçıq, üzüağ çıxması yalnız onların mətanəti, döyüş əzmi, Vətənə olan məhəbbəti sayəsində mümkün olub”.
M.Qasımlının sözlərinə görə, Azərbaycan cəmiyyəti, gəncliyi üçün yeni həyat, yeni tarix başlayıb. “Qələbə xəbəri bizi qürurlandırdı, başımızı dik tutdu. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. Bu günləri bizə yaşadan rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi... Bir daha xalqımızı bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Ermənistan bu savaşdan öz dərsini aldı. Bu Qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycandır!”, – deyə o vurğulayıb.
Meksikanın Tampiko şəhərində ölkə müstəqilliyinin 200 illiyi münasibətilə təşkil olunan yubiley tədbirlərində Meksika hökuməti, Azərbaycan Mədəniyyət Nazirliyi və Mexikodakı səfirliyimizin dəstəyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin təqdimatında konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Məmməd Talıbov Meksikanın müstəqillik gününün Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə üst-üst düşdüyünü, eləcə də bu il Meksikada müstəqilliyin 200 illik yubileyinin, Azərbaycanda isə müstəqilliyin bərpa olunmasının 30 illiyinin qeyd edildiyini vurğulayıb. O, əlamətdar yubiley münasibətilə Azərbaycan hökuməti və xalqı adından Meksika hökuməti və xalqını təbrik edib.
Sonra iştirakçılara Azərbaycanın zəngin musiqi ənənələri, aşıq, muğam sənəti, xalq və klassik musiqi irsi, tanınmış bəstəkar və vokal ifaçıları, habelə ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq musiqi festivalları, o cümlədən 28 il sonra işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərində bir neçə ay əvvəl keçirilmiş möhtəşəm beynəlxalq “Xarıbülbül” musiqi festivalı haqda məlumat verilib.
Tədbirdə çıxış edən Tampiko şəhər hökumətinin nümayəndəsi Azərbaycanın Meksika üçün əlamətdar olan bu tədbirdə iştirak edərək öz zəngin musiqi irsini yerli auditoriyaya canlı şəkildə təqdim etməsinə görə minnətdarlığını bildirib.
Ardınca ansamblın ifasında tamaşaçılara Azərbaycanın xalq və bəstəkar mahnıları, muğam kompozisiyaları, milli və əcnəbi klassik musiqi nümunələri və milli rəqs nömrələri təqdim olunub. Musiqiçilərimizin çıxışı Meksika auditoriyası tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sözügedən konsert COVID-19 pandemiyası başlayandan bu günədək Tampiko şəhərində keçirilən ilk mədəni tədbir olub.
Teatrların fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarından sonra bu gündən teatrlar qapılarını tamaşaçıların üzünə açır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə artıq bir sıra teatrlarda cari repertuarlarda olan tamaşaların məşqlərə başlanılıb və mədəniyyət ocaqları tamaşaçıları qəbul etməyə hazırlaşır.
112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrı bu gündən tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlayacaq. Bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında sənət ocağının sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcək.
Yuğ Dövlət Teatrında da açılış həyəcanı yaşanır. Yaradıcı heyət oktyabrın 1-dən məşqlərə start verib. Teatr rəhbərliyinin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan “Kloun BizZ” tamaşasının (M.Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında, rejissor – Mikayıl Mikayılov) nümayişi planlaşdırılır. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcı fəaliyyətə gəlincə, qeyd edək ki, teatrın binası bir müddətdir ki, əsaslı təmirə dayanıb.
Şuşa Dövlət Musiqili Dram Teatrında məşqlərə oktyabrın 4-dən başlanılacaq. İlk tamaşa isə pandemiya səbəbindən premyerası təxirə düşən “Dovşanın ad günü” (uşaqlar üçün) olacaq.
Bakı Uşaq və Gənclər Teatrı oktyabr ayından tamaşalarını bərpa etməyi planlaşdırır. Uşaqlar və böyüklər üçün tamaşalar paralel bərpa olunacaq. Teatr mövsümü isə 8 Noyabr – Zəfər Günündə açacaq.
Sumqayıt Dövlət Dram Teatrı da yaradıcı işə başlayır. İlk olaraq gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” və “Pələng” monotamaşalarının səhnə həlli tamamlanacaq. Bundan başqa, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri yeni quruluşda səhnələşdiriləcək. “Göyçək Fatma” nağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına veriləcək.
Gəncə Dövlət Kukla Teatrı tamaşaçıları qarşısına pandemiyadan öncə hazırladıqları yeni tamaşalarla çıxacaq. “Xeyir və Şər”, “Quyruqsuz ulağın sərgüzəştləri”, “Bizim bağın gözəli” və “Bremen musiqiçiləri” adlı hər dörd tamaşa premyerasını da etmiş olacaq.
Ağdam Dövlət Dram Teatrı da “4.4 Qısa Tamaşalar Festivalı”na hazırlaşır. Kollektiv paytaxtda teatrsevərlər qarşısına pandemiyadan əvvəl səhnələşdirilmiş “Günahsızlar” tamaşası ilə çıxacaq. Bundan başqa, teatr ilin sonunadək daha iki yeni səhnə işini hazırlamağı planlaşdırır.
Mingəçevir Dövlət Dram Teatrı da pərdələrini açmağa hazırlaşır. Teatrda Mir Cəlal Paşayevin üç hekayəsinin motivləri əsasında lirik-poetik müharibə dramı üzərində iş aparılır. “Leyla” adlı tamaşanın nümayişi 18-24 oktyabr tarixində olacaq. Teatrda yarımçıq qalan səhnə işlərinin də məşqləri davam etdiriləcək.
Qusar Dövlət Ləzgi Dram Teatrı bu gün Abdulla Qurbaninin “Çingiz dastan”ı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcı heyət Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Festivalda Ramiz Duyğunun “Xarıbülbül” tamaşası təqdim olunacaq.
Füzuli Dövlət Dram Teatrı fəaliyyətinə repertuar tamaşası ilə başlayacaq. Akif Həsənoğlunun “Yaddaş” adlı bu səhnə nümunəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Teatr rəhbərliyi oktyabr və noyabr ayları üçün repertuarda olan hərbi-vətənpərvər mövzulu tamaşaların hamısını bərpa etmək niyyətindədir.
Şəki Dövlət Dram Teatrı əsas diqqəti yeni əsərlərin tamaşaya qoyulmasına yönəldib. İlin sonuna qədər İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” və çex yazıçısı Karel Çapekin “Ana” əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusundakı ən məşhur əsərlərdən olan “Ana”ya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verəcək.
Qazax Dövlət Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə yeni səhnə əsəri ilə açmaq istəyir. 2021-ci ilin axırına kimi qırğız yazıçısı Mar Baycıyevin “Duel” (rejissor – Allahverdi Musayev) və ingilis yazıçısı Con Qolsuorsunun “Birincilər və sonuncular” (rejissor – Musa Eyyubov) əsərləri təhvil veriləcək. Məşqlərə isə oktyabrın 5-dən başlanacaq.
Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa artıq səhnə məşqi mərhələsindədir. Bunlar “Varlı ev” və “Ləpələrin nağılı” tamaşalarıdır. Yaradıcı heyət “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Lənkəran teatrı da Karel Çapekin “Ana” faciəsinə müraciət edib. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Teatrın karantindən sonra öz səhnəsində tamaşası isə “Vəfalı Səriyyə” (20-30 oktyabr) olacaq.
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, sərgi-yarmarka zamanı “Tık-Tık xanım”, “Cırtdan” uşaq tamaşası, uşaqlar və böyüklər üçün müxtəlif master- klaslar, ebru (su üzərində rəsm sənəti) və s. nümayiş olunacaq. Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.
Sərgi-yarmarka çərçivəsində N.Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş "Yeddi gözəl" kitabının elektron versiyasının təqdimatı da gerçəkləşəcək.
Qeyd edək ki, oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edəcək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü çərçivəsində səfirliyimizin təşəbbüsü ilə İndoneziya Dövlət Poçt Şirkəti (İDPŞ) tərəfindən poçt markası nəşr edilib.
AZƏRTAC xəbər verir ki, poçt markasının üzərində İndoneziya dilində “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 ili” yazılıb, Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin, Dövlət bayrağının və gerbimizin görüntüləri yer alıb.
Bu münasibətlə İDPŞ-nin baş direktoru Faizal R.Djoemadin və səfir Cəlal Mirzəyevin görüşü keçirilib. Görüşdə ikitərəfli əlaqələrin poçt sektorunda da inkişafına dair fikir mübadiləsi aparılmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə hazırlanmış markanın ilk nüsxəsi səfirə təqdim edilib.
F.R.Djoemadin keçən ilin sentyabrından İDPŞ-ə baş direktor təyin edildiyini, Azərbaycan üçün əhəmiyyətli olan 18 oktyabr tarixi ilə bağlı rəhbərlik etdiyi şirkətin çap etdiyi poçt markasını səfirə şəxsən təqdim etmək istədiyini bildirib.
C.Mirzəyev, öz növbəsində, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması, habelə 44 günlük II Qarabağ müharibəsi və işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın haqlı mübarizəsi zamanı İndoneziyanın dəstəyinə görə minnətdarlığını bildirib.
Görüşün sonunda, eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı azad edilən Şuşa şəhərinin simvollarını əks etdirən markanın bir nüsxəsi də C.Mirzəyevə təqdim edilib. Nümunədə “Şuşa – evimizə qayıdırıq” yazısı ilə yanaşı, Şuşanın müxtəlif fəsillərə aid şəkilləri yer alıb.
C.Mirzəyev Şuşa şəhərinin dövlətimizin başçısı tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini və buranın azad olunması zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaətinə diqqət çəkərək, bütün Azərbaycan xalqı üçün Şuşanın – Qarabağın – xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan üçün xüsusi əhəmiyyətli olan bu dəyərli təbrik - hədiyyə üçün F.R.Djoemadinə dərin təşəkkürünü bildirib.
F.R.Djoemadin torpaqlarının azad olunmasının bir ölkə və onun xalqı üçün nə dərəcədə əhəmiyyətli olduğunu anladığını və məhz buna görə bu hədiyyəni səfirə təqdim etdiyi üçün məmnunluğunu qeyd edib.
İndoneziya Dövlət Poçt Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ildönümü münasibətilə çap olunmuş marka oktyabr ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılacaq.
İDPŞ tərəfindən səfirliyə verilən məlumata görə, poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.