Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tahir Teymur oğlu Salahov
    Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat etmişdir. Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərmiş və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışmışdır. Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olmuş, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü olmuşdur. Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olmuş və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapmışdır. Rəssam tariximizin və mədəniyyətimizin unudulmaz şəxsiyyətlərinin portretlərinin geniş qalereyasını yaratmış, bununla Azərbaycan boyakarlığının kamil nümunələrini meydana gətirmişdir. Sənətkarın mövzu və janr əlvanlığı, bədii forma rəngarəngliyi və estetik kamilliyi ilə səciyyələnən, ali məqsədlər naminə humanist fikirlər təlqin edən, hər birində Vətən torpağına sonsuz məhəbbət duyulan ecazkar tabloları mədəni irsimizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutmuşdur. Tahir Salahov eyni zamanda teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərmiş, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar vermişdir. Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olmuşdur. Pedaqoq kimi biliyini, təcrübə və bacarığını gənc fırça ustalarının yetişdirilməsi işinə sərf etmiş Tahir Salahovun misilsiz yaradıcılıq təcrübəsi neçə-neçə yeni rəssamlar nəsli üçün bundan sonra da məktəb rolunu oynayacaqdır. Tahir Salahov, həmçinin ictimai xadim kimi tanınmış, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, mədəniyyət siyasətinin həyata keçirilməsinə töhfələr vermişdir. Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Tahir Salahovun uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Müstəqil respublikamızın ali mükafatlarından olan “Heydər Əliyev”, “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilməsi doğma Vətənində onun sənətinə və şəxsiyyətinə dərin ehtiramın təzahürüdür. Görkəmli sənətkar, böyük ictimai xadim, əsl ziyalı və səmimi insan Tahir Teymur oğlu Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Eldar Əzizov Fərəh Əliyeva Anar Kərimov Fərhad Xəlilov Ömər Eldarov Salxab Məmmədov Ağəli İbrahimov Fuad Salayev.
  • “Qarabağa sülh, sevgi və ümid” adlı ümumdünya xeyriyyə konserti keçirilib

    Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan əsilli mədəniyyət xadimlərinin və Azərbaycanın dostlarının iştirakı ilə “Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçirilib.

    “Qarabağ uğrunda” həmrəylik cəmiyyəti tərəfindən təşkil olunan və iki fərqli proqramdan ibarət olan bu konsert canlı efirdə www.forkarabakh.com saytından və feysbuk sosial şəbəkəsinin “For Karabakh” səhifəsindən yayımlanıb. Konsert izləyicilər tərəfindən böyük maraqla və həyəcanla qarşılanıb.

    Konsert ABŞ, İsrail, Böyük Britaniya, Skandinaviya ölkələri, qardaş Türkiyə, Oman Sultanlığı, Azərbaycan və bir sıra digər ölkələrdən olan musiqiçilərin iştirakı ilə reallaşıb. Onların arasında latviyalı Leilalinin, Riçardas Lapaitisin, Dase Strausun, Britaniayadan Luis Doddsun, Elçin Şhirinovun, Səbinə Rakçeyevanın, Nəzrin Rəşidovanın, Fransadan Etibar Əsədlinin, Səidə Zülfüqarovanın, Renara Axundovanın, Almaniyadan Elnarə İsmaylovanın, Boris Bloxun, Israildən Mixail Salmanın, Dina Tumarkinanın, Türkiyədən Mithat Körlerin, Elgün Guliyevin, Norveçdən Qalib Həsən Məmmədovun, Skruk xorunun, Amerikadan Han Beylinin, Nərgiz Əliyarovanın, Emil və Leyla Əfrasiyabın, Ruslan Ağababayevin, “Mənim yolum” (My Way) rəqs qrupu və bir çoxlarının çıxışları yadda qalan olub. Amerikalı iştirakçılar arasında, mərhum pianoçu, Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova və dahi Müslüm Maqomayevin qızı Marina Maqomayeva da olub.

    Layihənin məqsədi Qarabağ müharibəsi nəticəsində psixoloji əziyyətlərə, travma almış əsgərlərin sinir pozğunluğuna, depressiyaya məruz qalmış insanlara yığılan ianələr vasitəsilə yardım göstərməkdir. Konsertdən yığılan ianələr “For Azerbaijan” xeyriyyə təşkilatı vasitəsilə öz ünvanlarına çatdırılacaq. “For Azerbaijan” xeyriyyə təşkilatı dünyanın qabaqcıl universitetlərində təhsil almış, bir çox aparıcı texnologiya və maliyyə şirkətlərində, beynəlxalq inkişaf təşkilatlarında uğurlu karyera qurmuş 50-yə yaxın peşəkar azərbaycanlının birgə təşəbbüsü ilə ərsəyə gəlib. Təşkilat qısa müddətdə qurulmasına baxmayaraq, Azərbaycanda digər xeyriyyə və rəsmi tərəfdaşlar ilə birlikdə bir çox sosial layihəni, o cümlədən hərbi münaqişədən zərər çəkiş şəxslərə, onların ailələrinə psixoloji reabilitasiyanın təmin edilməsi və maddi dəstəyin göstərilməsi, şəhid və qazi övladlarının təhsil imkanlarının genişləndirilməsi, istedadlı gənclərimizin peşəkar hazırlığının dəstəklənməsi kimi bir sıra layihələri uğurla reallaşdırıb.

    Layihənin həyata keçirilməsi ideyası hələ 2020-ci ilin noyabr ayında yaranıb. Azərbaycanın qələbəsilə nəticələnən İkinci Qarabağ müharibəsindən təsirlənən, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətkarlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları “Qarabağ uğrunda” həmrəylik cəmiyyətini yaratdılar. Bu təşəbbüsü irəli sürən, proqramın bədii rəhbəri, uzun illər Amerikada yaşayan Cəmilə Cavadova-Spitzberq sənət dostlarını bir yerə toplayaraq, həmkarlari ilə bərabər proqramın üzərində uzun müddət çalışdı.

    Proqramın həyata keçirilməsində ABŞ-da və digər ölkələrdə fəaliyyət göstərən təşkilatlar da qoşuldu. Layihənin maliyyələşdirilməsini ABŞ-da fəaliyyət qöstərən “Azərbaycan-Amerika Tibb Assosiasiyası” (Azerbaijan-American Medical Association) və “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (US Azerbaijanis Network, USAN) öz üzərinə götürdü. “Azərbaycan-Amerika Tibb Assosiasiyası” ABŞ-da və dünyada azərbaycanlı və amerikalı həkimləri bira raya gətirən təşkilatdır. “ABŞ Azərbaycanlıları Şəbəkəsi” 2007-ci ildə təsis olunmuş ilk ümumamerika miqyaslı layihədir. Təşkilatın əsas istiqamətlərindən biri ABŞ-da yaşayan azərbaycan əsilli seçicilərin siyasi maarifləndirilməsi, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına kömək edilməsi, Azərbaycanın enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində ABŞ üçün əhəmiyyəti, ölkədəki bütün etnik azlıqlara tolerant münasibət barədə Amerika ictimaiyyətini məlumatlandırmaqdır.

    Proqramın həyata keçirilməsinə rəhbərlik edən TRT Ankara Televiziya Yayım Prodüseri İradə Rəfizadə olub. Həmçinin, layihənin uğurla baş tutmasında Meyn ştatının Azərbaycan Cəmiyyətini, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasını, Florida-Azərbaycan Mədəniyyət Cəmiyyətini, “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzini, Amerika Azərbaycan Cəmiyyətləri Konqresini, Britaniya-Azərbaycan Cəmiyyətini, İsrail-Azərbaycan Beynəlxalq Birliyini (AZIZ), Fransa Azərbaycan Dialoq Assosiasiyasını və onların rəhbərlərini, Tərlan Əhmədov, İradə Axundova, Alyona Bədəlova, Töhfə Eminova, Aqil Hüseynov, Fəridə Pənahova, Yeganə Salman və Aytən Muradovanı əvəzsiz rol oynayıblar. Proqramın bədii şura üzvləri doktor Zümrüd Dadaşzadənin, doktor Nigar Axundovanın, Günel Rzayevanın, Cahangir Novruzovun, Aysel Rəcəblinin, İslam Manafovun əməyini xüsusi qeyd etmək lazımdır.

     

  • “Şəngülüm, Məngülüm” tamaşası onlayn göstəriləcək

    Mayın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrdəki hesabları vasitəsilə “Şəngülüm, Məngülüm” tamaşasını təqdim edəcək.

    Əməkdar artist Rəhman Rəhmanovun iştirakı ilə nümayiş ediləcək tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli monotamaşa kimi yanaşıb və göstəriblər ki, bir aktyorun ifasında, eyni zamanda, bir neçə obrazı canlandırıb ifadə etmək olar.

    Tamaşanın mahnı mətnləri də unudulmaz şair Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir. Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.

  • “Maqsud Şeyxzadə - ensiklopedik elm sahibi” adlı beynəlxalq seminarda Azərbaycan alimlərinin məruzələri dinlənilib

    Daşkənd Dövlət Nəqliyyat Universitetində şair-dramaturq Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş “Maqsud Şeyxzadə - ensiklopedik elm sahibi” adlı beynəlxalq seminar keçirilib.

    Beynəlxalq seminarın işində Özbəkistanın tanınmış alimləri ilə bərabər Azərbaycan alimlərinin də məruzələri dinlənilib. Konfransı giriş sözü ilə universitetin prorektoru Dilşad Baratov açdıqdan sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Maqsud Şeyxzadənin həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. Daha sonra Azərbaycan elminin və ədəbiyyatının yaxın dostu, Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin professor Həmidullah Baltobayev, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov, AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərim Məmmədzadənin, özbək alimlərindən Nəsir Jurabayevin, Öş Universitetinin kafedra müdiri, professor Akçaç Joldaşev və digər alimlər məruzələr ediblər.

    Bu elmi toplantıda məruzələrlə yanaşı Maqsud Şeyxzadənin ədəbi şəxsiyyəti haqqında da gözəl fikirlər söylənərək bu böyük insanın uzun illər onun tələbələrinin yaddaşında, xatirələrində və özbək elm və ədəbiyyatı səhifələrində yaşayacağına bir işarət idi.

  • Bakıda rəssamlara dəstək yarmarkası təşkil olunacaq

    Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 23-29 may tarixlərində “AXIN” qrupunun rəssamlara dəstək yarmarkası təşkil olunacaq.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, yarmarka zamanı qalereyanın “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və “dts” nümunələrinin satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) keçiriləcək.

    Satış-yarmarkası rəssamlara dəstək məqsədilə saat 17:00-dan 20:00-a kimi Koroğlu metro stansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketdə reallaşacaq.

  • Misirdə Nizami Gəncəviyə həsr olunmuş videoçarx hazırlanıb

    Misirdə Azərbaycan dilini tədris edən İsra Adilin təsis etdiyi EPS mərkəzi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş 8 dəqiqəlik videoçarx təqdim edib.

    Ərəb tamaşaçılarına xitab edən maraqlı videomaterial yutub kanalında da yerləşdirilib, habelə Misirin “Aldiplomacy”, “Worldnewnews” portalları tərəfindən işıqlandırılıb.

    EPS mərkəzinin hazırladığı videomaterialda Nizami Gəncəvinin Bakıdakı abidəsi, doğulduğu Gəncədəki məqbərəsi, Şərqin dahi şair və mütəfəkkirinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, onun əsərlərindən ərəbcə parçalar səsləndirilir. Tərtibatçılar qədim miniatür rəsmlərindən istifadə edərək Nizaminin “Leyli və Məcnun” və “İsgəndərnamə” əsərləri haqqında geniş məlumat verir, habelə şairin yaşadığı dövrdən bəhs edirlər. Videomaterialda Nizaminin əsərlərindəki əxlaq və mənəviyyat, ədalətin tərənnümü və Quran hekayələri önə çıxarılır.

    Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş videomaterialın hazırlanmasında EPS mərkəzinin üzvləri Adil Mahmud, Hevəydə Ərəbi, Əhməd Əl-Nəms, Hacər Əmr və Ayman Əbu Zayid də iştirak ediblər.

  • Əlcəzairdə Azərbaycan milli geyimi və rəqsi təqdim olunub

    Əlcəzairdəki “Karitas” Beynəlxalq Xeyriyyə Cəmiyyətində Əlcəzair və Afrikanın digər ölkələrinin milli qadın geyimlərinin nümayiş etdirildiyi moda festivalı keçirilib.

    Azərbaycanın Əlcəzairdəki səfirliyindən bildiriblər ki, tədbirdə fəxri qonaq qismində Azərbaycan, Ukrayna və Pakistan təmsilçiləri də iştirak ediblər. Əlcəzairdə yaşayan gənc soydaşımız Xumar Nəbiyeva milli geyimdə, dövlət bayrağımızın fonunda “Qaval” rəqsini ifa edib.

    Azərbaycanlı gənc qızın təqdimatı əlcəzairli tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

  • Xarkovda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidənin təqdimatı keçirilib

    Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyanın təqdimatı keçirilib.

    Abidə Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadəyə, qazax filosofu Abay Kunanbayeva və ukraynalı filosof Qriqori Skovoroda həsr olunub.

    Abidənin təqdimatında Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletaev, Xarkov merini əvəz edən İqor Terexov, Qazaxıstanın Xarkovdakı fəxri konsulu Emin Nəcəfli, Xarkov Diplomatik Klubunun fəxri prezidenti Sergey Çernov və yerli KİV nümayəndələri iştirak ediblər. Təqdimat zamanı abidənin layihəsinə baxış keçirilib, təkliflər səsləndirilib. Kompozisiyanın yerləşəcəyi “Filosoflar meydanı”nda hazırda Qazaxıstanın Xarkovdakı Fəxri Konsulluğunun maliyyə dəstəyi ilə abadlaşdırma işləri aparılır.

    Səfir Darxan Kaletaev bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb.

    “Fəxri konsulumuzun abidəni ucaltmaq təklifinin şəhər rəhbərliyi tərəfindən müsbət qarşılanmasından çox məmnunam. Üstəlik, bu fərdi bir qəhrəmana deyil, üç böyük mütəfəkkirə həsr olunmuş abidədir. Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”, - deyə səfir bildirib.

    Xarkov merini əvəz edən İqor Terexov isə qeyd edib ki, belə bir abidənin qoyulması şəhərin gözəlliyinə töhfə verəcək, turistlər üçün cəlbedici məkan olacaq.

  • Moskvada Rusiya mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib

    Moskvada Rusiya mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.

    Nümayəndə heyətinə nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Acalova, kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Əziz Qarayusifli daxildir.

    Görüş iştirakçıları görkəmli rəssam Tahir Salahovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova tədbirdə çıxış edərək mədəniyyət və incəsənətin Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına təsir göstərən mühüm amillər olduğunu diqqətə çatdırıb.

    Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova qeyd edib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiyaya təcrübə mübadiləsi aparmaq məqsədi ilə gəlib. Növbəti həftədə nümayəndə heyətinin Rusiya Mədəniyyət Nazirliyi, Moskvanın iri mədəniyyət müəssisələrinin təmsilçiləri, mədəniyyət xadimləri ilə silsilə görüşləri nəzərdə tutulub.

    Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Xalq artisti Dinara Əliyeva Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələri yüksək qiymətləndirib. D.Əliyeva Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında iştirakını xatırlayaraq vurğulayıb ki, işğaldan azad edilmiş qədim Şuşada, Cıdır düzündə çıxış etmək onun üçün böyük şərəfdir. Məşhur opera müğənnisi festivaldan böyük ruh yüksəkliyi və sevinc hissi ilə qayırdığını bildirib, belə musiqi gecələrinin Azərbaycanın qədim mədəniyyət ocağında davam etməsinin vacibliyini qeyd edib.

  • Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı -“Qarabağ şikəstəsi”

    Yaradıcılığında Qarabağ mövzusu mühüm yer tutan və torpaqlaqrımızın işğaldan azad ediləcəyinə böyük ümid və inamla yaşayan Xalq şairi Zəlimxan Yaqubun bu günlərdə yeni kitabı işıq üzü görüb.

    “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda 1000 tirajla çap olunmuş kitab “Qarabağ şikəstəsi” adlanır. 23 çap vərəqindən ibarət olan kitabda şairin Qarabağ mövzusunda yazdığı şeirləri və bu mövzudakı 11 poeması yer alıb.

    Kitabı nəşrə hazırlayan və redaktoru Z.Yaqub ədəbi irsinin nəşrində böyük zəhməti olan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır.