Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Kitabxana “Professor Anar İsgəndərov” adlı virtual sərgi hazırlayıb

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli Azərbaycan tarixçisi, professor Anar İsgəndərovun həyat və fəaliyyətini əks etdirən “Professor Anar İsgəndərov” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan bildirilib ki, təqdim olunan virtual sərgidə professor Anar İsgəndərov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, onun müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri, mükafatları və fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Professor_Anar_Isgenderov/index.html linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, alim 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir. O, ilk dəfə olaraq bir əsr ərzində türk-müsəlman soyqırımı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş əsərləri tarixşünaslıq baxımından təhlil edib.

  • İrandakı Müqəddəs Müdafiə Muzeyi

    İranın Həmədan şəhərində Müqəddəs Müdafiə Muzeyi fəaliyyət göstərir.

    Açıq havada qurulan muzey 8 illik İran-İraq müharibəsində İran ordusunun əsgərlərinin şücaətini əks etdirir. Şəhərin Kayim meydanında yerləşən muzeydə müharibə dövründə istifadə olunan və qənimət kimi ələ keçirilən silah-sursat, hərbi texnika və şəhid olan əsgərlərə aid əşyalar nümayiş olunur.

    Qeyd edək ki, 1980-ci ilin 22 iyulundan başlayaraq 1988-ci ilin avqustunda başa çatan müharibədə İran xalqı və ordusu cəsarətlə ərazilərini qorudu.

  • “Digitalart-lab” layihəsi çərçivəsində növbəti görüş

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olub.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, görüş rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib.

    Görüşdə Mobil Qarayev bu sahədə qazandığı təcrübələrini layihə iştirakçıları ilə bölüşüb, öz portfeliasını təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.

    Xatırladaq ki, rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərib, rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olub.

    Görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanan videomaterialdan izləmək mümkündür.

  • Paytaxt Aşqabadın 140-cı ildönümü qeyd edilir

    Bu gün Türkmənistanın müstəqilliyinin 30 illiyi və paytaxt Aşqabadın 140-cı ildönümü qeyd edilir.

    Aşqabad müstəqillik illərində Orta Asiyanın ən gözəl şəhərlərindən birinə çevrilib, zəngin tarixi keçmişə malik olub, hazırda dünya səviyyəli metropol, milli texnoloji tərəqqi və yenilik mərkəzidir.

    Bu illər ərzində Aşqabadın müxtəlif obyektləri 11 dəfə “Ginnesin Rekordlar kitabı”na düşüb.

    Bu yubiley münasibətilə Azərbaycanın “Mədəniyyət” kanalı türkmən sənət ustalarının konsertini yayımlayacaq. Bu aksiya Aşqabadın yubiley tarixinə təsadüf etməklə yanaşı, Türkmənistan ilə Azərbaycan arasında mədəni və humanitar tərəfdaşlığın inkişafına da xidmət edir.

  • “AXIN” rəssamlara dəstək yarmarkası keçirilib

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən "Bravo" hipermarketdə “AXIN” rəssamlara dəstək yarmarkası keçirilib.

    Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı təşkil olunub.

    Yarmarkada, həmçinin müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) görmək mümkündür.

    Satış yarmarkası rəssamlara dəstək məqsədilə mayın 29-dək davam edəcək.

  • Media nümayəndələri “Azərxalça” ASC-nin Şabran filialını ziyarət ediblər

    “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşəbbüsü ilə bir qrup media nümayəndəsinin ölkənin şimal bölgəsinə səfəri təşkil olunub. Səfərdə məqsəd tarixi keçmişimizi özündə yaşadan zəngin naxışları, keyfiyyəti ilə seçilən Quba xalçalarının toxunduğu bölgədə “Azərxalça” ASC-nin 3 filialını ziyarət edərək bu müəssisələr haqqında oxuculara geniş məlumat çatdırmaqdır.

    İlk tanışlıq ölkə başçısının “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən inşa edilərək 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış “Azərxalça” ASC-nin Şabran filialından başlayıb. Bu filialda indiyə qədər 180-dən çox xalça istehsal edilib.

    Bu bölgə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba qrupu xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Bu bölgədə toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı ahəng xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

    Jurnalistlərə məlumat verən filialın direktoru Kəbirə Vəlibəyova bildirib ki, xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Emalatxana pandemiya dövründə 1 il fəaliyyətsiz qalıb. Hazırda buranın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanımlar, 6 nəfər isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunulur. Onların üzərində Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və yaxud 4 nəfər toxucu birlikdə də toxuya bilir. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələniblər. Toxucular bu işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışır.

    Qeyd edib ki, o , əvvəllər fərdi şəkildə xalça toxuculuğu ilə məşğul olub lakin dövlət tərəfindən bu sahəyə diqqət ayrılandan sonra emalatxanaya direktor təyin edilib: “Şabran xalçaçılığında hər kəndin öz dəst-xəti var. Bu bölgədə toxunan, öz keyfiyyəti ilə seçilən xalçaların əksəriyyəti məhz indiki Şabran rayonunun kəndlərində ərsəyə gətirilib. Xalçaların üzərində əsasən dəvə təsvirləri və özünəməxsus naxışlar, güllər əks olunur.

    Sonra filialın direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb.

  • Bu gündən “Art management” adlı silsilə vebinarlara start verilir

    Bu gündən Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art management” adlı silsilə vebinarlara start verilir.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, saat 20:00-da başlayacaq ilk tədbir rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “Art management” istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə keçiriləcək.

    Qeyd edək ki, yaradıcılıq sənayesi (“Creative industry”) bütün dünyada inkişaf edir, yeni özünürealizə və məhsul təqdim etmə imkanları yaradır.

    Bu baxımdan, ölkəmizdə əksər rəssamların “Art management”in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.

    Vebinarlar mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştirakı ilə əvvəlcədən planlaşdırılmış proqram əsasında keçirilməsi nəzərdə tutulur.

    Treninqlər “Zoom” tətbiqi vasitəsilə keçiriləcək.

    Silsilə təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesablarını izləyə bilərlər.

  • Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib
    Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib. Nümayəndə heyətinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli daxildir. Səfərin məqsədi mədəniyyət, incəsənət təhsili və digər sənət sahələrində Rusiya təcrübəsini öyrənməkdən ibarətdir. Səfər çərçivəsində Moskvada nazirliyin nümayəndə heyəti ilə Rusiyada yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri arasında görüş keçirilib. Qonaqlar görüşün əvvəlində dünya şöhrətli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı Tahir Salahovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova qonaqları salamlayaraq Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova bildirib ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti mədəniyyət, incəsənət təhsili və digər sənət sahələrində Rusiya təcrübəsini öyrənmək üçün Moskvaya səfər edib: “Bu həftədən etibarən bir sıra görüşlər keçiriləcək. İlk görüşümüzə Moskvada yaşayan və mədəniyyət, incəsənət sahəsində çalışan həmvətənlərimizlə başladıq. Bundan əlavə Rusiya Mədəniyyət Nazirliyinin müvafiq şöbələri, o cümlədən “Roskino”, “Roskonsert”, Moskva Dövlət Filarmoniyası, incəsənət qalereyaları, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu, Rusiya Teatr Sənəti İnstitutu (GİTİS), Moskva Dövlət Xoreoqrafiya Akademiyası və digər mədəniyyət qurumları ilə görüşlər planlaşdırılır”. N.Axundova artıq Azərbaycan nümayəndə heyətinin GİTİS-in rektoru ilə ilk görüşünün keçirildiyini qeyd edib: “Olduqca maraqlı və səmərəli görüş keçirildi. Ümid edirəm ki, gələcəkdə də bu cür səfərlər daha çox olacaq. Bizi maraqlı layihələr gözləyir”. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Əziz Qarayusifli çıxış edərək üç gün ərzində Moskvadakı aparıcı sənət akademiyaları, xüsusən də Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının rektorları ilə görüşəcəyini vurğulayıb: “Həm Rusiya, həm də Avropa universitetləri ilə müqavilələr imzalamışıq. Əməkdaşlığı intensivləşdirməliyik. Rus balet məktəbi dünyanın aparıcı məktəblərindən biridir və əməkdaşlığımızı genişləndirmək istəyirik. Bunun üçün Moskva universitetləri və akademiyalarının aparıcı müəllimləri tərəfindən ustad dərsləri təşkil etmək lazımdır. Müəllim heyətinin mübadiləsini aparmaq zəruridir. Xoreoqrafiyamızın inkişaf səviyyəsini yüksəltmək üçün təkcə ustad dərsləri ilə kifayətlənməməliyik, həm də qabaqcıl rusiyalı müəllimləri Azərbaycana uzunmüddətli işə dəvət etmək istəyirik”. Ə.Qarayusifli bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib: “Sovet sənət məktəbindən qalan ənənələr də daxil olmaqla, Rusiya ilə ortaq cəhətlərimiz var. Bundan istifadə etməliyik. Düşünürəm ki, birlikdə bir çox faydalı layihələri reallaşdıra bilərik”. Görüş iştirakçılarından Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Dinara Əliyeva çıxış edərək Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib. “Mədəniyyət xadimlərinin bir araya gəlməsi hər zaman gözəl hadisədir. Bu gün bizi birləşdirən rəhbərliyimizə təşəkkürümü bildirirəm, hər zaman belə tədbirlərdə iştirak etməyə şadam”, - deyə Xalq artisti bildirib. İyirmi ildən çoxdur Moskvada çalışan keramika sənətçisi Qərənfil Qurbanova isə bildirib ki, saxsı emalatxanasında qablar, plitələr, gil vazalar Azərbaycan mədəniyyətinin motivləri əsasında hazırlanır: “İndi bir çox istedadlı gənclərimiz, fəal insanlarımız Rusiya və Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığını gücləndirmək üçün çalışmağa hazırdır”.
  • “Art Management” vebinarlarına start verilir
    Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 25 may tarixində saat 20:00-da “Art Management” vebinarlarına start verilir. Layihə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “art management” (sənət idarəçiliyi) istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə reallaşdırılır. Qeyd etmək lazımdır ki, yaradıcılıq sənayesi (“Creative industry”) bütün dünyada inkişaf edir, yeni özünürealizə  və məhsul təqdim etmə imkanları yaradır. Bu baxımdan ölkəmizdə əksər rəssamların “art management”in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.   “Art Management” vebinarlarının mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.  Treninqlər “Zoom” tətbiqi vasitəsilə keçiriləcək.  Silsilə təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesablarını izləyə bilərlər.
  • Xalq rəssamı Tahir Salahov son mənzilə yola salınıb

    SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov dəfn olunub.

    Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

    Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, elm və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

    Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

    Qeyd edək ki, Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

    Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb.

    Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olub, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü idi.

    Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olub və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazıb. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapıb. Eyni zamanda, Tahir Salahov teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərib, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar verib.

    Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olub. Dünya şöhrətli fırça ustasının uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

    Görkəmli sənətkar Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

    Allah rəhmət eləsin!