Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İçərişəhərdə “Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik” ictimai incəsənət layihəsinin açılışı olub

    İçərişəhərdə “Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik” ictimai incəsənət layihəsinin açılışı olub.

    Açılış mərasimində Azərbaycanda səfərdə olan Böyük Britaniyanın ixracat naziri Qraham Styuart da iştirak edib. O bildirib ki, təbiəti, ekosistemi qorumaq bizim həm fərdi, həm də kollektiv olaraq vəzifəmizdir. “Biomüxtəlifliklə bağlı biz görünməmiş problemlərlə üzləşirik. Bunun səbəbləri isə təbii resursların həddindən çox istismarı, ətraf mühitin çirklənməsi, dəniz və torpaqdan istifadədə dəyişikliklərlə bağlıdır”, - deyə nazir qeyd edib.

    Britaniyalı nazir ölkəsinin bu ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı COP26 sammitinə ev sahibliyi edəcəyini deyib. Sammit iqlim dəyişikliyi üçün mübarizəyə daha çox səy göstərilməsinə, investisiyanın qoyulmasına, daha çox “yaşıl iş”lərin açılmasına təkan verəcək.

    Nazir deyib ki, bu sammitdə iştirak Azərbaycanın bu gün aparıcı olan neft-qaz iqtisadiyyatından gələcəkdə yaşıl iqtisadiyyata keçməsinə kömək edə bilər: “Biz Azərbaycanı bu istiqamətdə dəstəkləyirik və inanırıq ki, bizim təcrübəmiz nümunə ola bilər”.

    Qeyd edək ki, incəsənət layihəsinin müəllifi rəssam Nəzrin Məmmədovadır. Onun təqdim etdiyi əsərlər Azərbaycanın yerli və nəsli kəsilməkdə olan bitkilərinə həsr olunub.

  • İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

    Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində olan Humanitar Kollec də qoşulub.

    Milli Kitabxanadan bildirilib ki, Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edərək, 1223 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.

     

  • Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının keçirilməsi nəzərdə tutulur

    Oktyabrın 20-24-də Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının keçirilməsi nəzərdə tutulur.

    Festival uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərini təqdim edəcək.

    Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir.

    Hər il olduğu kimi, bu dəfə də festival müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlardan ibarət olacaq. Proqram və animasiya filmlərinin nümayişi qaydası təşkilat komitəsi tərəfindən müəyyənləşdirilir. Proqram festivalın www.animafilm.az saytında dərc ediləcək.

    Qeyd edək ki, “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir.

  • Bu gün Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür

    21 may - Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür.

    2001-ci ildə UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsi qəbul olunduqdan sonra BMT Baş Assambleyası bu sənədi təqdir edərək, 21 may tarixini “Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü” elan edib.

    Qeyd etmək lazımdır ki, BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk edərək, daha çox həmrəyliyin bərqərar olmasına cəhd göstərir. Milli-mədəni müxtəliflik mədəni zənginlik deməkdir. Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir.

    Şuşa şəhərində təşkil olunan mötəbər “Xarıbülbül“ festivalının timsalında dünya ictimaiyyəti, ölkəmizin müxtəlif mədəniyyətlərinin vəhdətinin parlaq nümunəsi olduğuna bir daha şahidlik etdi.

  • “Sehrbaz qadın” tamaşası onlayn göstəriləcək

    Mayın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Sehrbaz qadın” tamaşasını onlayn nümayiş etdirəcək.

    Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.

    Təkəbbürlü dul bir qadın iki qızından birini meşəyə su dalınca göndərir. Meşədə bir sehrbaz qarı qıza yaxınlaşıb ondan su istəyir. Mehriban qız ona su verdikdən sonra qarı qızın bu xeyirxah əməlinin əvəzinə ona sehrinin gücü ilə yaxşılıq edir. Bundan sonra qız hər dəfə danışanda ağzından gül və bahalı daş-qaşlar tökülməyə başlayır. Anası bunu görüb, dərhal o biri qızını da meşəyə göndərir. Bu dəfə meşədə həmin sehrbaz qızın qarşısına şahzadə qiyafəsində çıxır və yaxınlaşıb ondan su istəyir. Təkəbbürlü xarakteri ilə anasına oxşayan bu qız şahzadəyə su vermir. Şahzadə isə onu pis əməlinə görə sehrləyir. Bundan sonra qız hər dəfə danışanda ağzından ilan və qurbağalar tökülür. Bunu görən ana kiçik qızını evdən qovur. Qız meşəyə gəlir və bir ağacın altında oturub ağlamağa başlayır. Bu zaman zadəgan ailəsindən olan bir cavan oğlan qızı görür və bir könüldən min könülə ona vurulur. Qızı götürüb özü ilə saraya gətirir və ona evlənmək təklif edir…

    Qeyd edək ki, tamaşa teatrın yutub kanalından saat 12.00-da yayımlanacaq.

  • Xalq rəssamı Tahir Salahov vəfat edib

    SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov vəfat edib.

    93 yaşlı rəssam Almaniyada müalicə aldığı klinikada vəfat edib.

    Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub.1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.

    Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

    T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.

    Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

  • “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb

    Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

    Müsabiqənin ikinci yarımfinalında 17 ölkə - San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edib.

    Bütün ifalar dinlənildikdən sonra “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən ikinci yarımfinal mərhələsindən final mərhələsinə adlayan ölkələr Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya olub.

    Ümumilikdə final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın iştirakçısı çıxış edəcək.

    Xatırladaq ki, müsabiqənin birinci yarımfinalında ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb. O, “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

    Qeyd edək ki, müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. Sayca 65-ci olan “Avroviziya” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

  • Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb

    Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami Gəncəvi İli”nə həsr olunan bürüncdən xatirə pulu buraxıb.

    Xatirə pulunun ön üzündə Nizami Gəncəvinin portreti, “Azerbaycan Şairi Nizami Gencevi’nin Doğumunun 880. Yılı” yazısı, arxa üzündə isə Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsi əksini tapıb.

    Səfirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi” haqqında Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyənin Zərbxanası ilə xatirə pulunun buraxılmasına dair razılıq əldə olunub.

    Xatirə pulunun sertifikatında bildirilir ki, 2021-ci il böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyidir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvi müxtəlif mövzularda yazdığı beş məsnəvidən ibarət “Xəmsə”si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncülük etmişdir. Bu yönüylə mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizami Gəncəvinin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Böyük Azərbaycan-türk şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir.

  • Milli Xalça Muzeyi intellektual oyun və “Muzeylər gecəsi” təşkil edib

    Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirib.

    Müxtəlif icma nümayəndələrinin iştirakı ilə gerçəkləşən videokonfransda təqdimat və məruzələr dinlənilib.

    Bundan əlavə, ölkə muzeyləri içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu təşkil edib. İştirakçılar incəsənət, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı sualları cavablandırıblar. 22 komandanın iştirak etdiyi, onlayn keçirilən oyunun qalibi “Qarabağ” komandası olub.

    Silsilə tədbirlər Azərbaycan Milli Xalça Muzeyində təşkil edilən “Muzeylər gecəsi” konsert proqramı ilə yekunlaşıb. Gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları çıxış ediblər. Sənətdə ilk addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək verilməsi və onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə reallaşan konsertdə “The Etude Band”, “Seymur Əliyev Trio” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas maraqlı ifalar təqdim ediblər.

    “Nə? Harada? Nə zaman?” intellektual oyunu və konsert proqramı muzeyin sosial media hesablarında canlı yayımlanıb.

    Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.

  • Respublika Gənclər Kitabxanası Qarabağ haqqında təbliğat xarakterli layihələrini davam etdirir

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları qələbə çaldığımız, 30 ilə yaxın həsrəti ilə yaşadığımız torpaqların işğaldan azad olduğu bir dövrdə Azərbaycanın dilbər guşəsi olan Qarabağ haqqında maarifləndirici, təbliğat xarakterli materiallar, layihələr hazırlamaqda davam edir.

    Kitabxanadan bildirilib ki, növbəti material – “Qarabağın görkəmli şəxsiyyətləri” adlı virtual sərgidir. Virtual sərginin hazırlanmasında əsas məqsəd Qarabağın ədəbiyyat, musiqi, incəsənət və s. sahələrində uğur qazanmış, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış nadir istedada malik görkəmli şəxsiyyətlər haqqında məlumat verməkdən ibarətdir. Virtual sərgidə Qarabağ torpağının yetirmələri olan Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və başqaları haqqında məlumat verilmişdir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda adı çəkilən görkəmli ədəbiyyat və mədəniyyət sahəsinin nümayəndələrinin həyat və yaradıcılığı, əsərləri, müəllifi olduqları kitablar, bəsdələdikləri və ifa etdikləri musiqilər haqqında geniş yazılı məlumat verilmişdir. Virtual sərgidə musiqisi Cahangir Cahangirova məxsus Sara xanım Qədimovanın ifasında “Qarabağ” mahnısı səsləndirilib.

    İzləyicilərimiz, xüsusilə də, gənclərimiz üçün Azərbaycanın gözəl guşəsi, mədəniyyət ocağı olan Qarabağı tərənnüm edən bu səpkili videoçarxlar öz dərin məzmunu və maraqlı məlumatları sayəsində böyük əhəmiyyət kəsb edir.