Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tahir Salahov Birinci Fəxri xiyabanda dəfn ediləcək

    SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.

    Qeyd edilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.

  • Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram: 1. Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılsın. 2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 may 2021-ci il
  • S.X.Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 may 2021-ci il
  • “Muzeylər - mədəni sərvətimizdir” adlı rəsm sərgisi təşkil edilib

    Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər - mədəni sərvətimizdir” adlı rəsm sərgisi keçirilib.

    Tədbiri mərkəzin elmi işçisi Günel Həsənova açaraq Beynəlxalq Muzeylər Şurası tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu əlamətdar günün hər il müxtəlif deviz altında keçirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

    Sonra mərkəzin direktoru Naminə Ömərova çıxış edərək Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçirilən sərginin təşkil olunmasında iştiraklarına görə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təhsil və mədəniyyət attaşesi, fotoqraf Tevfik Uluala və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalara təşəkkür edib. Ölkəmizdə milli-mənəvi dəyərlərimizə və muzey işinə dövlət qayğısından bəhs edib və Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olan ərazilərdəki muzeylərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsindən danışıb.

    Sərgidə fotoqraf Tevfik Ulual və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların əsərləri nümayiş olunub və sonda onlara fəxri fərman təqdim edilib.

    Sərgiyə baxış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olunmaqla keçirilib.

  • Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi

    Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür

    Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.

    Bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olan Xalq artisti Həqiqət Rzayevanın anadan olmasından 114 il ötür. Hər il bu təqvimdə xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.

    Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident Sərəncamında “Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş” bir sənətkar kimi xarakterizə olunub.

    Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları, ilk növbədə, yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşıb. Əsl adı Süsən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.

    Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllimə olmağı arzulayırdı, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss ediblər.

    1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb. Beləliklə, o öz sənət yolunu müəyyənləşdirib və Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.

    Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı, haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümidlər ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.

    1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

    Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişib.

    Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, ən başlıcası isə “Xalq artisti” fəxri adına layiq görülüb.

    Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq” sitatı yaddaşlara həkk olunub.

    Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olub. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

    İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış edib, öz şaqraq səsi ilə əsgərləri qələbəyə ruhlandırıb. Onun yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib. Yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoyub.

    Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.

  • Türkdilli dövlətlər ortaq layihəyə imza atıb

    Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıb.

    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə “Türk dünyası” adlanır.

    Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək. Materiallar hər bir xalqın öz dilində səsləndiriləcək. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.

    Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.

    İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub. Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.

  • Moldovanın xəbər portalında “Xarıbülbül” musiqi festivalı barədə məqalə dərc edilib

    Moldovanın nüfuzlu “Ava.md” xəbər portallarında Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı barədə məqalə dərc edilib.

    Moldovalı jurnalist Şokina Yekaterinanın müəllifi olduğu məqalədə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, uzun fasilədən sonra orada “Xarıbülbül” festivalının keçirilməsinə dair fikirləri yer alıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz Şuşanı işğaldan azad edib. “Azərbaycanın mirvarisi” hesab edilən Şuşa mədəniyyət paytaxtı elan edilib və 30 ildən sonra orada “Xarıbülbül” festivalı keçirilib. “Xarıbülbül” festivalının tarixi haqqında geniş məlumat verən müəllif ilk festivalın 1989-cu ildə keçirildiyini qeyd edib. Lakin 1992-ci ildən ermənilərin işğalçılıq siyasəti nəticəsində “Xarıbülbül” festivalı keçirilmirdi. Nəhayət ki, 2021-ci ildən yenidən bu beynəlxalq musiqi festivalı keçirilməyə başlandı.

    Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi nömrələri dinlənilib. Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.

  • Dövlət Səs Yazıları Arxivi Xalq artisti Nəsibə Zeynalovanın 105 illiyi münasibətilə videoxülasə hazırlayıb

    Xalq artisti Nəsibə Zeynalovanın 105 illiyi münasibətilə Dövlət Səs Yazıları Arxivi tərəfindən videoxülasə hazırlanıb.

    Milli Arxiv İdarəsindən bildirilib ki, videoxülasədə görkəmli səhnə ustası, Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalovanın həyat və yaradıcılığına aid olan və sözügedən arxivin fondlarında mühafizə edilən bir sıra fono və videosənədlərdən istifadə olunub, görkəmli sənətkarın müsahibələrinə, sənət dostlarının onun haqqında xatirələrinə və s. yer verilib. Sözügedən layihə Nəsibə Zeynalovanın 105 illiyinə həsr olunub.

    Videoxülasə ilə Milli Arxiv İdarəsinin yutub kanalından tanış olmaq mümkündür.

  • Milli Kitabxana “Vətənpərvərlik mahnıları” adlı not məcmuəsini istifadəçilərə təqdim edib

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində mühüm tarixi Qələbə əldə edilib və işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunub.

    Milli Kitabxana müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən son dövrlərdə müzəffər ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, uzun illər işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizin dünyaya tanıdılması məqsədilə resurslarını maksimum dərəcədə istifadəçilərə yaxınlaşdırmaq üçün böyük səy göstərib.

    Kitabxanada “Qarabağ Azərbaycandır!”, “Qarabağ abidələri”, “Qarabağ xalq sənətkarlığı”, “Qarabağ geyimləri”, “Qarabağ xalçaları” adlı elektron sərgilər Azərbaycan və ingilis dillərində hazırlanıb və virtual rejimdə təqdim edilib.

    Görülən işlərin davamı olaraq Azərbaycan Milli Kitabxanasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi nəşr olunub.

    Kitabxanadan bildirilib ki, not məcmuəsinə “Azərbaycan bayrağına” (mus. Aygün Səmədzadə, söz. Əhməd Cavad); “Azərbaycan” (mus. Aygün Səmədzadə, söz. Qənirə Paşayeva); “Vətənin övladları” (mus. Lalə Cəfərova, söz. Ramiq Muxtar); “Unutmayacağıq da” (mus. Nərminə Nağıyeva, söz. Şahin Musaoğlu); “Azərbaycan” (Mus. və sözləri Fərid Fətullayev); “Qələbəyə gedən yollar” (mus. Azad Zahid, söz. Abdulla Qurbani); “Zəfər çağırır bizi” (mus. Pikə Axundova, söz. Şahin Musaoğlu); “Əsgər marşı” (mus. Cavanşir Quliyev, söz. Əli Kami); “Milli Ordumuz” (mus. Eldar Babayev, söz. Hikmət Ziya); “Azadlıq Günü” (mus. Azər Hacıəsgərli, söz. Rəsul Rza) səs və fortepiano üçün musiqi əsərləri daxil edilib.

    Bu məcmuələrin bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilib.

     

  • Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı olub

    Hər il may ayında ənənəvi olaraq bir qrup ziyalıya Azərbaycanın görkəmli şairi Rəsul Rzanın doğum günü ilə əlaqədar Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilir.

    Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatının təqdimat mərasimi keçirilib.

    Bir qrup ədəbiyyat və incəsənət xadimi əvvəlcə Xalq şairləri Rəsul Rzanı və Fikrət Qocanın məzarlarını ziyarət ediblər. Ziyarətə gələnlər əvvəlcə vaxtilə Rəsul Rza Fondunun prezidenti olmuş Xalq şairi Fikrət Qocanı məzarı başında yad ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Fikrət Qocanın Rəsul Rza yaradıcılığına böyük rəğbəti barədə danışıb: “Fikrət Qoca həm sadiq dost, həm də gözəl şair idi. Hər il mükafatla bağlı məsələləri özü həll edirdi. Təəssüf ki, bu gün aramızda yoxdur. Allah Fikrət Qocaya qəni-qəni rəhmət eləsin”.

    AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Fikrət Qocanın bu yöndə səmərəli fəaliyyəti barədə fikirlərini bildirib: “Fikrət Qoca çox gözəl şair olmaqla yanaşı, həm də çox məsuliyyətli və diqqətli insan idi. Hər il mükafatla bağlı məsələlərə də çox həssas yanaşırdı. Onun AYB-nin birinci katibi kimi fəaliyyəti çox səmərəli idi. Bu gün Fikrət Qoca aramızda yoxdur, amma biz bu ənənəni davam etdiririk. İnanıram ki, Fikrət Qocanın da, Rəsul Rzanın da ruhu şaddır. Allah hər iki şairə rəhmət eləsin”.

    Daha sonra tədbir iştirakçıları Rəsul Rzanın məzarını ziyarət ediblər. Rəşad Məcid Rəsul Rzanın ölməz poeziyasından, təkrarsız şəxsiyyətindən danışıb, hətta özünə qarşı haqsızlıqlara da xeyirxahlıqla cavab verdiyini vurğulayıb.

    Qələm adamlarından Yusif Nəğməkar və Səyyad Aran Rəsul Rzanın vətənə, torpağa bağlılığı barədə fikirlərini bölüşərək onun daim yazıçılara, şairlərə qarşı həssas münasibət sərgilədiyini qeyd ediblər.

    Sonda Xalq yazıçısı Anar müqəddəs şəhərimiz Şuşanın Rəsul Rza üçün də böyük dəyər olduğunu vurğulayıb. Anar bildirib ki, hələ ermənilərin iddiaları təzə-təzə baş qaldıranda Rəsul Rza buna görə çox nigaran idi. Bu gün Şuşamız azad və Rəsul Rzanın da ruhu şaddır.

    AYB-nin binasında keçirilən təqdimat mərasimində Nazim Muğanlı, Ramiz Əskər, Xasiyyət Rüstəm, Solmaz Amanova, Elnur Uğur, Hüseyn Sözlü, Damət Salmanoğlu, Nazim Məmmədbəyov, Cavanşir Feyziyev və Nəcməddin Mürvətova Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilib.

    AYB sədri Anar hər bir laureatı təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.