Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası onlayn nümayiş ediləcək

    Dekabrın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkələrindən “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasını nümayiş etdirəcək.

    Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.

    Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunu da dəyişməyə nail olur. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.

  • Şəhid Həsənağa Şirvani haqqında məlumat saatı təşkil olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid Həsənağa Şirvani haqqında məlumat saatı təşkil edib.

    Şəhid haqqında kitabxananın oxucuları şeirlər səsləndirərək kitabxananın elektron ünvanına göndəriblər.

    Qeyd edək ki, şəhid Həsənağa Şirvani 2002-ci il aprelin 23-də anadan olub. Xəzər rayonu Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbə bitirib.

    Qəhrəman şəhid 2020-ci ildə hərbi xidmətə yollanıb. Oktyabrın 1-də Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

  • Vətən müharibəsində iştirak edən qəhrəman mədəniyyət işçilərini tanıyaq!

    27 sentyabr – 10 noyabr tarixləri xalqımızın şan və şərəf salnaməsinə Vətən müharibəsi kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin döyüş meydanında şücaəti sayəsində bu müharibə tarixi zəfərlə başa çatıb. 30 ilə yaxın həsrətində olduğumuz yurd yerlərimiz yağı düşməndən azad olunub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

    Qırx dörd gün ərzində cəbhədən gələn xoş xəbərlər, əldə olunan qələbələr harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara yüksək ruh, sonsuz qürur və fəxarət hissləri bəxş edib, milli həmrəylimizi, xalq-dövlət birliyini daha da möhkəmlədib.

    Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması və həyata keçirilməsi Ordumuzun şəxsi heyətini əsaslı dərəcədə qorusa da, müharibədə itkilər qaçılmazdır. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu qəhrəmancasına həlak olub, yüzlərlə hərbçimiz yaralanıb.

    Qürur hissi ilə qeyd edilməlidir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında mədəniyyət işçiləri də var.

    Müharibənin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak edib. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərindən 6 nəfər- Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov şəhidlik zirvəsinə ucalıblar. Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar.

    Vətən müharibəsinin şəhidləri arasında mədəniyyət sahəsində çalışan 161 nəfərin yaxın qohumu da var. 6 nəfər mədəniyyət işçisi döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönüb.

    Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət diləyirik. Yaralı qazilərimizin tezliklə sağalmasını arzulayırıq.

    Qarabağ Azərbaycandır!

  • “Çölçü” filmi Braziliya və Hindistanda mükafat qazanıb

    Şamil Əliyevin “Çölçü” filmi “Gralha Internatıonal Monthy Fılm Awards 2020” beynəlxalq festivalında müxtəlif mükafatlara layiq görülüb.

    Ekran əsəri “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı geyim rəssamı” kateqoriyaları üzrə mükafat qazanıb.

    Bundan əlavə “Çölçü” filmi Hindistanda keçirilən “7th Art Independent International Film Festivalı”nda da “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb. Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə elan olunub.

    Rejissorun sözlərinə görə, filmin gündəmdə olmasının səbəbi ekran əsərində qoyulan sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas niyyətini təşkil edir.

    Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

    Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

  • Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: Dairəvi Alban Məbədi
    Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq“ layihəsi çərçivəsində Dairəvi Alban Məbədi haqqında qısa videoçarxı təqdim edir. V-VI əsrlərə aid Dairəvi Alban məbədi - Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.
  • Türkiyədə Mövlanə Cəlaləddin Ruminin anım mərasimləri çərçivəsində ilk tədbir keçirilib

    Türkiyədə hər il təntənəli şəkildə beynəlxalq tədbirlərlə qeyd edilən Mövlanə Cəlaləddin Ruminin anım mərasimləri bu il COVID-19 tədbirləri çərçivəsində keçirilir.

    Anım mərasimləri çərçivəsində ilk tədbir Türkiyənin Konya vilayətində Türk Təsəvvüf Musiqisi üzvlərinin konsert proqramı ilə reallaşıb. Tamaşaçısız keçirilən tədbirdə yalnız Türkiyənin bir sıra dövlət rəsmiləri və Mövlanənin 22-ci nəsil nəvəsi Esin Çələbi iştirak edib. Tədbirlər dekabrın 17-dək davam edəcək.

    Qeyd edək ki, bu il 747-ci anma mərasimi keçirilən Mövlanə Cəlaləddin Rumi tolerantlığın, barışın və dözümlülüyün simvolu hesab edilir. Bir din alimi olan həzrəti Mövlanənin əsl adı Məhəmməd Cəlaləddindir.

    Ömrünün böyük hissəsini Konyada yaşayan Mövlanənin məzarı da bu şəhərdədir.

  • Türk Ədəbiyyatı Vəqfi Bakıda bir sıra tanınmış şəxsi təltif edib

    Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti bugünlərdə Bakıda səfərdə olub. TƏV başqanı Serhat Kabaklı, “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşarın daxil olduğu nümayəndə heyətinin Bakı səfəri çərçivəsində vəqfin 2020-ci il mükafatları və “fəxri üzvlük” baratı təqdim edilib.

    TƏV-in 2020-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlıya, bu il ilk dəfə verilən “Türk dünyasına üstün xidmət” mükafatı isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdim edilib.

    Araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı isə TƏV-in fəxri üzvü seçilib.

    Təqdimat COVID-19 pandemiyası ilə bağlı məhdud tərkibdə keçirilib.

    TƏV təltifləri haqqında məlumat verən İmdat Avşar qeyd edib ki, Vəqfin İdarə Heyətinin bu il oktyabrın 10-da keçirilmiş toplantısında, 2020 ilində veriləcək ödüllər və ödül veriləcək isimlərlə bağlı qərar qəbul edilib. Bəlli olduğu kimi Vəqfin 2018-ci ilindən bu yana türk dünyası nəzdində “Yaşayan Dədə Qorqud” mükafatı verilməkdədir. İdarə heyətinin bu il bir də “Türk dünyasına üstün xidmət ödülü” təsis edilib.

    “Bu il birincisi verilən bu mükafatın Azərbaycan Milli Məclisinin üzvü, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya verilməsi uyğun görülüb. Bu zaman onun Türk dünyasının qanayan yaralarını bir çox beynəlxalq platformda gündəmə gətirməsi, keçirdiyi konfranslar, icra etdiyi layihələr səbəbiylə türk dövlətlərində böyük sevgi qazanması, işğalçı Ermənistana qarşı Azərbaycanın haqlı mübarizəsinə töhfələr verdiyi, “Mən”, “Sən”, “O”, “Allah sevən qəlblərdədir”, “Qarabağ hekayələri”, “Turan yolçusu”, “Vətən qoxusu” kimi kitabların müəllifi olduğu nəzərə alınıb”.

    Ödülü Komitə sədrinə TƏV başqanı Sərhat Kabaklı təqdim edib.

    Qənirə Paşayeva təşəkkür edərək, bu anlamla ödülün şərəfi qədər məsuliyyəti də olduğunu deyib: “Məni bu il birincisi verilən “Türk dünyasına üstün xidmət” mükafatına layiq gördüyünüz üçün hörmətli Serhat bəy, şəxsən Sizə, Bakıya səfər edən heyət üzvlərinin hər birinə, eləcə də, Türk Ədəbiyyatı Vəqfinin bütün üzvlərinə, əməkdaşlarına könül dolusu təşəkkürlərimi bildirirəm. Azərbaycanla Türkiyə iki bədəndə bir candır. Ruhumuz birdir. Biz bu birliyi, 44 günlük Azərbaycan Böyük Vətən müharibəsində bütün mənəvi, siyasi aspekti ilə bir daha gördük. Mən Türk Ədəbiyyatı Vəqfinin ödülünü də bu can və ruhla qəbul edirəm. Bu ödülü, şəhidlərimizin əziz ruhu qarşısında baş əyərək, onların ruhuna ehtiramımı bir daha ifadə edərək qəbul etməyi özümə borc bilirəm”.

    İmdat Avşar “Yaşayan Dədə Qorqud ödülü”nün bu il Milli Məclisin deputatı, Xalq şair Sabir Rüstəmxanlıya verildiyini qeyd edərək, onun xidmətlərindən söz açıb. Mükafatı Xalq şairinə TƏV başqanı Serhat Kabaklı təqdim edib.

    Daha sonra, TƏV İdarə heyətinin qərarı ilə Əkbər Qoşalının Vəqfin fəxri üzvü seçildiyini bildirən İmdat Avşar, bu qərarın, onun türk xalqları ədəbiyyatçıları arasında əlaqələrin qurulması, türk dünyasının istedadlı gənc yazarlarının üzə çıxarılması kimi xidmətləri nəzərə alınaraq verildiyini bildirib. Əkbər Qoşalının baratını TƏV başqanı Sərhat Kabaklı təqdim edib.

  • Azərbaycan ilə İraq arasında mədəni əlaqələrin perspektivi müzakirə edilib

    Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin mədəniyyət, turizm və əntiq əşyalar naziri Hassan Nazim ilə görüşüb.

    Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. N.Məmmədov Azərbaycanın tarixi, dini və mədəni köklərlə bağlı olduğu İraq ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

    Qeyd olundu ki, “İraq Respublikası ilə Azərbaycan Respublikalarının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında Saziş” və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İraq Respublikası Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində əməkdaşlığın gücləndirilməsi zəruridir və tərəflər üçün faydalıdır.

    Nazir Hassan Nazim ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş ərazilərinin azad olunması münasibətilə təbrik edərək, gələcəkdə bu bölgədə sülh içində həyatın davam edilməsini arzu edib.

    Daha sonra nazir iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və gələcək əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu nəzərə çatdırıb.

    Görüşdən sonra İraq Milli Muzeyinə baxış olub.

  • "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə başa çatıb

    Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baptist icması tərəfindən həyata keçirilən "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə başa çatıb.

    Fonddan  bildiriblər ki, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə "Qarabağda məhv edilən Azərbaycan dini abidələri" adlı layihə həyata keçirib. Layihə çərçivəsində Dağlıq Qarabağda ermənilər tərəfindən məhv edilən dini abidələr araşdırılıb, bu barədə rus və ingilis dillərində məqalələr və videoçarxın hazırlanaraq sosial media vasitəsilə ölkə xaricində işıqlandırılıb.

  • “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir.

    Kitabxanadan bildirilib ki, layihəyə qoşulan yazıçı və şairlərimiz mütəmadi olaraq şəhidlik zirvəsinə ucalan Vətən oğulları ilə bağlı əsərlərini kitabxanaya təqdim edirlər.

    Bu dəfə yazıçı Gülarə Munis şəhid Hatəm İskəndərov haqqında əsərini balaca oxucular üçün səsləndirib.