Dekabrın 11-də Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərinə start verilib.
DTA-dan bildirilib ki, vebinar formatında keçiriləcək tədbirlərin əsas məqsədi Azərbaycan haqqında hərtərəfli məlumatlılığın artırılması və hədəf kütlələri ölkənin turizminə töhfə verəcək sahələr barəsində məlumatlandırmaqdır. Tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, cəmiyyəti, şərabçılıq və xalçaçılıq ənənələri, memarlıq nümunələri, ümumi iqtisadi və biznes mühiti kimi mövzular haqqında müzakirələrin aparılması nəzərdə tutulub.
İlk salon-vebinar iş adamları və investorların beynəlxalq şəbəkəsi olan “The Forum” təşkilatının dəstəyi ilə keçirilib. Tədbir “Sülh, Saziş və Transqafqaz regionu: Azərbaycana İqtisadi Baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə həsr olunub.
Tədbirdə “PwC” şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev, “British Business Group Azerbaijan” təşkilatının sədri Con Paterson və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta spiker qismində çıxış ediblər.
Vebinarda Azərbaycanda iqtisadiyyatın inkişaf perspektivləri və prioritetləri, diversifikasiya siyasəti, turizm və kənd təsərrüfatı kimi qeyri-neft sektorunun inkişafına diqqət yetirilməsi barədə müzakirələr aparılıb.
Həmçinin biznes mühitinin son illərdə inkişafı, kiçik və orta biznesə dövlət dəstəyi mexanizmləri, dövlət strukturlarının təkmilləşdirilməsi məqsədi ilə görülən işlər haqqında danışılıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta turizmin qeyri-neft sektorunun inkişafında xüsusi yer tutduğunu qeyd edib. O, Azərbaycanın UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilmiş məkanları, “Şahdağ” Turizm Mərkəzi kimi beynəlxalq standartlara cavab verən dağ-xizək kompleksləri barədə danışıb.
Tədbirdə işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialına malik olması barəsində də məlumat verilib.
Sonda sual-cavab sessiyası keçirilib.
Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində Azərbaycanın şərabçılıq sənayesi, memarlıq sənəti, xalçaçılıq tarixi və ənənələri kimi mövzulara həsr olunmuş 5 salon-vebinarın keçirilməsi nəzərdə tutulub. Hər biri müəyyən mövzunu əhatə edəcək tədbirlərdə moderator və mövzu barədə ətraflı biliyi olan spikerlər (Azərbaycanlı və ya xarici tanınmış şəxslər) iştirak edəcək.
Vebinarlar beynəlxalq aparıcı araşdırma mərkəzləri, geosiyasi, işgüzar, mədəni təşkilatlar və şəbəkələrin dəstəyi ilə keçiriləcək.
Tədbirlərin əsas məqsədi xarici media vasitəsilə Azərbaycan haqqında müəyyən informasiyaya malik olan xarici nüfuzlu biznes dairələrini daha ətraflı məlumatlandırmaq, birtərəfli məlumatlılığın qarşısını almaqdır.
Zəfər paradı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
Bakı Media Mərkəzindən bildirilib ki, “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir.
Bakı Media Mərkəzi olaraq, Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş hərbi paradın əsas foto-video çəkilişi və canlı yayımını reallaşdırdığımıza görə fəxr edir və qürur hissi keçiririk. Zəfər paradını tam olaraq Bakı Media Mərkəzinin rəsmi “YouTube” səhifəsində izləyə bilərsiniz. Eyni zamanda, Bakı Media Mərkəzinin, Müzəffər Azərbaycan Ordusunun Tarixi Qələbəsinə həsr olunan Zəfər paradından hazırladığı xüsusi videoçarxı da diqqətinizə çatdırırıq.
“Facebook”: https://www.facebook.com/1402834436617491/posts/3038644996369752/
“Instagram”: https://www.instagram.com/tv/CIp8nPEJfjk/?igshid=1guydq9ry9g80
YouTube”: https://www.youtube.com/watch?v=4YFpgpg_pZY
“Twitter”: https://twitter.com/BakuMediaCenter/status/1337347005522305025?s=08
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilib.
Milli Arxiv İdarəsindən bildirilib ki, videokonfrans formatında baş tutan yığıncaqda MDB-yə üzv olan Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan arxiv xidməti rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Yığıncaqda ölkəmizi Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil edib. Məsləhət Şurasının 16-cı yığıncağına rotasiya qaydasında Qırğızıstan sədrlik edirdi.
Yığıncaqda yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində arxiv xidməti təşkilatlarının gördükləri tədbirlər barədə məlumat verilib. Daha sonra ölkələr üzrə hesabat ilində görülmüş işlər barədə Məsləhət Şurasının üzvlərinin məlumatı dinlənilib.
Yığıncaqda MDB-nin 30 illiyi çərçivəsində üzv ölkələrin hökumət başçıları tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq görüləcək işlər müzakirə olunub.
İclasda Özbəkistanın “Uzarxiv” Agentliyi MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına tam hüquqlu üzv qəbul edilib.
Daha sonra gündəlikdə duran məsələlər barəsində aidiyyəti üzrə müzakirələr keçirilib, fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunub.
Sonda MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Belarus Respublikası Ədliyyə Nazirliyinin Arxivlər və Kargüzarlıq Departamentinin rəhbəri V.İ.Kuraş sədr seçilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Şirvanşahlar dövlətinin abidələri” layihəsi çərçivəsində yeni tarixi kitab hazırlanıb.
İdarədən bildirilib ki, “Səbayıl” adlı yeni kitab Azərbaycanın ən sirli abidələrindən birinə - Səbayıl qalasına həsr olunub.
Nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov oxuculara Azərbaycan tarixinin müxtəlif səhifələrinə həsr olunmuş kitabları ilə tanışdır. Yeni kitabın İçərişəhər Muzey Mərkəzinin təşəbbüsü ilə Səbayıl qalasına həsr olunması təsadüfi deyil. Belə ki, yaranma məqsədi və təyinatı haqqında müxtəlif fikirlər söylənilən abidələr sırasında xüsusi yeri “Səbayıl qalası” tutur. “Bayıl qəsri” “Şəhri-yunan”, “Batmış şəhər” kimi müxtəlif adlarla tanınan bu abidə nadir abidəmizdir ki, onu bəzəyən daş frizli lövhələr demək olar ki, bütünlüklə (700-ə yaxın) kompleks şəkildə saxlanılmış, respublikadan kənara aparılmamışdır. Bakı buxtasında, sal qayalıq üzərində inşa edilmiş bu abidə Xəzər dənizinin səviyyəsinin artıb – azalmasından asılı olaraq, gah suyun üzərinə çıxır, gah da kı, sulara qərq olur.
Maraqlıdır ki, Bayıl qəsri ilə bağlı çoxsaylı yazılar olsa da, indiyədək ona həsr edilmiş kompleks elmi-tədqiqat işi yoxdur. Bunun səbəbi ilk növbədə mənbə və ədəbiyyatın müxtəlif xarakterli olması ilə bağlıdır. İlk dəfə olaraq Səbuhi Əhmədov bu məsuliyyətli işin həllinə çalışmış, oxucuya təqdim etdiyi kitabı yazarkən geoloji, arxeoloji, tarixi ədəbiyyata, memarlıq, sənətşünaslıq xarakterli əsərlərə müraciət etmiş, onları kompleks şəkildə təhlil etmişdir. Məhz bütün materialları toplayaraq o, qəsrin tarixi, inşa xüsusiyyətləri, təyinatı, suda batıb-üzə çıxması dövrləri, onun tədqiqi tarixi ilə bağlı suallara ətraflı cavab verməyə çalışmışdır.
Beş fəsildən ibarət olan kitab xronoloji ardıcıllıq prinsipi ilə qurulub. Nəticədə oxucu Bakı buxtasında və Səbayıl adasında baş vermiş hadisələri, ən qədim dövrlərdən XXI əsrin əvvəllərinədək burada baş vermiş prosesləri sanki öz gözləri ilə görür. Adadakı qala ilə bağlı bütün fərziyyələri araşdıran, onların üstün və zəif cəhətlərini göstərən müəllif oxucunu Azərbaycan tarixinin bu sirli abidəsi ilə bağlı öz mövqeyini formalaşdırmağa çağırır.
Kitabın əhəmiyyəti, həmçinin onun foto və illüstrasiyaları ilə bağlıdır. Müəllif qəsrlə bağlı çoxlu sayda xəritə, sxem, rəsm, fotoşəkillər vermişdir ki, onlar qəsrin tarixini, bədii-memarlıq xüsusiyyətlərini əyani olaraq nümayiş etdirir.
Oxuculara təqdim edilən bu kitab, Bakı buxtasında yüzilliklərdən bəri özünəməxsus yeri olan, müəmmalı abidə - Bayıl qəsri ilə bağlı bir çox sirləri açmağa kömək edəcək, həm öz oxucularımız, həm də xarici turistlər, tədqiqatçılar və geniş oxucu kütləsinə maraqlı olacaq.
Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Vətənim Azərbaycan” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Müsabiqə Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.
Seçim 12 yaşa qədər, 12-17 və 17-21 yaş kateqoriyası üzrə aparılır. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Birinci turdan keçəcək əsərlər Xətai Sənət Mərkəzində nümayiş ediləcək.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Bu illər ərzində Avropada çəkilən filmlərin keyfiyyəti bütöv kino sənayesinə təsirsiz ötüşmədi. Bir tərəfdən ABŞ kino sənayesi Atlantik okeanın o biri sahilində baş verənlərin öz tamaşaçıları üçün maraqlı olduğunu qəbul etməli idi. Buna görə də onlar qeyri-ingilis dilində çəkilən filmləri subtitrlərlə nümayiş etdirmək üçün yeni kino salonları açmağa başladılar. Nəticə etibarı ilə Avropa kinosunda uğur qazanmış aktyorlar beynəlxalq ulduzlara çevrilir və müxtəlif ölkələrin kinoşünaslarının diqqətini cəlb etməyə başlayır.
İstedadlı kinoşünasları kəşf etməklə bərabər “Yeni dalğa” və “Azad cinema” ictimaiyyətə geniş proyeksiyada gənc aktyor qalereyası hədiyyə etdi. Bu fransız janrı, ən tanınmış aktyorlardan biri olan Janna Moro, detektiv və döyüş filmlərinin tanınmış simaları Alen Delon və Jan-Pol Belmondo, Enni Jirardo, Stefan Odran, “Los paraguas de Cherburgo”, “Repulsión”, “Bella del día” və “Piel de asno” filmlərinin şəksiz kraliçası Katrin Denev, “Un hombre y una mujer” ekran əsərinin unudulmaz qəhrəmanı Anuk Eymi kimi ulduzların istehsalı platformasına çevrildi. Britaniya kino cərəyanından isə Tom Kurtene və “El ingenuo salvaje”, “Camelot”, “Un hombre llamado caballo” layihələrinə qoşulan Riçard Harris, Alan Beyts və “Tom Jones”, “Dos en la carretera” lentlərindən tanınan Albert Finni kimi adlar peyda oldu və Riçard Berton və Lourens Harvi kimi aktyorların məşhurlaşmasına imkan yarandı.
Burada Böyük Britaniyada romantik qəhrəmanın klassiki kimi təsnif edilən Dirk Boqardın hadisəsini xatırlatmaq yerinə düşər. O, başqa üslubda olan layihələrdə iştirak etməklə karyerasını təhlükəyə ataraq, mürəkkəb personajları canlandırmaq imkanı əldə etmişdi. Beləliklə o, Cozef Louzi ilə “El sirviente”, Lukino Viskonti ilə “Muerte en Venecia” və Alen Rene ilə “Providence” lentlərinə çəkilməkdən yararlandı. Boqardın başına gələnlər diqqətəlayiqdir, çünki məhz o, hazır kommersiya obrazından imtina etmiş və eksperimental filmlərdə işləməklə hərtərəfli bir aktyora çevrilmək imkanı qazanmışdı. Onun bəzi həmvətənləri – Terens Stemp, Vanessa Redqreyv, Oliver Rid onun təcrübəsinə qoşuldular. Bütün Avropa ölkələrində geniş yayılan bu təcrübə “Hollywood” ulduzlarının dominantlığına son qoydu. Məşhur “star-sistem” beynəlxalq bir fenomenə çevrilmişdi. Onun bariz nümunəsi o zaman özünü göstərdi ki, ABŞ-ın bəzi məşhur aktyorları öz xidmətlərini Avropa kinosuna təklif etdilər. Bu isə imkan verdi ki, Bört Lankasteri “El gatopardo” Henri Fondanı “Mi nombre es ninguno”, onun qızı Ceyni “Todo va bien”, Elliott Quldu Börqmanın rejissorluğu ilə çəkilmiş “La carcoma”, Marlon Brandonu “El último tanqo en París” və Cək Nikolsonu “El reportero de Antonioni” ekran əsərlərində görə bilək.
Hər halda prodüserlər filmlərinin uğurlu alınması üçün ABŞ-da ulduz axtarışına çıxmaq məcburiyyətində qalmırdılar. İtaliya, Fransa, Böyük Britaniya, Almaniya və hətta İspaniyada tamaşaçıların bəyəndiyi gözəl və artıq dünyanın yarısında populyarlaşan aktrisalar var idi. Bu, Marselo Matroyanni, Sofi Loren, Maykl Keyn, Culi Kristi və “Precio de la muerte” filmində rejissor Kerol Ridin arzularını yerinə yetirən, həmçinin “French Connection”da yaramaz roluna görə tanınan və rejissor Luis Bunuellə “Tristana” ekran əsərində çalışan İspaniyanın yaraşıqlı aktyoru Fernando Rey üçün gözəl anlar idi.
Ümumi şəkildə olsa da 1960-1970-ci illərdə iri addımlar atan qeyri-adi komediya ustalarını xatırlatmaq yerinə düşər. Cerri Luis “El profesor chiflado” və digər məzmunsuz komediya filmlərində bütün gücünü nümayiş etdirdi. Cək Lemmon “El apartamento”, “La carrera del siglo” əsərlərində insanları əyləndirdi, həmçinin “En bandeja de plata”, “La extraña pareja”, “Primera plana” filmlərində Uolter Mattau ilə cütlük yaratdı. Lui de Funes “El gendarme de Saint Tropez”, “Fantomas vuelve” və “Las locas aventuras de Rabbi Jacob” ekran əsərlərilə Fransanın ən böyük komediya aktyorlarından biri kimi yadda qaldı. Britaniyalı Piter Sellers Stenli Kubriklə “Telefono rojo ¿volvamos hacia Moscú?” filmi üzərində işləyəndən sonra Bleyk Edvardsın “La pantera rosa” lentinə çəkilən zaman təkrarolunmaz Clouseau müstəntiqinə həyat verməklə və “El guateque” ilə yanaşı digər əyləncəli tammetrajlı kinolentlərdə iştirak etməklə rejissor üçün mükəmməl bir aktyora çevrildi. Güman ki, Vudi Allen bu dövrün ən böyük tapıntısı idi – əvvəlcə aktyor, sonra isə ssenarist və rejissor kimi o, özünün dahiliyini “Toma el dinero y corre”, “Bananas”, “Todo lo que usted siempre quiso saber sobre el sexo pero temía preguntar”, “El dormilón” və “La última noche de Boris Grushenko” filmlərində göstərə bildi.
“Star-sistem” monopoliyası və klassik janrları sıxışdıran “sənət və esse” kinosundan sonra “Hollywood” 1970-ci illərin ortalarında heç zaman olmadığı kimi unudulmuş bir məkana çevrildi, ancaq Avropa özünün intibah dövrünü yaşayırdı. Bəzi mütəxəssislər deyirdilər ki, ABŞ kinematoqrafiyasının gələcəyi qara gələcək. Ancaq bu mütəxəssislər sonradan “Hollywood”un mühərrikini yenidən işə salacaq bir qrup gənc kinoşünasların təsirli fəaliyyətini nəzərə almırdılar. Hər halda onlar ABŞ kinosunun istiqamətini müəyyənləşdirən yeni dalğanı formalaşdırırdılar. Frensis F. Koppolanın “Padrino”, Corc Lukasın “American Graffiti”, Martin Skorsezenin “Malas calles” və Stiven Spilberqin “Tiburón” filmləri “Hollywood” üçün qarşısıalınmaz bir oyanış oldu.
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən bildirilib ki, layihənin növbəti siması görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyovdur. 1859-cu ildə Şuşa şəhərində anadan olub. Fransada təhsil aldıqdan sonra Rusiyaya gəlib və Sankt-Peterburq şəhərində təhsilini davam etdirib. Sonra Şuşaya qayıdıb, öz vəsaiti hesabına məktəb tikdirib və həmin məktəbdə rus dili dərsini deməyə başlayıb, “Azərbaycanlılar üçün rus dilinin tədrisi” dərs vəsaitini yazıb. Bir müddət isə Şuşa realnı məktəbində müəllim işləyib.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Qarabağın məşhur müəllimlərini yad etməkdir.
Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin mədəniyyət naziri İnes Əbdel-Dayim ilə görüşündə iki ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə edilib.
Misirli nazir Azərbaycanla əlaqələrin, o cümlədən mədəni əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, COVID-19 pandemiyası şəraitində mədəni əlaqələrin inkişafı istiqamətində müasir texnoloji platformalardan istifadə etməklə qarşılıqlı müzakirələr aparmaq mümkündür.
Səfir T.Rzayev dost Misirlə mədəni əlaqələrin inkişafının zəruriliyini vurğulayıb və diqqətə çatdırıb ki, bu məqsədlə dekabrda paytaxt Qahirə və Şarm əl-Şeyxdə azərbaycanlı rəssamların sərgiləri təşkil ediləcək.
Dekabrın 10-da ölkəmizdə Bakı Beynəlxalq Qısa Filmlər Festivalına start verilib.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq 11-ci kinoforumda müsabiqə filmlərinin nümayişi də daxil olmaqla bütün kütləvi tədbirlər onlayn reallaşacaq. Bu həm də festivalın bütün Azərbaycanı əhatə etməsinə şərait yaradacaq.
Dekabrın 15-dək davam edəcək builki festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film (İtaliya, Türkiyə, Almaniya, Fransa, Belçika, İran, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Rumıniya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digərləri) təqdim edilib. Bunlardan 97 ekran işi festivalın yerli proqramına göndərilib.
Seçim komissiyasının gərgin müzakirəsindən sonra 85 film festivalın “Beynəlxalq”, “Yerli” və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb. Müsabiqədə yer alan bütün yerli və xarici qısa filmlər www.live.filmfestival.az saytında yayımlanacaq.
Beynəlxalq müsabiqədə “Qızıl Nar” uğrunda yarışan filmləri Azərbaycan və Rusiyanın tanınmış rejissoru, prodüser Oleq Səfərəliyev (sədr), “Rotterdam”, “Locarno”, “Sarayevo” festivallarının mükafatçısı türkiyəli rejissor, prodüser Mehmet Bahadır Er, DOKER Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru rusiyalı prodüser İrina Şatalova, Avropa və ABŞ-da müxtəlif kino mükafatlarına layiq görülən rejissor Rüfət Əsədovdur.
33 ekran əsərinin yarışdığı yerli müsabiqədə qalibləri ssenarist, telejurnalist, kino redaktoru Nadir Bədəlov (sədr), Kann festivalının "Təndiqçilər həftəsi" (Semaine de la Critique) proqramında Azərbaycanı təmsil edən ilk rejissor, prodüser Teymur Hacıyev, Kazan Film Festivalın əsas mükafatçısı rejissor Ərturan Nəcəfi müəyyənləşdirəcək.
Hər il daha çox gənc kinematoqrafçını əhatə edən “Cinemobil”in qaydaları bu il dəyişib. Belə ki, qalibi tamaşaçılar deyil, yerli münsiflər heyəti seçəcək və o “Ən yaxşı film” nominasiyası üzrə mükafatlandırılacaq.
Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi olacaq. Film festival yerli müsabiqənin "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. "Ən yaxşı animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız postprodakşn işlərini festival həyata keçirəcək.
Festivalın qalibləri dekabrın 15-də açıqlanacaq.
Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır. Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.
Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar altı gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.
Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir. Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Prodüserlər Gildiyası, “ÖZ FİLM” şirkəti, “02 Media” da yer alır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tarixi əhəmiyyətə malik mədəniyyətimizi tanıtmaq məqsədilə yeni informasiya məktubunu sosial şəbəkələrə təqdim edib.
Kitabxananın informasiya-resurs şöbəsi oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Xudafərin körpüsü haqqında informasiya məktubu hazırlayıb.
“Tarixi-mədəni irsimiz – Xudafərin körpüsü” adlı informasiya məktubunda igid əsgərlərimizin şücaəti nəticəsində azadlığa qovuşmuş mədəni irsimizdən biri olan Xudafərin körpüsü haqqında ümumi məlumat verilib, “Onbeşaşırımlı” və “Onbiraşırımlı” körpüləri haqqında ətraflı informasiya da öz əksini tapıb.