Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Bu günün təqvimi” rubrikasının budəfəki mövzusu Toğrul Nərimanbəyovun yaradıcılığına ithaf edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Bu günün təqvimi” rubrikası çərçivəsində növbəti videoçarx hazırlayıb.

    Videoçarxın budəfəki mövzusu Xalq rəssamı, çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olan Toğrul Nərimanbəyovun yaradıcılığına həsr olunub.

    Bu gün anadan olmasının 90-cı ildönümü tamam olan bənzərsiz fırça ustası bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı təkrarolunmaz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.

    1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı heç də asan olmayıb. Atası Fərman Şuşada doğulub. Fransanın Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

    Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.

    1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs olunur, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.

    Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.

    Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdır.

    Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir. Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

  • Nəriman Nərimanovun 150 illik yubileyinə həsr edilən elmi konfransa məqalə qəbul olunur

    Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda elmi konfrans keçiriləcək. Tədbir Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.

    Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.

    Konfransa təqdim olunan tezis 1-2, məqalə 8-10 səhifə olmalıdır. Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.

  • Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

    2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir.

    Abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün avqustun 18-i saat 23:59-dək http://eservices.dim.gov.az/erizetex/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki gün ərzində aktiv olacaq. DİM orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:

    - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;

    - Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla);

    - Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarına;

    - Naxçıvan Musiqi Kollecinin xanəndəlik, vokal sənəti, aşıq sənəti, xoreoqrafiya sənəti və rəngkarlıq ixtisaslarına;

    - Digər orta ixtisas təhsili müəssisələrinin xanəndəlik və vokal sənəti ixtisaslarına.

    Xatırladaq ki, bir müddət əvvəl DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

    “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu nəşrdə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

    Jurnalının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal ).

    Qeyd edək ki, abituriyentlərin qeydiyyatı iyulun 24-dən başlayıb.

  • Peşə təhsili üzrə qiymətləndirilmənin nəticələri ilə bağlı Apelyasiya Komissiyası yaradılacaq

    Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasının nəticələri ilə bağlı ərizəçinin şikayətinə baxılması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 3 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılacaq.

    Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.

    Qaydaya əsasən, komissiyasının tərkibini Agentliyin İdarə Heyətinin sədri müəyyən edir. Agentliyin İdarə Heyətinin sədrinin müavini Apelyasiya Komissiyasına sədr təyin olunur. Apelyasiya Komissiyasının üzvləri Qiymətləndirmə Komissiyasının üzvləri olmayan şəxslərdən formalaşdırılır.

    Ərizəçi Apelyasiya Komissiyasına “Şəxsi kabinet”i vasitəsilə nəzərdə tutulmuş müddətlərdə müraciət edə bilər. Müraciətə 10 iş günü müddətində baxılır və Apelyasiya Komissiyası üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilir. Apelyasiya Komissiyasının qəbul etdiyi qərara dair bildiriş elektron formada 5 iş günü müddətində müraciət edən ərizəçinin “Şəxsi kabinet”inə göndərilir.

    Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

  • Koronavirus pandemiyasına həsr olunan beynəlxalq onlayn konfransda 100-dən çox məruzə dinlənilib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə "Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfrans başa çatıb.

    Konfransda 9 plenar, 30-a yaxın seksiya çıxışları dinlənilib, ümumilikdə 102 məruzə təqdim olunub. Tədbirin AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın moderatorluğu ilə keçən sonuncu günündə AMEA ilə yanaşı, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Tibb Universiteti və digər qurumların nümayəndələri tərəfindən "Azərbaycan populyasiyasının molekulyar genetik tədqiqi", "Azərbaycan əhalisində Y-xromosom DNT-nin polimorfizmi", "COVID-19 xəstəliyinin molekulyar diaqnostikasında keyfiyyətə nəzarət", "Stasionar COVID-19 xəstələrinin müalicə nəticələri", "Yarasalar bəzi zoonoz virusların potensial təbii rezervuarı kimi", "COVID-19-a yoluxmuş xəstələrin qanında ferritin səviyyəsinin xüsusiyyətləri" və digər mövzularda məruzələr təqdim olunub.

    Onlayn konfransın bağlanış mərasimində AMEA-nın müxbir üzvü Nuru Bayramov, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Kembric Tibbi Tədqiqatlar Şurası Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası laboratoriyasının müdiri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) laboratoriya müdiri, professor Qərib Mürşüdov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov, ABŞ-ın İndiana Bioelmlər Tədqiqat İnstitutunun və MBBİ-nin əməkdaşı, professor Vidadi Yusibov, Pusan Milli Universitetindən professor İsmayıl Zülfüqarov, professor Ulduz Həşimova, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Səyyarə İbadullayeva və digərləri çıxış edərək təkliflərini səsləndiriblər.

    Çıxış edənlər konfransı Azərbaycan elmi üçün əhəmiyyətli bir hadisə, biotibb elmi üçün isə yeni bir mərhələ kimi qiymətləndiriblər. Koronavirusla bağlı problemlərin həlli üçün multidissiplinar yanaşmaların təklif olunduğunu tədbirin molekulyar biologiya, yüksək texnologiyalar, süni intellekt və digər sahələr üzrə fəaliyyət göstərən elmi ictimaiyyəti bir araya topladığını bildiriblər. Həmçinin tədbirin gənclərin bu sahədə elmi tədqiqatlar aparmasına təkan verəcəyini vurğulayıblar.

    Konfransa yekun vuran AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib: “Pandemiya bir daha göstərdi ki, ölkəmizdə həm fundamental, həm də tətbiqi elm sahələri daha intensiv şəkildə inkişaf etdirilməli, təbii və antropogen xarakterli təhlükə və risklərə qarşı elmi tədqiqatlar aparılmalıdır. Belə bir şəraitdə biologiya, xüsusilə də tibb elmlərinə diqqət yönəldilməli, biotibb sahəsi daha çox inkişaf etdirilməlidir. Bu gün yoluxucu xəstəliklərlə bağlı patalogiyaların molekulyar genetik populyasiya səviyyəsində tədqiqi böyük əhəmiyyət kəsb edir”.

    İ.Hüseynova pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan tədqiqatlar zamanı müasir texnologiyalardan istifadənin zəruriliyindən danışıb. Bildirib ki, dördüncü sənaye inqilabının tələblərinə müvafiq olaraq biologiya və tibb sahələrində maşın təlimi və süni intellekt texnologiyaları tətbiq olunmalı, nəticələrin proqnozlaşdırılmasına imkan verən dinamik sistemlər öyrənilməlidir. O, son dövrlər neyroelmlərin sürətlə inkişaf etdiyini deyərək, bu sahə üzrə vaxtilə AMEA-da araşdırmaların aparıldığını, hazırda isə bu tədqiqatlara müasir prizmadan yanaşılmasının əhəmiyyətini qeyd edib.

    Ölkəmizdə bioloji təhlükəsizliyin təmin edilməsi məsələsindən söz açan AMEA-nın vitse-prezidenti patogenlərlə əlaqədar olan məlumatların əlaqələndirilməsinin vahid mərkəzdən idarə olunması istiqamətində təkliflərini səsləndirib.

    Akademik İ.Hüseynova elm və təhsilin qarşılıqlı əlaqəsindən danışaraq, gənc kadrların yetişdirilməsinə təhsil sistemindən başlanıldığını, hazırlıqlı kadrların elmi mühitdə daha fəal şəkildə tədqiqatlara cəlb olunduğunu vurğulayıb. Bildirib ki, konfransda Azərbaycan Tibb Universiteti və digər klinikalardan təqdim olunan məruzələrin müəlliflərinin əksəriyyətinin gənc tədqiqatçılar olması artıq gənclərimizin müstəqil fikir yürütmək və dünya təcrübəsini nəzərə alaraq sərbəst tədqiqatlar aparmağa qadir olduqlarını göstərir.

    Alim konfransda tibbi biologiya, immunologiya, virusologiya və digər sahələrin, o cümlədən dərman bitkilərinin hazırlanması istiqamətlərində məruzələrin təqdim olunduğu vurğulayıb, tədbirin akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutları ilə tibb sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına yeni imkanlar açdığını diqqətə çatdırıb. Həmçinin AMEA alimlərinin tədqiqatlarının Səhiyyə Nazirliyi, TƏBİB, Qida Təhlükəsizliyi Agentliyi və onun nəzdində olan elmi tədqiqat institutlarının əməkdaşları ilə birgə multidissiplinar qaydada həyata keçirilməsinin önəmini qeyd edib.

    Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlanması qərara alınıb.

  • Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri beynəlxalq konfransda məruzə ilə çıxış edib

    Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Məşədiyeva-Bayramova avqustun 4-dən 6-dək Bakıda “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilmiş beynəlxalq onlayn konfransda iştirak edib.

    Konfransda Səbinə Məşədiyeva-Bayramova “COVID-19 xəstələrinin qanında ferritin səviyyəsinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ferritinin səviyyəsinin qanda yoxlanılması həkimlər tərəfindən preklinik diaqnostika, xəstəliyin gedişatı və sağalmanın izlənilməsi üçün vacib meyar kimi istifadə oluna bilər.

    Mövzu konfrans iştirakçılarının marağına səbəb olub. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Fransa, Koreya və digər ölkələrdən alimlər iştirak ediblər.

  • “Əsgər marşı” şagirdlərin ifasında

    Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar xeyli müddətdir evdə qalan paytaxt məktəbliləri yay tətili günlərində də vaxtlarını daha maraqlı və əyləncəli keçirmək üçün müəllimləri tərəfindən onlayn şəkildə müxtəlif tədbirlərə, aksiyalara cəlb olunurlar.

    Paytaxtın 7, 32, 68, 71, 116, 201, 261, 263, 288, 306, 313, 328, 329 nömrəli tam orta məktəbləri və S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası şagirdlərinin “Əsgər marşı”nı onlayn ifası əsasında hazırlanmış videoçarx xüsusi maraq doğurur.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovanın rəhbərliyi və dirijorluğu, həmçinin məktəblərin musiqi müəllimlərinin dəstəyi ilə ərsəyə gələn videoçarxın çəkilməsində məqsəd şagirdlərə hərbi vətənpərvərlik hisslərini aşılamaq, onların Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamını möhkəmləndirmək, məktəblilərdə dözümlülük, cəsurluq, intizam kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, Vətənə sevgi və məhəbbət duyğularını daha da gücləndirməkdir.

    Videoçarxda, həmçinin Tovuz döyüşlərində əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edilir, döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan Vətən oğulları ehtiramla yad edilir.

  • “ANAS Transactions Earth Sciences” jurnalının yeni nömrəsi nəşr olunub

    AMEA-nın Geologiya və Geofizika İnstitutunun “ANAS Transactions Earth Sciences” jurnalının yeni nömrəsi çapdan çıxıb. 

    Azərbaycan, ingilis və rus dillərində təqdim olunan jurnalın baş redaktoru, institutun direktoru, akademik Akif Əlizadədir.

    Nəşrin bu sayında geologiya və geofizika, neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası, həmçinin bərpa olunan enerji silsiləsindən elmi məqalələr yer alıb. Qısa müddət ərzində məcmuəyə dünyanın 15 ölkəsindən 54 istinad qeydə alınıb.

  • “Qarabağın mədəni irsi” layihəsi davam edir

    Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Qarabağın mədəni irsi” layihəsini davam etdirir. Bu dəfə layihə çərçivəsində Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edilib.

    Videomaterialda Azərbaycan xalça sənətinin fundamental elmi əsaslarını yaradan, naxışların sirrini açaraq dünyada birinci xalça muzeyinin təşəbbüskarı olan Lətif Kərimovun çoxşaxəli yaradıcılığı işıqlandırılıb.

    Lətif Kərimov xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçalarını uzun müddət Şərq xalçalarının ümumi kütləsindən ayırmır və ya onları “Qafqaz xalçası” termini ilə müəyyən edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu incilərinmənsubiyyətini müəyyənləşdirib, o, sübut edib ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı doxsan faizi Azərbaycan xalçalarıdır.

    1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulmuş, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib.

    Hazırda Azərbaycan Milli Xalça Muzeyi adlandırılan bu sənət ocağı yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi ilk mədəniyyət müəssisəsi idi. Azərbaycanda isə bu gün ixtisaslaşmış binada yerləşən yeganə muzey kimi mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.

  • “Cəngi” estrada-folklor ansamblı beynəlxalq festivalda iştirak edəcək

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada-folklor ansamblı xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur.

    Azərbaycanı dəfələrlə mötəbər musiqi yarışmalarında, beynəlxalq festivallarda layiqincə təmsil edən “Cəngi” estrada-folklor ansamblının bədii rəhbəri, tanınmış ud ifaçısı, Azərbaycanın Xalq artisti Mircavad Cəfərovdur. Ansamblda həmçinin Əməkdar artist Ruslan Hüseynov (bas-gitara), Mircavid Cəfərov (tar), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano), Fərhad Əliyev kimi tanınmış peşəkar ifaçılar fəaliyyət göstərirlər. Ansamblın eyniadlı rəqs qrupu da uğurla çıxışlar edir.

    Avqustun 8-də ansambl Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək. Artıq 5-ci dəfə keçirilən festival bu il koronavirus pandemiyası üzündən onlayn formatda reallaşacaq.