Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə Hüquqşünaslıq ixtisasının kommersiya hüququ və əmək hüququ: sosial təminat hüququ ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib.
BDU-dan bildirilib ki, müdafiəyə çıxarılan dissertasiya işləri Azərbaycan dilində geniş şəkildə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib. Virtual qaydada baş tutan müdafiədə “Təbii inhisarların və onların fəaliyyətinin tənzimlənməsi: Azərbaycan Respublikası və qabaqcıl xarici ölkənin təcrübəsi”, “Haqsız rəqabətin formaları: Azərbaycan Respublikası və qabaqcıl xarici ölkələrin təcrübəsi”, “Azərbaycan Respublikası qanunvericiliyində arbitrajın mümkünlüyü”, “Yanılma və aldatma müqavilənin etibarsızlığı əsasları kimi”, “Oferta və aksept müqavilə bağlanması prosesinin mərhələləri kimi”, “Azərbaycan Respublikasının qanunvericiliyində mediasiya”, “Hüquqi şəxslərin mülki, cinayət və inzibati məsuliyyətinin müqayisəli təhlili”, “İşəgötürən əmək hüququnun subyekti kimi”, “İşçilərin attestasiyasının hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Kommersiya hüququ ixtisası üzrə magistrant Fatimə Əsgərovanın “Kredit xətti müqaviləsinin hüquqi analizi” mövzusunda dissertasiya müdafiəsi xüsusilə diqqət çəkib. Magistrant kredit siyasətinin mahiyyəti, kredit müqavilələrinin hazırlanması, bu tip müqavilələrin hüquqi aspektləri kimi məsələlərə aydınlıq gətirib.
Müdafiə şurasının sədri Sahil Babayev magistrantların elmi və peşə hazırlığını, elmi diskussiya aparmaq bacarıqlarını, ingilis dilində danışmaq qabiliyyətlərini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Onlayn müdafiəyə qoşulan BDU-nun rektoru Elçin Babayev Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara malik olduğunu diqqətə çatdıraraq müasir hüquq elminin və təcrübəsinin aktual məsələlərinə həsr edilən dissertasiya mövzularının seçilməsini, aktual problemlərin əhatə olunmasını və yüksək səviyyədə müdafiəsini yüksək qiymətləndirib. Rektor universitetin Hüquq fakültəsinin aktiv fəaliyyətindən bəhs edib, kadr potensialının daha da yaxşılaşdırılması yönündə görülən işlərə, fakültənin qazandığı nailiyyətlərə diqqət çəkib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev müdafiəyə təqdim edilmiş işlərin aktuallığından danışaraq magistr dissertasiya müdafiəsi şurasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.
Dissertasiya müdafiə edən magistrantlar müvəffəq qiymət alıblar.
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək.
Forumun mətbuat xidmətindən bildiriblər ki, IX Sankt-Peterburq Mədəniyyət Forumu “Sivilizasiyaların mədəniyyəti – mədəniyyətlərin sivilizasiyasıdır” mövzusuna həsr olunacaq. Bu il Azərbaycan və Fransa forumun qonaqları qismində çıxış edəcəklər. Almaniya forumun xüsusi qonağı statusunda olacaq.
Noyabrın 12-14-ü tarixlərində keçiriləcək Forumun mətbuat xidmətindən qeyd ediblər ki, sosial qarşılıqlı əlaqələrin adi modellərini ciddi sınaqlara məruz qoymuş pandemiya şəraitində mədəniyyət insanlara mürəkkəb vəziyyətdə gələcəyə əminlik, ümid və dəstək verən təmələ çevrilib. Forumun işində mədəniyyət xadimlərinin, akademik dairələrin və biznes təmsilçilərinin, mədəni siyasət liderlərinin iştirakı gözlənilir.
Tədbirin təşkilatçıları qismində Rusiya hökuməti, Sankt-Peterburq Mədəniyyət Komitəsi və hökuməti çıxış edirlər.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyəti timsalında sözügedən mövzu ətrafında geniş müzakirə təşkil olunub. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Azərbaycanın mədəni irsinin, mədəniyyət incilərinin ölkə daxilində və ölkədən xaricdə qorunması, təbliği məsələlərini özündə təcəssüm edən mövzuları daima araşdırır.
Bu məqsədlə mərkəz tərəfindən “Mədəni identiklik” mövzusunda beynəlxalq videokonfrans təşkil olunub.
Konfrans çərçivəsində Gürcüstan Respublikasının Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyevanın geniş nitqi dinlənilib.
Konfransda həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, N.Nərimanovun xatirə muzeyinin direktoru Rəna Darivalova, Biləsuvar Dövlət Rəsm qalereyasının direktoru Rövşən Cənnətov və digərləri çıxış ediblər.
Mərkəz tərəfdən konfransda elmi katib Cavid Əliyev, sektor müdiri Pakizə Almazova və digərləri mövzu ilə bağlı danışıblar.
Qeyd etmək lazımdır ki, mərkəz P.Almazovanın timsalında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və onun filialı olan N.Nərimanovun xatirə muzeyinin mövzu-ekspozisiya planının hazırlanması və bədii tərtibatında iştirak etmişdir.
60-dan çox mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş konfransda çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni, dostluq əlaqələrinə, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mədəni irsinin qorunmasına, M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, A.Şaiq və digər şəxsiyyətlərin irsinin ölkədən xaricdə təbliğ edilməsinə, muzey işinin inkişaf dinamikasına toxunublar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev konfransı yekunlaşdıraraq, muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulardan bəhs edib. Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulayıb.
Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağın və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin şaxələnməsinə xidmət edə biləcək birgə perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn ilin aprelində keçiriləcək.
Bu barədə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu məlumat yayıb. VI Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn il aprelin 23-24-də Moskvada keçiriləcək. Müsabiqənin 1-ci turu “Vegas City Hall”, 2-ci turu isə “Crocus City Hall” konsert salonlarında təşkil olunacaq.
Müsabiqədə 20-35 yaşlarında vokal təhsili olan şəxslər, ali musiqi məktəblərinin və ya kolleclərin vokal şöbələrində təhsil alan tələbələr iştirak edə bilərlər. Yarışmaya qatılmaq arzusu olanlar sentyabrın 15-dək sənədlərini təşkilat komitəsinə göndərməlidirlər. Münsiflər heyətinə, ənənəvi olaraq, SSRİ Xalq artisti Tamara Sinyavskaya rəhbərlik edəcək.
Qeyd edək ki, müsabiqənin bu il oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışma təxirə salınıb.
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək.
Forumun mətbuat xidmətində bildiriblər ki, IX Sankt-Peterburq Mədəniyyət Forumu “Sivilizasiyaların mədəniyyəti – mədəniyyətlərin sivilizasiyasıdır” mövzusuna həsr olunacaq. Bu il Azərbaycan və Fransa forumun qonaqları qismində çıxış edəcəklər. Almaniya forumun xüsusi qonağı statusunda olacaq.
Noyabrın 12-14-ü tarixlərində keçiriləcək Forumun mətbuat xidmətində qeyd ediblər ki, sosial qarşılıqlı əlaqələrin adi modellərini ciddi sınaqlara məruz qoymuş pandemiya şəraitində mədəniyyət insanlara mürəkkəb vəziyyətdə gələcəyə əminlik, ümid və dəstək verən təmələ çevrilib. Forumun işində mədəniyyət xadimlərinin, akademik dairələrin və biznes təmsilçilərinin, mədəni siyasət liderlərinin iştirakı gözlənilir.
Tədbirin təşkilatçıları qismində Rusiya hökuməti, Sankt-Peterburq Mədəniyyət Komitəsi və hökuməti çıxış edirlər.
Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkədəki hesabları vasitəsilə rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovla “Pandemiya dövründə incəsənətin inkişaf yolu” mövzusunda müzakirə aparılıb.
Qalereyadan bildirilib ki, görüşdə rəssamlar pandemiya səbəbindən hazırda dünyada yaranmış mövcud vəziyyətin ölkəmizdə yaradıcılıq prosesinə təsirindən danışıb və izləyicilərin ünvanladığı sualları cavablandırıblar.
Azərbaycan Turizm Bürosu tərəfindən peşəkar dizaynerlər və “Azərbaycan: Bir daha bax” konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platforması yaradılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilməklə yanaşı, bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizuallıqlarda əldə etmək imkanı təqdim olunur.
İstifadəçiləri Azərbaycanın turizm loqosunun fərqli versiyalarını hazırlamaq üçün texniki biliklərlə təmin edən platforma vasitəsilə, həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür.
Bundan başqa, veb-sayta mütəmadi olaraq yenilənəcək foto və video baza da daxildir.
Veb-saytın imkanlarından istifadə etmək üçün https://azerbaijanbrandcenter.com/user/login keçidinə daxil olaraq onlayn qeydiyyatdan keçmək tələb olunur.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Brend Mərkəzinin yaradılmasını peşəkar, eləcə də həvəskar dizaynerlərin brend ideyasının ərsəyə gətirilməsi və dizayn bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı biliklərə yiyələnə bilməsi baxımından uğurlu addım kimi qiymətləndirib. O qeyd edib ki, “Azərbaycan: Bir daha bax” brendi ideyasının uğur qazanmasının səbəblərindən biri onu dəstəkləyən vizual vasitələrin uğurlu seçimi olub.
Xatırladaq ki, “Azərbaycan: Bir daha bax” qlobal marketinq kampaniyası ilk dəfə 2018-ci ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayaraq 20-dən çox beynəlxalq mükafata layiq görülüb.
Respublika Gənclər Kitabxanası elm, mədəniyyət, incəsənət xadimləri, xalqın sevimli nümayəndələri ilə evdən canlı yayımları davam etdirir. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayım iyulun 7-də baş tutub.
Kitabxanadan bildirilib ki, AMEA-nın dissertantı, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-nin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili olub. 1300-ə yaxın izləyicinin qoşulduğu canlı yayımda İradə xanım, ilk növbədə, ölkəmizdə elan edilən sərtləşdirilmiş karantin rejimi haqqında danışaraq, xalqımızı birlik nümayiş etdirməyə, qoyulan qaydalara riayət etməyə səsləyib, dünyanı ağuşuna almış bu bəlaya yalnız məsuliyyət nümayiş etdirməklə qalib gələ biləcəyimizi vurğulayıb. Sonradan qonaq kitabxanaçılıq sahəsində olan fəaliyyəti haqqında geniş məlumat verib, Mədəni-Maarif Texnikumunda, Kitabxanaçıların İxtisas Artırma kurslarında pedaqoji fəaliyyətindən bəhs edib. Bundan əlavə 0, ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində aparılması mühüm olan nüanslar haqqında da dəyərli fikirlər söyləyib, Türkiyəyə səfər edərkən iştirak etdiyi kitab festivalları haqqında məlumat verib, qardaş ölkədə kitab və kitabxana sisteminə olan münasibətdən söhbət açıb. Canlı yayım müddətində qonaq yaradıcılığına dair sualları cavablandırıb, müəllifi olduğu “Xocalı şahidləri danışır” kitabı haqqında məlumat verib. İradə Əlili rəhbərlik etdiyi “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İB-in yaranma tarixindən, fəaliyyətindən də danışıb.
Canlı yayım istifadəçilərinin çoxsaylı istəklərini nəzərə alaraq, şairə son günlərdə qələmə aldığı “Yorulmuşam” şerini səsləndirib. Sonda İradə xanım bu cür görüşlərin təşkilinə görə kitabxana direktoru Oruc Quliyevə, canlı yayımın aparıcısı Günay xanıma və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib, bu səpkili görüşlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.
İstifadəçilər canlı yayıma https://www.instagram.com/p/CCT0XXXCFQj/ linkı vasitəsilə baxa bilərlər.
Respublika Gənclər Kitabxanasının əməkdaşları İradə Əlili haqqında videoçarx və virtual sərgi hazırlayıblar, bu materiallar kitabxananın “Instagram” səhifəsində yerləşdirilib.
Azərbaycan Turizm Bürosu Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi fəaliyyətini onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirir. Fəaliyyət çərçivəsində iyun ayı ərzində xarici bazarlardakı turizm tərəfdaşları ilə 54 onlayn görüş və 17 vebinar təşkil olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, onlayn görüşlərdə Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, Qazaxıstan, Polşa, Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya və Norveçdən olan turoperatorlar və turizm şirkətləri ilə postpandemiya dövründə dünya turizminin yeni inkişaf trendləri və turizm sənayesindəki dəyişikliklər mövzusunda müzakirələr aparılıb.
Hədəf bazarlardan olan turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara isə 470-dən çox iştirakçı qatılıb.
Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Yaxın Şərq, Cənubi Asiya kimi regionlardan olan 40-dan çox ölkədən 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.
Beynəlxalq Muğam Mərkəzindən “Bizi birləşdirən mədəniyyət” verilişinin canlı yayımı Dövlət Akademik Opera və Balet Teatrının 100 illiyinə həsr edilib.
Verilişdə teatrın keçdiyi yola nəzər salınıb. Canlı efirin qonaqları Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, teatrın solistləri Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Fərid Əliyev olub. Baş rejissor teatrın tarixi haqqında danışıb. Vurğulanıb ki, Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də (25-də) tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. Teatrın binası cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu binada fəaliyyət göstərir. Ötən dövr ərzində inkişaf edən bu teatr indi respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Azərbaycanın opera və balet sənətində yaxşı olan hər şey burada mərkəzləşmişdir.
Canlı yayım solistlərin rəngarəng ifaları ilə yadda qalıb.
Qeyd edək ki, verilişin canlı yayımları həftə içi 5 gün Beynəlxalq Muğam Mərkəzində efirə çıxır.