Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Əməkdar artist Tofiq Hüseynov vəfat edib

    Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov 2020-ci il iyul ayının 5-də, 71 yaşında vəfat etmişdir.

    Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.

    Ölkəmizin bir sıra teatrlarında fəaliyyət göstərən Tofiq Hüseynov Rza bəy (“O olmasın, bu olsun” - Ü.Hacıbəyli), Əzrayıl (“Bu meydan, bu şeytan” - F.Aşurov), Mərd Mazarov (“Adamın adamı” - Anar), Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” - C.Məmmədquluzadə), Tülkü (“Cücələrim” - T.Mütəllibov), Cəbi (“Hacı Qəmbər” - N.Vəzirov), Şah Kreon (“Medeya” - J.Anuy),Vəzir Zəban (“Tomris” - O.Altunbay) və s. obrazları canlandırmışdır.  

    Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmışdır. Onun bu teatrın səhnəsində yaratdığı Komisyonçu (“Kəllə” - N.Hikmət), Knyaz Orbeliani (“Brüsseldən məktublar” - H.Həsənov), Oqtay (“Rəqabət” - B.Vahabzadə), Hacı Kərim (“Ölülər” - C.Məmmədquluzadə), Rüstəm xan (“Eloğlu” - A.Şaiq), Qala rəisi (“Xurşudbanu Natəvan” - İ.Əfəndiyev), Bekar Ağabala (“Dirilən adam” - Mir Cəlal), Katib (“Ölüləri qəbiristanlıqda basdırın” - İ.Şıxlı), Ağamusa Fərəcov (“Dəlilər və ağıllılar”  - İ.Əfəndiyev), Əcəl “Alın yazısı” -T.Minnullin) və digər obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

    Aktyor “Marş”, “Dəvətnamə”, “O dünyadan salam”, “Ərazi”, “Cavid ömrü” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilmiş, özünəməxsus ifa manerası nümayiş etdirmişdir.

    Tofiq Hüseynov 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.

    Sənətkarın xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin xatirəsində daima yaşayacaqdır.

    Allah rəhmət eləsin.

  • TÜRKSOY Elbası Nursultan Nazarbayevin yubileyini musiqili proqramla təbrik edib

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illik yubileyini musiqili proqramla təbrik edib.

    Layihənin icrası TÜRKSOY-un Ankaradakı Mərkəzi Qərargahından distant yolla təmin olunub.

    Təbrik proqramına TÜRKSOY Xalq Çalğı alətləri Orkestri ilə bərabər Qazaxıstanın “Korkıt” və “Sazgən sazı” folklor musiqi qrupları da qatılıblar.

    Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan və Saha-Yakut bölgələrini, Moldovanın Qaqauz yerini təmsil edən əllidən artıq görkəmli sənətçi iştirak edib.

    TÜRKSOY-un musiqi layihələrinin rəhbəri Arman Nurmahamatuli tərəfindən idarə olunan proqramda Elbası Nursultan Nazarbayevin sözlərinə bəstələnmiş “Üş konır” mahnısı ifa olunub.

     
  • Kitabxananın əməkdaşları rus şairi Puşkin haqqında videoçarx təqdim edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin şəraitində virtual xidmət göstərir.

    Kitabxananın əməkdaşları müxtəlif mövzuda informasiya xarakterli videoçarxlar hazırlamaqla, #evdəqal çağırışına həmrəy olduqlarını bildirir. Ədəbiyyat sahəsi ilə bağlı videoçarxların hazırlanmasında məqsəd yazıçı və şairlərin əsərlərinə maraq yaratmaqdır.

    İzləyicilərə təqdim olunan növbəti videoçarxlar rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru, tənqidçi, tarixçi, publisist Aleksandr Sergeyeviç Puşkin haqqındadır.

    Videoçarxda metodika-biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova A.S.Puşkinin “Я вас любил...” şeirini səsləndirir, informasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva isə rus şairin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları izləyicilərə çatdırır.

    Videoçarxda rus dramaturqu A.S.Puşkinin fotoları və sonda isə ölümü ilə bağlı videosüjet nümayiş olunur.

    Qeyd olunan videoçarxlar Yasamal rayon MKS-nin “YouTube” kanalında yerləşdirilib.

     
  • TÜRKSOY Elbası Nursultan Nazarbayevin yubileyini musiqili proqramla təbrik edib

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illik yubileyini musiqili proqramla təbrik edib.

    Layihənin icrası TÜRKSOY-un Ankaradakı Mərkəzi Qərargahından distant yolla təmin olunub.

    Təbrik proqramına TÜRKSOY Xalq Çalğı alətləri Orkestri ilə bərabər Qazaxıstanın “Korkıt” və “Sazgən sazı” folklor musiqi qrupları da qatılıblar.

    Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan və Saha-Yakut bölgələrini, Moldovanın Qaqauz yerini təmsil edən əllidən artıq görkəmli sənətçi iştirak edib.

    TÜRKSOY-un musiqi layihələrinin rəhbəri Arman Nurmahamatuli tərəfindən idarə olunan proqramda Elbası Nursultan Nazarbayevin sözlərinə bəstələnmiş “Üş konır” mahnısı ifa olunub.

     
  • “#kitabxanaçıtövsiyəedir” rubrikasında oxucular Bu dəfə Voyniçin “Ovod” romanı haqqında məlumatlandırılıblar

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının “#kitabxanaçıtövsiyəedir” rubrikası davam edir.

    İdarədən bildirilib ki, kitabxana mütəmadi olaraq öz oxucularını dünya ədəbiyyatı incilərindən olan əsərlər haqqında məlumatlandırır. Bu dəfə kitabxana E.L.Voyniçin yaradıcılığına, onun “Ovod” romanına müraciət edib.

    Qeyd edək ki, əsərdə əhvalatlar gənclər hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar başına gələn faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu din, məyusluq, inqilab, romantika və qəhrəmanlıq əsəridir. “Ovod” romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır.

     
  • “Can Azərbaycan” radiosu “Bir millət, iki dövlət” şüarının ən gözəl nümunələrindən biridir

    Türkiyədə “Can Azərbaycan” radiosunun təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Mobil tətbiq vasitəsilə istifadə olunan radio “Can Azərbaycan” media şirkəti tərəfindən hazırlanıb.

    Bu barədə müsahibəsində şirkətin qurucusu və rəhbəri Namık Kamal Yıldırım məlumat verib.

    Bildirilib ki, internet olan hər bir yerdə istifadə oluna biləcək tətbiq “www.canazerbaycanradyo.com” səhifəsindən dinlənə və ya “http://play.google.com/store/apps/details?id=com.ceksoft.canazerbaycanradio”da telefona endirilə bilər: “2018-ci ildən hazırlanan mobil tətbiq əvvəl sadə xəbər radiosu olaraq fəaliyyətə başlayıb. Hazırda yenilənmiş versiya vasitəsilə dinləyicilər Azərbaycan və vətəndən kənarda yaşayan azərbaycanlılarla bağlı gündəlik xəbərləri əldə edə biləcəklər. Bununla yanaşı 15 bölmədən ibarət radio-tətbiqdə Azərbaycan milli musiqisi, ədəbiyyatı, sənət adamları barədə geniş məlumat verilir. Bizim üçün burada ən vacib olanı isə tətbiqin “Qarabağ” bölməsidir. Bu bölmədə Azərbaycanın işğal altındakı tarixi torpağı olan Dağlıq Qarabağ barədə həqiqətləri dünyaya çatdırmaqla yanaşı işğalçı Ermənistanın bir an əvvəl bu işğala son verməsinin vacibliyi barədə məlumatlar və çağırışlar yayımlanır. Hər il daha da təkmilləşdirməklə bu tətbiqi böyük bir radio portalına çevirməyi planlaşdırırıq. Bundan başqa tətbiqə Azərbaycanda fəaliyyət göstərən bir sıra radio tezlikləri də əlavə edilib. Bu tətbiq, eyni zamanda, dünyada bənzəri olmayan, reklam kəsintisiz fəaliyyət göstərən yeganə radiodur. Bir sözlə, onu deyə bilərəm ki, tətbiqi ödənişsiz olaraq telefona endirərək Azərbaycan barədə bütün məlumatı əldə etmək olar”.

    Tətbiqin yaradılması ideyası barədə danışan müsahibimiz deyib: “Mənim fikrimcə bu, yeni tətbiq tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı, ulu öndər Heydər Əliyevin artıq bir şüara çevrilmiş “Bir millət, iki dövlət” sözlərinin ən gözəl nümunələrindən biridir. Burada heç bir məqsəd yoxdur. “Can Azərbaycan” şirkəti olaraq biz bu tətbiqi heç kimdən yardım istəmədən yaratdıq. Bu, sadəcə iki qardaş ölkə arasında dünyada analoqu olmayan qardaşlıq münasibətlərindən irəli gələn sevgi, hörmət və bağlılığın nümunəsidir. Bu, eyni zamanda, “Can Azərbaycan” media şirkətinin türk dünyasına bir hədiyyəsidir”.

     
  • Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxanası virtual xidmətlərini davam etdirir

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası sosial izolyasiya qaydaları ilə əlaqədar virtual xidmətlərini davam etdirir.

    Kitabxanadan bildirilib ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın növbəti virtual qonağı bir neçə uşaq kitabının müəllifi, yazıçı Gülarə Munis olub. Canlı yayım zamanı yazıçı “Avrasiya şairlər antologiyası” kitabı haqqında məlumat verib və kitabda 10 qəzəlinin yer aldığını qeyd edib. Sevdiyi mövzunun qəzəl və mənsur şeir olduğunu vurğulayan yazıçı, “Dəniz” şeirini də izləyicilər üçün səsləndirib.

    Gülarə Munis Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolundan bəhs edən “Emin, sən ölməmisən” və on beşinci kitabı olan “Son dayanacaq” haqqında məlumat verib. Kitabda Qarabağ uğrunda döyüşlərdə şəhid və əlil olan igidlərimiz, Milli Qəhrəmanımız barədə sənədli hekayələr cəm olunub.

    Canlı yayımda yaradıcılığı haqqında dolğun məlumat verən Gülarə Munis izləyici suallarını da cavablandırıb.

     
  • “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub

    Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk dilində işıq üzü görüb.

    Türk dünyasının bir çox ədəbi simalarının əsərlərini türk dilinə tərcümə edən, ortaq bir türk ədəbiyyatının yaranmasına töhfə verən Kənan Çarboğanın "Turan eşqi" adlı şeir kitabı Bakıda nəşr olunub.

    Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.

    Yüz altmış dörd səhifədən ibarət olan kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin "Əsrimizin turan şairi" sərlövhəli təqdimatı ilə başlayır.

    B.Əhmədli məqalədə Kənan Çarboğanı Əli bəy Hüseynzadə, Ziya Gökalp, Mehmet Emin Yurdakul, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi böyük türk mütəfəkkirlərinin və ədiblərinin davamçısı olduğunu bildirir, şairin ədəbi zəkasından və geniş poetik coğrafiyasından bəhs edir. Bundan başqa, kitabın ilk dəfə türk dilində nəşr olunmasını bir yenilik kimi dəyərləndirir.

    Bu barədə Türkiyə mediasına danışan K.Çarboğa kitabının nəşri ilə bağlı ciddi çalışmalarına və dəstəyə görə Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova və kitabın redaktoru Dəyanət Osmanlıya minnətdarlığını bildirərək deyib: “Azərbaycan ilə Türkiyə arasında dərin tarixi və mədəni əlaqələri daha da gücləndirmək üçün belə əsərin çox dəyərli olduğunu hesab edirəm. Bundan başqa, türk dilinin türk dünyasının ortaq ünsiyyət dili olmasında bu cür qiymətli işlər böyük əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu iş bizə birliyimizi, varlığımızı qorumağa və daha da möhkəmləndirməyə kömək edəcək”.

     
  • Nursultan Nazarbayev azərbaycanlı yazarı təltif edib

    Tanınmış yazar Əkbər Qoşalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 3 iyul tarixli təqdimatı, qardaş ölkənin Elbaşı Nursultan Nazarbayevin imzası ilə medalla təltif edilib.

    Medal Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş və onun rəhbərliyi ilə fəaliyyət göstərən Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 25 illiyi münasibətilə təsis olunub.

    Qeyd edək ki, Əkbər Qoşalı bundan əvvəl də qardaş ölkənin nüfuzlu “Alaş” Beynəlxalq Ədəbi Mükafatına, Tölegen Ayberqanov Ədəbi Mükafatına və “Gültekin” medalına, habelə Qazaxıstan Mədəniyyət-İdman Nazirliyinin fəxri fərmanına layiq görülüb.

     
  • Kitabxana: Yazıçı Gülzar İbrahimova “Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni kitabını təqdim edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə qoşulan yazıçı və şairlər qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər.

    Yasamal rayon MKS-dən bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Gülzar İbrahimova “Dünyanın himni uşaq qığıltısıdır” adlı yeni nəşr olunmuş kitabını PDF formatında kitabxanaya təqdim edib. Gülzar İbrahimova uşaqlar arasında nağıl yazarı – “Gülzar nənə” kimi tanınır və sevilir. Bu gün dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizə və daha çox yoluxmanın qarşısının alınması məqsədilə ölkəmizdə karantin rejimi davam edir. “Dünyanın himni uşaq qığıltısıdır” kitabını ərsəyə gətirən yazıçı “Biz birlikdə güclüyük!”, “Evdə qal Azərbaycan!” çağırışına dəstək olduğunu bildirir.

    Kitabın adı körpələrimizin qorunmasını, qayğısına qalınmasını təbliğ edən “Sehrli dünya” jurnalının loqotipindən götürülüb. Yeni nəşr 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Bu kitabda Gülzar İbrahimovanın “YouTube” kanalında bir milyon baxış toplamış “Dəcəl Keçəl” nağılı, 4 şeir-nağılı, 18 şeiri və 1mahnısı toplanıb.

    “Dəcəl Keçəl” nağılı əyləncəli və gülməli olmaqla yanaşı, Xeyirin Şərə qalib gəlməsini, “Dost və Düşmən” şeir-nağılı isə dostluğu və rəhmliliyi təbliğ edir. “Tortu kim oğurladı” şeir-nağılı gülməli və əyləncəli, “Evcik-evcik” şeir-nağılı oyuncaqların qonaqlığından bəhs edir. Şeirlər sadə, uşaq dilində yazılıb.

    Bu kitabı oxuyan balalarımız vaxtlarını səmərəli keçirərək, maraqlı və məzəli əhvalatlarla tanış olacaq, sevinəcək, öyrənəcək və darıxmayacaqlar.