Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

    Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.

    Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür.

    Bu görkəmli yazıçını və dramaturqu xatırlayarkən ulu öndər Heydər Əliyevin onun haqqında dediyi sözlər yada düşür: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Onun yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir”.

    Vaxtilə Ulu Öndərin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər, Xalq yazıçısının yaradıcılığına verilmiş yüksək qiymətin göstəricisidir.

    Milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri ilə seçilən İlyas Əfəndiyev həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.

    Ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradıcılarından biri, yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev teatrı”nın banisi kimi estetik amillər ədəbi-nəzəri fikir tarixində İlyas Əfəndiyev fenomenini müəyyən edir.

    İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olublar.

    Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləyib, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışıb. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulub. Aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən Məhəmməd Əfəndiyev 1934-cü ildə, 50 yaşında dünyasını dəyişib.

    İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.

    Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.

    İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı onu oxuculara tanıtdırıb. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.

    O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.

    İlyas Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olub. Həmçinin onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti onun yaradıcılığına çox böyük təsir göstərib. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olub, dünyagörüşünü daim artırıb.

    İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

    XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu var. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi.

    Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.

    Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirib, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.

    Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilib.

    1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla məqalə dərc edib.

    Xalqın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görmək olar. Epik və dramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran yazıçı oxucunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.

    Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.

    Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.

    Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.

    İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir.

    Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.

    Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunub.

    Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Hələ ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

    Görkəmli sənətkarın vəfatından sonra onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.

    Ulu Öndərin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilib. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.

    Böyük sənətkarın yaradıcılığına göstərilən diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunub.

    Dövlətimizin başçısının “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamı ilə Bakıda və rayonlarda görkəmli nasir və dramaturqun yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

    Əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi və mədəni mühitində həmişəyaşar olacaq.

     
  • Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb

    İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” rəqs qrupu İsveç İslam təşkilatı “İbn Rushid Studieförbund” tərəfindən təşkil olunan “Digital Ramazan 2020 Stockholm” tədbirində iştirak edərək milli rəqslərimizi ifa edib.

    Müxtəlif ölkələrin mədəniyyətinin nümayiş edildiyi beynəlxalq tədbirdə İsveç-Azərbaycan Dərnəyi “SAF-ın” nəzdində fəaliyyət göstərən rəqs qrupu “Yallı”, “Almalı” və “Bayram” rəqsləri ilə nümunəvi çıxış ediblər.

    İsveçdə yaşayan azərbaycanlı uşaqlardan ibarət rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbir İsveçin dövlət kanalı SVT 1 vasitəsilə yayımlanıb.

     
  • 28 May – Respublika Günü münasibətilə Türkiyənin “Bengü Türk” televiziyası xüsusi veriliş hazırlayır

    Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti verilişi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunacaq.

    Bu barədə proqramın müəllifi və aparıcısı, jurnalist Səidə Ömər məlumat verib.

    Bildirilib ki, mayın 28-də yayımlanacaq “Azərbaycan rüzgarı” həm möhtərəm qonaqları, həm də rəngarəngliyi ilə fərqli şəkildə tamaşaçıların qarşısına çıxacaq. Proqramda Türkiyənin məşhur sənətçiləri yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq evlərindən videogörüntü ilə Azərbaycanı salamlayacaq, ürək sözlərini canlı ifalarla çatdıracaqlar.

    Verilişdə, həmçinin Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdiriləcək.

  • “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirilib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-24-də "Türk Dünyası Muzeylər Həftəsi" təşkil edilib. Bu proqramın məqsədi COVID-19 pandemiyası ilə əlaqədar ölkələrdə yaradılan karantin rejimində məktəbliləri türk dünyası ilə tanış etmək, gəncləri türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etmək olub.

    Fonddan bildirilib ki, mayın 24-də onlayn platformada “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihədə iştirak edən türkdilli ölkələrin muzeylərinin rəhbərləri, eləcə də çox sayda məktəblilər iştirak ediblər.

    G.Əfəndiyeva çıxışında layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. O, gələcəkdə bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

    F.Sultan-zadə isə öz növbəsində layihə müddətində iştirakçı türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb və onlayn platformada keçirilən proqramın türk dünyası məktəbliləri arasında genişləndirilməsi, iştirakçıların və muzey saylarının artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

    Daha sonra layihənin qalibləri müəyyənləşib.

    Mərasimdə məktəblilər tərəfindən müxtəlif muzeylər haqqında videoçarxlar göstərilib, türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirilib. Ən fəal iştirakçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sertifikat və hədiyyələri, eləcə də Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları təqdim olunub.

    Qeyd edək ki, layihə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunа üzv və müşahidəçi olan ölkələrin muzeylərinə - mayın 18-də Azərbaycan Milli Xalça Muzeyinə, mayın 19-da Qazaxıstan Milli Muzeyinə, mayın 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinə, mayın 21-də Türkiyə Troya Muzeyinə, mayın 22-də Özbəkistan Dövlət Tarixi Muzeyinə, mayın 23-də Macarıstan Milli Muzeyinə virtual ekskursiyalar təşkil edilib.

    Sosial şəbəkədə canlı yayımlanan muzey həftəsinə ümumilikdə bir həftə ərzində baxış sayı 5000-ə yaxın olub.

     
  • Faktiki hava şəraiti açıqlanıb

    Mayın 25-i səhərədək bəzi şimal və qərb rayonlarında yağış yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Zaqatala, Kişçayda (Şəki) 3 mm, Daşkəsən, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Ağstafa, Oğuz, Şəki, Qrız, Mingəçevir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.

    Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.,6 metrə enib.

    Qeyd edək ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.

    Azərbaycanın şərq rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.

     
  • Avropada Azərbaycanın Milli Xalça Muzeyinə virtual tur təşkil olunub

    Avropanın bir sıra ölkələrindən Azərbaycanın Milli Xalça Muzeyinə onlayn tur təşkil olunub. 

    Tur Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azərbaycan-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın “Azərbaycan muzeylərinə virtual səyahət” layihəsi çərçivəsində baş tutub.

    Onlayn tur zamanı keçirilən seminara Skandinaviya ölkələrində, o cümlədən, Finlandiyada yaşayan azərbaycanlılar, Almaniya, Niderland, Amerika, Yunanıstan, Azərbaycan və İsveçdən qoşulanlar olub. 

    Ü.Cabbarova bildirib ki, layihənin başlıca məqsədi Azərbaycanın milli adət-ənənələrini, tarixini, musiqisini, mədəni irsini ölkədən kənarda yasayan gənclərə, xarici ölkə ictimaiyyətinə çatdırmaqdır. 

    Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bağlantı zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Ş.Məlikova Azərbaycan Milli Xalça Muzeyinin ölkənin ilk inklüziv muzeyi kimi fəaliyyəti barədə də danışıb. Burada sağlamlıq imkanları məhdud insanların ekspozisiya ilə tanışlığı üçün hər cür imkanların yaradıldığını diqqətə çatdırıb. Sonra iştirakçılara muzey haqqında qısa videoçarx nümayiş etdirilib. 

    Sonra məşhur teleaparıcılar Dilarə Səlim, Emil Şahzadə, Leyla Quliyevanın təqdimatında və surdo-tərcümə ilə müşayiət olunan ekspozisiya üzrə virtual turun ilk hissəsi diaspor təşkilatlarının nümayəndələrinə nümayiş etdirilib, layihənin davamının olacağını vurğulanıb.

     
  • Gəncə üsyanının 100-cü ildönümüdür

    Sovet işğalına qarşı 1920-ci ilin mayın 25-də başladılan Gəncədəki xalq üsyanının ildönümüdür.

    Üsyana rəhbərliyi Azərbaycan Cümhuriyyətinin hərbçiləri edib.

    Araşdırmaçılara görə, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra XI Qırmızı Ordu hissələrinin quldur hərəkətləri, sovetləşmə prosesində cəlb olunmuş ordu hissələrində etnik ermənilərin çoxluğu Azərbaycan türkləri arasında qırğnıların miqyasını artırıb və bu da haqlı olaraq kəskin mübarizə və etiraz dalğaları ilə müşayiət olunub. 

    Üsyana başçılığı Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli ediblər.

    Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilmiş "Azərbaycan" jurnalında Gəncə üsyanı haqqında belə yazırdı: “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.

    Üsyan mayın 31-də xüsusi amansızlıqla yatırılıb. Tədqiqatçılara görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb. Minlərlə gəncəli ana yurdundan köçməyə məcbur qalıb. Əgər 1916-1917-ci illərdə Gəncədə 60 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 880-dək azalıb.

    Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələnib.

    Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə Gəncə üsyanından belə bəhs edirdi:

    “Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər”.

    Gəncə üsyanı ölkə boyu zəncirvari şəkildə ayaqlanmalara səbəb olub. Sonradan Tərtər, Lənkəran, Qarabağ, Zaqatala, Quba və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da, 1924-cü ildə qədər heç bir üsyan Gəncə üsyanı qədər böyük olmayıb.

  • Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı

    “Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb.

    23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb.

    COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb.

    Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəhbəri Ceff Bezos göstərilən müddətdə 29,9 milyard qazanaraq kapitalını 146,9 milyard ABŞ dollarına qədər artırıb.

    Dünyanın ən varlı 25 iş adamının cəmi sərvəti 1,5 trilyon ABŞ dollarına çatıb. Jurnalistlərin fikrincə, bu, bütün “Forbes” milyarderlərinin sərvətinin 16 faizini təşkil edir.

  • Sabaha olan hava proqnozu açıqlandı

    Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 20-24, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

    Mayın 25-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

    Gecə və səhər dağlıq rayonlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

    Mayın 24-də axşam şimal-qərb küləyinin sürətinin 10-15 m/s, arabir 18-23 m/s olacağı, 25-də gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

     
  • Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu.

    Milli bayramınız – Respublika Gününün ildönümü münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmağa çox məmnunam.

    Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.

    Biz Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndiririk. Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır.

    Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik.

    Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm".