Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının və “Skal İnternational Baku” klubunun təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının və “Dogan GeoTermal Hattusa Vacations Club”un dəstəyi ilə birinci Azərbaycan Türkiyə onlayn turizm Forumu baş tutub.
“Post pandemiya dövründə Azərbaycan və Türkiyə arasında alternativ turizm növlərinin inkişaf etdirilməsi, təhlükəsizlik dəhlizlərinin yaradılması konsepsiyası, sağlamlıq və termal turizm fəaliyyətləri” mövzusunda keçirilən online forumda Türkiyə tərəfindən “Doğan Jeotermal Grup” və “Hattuşa Vacation Thermal Club”un İdarə Heyətinin sədri Mehmet Əli Doğan, “Dogan Jeotermal” qrupunun baş direktoru Tolğay Benderli, “Jeotermal Vakfı” və devretatil yatırımcı və pazarlamacılar derneyinin idarə heyəti, və digərləri iştirak ediblər.
Azərbaycan tərəfindən isə Milli Məclisinin deputatı Vuqar Bayramov, Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, icraçı direktoru Tərlan Quliyev, “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov, KOBİA nümayəndəsi Asif Cəfərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Nərmin Qəniyeva, Müalicə-kurort sanatoriyaların nümayəndələri qatılıblar.
Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Azərbaycan və Türkiyə arasında turizm və sağlamlıq turizmin mümkün potensialından və inkişafın danışaraq iştirakçılara ətraflı məlumat verib. Daha sonra “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov pandemiya dövründə sektorun cari vəziyyəti və post pandemiya dövründə baş verə biləcək vəziyyətlə bağlı fikirlərini bildirib. Çıxışa davam edən Mehmet Əli Doğan Azərbaycanın Türkiyə üçün önəmli turizm destinasiyası, eyni zamanda türk iş adamlarının yatırım etməsi üçün əlverişli və qardaş ölkə olduğunu vurğulayıb. “Hattusa Vacation Club” otelləri haqqında və “timesharing” proqramı haqqında iştirakçılara təqdimat edən Tolgay Benderli xüsusi tətbiq edilən satış mexanizmi adlandırılan proqramını qısa zamanda Azərbaycan otelləri üçün də tətbiq ediləcəyindən bəhs edib.
Qarşılıq sual və fikir mübadiləsi ilə keçən forumda 60-dan çox sektor nümayəndəsi iştirak edib.
Sonda iki ölkə arasında bundan sonra da davamlı olaraq forum, konfrans və yatırımla, turizm və sağlamlıq turizmin inkişaf amillərini gücləndirəcək proseslərin davam etdiriləcəyini bildirən AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev post pandemiya dövründə daxili turizmin inkişafı istiqamətində zəruri addımların atılması ilə bağlı təklifləri səsləndirib.
Beynəlxalq Muğam Mərkəzinin (BMM) foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi çərçivəsində növbəti onlayn mühazirə Xalq Artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi, XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan Hüseynqulu Sarabskiyə həsr olunub.
BMM-dən bildiriblər ki, musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib.
Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.
Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm (“Əsli və Kərəm”), Şeyx Sənan (“Şeyx Sənan”), Şah Abbas (“Şah Abbas və Xurşidbanu”), Söhrab (“Rüstəm və Söhrab”), Sərvər (“O olmasın, bu olsun), Mərcan bəy (“Ər və arvad”), Əsgər (“Arşın malalan”), Müslüm Maqomayevin “Şah Ismayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı olub.
Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını təqdim edib.
Bu barədə AzTA-dan məlumat verilib.
Məlumatda deyilir ki, konsepsiya qurumun əşəbbüsü ilə ölkədə fəaliyyət göstərən aparıcı turizm qurumları tərəfdaşlığının yaradılması və Assosiativ Memorandumun imzalanması çərçivəsində, təklif, tövsiyə və məsləhətləri ilə vahid platformadan çıxış edərək, turizm qurumlarının pandemiya və postpandemiya dövründəki fəaliyyətini müzakirə edərək hazırlanıb.
Karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada, vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.
Sənəd Azərbaycanda 2025-ci ilə qədər daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya ölkədə turizmin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya, Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif lahiyələrin həyata keçirilməsinə xidmət göstərə bilər.
“Biz nikbinik və əminik ki, Azərbaycanın tükənməz turizm potensialı, peşəkar turizm işçiləri, Azərbaycan turizmini bu çətin vəziyyətdən çıxaracaq və turizmi inkişaf etdirəcəkdir. Tərəfdaşlıq Memorandumuna qoşulan bütün turizm qurumları, daxili turizmin bərpası və inkişafı üçün konkret konsepsiya irəli sürür”, - bunu AzTA-nın rəhbəri Əhməd Qurbanov deyib.
Konsepsiya Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının, DAİR Hotellər və Restoranlar Assosiasiyasının, Ekskursiya - bələdçisi” Klubunun, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin və “İctimai iaşə sahəsində maarifləndirmə” İctimai Birliyinin nümayəndələrindən ibarət ekspert qrupunun dəstəyi ilə hazırlanıb.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.
Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar ən səmimi təbriklərimi və ən gözəl arzularımı qəbul edin.
Əminəm ki, ölkəniz bundan sonra da səmərəli daxili siyasət apararaq və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək mühüm islahatlar və yeniliklər yolu ilə inamla addımlayacaq.
Fürsətdən istifadə edərək, Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə dostluq, qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq ruhunda inkişafı istiqamətində bundan sonra da birgə fəaliyyətə hazır olduğumuzu təsdiqləmək istərdim.
Möhtərəm cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayım".
Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.
Məktubda deyilir:
"Hörmətli сənab Prezident.
İcazə verin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost xalqınıza Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.
Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhtəşəm dostluq münasibətlərinə ən dərin ehtiramımı bildirir, bu münasibətlərin dərinləşməsi və möhkəmlənməsinə verdiyiniz dəstəyə görə Sizə təşəkkürümü ifadə edirəm.
Enerji sahəsindəki çox sıx əməkdaşlığımız, xüsusilə də TAP layihəsinin həyata keçirilməsində əldə edilən böyük irəliləyiş ölkələrimiz arasında yeni əməkdaşlıq layihələri üçün geniş perspektivlər açmışdır.
Sizi əmin edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə daha da gücləndirilməsində qətiyyətliyəm.
Bütün dünyanın, eləcə də bizim ölkələrimizin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda arzu edirəm ki, hamımız birgə səylərlə, müdrikcəsinə bu vəziyyətin öhdəsindən gələk, tezliklə gündəlik normal həyata qayıdaq və hər birimiz üçün daha yaxşı gələcəyə sahib olaq.
Sizi tezliklə, ən uyğun zamanda Albaniyada görmək arzumu bir daha bildirirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq diləyirəm.
Bir daha ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti” adlı virtual sərgidə Müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətinə dair fotolar, kitab və məqalələr təqdim olunur.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib. “Azərbaycan Xalq Cümhuriyyəti” adlı virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən http://anl.az/el/vsb/Cumhuriyyet/index.html istifadə edə bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə tanınmış yazıçı, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, Əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində mühüm rolu olan şəxsiyyətlərdəndir. O, həm Azərbaycan dramaturgiyasını və bədii nəsrini, həm də satirik publisistikanı yeni və orijinal mövzularla zənginləşdirib.
Özbək dilində istifadəyə verilən “Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyəti haqda məlumatlar öz əksini tapıb.
Bölmədə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycanın Şuşa şəhərində səhnəyə qoyduğu əsərlər haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalında Əbdürrəhim bəy Haqverdiyevin dərc edilən hekayə və felyetonları ona şöhrət qazandırıb.
AMM-dən verilən məlumata görə, “Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar il ərzində Özbəkistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.
Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, o cümlədən Əbdürrəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcək.
Vikipediyada özbək dilində yaradılan Əbdürrəhim bəy Haqverdiyev haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Abdurahimbek_Haqberdiyev linkində tanış olmaq mümkündür.
Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti canlı efiri ömrünü muğam sənətinin tədrisinə həsr edən unudulmaz pedaqoq, Əməkdar müəllim Nəriman Əliyevin xatirəsinə həsr olunub.
Verilişdə ustad xanəndənin tələbələri - Xalq artistləri, ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov, Gülyanaq Məmmədova, Əməkdar müəllim Qəzənfər Abbasov iştirak edib, bu il 90 illik yubileyi qeyd olunan müəllimləri ilə bağlı xatirələrini bölüşüblər.
Verilişdə Nəriman Əliyevin repertuarından muğam və təsniflər səsləndirilib. Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) və Amil Mustafayev (nağara) müşayiət edib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin facebook səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.