Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı – Mehdi Məmmədov

    Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatrın tarixində, intellektual mədəni elitanın ən parlaq nümayəndələrindən biri idi.

    Bu gün görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 102 il ötür.

    1918-ci il mayın 22-də Şuşada anadan olan sənətkarın ailəsi 1922-ci ildə Bakıya köçüb. O, 1931-ci ildə Teatr Texnikumuna daxil olmaq istəsə də, çəlimsizliyini səbəb gətirib onu qəbul etmirlər.

    Elə həmin il səhnə eşqiylə yanan gənc Mehdi Məmmədov İşçi Teatrının yardımçı heyətinə qəbul edilir. Bundan sonra o, Teatr Texnikumuna daxil olur. 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutda oxuyur.

    1940-cı ildə Akademik Milli Dram Teatrına rejissor, 1942-ci ildə bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrına baş rejissor, 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. 1963-cü ildə elmi işi ilə bağlı teatrdan uzaqlaşıb. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışıb.

    Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdi.

    Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır.

    Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Nadejdalarım” tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

    Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

    Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirirmişlər. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

    Onda bütün böyük şəxsiyyətlərə xas olan iddia və bu iddianın arxasında qaya kimi durmaq bacarığı hələ yeniyetmə çağlarından özünü göstərməyə başlamışdı.

    Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədov, dönə-dönə qeyd edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq duymayana qədər məşqlərə başlamırmış. Ciddi-cəhdlə diqqət ayırdığı daha bir cəhət isə gələcək tamaşanın forması idi. Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

    Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

    Onun İncəsənət İnstitutunun tələbə heyətinin təşkilinə son dərəcə tələbkarlıqla yanaşması barədə isə əfsanələr də yaranmışdı.

    Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

    Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyl özümdən asılı deyil”.

    Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

     
  • “Otello əfsanəsi” onlayn göstəriləcək

    Dövlət “Yuğ” Teatrı U.Şeksprin “Otello” əsəri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.

    Mayın 23-də nümayiş ediləcək səhnə əsəri rejissor Gümrah Ömərin quruluşunda izləniləcək. Tamaşada rolları aktyorlar Ziya Ağa, Fidan İsmayılova, Mətləb Abuşov, Toğrul Qasımov, Mirsənan Kazımlı, Gövhər Şabanova, Gövhər Fidan, Elçin Əmirov və Tural Kərimov canlandıracaq.

    Tamaşa saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

     
  • Xarici KİV-lər Tərcümə Agentliyinin fəaliyyətini işıqlandırıb

    Türkiyənin “Yeni gün”, Misirin tanınmış “Əl-Vəsilə”, “Sada Online”, “Hakik”, “Əl-Biddə”, “Avrasiya Diary”, “Əl-Vəld” xəbər saytları Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi barədə xəbərlər yayımlayıb.

    Məlumatda agentliyin, Azərbaycan dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərə uyğun olaraq, Azərbaycan dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi məqsədilə yaradıldığı, fəaliyyət istiqamətlərinə dövlət əhəmiyyətli sənədlərin, təşkilatlar, sahibkarlar, yerli və xarici vətəndaşlar tərəfindən təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi və ekspertizasına dair xidmətlərin daxil edildiyi qeyd olunub.

     
  • Bakı Musiqi Akademiyasında növbəti onlayn seminar təşkil olunub

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında növbəti onlayn seminar təşkil edilib.

    BMA-dan bildirilib ki, seminar akademiyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rüqiyyə Süleymanovanın rəhbərliyi ilə reallaşıb.

    Seminarda məruzə ilə çıxış edən R.Süleymanova Xalq artisti Amaliya Pənahovanın 1964-cü ildən ömrünün sonunadək 500-dən çox komik, faciəvi, dramatik teatr və kino sahəsində yaratdığı obrazlar haqda çox dolğun və ətraflı məlumat verib.

    Bildirilib ki, televiziya və teatr tamaşalarında əsas rollarda çıxış edən unudulmaz sənətkar, özünün rəngarəng oyun üslubu ilə Azərbaycan səhnəsi üçün çox böyük tapıntı idi.

    Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, laboratoriyanın əməkdaşları iştirak ediblər.

    Seminar çərçivəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

     
  • Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Füzuli ədəbi məktəbinin ən layiqli davamçılarından olan Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə bir sıra layihələrin həyata keçirilməsini planlaşdırır.

    Bu münasibətlə AMM-nin sifarişi ilə şair və tərcüməçi Tahir Qahhar S.Ə.Şirvaninin 233 qəzəlini özbək dilinə çevirib.

    Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, xüsusilə Özbəkistanda böyük maraqla qarşılanır. Bu il AMM-nin layihəsi ilə S.Ə.Şirvaninin əsərlərindən ibarət kitabın Daşkənddə nəşri nəzərdə tutulub.

    Qeyd edək ki, Tahir Qahhar Mədəniyyət Mərkəzinin sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və Hüseyn Cavidin əsərlərini də özbək dilinə tərcümə edib.

    Mədəniyyət Mərkəzinin layihəsi ilə Seyid Əzim Şirvani haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə də yaradılıb, Azərbaycan və rus dillərindəki bölmələr zənginləşdirilib.

    AMM bu il dahi şairin 185 illik yubileyi münasibətilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı beynəlxalq elmi konfransın keçirilməsini də planlaşdırıb. Tədbir Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə reallaşacaq.

     
  • Kitabxana Mikayıl Müşfiq yaradıcılığına müraciət edərək videoçarxlar hazırlayıb

    Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış Mikayıl Müşfiq yaradıcılığına müraciət edərək videoçarxlar hazırlayıb.

    Kitabxanadan bildirilib ki, videoçarxlarda şairin yazdığı kitablar nümayiş olunur və Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvü, gənc yazar Saleh Səbat böyük şair M.Müşfiqin yazdığı “Gecə düşüncəsi“ adlı şeirini səsləndirib.

    Mikayıl Müşfiq öz əsərlərində sevgi və gözəlliyi tərənnüm edib. Onun şeirlərində sosial və mədəni məsələlərə dair fikirlər ifadə olunub. Stalin repressiyasının qurbanı olan şair yaradıcılığının çiçəkləndiyi dövrdə - 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Mikayıl Müşfiq ölkəmizdə əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

     
  • Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə elan edilib

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və onun Qlobal Torpaq Tərəfdaşlığı proqramı Qlobal Simpozium çərçivəsində torpaq biomüxtəlifliyi (Soil Biodiversity) mövzusunda foto və video müsabiqə elan edib.

    Qaliblər 500 ABŞ dolları məbləğində mükafat qazanacaq.

    Müsabiqə iki əsas kateqoriyaya bölünür. Hər iki kateqoriya üzrə iştirakçılar mikroskop yaxud istənilən cihazla çəkilmiş yüksək keyfiyyətli şəkillər və ya qısa videolar, yavaşladılmış çəkilişlər təqdim edə bilərlər.

    Hər kateqoriya üzrə 5 seçilmiş finalçıya əlavə mükafatlar veriləcək. Onlar müxtəlif hədiyyələr, sertifikatlar əldə edəcək və onların işləri çap olunaraq Topraq Biomüxtəlifliyi mövzusunda Qlobal Simpozioum zamanı FAO-nun foyesində, eləcə də BMT/FAO-nun internet və sosial media səhifələrində nümayiş olunacaq və müsabiqənin qaliblərinə həsr ediləcək xüsusi məqalədə yerləşdiriləcəkdir.

    Müraciət etmək üçün iştirakçılar əvvəlcə qeydiyyat formasını doldurmalıdır. Materiallar iyunun 30-dək GSOBI20@fao.org elektron ünvanına göndərilməlidir.

    Müraciətçilər foto/video işlər üzərində müəlliflik hüququna sahib olmalı və müəllifin özü tərəfindən çəkilməlidir. İşlər müsabiqədən qabaq istənilən tarixdə çəkilmiş ola bilər.

    Əlavə məlumatı fao.org saytından əldə etmək olar.

     
  • “Ər və arvad” tamaşası nümayiş olunacaq

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Ər və arvad” tamaşasını növbəti dəfə mayın 24-də saat 18:00-da “facebook” hesabı vasitəsilə onlayn təqdim edəcək.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

    Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edəcək.

     
  • “Dörd əkizin nağılı” tamaşası nümayiş ediləcək

    Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş olunacaq.

    Saat 14:00-da göstəriləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

    Tamaşada musiqi tərtibatının müəllifliyi İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

    Qeyd edək ki, tamaşa uşaqlar üçün nəzərdə tutulub.

  • Paulo Koelyo pandemiya və məcburi təcrid zamanı oxuculara dəstək olmaq üçün iki nağıl yazıb

    Tanınmış braziliyalı yazıçı Paulo Koelyo pandemiya və sosial izolyasiya dönəmində oxucuları üçün təskinlik məqsədilə iki yeni nağıl yazıb.

    Xarici KİV-lərə istinadla xəbər verilir ki, yazıçının “A,B, V,Q” və “Dünyanın bir hissəsi” adlı əsərlərində insanları işıqlı düşüncələrə, sakitliyə, optimizmə ruhlandırmaq istəyib.

    Qeyd edək ki, Paulo Koelyo ölkəmizdə daha çox “Kimyagər”, “Veronika ölməyi düşünür” romanları ilə tanınıb.