#Evdəqal çağırışına dəstək olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycanın şəhər və rayonlarına virtual turlar təşkil edir.
İdarədən bildirilib ki, kitabxana “Vətənimizə virtual səyahət” layihəsini Ağsu rayonu ilə bağlı hazırlanmış videoçarxla davam etdirib.
Xəbər verdiyimiz kimi, virtual turlar Quba, Xızı, Tərtər, Göyçay, Ucar, Ağcabədi, Qax, Şəmkir, Siyəzən, Xaçmaz, Tovuz, Samux, Daşkəsən, İsmayıllı, Masallı və s. rayonlara, Gəncə, Sumqayıt və Şəki şəhərlərinə təşkil olunub.
Qeyd olunub ki, sözügedən layihədə Xızı, Göyçay, Ucar, Qax, Şəki və Ağcabədi rayonlarının Mərkəzi Kitabxanaları da fəal iştirak edir.
Videoçarx Ağsu rayonu haqqında olan ümumi məlumatla başlayır. Sonra rayonun xəritəsi izləyicilərə təqdim olunur.
Azərbaycanın gözəl guşələrindən biri olan Ağsu rayonunun təbiəti videoçarxda özünəməxsus rəngarəngliyi ilə diqqəti cəlb edir. Böyük Qafqaz dağlarının cənub hissəsində yerləşən Ləngəbiz silsilə dağları, Hinqar dağları, təbiətinə yamyaşıl gözəllik qatan meşələri və torpağı qidalandıran gur sulu çayları, təmiz tərkibə malik bulaq və şəlalələrinin siyahısı ilə yanaşı müxtəlif fotolar videoçarxda verilir.
Videoçarxda, həmçinin rayonun ərazisində iki çayın – Girdiman və Ağsu çaylarının olduğu qeyd edilir və bu çayların qolları haqqında maraqlı məlumatlar əks olunur.
Hər bir rayonun ərazisinə və iqliminə görə flora və faunası dəyişkən olur. Videoçarxda Ağsu rayonunun torpağında kök atmış müxtəlif bitkilərin (palıd, xan çinar, sumaq, zirinc, xurma, tut və b.), təbiət qoynunda məskən salmış heyvanların və quşların fotoları (ilan, canavar, dovşan, kəklik və b.) təqdim olunur.
Videonun davamında Ağsu rayon Qaraqoyunlu kəndi Qırmızı günbəz türbəsi, Ağ günbəz türbəsi, Şeyx Əmir Əhməd türbəsi, Qaraçıbulaq və bunun kimi başqa qədim tarixi abidələr, tarixi özündə əks etdirən muzeylər, Kalva kəndində yerləşən Sərəki və Savalan, Söyüdlü pirləri haqqında geniş məlumat yazılı surətdə izləyicilər üçün nümayiş olunur.
Videoçarxda Ağsunun tanınmış görkəmli və tarixi şəxsiyyətlərinin fotoları verilib.
Ağsu tarixən inkişaf etmiş sənətkarlıq sahələri ilə məşhurdur. Videoda xalçaçılıq sahəsi ilə əlaqədar Ağsu xalçaları da göstərilir. Videoçarx Azqranat şirə zavodu, Ağsu stadionu və bunun kimi digər müasir binaların fotoları ilə yekunlaşır.
Videoçarx Xalq artistləri Ağadadaş Ağayevin “Can Azərbaycan” və Aygün Kazımovanın “Azərbaycan” mahnıları ilə müşayiət olunur.
Layihəyə uşaqların diqqətini cəlb etmək üçün virtual turların materialları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyni adlı “YouTube” kanalında izləmək mümkündür.
Layihə davam edir.
Muzeylər – son dərəcə mühüm əhəmiyyət kəsb edir. Muzeylər həmişə ən əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər – bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirlər və müəmmalarının fiziki mühafizəkarlarıdır.
Beynəlxalq səviyyədə, hər il muzeylərin şərəfinə qeyd edilən tematik bayram keçirilir. Bütün dünyada “Muzeylər gecəsi” kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir. Muzeylər öz iş rejimini uzadır və ziyarətçilər üçün qeyri-adi tədbirlər hazırlayırlar.
COVID-19 koronavirus pandemiyası səbəbindən bu il ənənəvi “Muzeylər gecəsi” beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalaraq, bu dəfə qeyri-adi formatda keçirildi.
“YARAT” Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Muzeylər Günü münasibətilə multimedia layihəsini həyata keçirib.
Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olundu. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə etdilər. Əsərlər Azərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Mark Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təqdim olundu.
Yuxarıda qeyd olunan muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsilə nümayiş etdirildi. Tədbir zamanı ətraf binaların sakinləri mənzillərinin pəncərələri və eyvanlarından evdən çıxmadan bu təqdimatı müşahidə edib, əsərlərlə tanış oldular. Həmçinin axşam evlərinin yaxınlığında gəzişən Bakı sakinləri üçün keçirilən bu aksiya gözlənilməz bir sürprizə çevrildi.
Əsərlərin videotəqdimatı Bakının 4 müxtəlif məkanlarında baş tutdu. 6 muzey kolleksiyasından sənət əsərlərinin binalara proyeksiyası, şəhər həyatına rəng qatdı. Bu qeyri-adi hadisə şəhər sakinlərində zəngin təəssürat oyadaraq, böyük marağa səbəb olub.
“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri “YARAT”ın rəqəmsal platformasında işıqlandırılacaq.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 28 may - Respublika Günü ilə bağlı ailəvi onlayn viktorina elan edib.
Viktorina zamanı iştirakçılara 50 sual təqdim olunacaq. Qalib çıxan ailəyə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 5 kitab hədiyyə olunacaq.
Viktorinanın keçirilməsində məqsəd “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.
Nəticələr kitabxananın sosial şəbəkələri vasitəsilə açıqlanacaq.
Ətraflı məlumatı clb.az saytından əldə etmək olar.
Koronavirus pandemiyasının yayıldığı bu dövrdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa yox deyir!” adlı layihəni silsilə formada təşkil etməkdə davam edir.
Kitabxanadan bildirilib ki, aksiyanın fəal iştirakçısı olan şair-qəzəlxan, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın oxucusu Əli Əmirov (Ələmi) “Hələ” adlı qəzəli ilə virtual oxucuları tanış edib. Qəzəl eşq mövzusundadır və dərin hisslərə toxunaraq onları bədii sözlə təsvir edib.
Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq maraqlı layihə reallaşdırıb. Belə ki, tanınmış televiziya aparıcıları - Dilarə Səlim, Emil Şahzadə və Leyla Quliyeva kimi məşhur simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər.
Virtual tur çərçivəsində, həmçinin ilk dəfə olaraq muzeyə ekskursiya surdo-tərcümə ilə müşayiət olunub.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinə virtual tur layihəsi davam etdiriləcək, eyni zamanda, rus və ingilis dillərində də təqdim olunacaq.
Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.
Bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olan Xalq artisti Həqiqət Rzayevanın anadan olmasından 113 il ötür. Hər il bu təqvimdə xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.
Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident Sərəncamında “Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş” bir sənətkar kimi xarakterizə olunub.
Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları, ilk növbədə, yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşıb. Əsil adı Süsən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.
Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllimə olmağı arzulayırdı, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss ediblər.
1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb.
Beləliklə, o öz sənət yolunu müəyyənləşdirib və Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.
Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı, haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümidlər ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.
1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişib.
Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, ən başlıcası isə “Xalq artisti” fəxri adına layiq görülüb.
Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq” sitatı yaddaşlara həkk olunub.
Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olub. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.
İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış edib, öz şaqraq səsi ilə əsgərləri qələbəyə ruhlandırıb. Onun yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib. Yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoyub.
Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Laçın rayonunun işğalının anım günü ilə əlaqədar “Vətən adlı yaram sağalmır” mövzusu ilə tanınmış kino-aktyor, bədii qiraət ustası Kamran Yunislə virtual görüş keçirib.
Görüşdə dəyərli sənətkar vətənimizin müqəddəsliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan şəhidlərin ruhuna dərin ehtiramını bildirərək düşmən işğalında olan Qarabağımız və ayrı-ayrılıqda itirilmiş Vətən torpaqlarımızdan kədər hissi ilə söhbəti açıb.
Vətəni hər kəsin göz bəbəyi kimi qorumağın vacibliyini sözdə yox, qəlbən və əməldə olmasını qeyd edib. Eyni zamanda, kino-aktyor, bədii qiraət ustası Kamran Yunis Vətən haqqında bir çox şeirlər səsləndirib, “Vətən səndən keçmək olmur” adlı şeiri peşəkar qiraətçinin ifasında obrazlı çalarları ilə qəlbləri bir daha riqqətə gətirib.
Koronavirus pandemiyasına görə dünyada muzeylərin 90 faizi öz qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qalıb. Bununla belə, pandemiyadan sonra muzeylərin yalnız 13 faizi açılmaya bilər.
TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə UNESCO-nun rəsmi saytı məlumat yayıb.
“Cəmiyyətin möhkəmliyini təmin etməkdə muzeylər böyük rol oynayır. Biz onlara böhrandan çıxmağa, auditoriya ilə ünsiyyətini davam etdirməyə köməklik göstərməliyik” - deyə, UNESCO-nun Baş direktoru Odre Azule bildirib.
Məlumatda qeyd olunub ki, pandemiyanın müxtəlif dövrlərində 85 mindən çox muzey öz fəaliyyətini dayandırmalı olub. Afrika və inkişafda olan ölkələr öz kontentinin yalnız 5 faizini onlayn formatda nümayiş etdirə bilib. “Pandemiya bizə həm də dünya cəmiyyətinin demək olar ki, yarısının internetə girişə malik olduğunu göstərdi. Biz hər kəs üçün, xüsusilə də təcrid olunmuşlar arasında mədəniyyətin təbliği istiqamətində işlər görməliyik”, - deyə Odre Azule əlavə edib.
UNESCO və Beynəlxalq Muzeylər Şurasının (ICOM) birgə tədqiqatları nəticəsində məlum olub ki, öz ziyarətçilərini itirən mədəniyyət ocaqları gəlirlərin azalması təhlükəsi ilə üzləşə bilər. Nəticə etibarilə bu sektorda çalışan insanlar əziyyət çəkəcək.
“Muzey sənayesi dövlətin və özəl strukturların dəstəyi olmadan mövcud ola bilməz. Bu mədəniyyət ocaqlarına yardım etmək üçün vəsait axınını təmin etmək və mütəxəssisləri qorumaq vacibdir”, - deyə İCOM-un prezidenti Suay Aksoy bildirib.
Anadolu agentliyi Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi və dövlət xadimi Əhməd Ağaoğlunun həyat və fəaliyyəti barədə inforqrafika yayıb.
İnfoqrafikada Şuşa şəhərində doğulan böyük şəxsiyyətin Azərbaycan və Türkiyədəki misilsiz xidmətləri barədə türkdilli oxuculara məlumat verilir. Əhməd Ağaoğlunun bioqrafiyasının yer aldığı informasiya tablosunda böyük siyasi xadimin keçdiyi çətin və şərəfli həyat yoluna işıq salınır. Qeyd olunur ki, o, erməni silahlı birləşmələrinə qarşı müqavimət hərəkatında fəal iştirak edib. Anadolu agentliyinin qurulmasında Əhməd Ağaoğlunun tarixi missiyası var.
Diqqətə çatdırılır ki, Azərbaycanın dövlətçilik tarixində və inkişafında yorulmaz əmək sərf edən Əhməd Ağaoğlu Türkiyənin həyatında da eyni övlad məhəbbəti ilə təmsil olunub. Ömrünün sonunadək Türkiyədə yaşayıb, 1939-cu il mayın 19-da 69 yaşında vəfat edib və İstanbulda dəfn edilib.
Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib. Konfrans Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
Tədbir İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderatorluğu ilə keçirilib. İki hissədən ibarət konfransın birinci hissəsində Şirin Məlikova tədbir iştirakçılarını salamlayaraq sözü Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya verib.
Sevda Məmmədəliyeva Beynəlxalq Muzeylər Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Dünya üçün çətin bir dönəmdə konfransa qatılan bütün iştirakçılara, alim və mütəxəssislərə təşəkkürünü bildirib. Qeyd edib ki, 18 may dünyada muzey işçiləri üçün çox əlamətdar bir tarixdir. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olun Muzeylər Günü bu il "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik" devizi altında keçirilib. İncəsənətin bərabərliyi bu gün bir-birindən ayrı və sosial izolyasiya şərtlərində olan minlərlə insanı birləşdirən bir şüar kimi səslənir və sənətin cəmiyyətin həyatındakı bənzərsiz, humanist rolunu bir daha vurğulayır. Bildirilib ki, bu gün muzey işi mədəniyyət sahəsinin ən önəmli sahələrindən biridir. Muzey təkcə ziyarət edilərək ilham alınacaq bir məkan anlamından çıxaraq böyük sosial məna daşımağa başlayıb. Azərbaycanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının təmin edilməsi üçün dövlət səviyyəsində layihələr həyata keçirilir. Bu gün muzey işində də sağlamlığı məhdud insanlar üçün inklüziv layihə və proqramları uğurla həyata keçirilir: “Deməli, muzeylər işçi qüvvələrində, sərgilərdə, tədris proqramlarında və ziyarətçilər arasında inklüzivlik təmin edilməlidir. Bu sahədə xidmət göstərilən icmaların bütün üzvləri üçün təhlükəsiz, hərtərəfli şərait yaradılmalıdır”.
Daha sonra Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə məsləhətçi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin (Hindistan) professoru, İCOM-un keçmiş vitse-prezidenti Amareswar Gallanın çıxışları dinlənilib. Beynəlxalq ekspertlər məruzələrində mövzu ilə bağlı təcrübələrini bölüşüblər. Bu sahədə qarşıya çıxan suallar, yeniliklər haqqında məlumat verilib.
Konfransın ikinci hissəsində ölkəmizdən muzey mütəxəssislərinin məruzələri dinlənilib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi qurumun bu sahədə təcrübəsi, həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib.
“YARAT” Müasir İncəsənət Məkanının direktoru Suad Qarayeva-Maleki müxtəlif kateqoriyalı ziyarətçilər üçün reallaşdırılan layihələrdən söz açıb, bu istiqamətdə fəaliyyətin davamlı olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, hazırlanan yeni layihələr karantin rejimindən sonra da tətbiq ediləcək. Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Mərkəzi, “İçərişəhər” Muzey Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, habelə paytaxtımızda fəaliyyət göstərən ev, xatirə və mənzil muzeylərinin direktorları mövzu ilə bağlı müzakirələrə qoşularaq fikirilərini bölüşüblər.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova və digərləri çıxışları zamanı fiziki məhdudiyyətli ziyarətçilər üçün muzeylərdə reallaşan layihələr haqqında məlumat veriblər.
Sonda İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova konfrans iştirakçılarına təşəkkürünü bildirib.