Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın Əməkdar artisti İstanbulda onlayn konsert verib

    Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov Türkiyədə qeyd edilən 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə İstanbulda onlayn konsert verib.

    Konsert proqramı 19 May Gənclik Orkestrləri Festivalı çərçivəsində baş tutub. Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin rəsmi “YouTube” kanalı vasitəsilə yayımlanıb.

    Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

     
  • Bu il ölkəmizə gələn əcnəbilərin sayı açıqlanıb

    Cari ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunmuş, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.

    Cari ilin yanvar-aprel aylarında gələnlərin 30,4 faizi Rusiya Federasiyası, 27,9 faizi Gürcüstan, 12,3 faizi Türkiyə, 6,1 faizi İran, 2,3 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Ukrayna,1,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Pakistan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,2 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 74 faizini kişilər, 26 faizini qadınlar təşkil etmişdir.

    Cari ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 4,1 dəfə, Çindən - 3,5 dəfə, İspaniyadan, Omandan və Polşadan - 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətərdən və Niderlanddan - 2,3 dəfə, ABŞ-dan, İraqdan, İtaliyadan, Fransadan və Kanadadan gələnlərin sayı 2,2 dəfə azalıb.

    Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,0 dəfə azalaraq 70,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8 faizi dəmir yolu və avtomobil, 32,8 faizi hava, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

     
  • Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 45 faizə qədər azalıb

    2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 42,3 faiz azalaraq 944,7 min nəfər olub. Ölkə vətəndaşlarının 33,8 faizi İrana, 29,8 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 6,3 faizi isə digər ölkələrə səfər edib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

    Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3 faiz, Türkiyəyə gedənlərin sayı 42,4 faiz, Gürcüstana gedənlərin sayı 36,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6 faiz azalıb.

    2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

     
  • Dünyanın qeyri-adi qida məhsulları muzeyləri

    Dünyanın qida sahəsi ilə bağlı qeyri-adi ekspozisiyalı muzeyləri həmişə izləyicilər tərəfində maraqla qarşılanıb.

    Bu muzeylərin bir qismini oxuculara təqdim edirik.

    Ağdam Çörək muzeyi

    Azərbaycanda Çörək muzeyinin olduğunu bilirdinizmi?

    Dünyanın bir çox ölkəsində çörək muzeyi var. Rusiya və Almaniyadakı çörək muzeyləri ən tanınmış muzeylər sırasındadır. Azərbaycanın Ağdam şəhərində də belə bir muzey fəaliyyət göstərib. 1983-cü ildə ilk ziyarətçilərini qəbul edib. Çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında olan bu muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeydə 2 min 800-ə yaxın eksponat var idi.

    Kartof muzeyi

    Münxendə yerləşən Kartof muzeyi 8 sərgi zalından ibarətdir. İnklərin sivilizasiyasından başlamış bu günümüzə qədər bu məşhur bitki barədə hər bir məlumat, məhz burada maraqlanan insanlara təqdim olunur. Muzeydə, həmçinin kartof bitkisinin kulinariyadakı əvəzsiz rolunu sübut edən Otto Etkart fondunun kitabları və traktatları saxlanılır.

    Kakao və Şokolad Muzeyi

    Tanınmış Belçika şokolad sənətçisi, “Godiva”nın qurucusu Joseph "Jo" Drapsın həyat yoldaşı Gabrielle Drapsın təşəbbüsü ilə 1998-ci ildə yaradılmış xüsusi bir muzeydir.

    Göbələk muzeyi

    Yəqin Göbələk muzeyi necə olur deyə düşünürsünüz?

    1987-ci ildə Fransanın Loire vadisində istifadəyə verilən muzeydə göbələklərin yetişdirildiyi mağaraları gəzə, bütün növ göbələklərlə bağlı məlumat ala, həmçinin göbələyin dadına baxa bilərsiniz. Muzeydə, həmçinin göbələyin satışı da təşkil edilib.

    Amsterdam Pendir Muzeyi

    Amsterdamın gözəl tarixi və sənət muzeylərində gəzməkdən bir az yoruldunuzsa, qısa bir fasilə verib kiçik və rahat pendir muzeyinə getməyin vaxtı gəldi. Orada onlar sizə Holland pendiri istehsalının tarixi haqqında məlumat verəcək, sizin üçün müxtəlif pendirləri dadmaq imkanı yaradacaq və ənənəvi Holland fermer geyimində fotosessiya olunmağı təklif edəcəklər.

    Milli Xardal Muzeyi (Mustard Museum)

    Muzey ABŞ-ın Viskonsin ştatında, Xoriv şəhərində yerləşir. Baş prokurorun keçmiş köməkçisi olan Barry Levenson tərəfindən təsis və təşkil edilən muzey 1986-cı ildə Barrinin ən çox sevdiyi beysbol komandasını itirməkdən kədərləndiyi vaxt toplamağa başladığı kolleksiya əsasında yaradılıb.

    1992-ci ildə ilk tamaşaçısını qəbul edən muzeydə dünyanın 70-dən artıq ölkəsindən və 50 ABŞ ştatından toplanmış 60 mindən çox içində xardal və sous olan qutu, şüşə qabı, eyni zamanda, onlarla bağlı tarixçə və xatirələr var. Marağı görən Levenson nüfuzlu işini atır və ona uğur gətirən muzeyi daha geniş bir otağa köçürür. Muzey Opri Unfrinin (Oprah Winfrey) məşhur şou proqramında iştirak edir və onun haqqında səyahət proqramlarında reportajlar yayımlanır.

    Deutsches Currywurst Museum - Sosis muzeyi

    Almaniyada qızardılmış köri kolbasası İtaliyadakı pizza ilə eyni dərəcədə məşhurdur. Bu yemək II Dünya müharibəsindən sonra kiçik bir yeməyin sahibi Hertha Hoyver tərəfindən icad edilib. Hər şey xüsusi bir ədviyyatlı sousla bağlıdır. İngilis qoşunlarının işğalından sonra ketçupa əlavə etdiyi isti souslar və ədviyyatlar alıb. Ekzotik bir ketçup qarışığı, Worcestershire sousu və köri ədviyyatı o günlərdə təcrübəsiz şəhər sakinləri arasında tez bir zamanda uğur qazanıb və 1959-cu ildə Hoyver sousunu patentləşdirib. Muzey bu yeməyin mənşəyinin 15 avqust 2009-cu ildə bu yeməyin 60 illiyi münasibətilə açılıb. Fərqli interaktiv zonalara bölünür. Burada yalnız maraqlı şeylər öyrənməklə kifayətlənmirsiniz, həm də qeyri-adi dizayna heyran olursunuz. 2011-ci ildə muzey dizayn sahəsində bir sıra mükafatlara layiq görülüb.

    Zusatzstoffmuseum (Əlavə Qatqılar Muzeyi)

    “Siz yediyiniz qidalara nələr qatıldığını bilirsinizmi?”

    Hamburqda yerləşən Əlavə Qatqılar Muzeyinin işçiləri gələn ziyarətçilərə məhz bu sualı verir və elə özləri də cavablandırırlar - “Düzdür, qatqıların yeri muzeydir, qida yox”. Məhz bu şüar altında muzeydə qida qatqıları, onların yaratdığı fəsadlara həsr olunmuş müxtəlif sərgilər və tədbirlər təşkil olunur. Bu muzey arıqlamaq istəyənlər üçün xüsusilə tövsiyə olunur. Qatqılar haqqında verilən məlumatlardan sonra iştaha kəskin azalır.

  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsi izləyiciləri “Caz musiqisi axşamı”na dəvət edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mayın 20-də izləyiciləri canlı yayımla “Caz musiqisi axşamı”na dəvət edir.

    İdarədən bildirilib ki, həmin gün #senetinledestekle çağırışına qoşulan, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda caz ifaları ilə sənətsevərlərin rəğbətini qazanan, beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edən sənətçilərimiz populyar müğənni Təranə Mahmudova və caz pianoçusu Elbəy Məmmədzadə evdən konsert proqramı ilə çıxış edəcəklər.

    Konsertdə həm Azərbaycan, həm də dünyaca məşhur caz kompozisiyaları səslənəcək, eyni zamanda, sənətçilərimizlə canlı ünsiyyət qurulacaq.

    Caz musiqisi həvəskarları suallarını, arzu və istəklərini canlı efir vaxtı Baş İdarənin @bakimedeniyyetidaresi və Təranə Mahmudovanın @taranamahmudovaofficial “Instagram” hesabından bildirə bilərlər.

     
  • “Eurovision - 2021” mahnı müsabiqəsi Rotterdamda keçiriləcək

    Avropa Yayım Birliyi (European Broadcasting Union) “Eurovision - 2021” mahnı müsabiqəsinin Rotterdamda (Hollandiya) keçiriləcəyini təsdiq edib.

    TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Eurovision: Avropa bərq vurur” (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.

    Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou proqram “Ahoy” konsert zalında baş tutacaq.

    Artıq məlumdur ki, “Eurovision - 2020”də çıxışları elan edilmiş 41 ifaçı və musiqi qrupundan 18-i “Eurovision - 2021”də öz ölkələrini təmsil edəcək.

    Qeyd edək ki, say etibarı ilə 65-ci “Eurovision” müsabiqəsi bu il Rotterdamın Ahoy konsert zalında “Açıl” (Open Up) adı altında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi müsabiqəni koronavirus pandemiyası ilə əlaqədar təxirə saldı.

     
  • 18 may - Beynəlxalq Muzeylər Günüdür

    Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

    Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub.

    Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

    Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

    Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.

    Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

    Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

    Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

    Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

    Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər.

    Canlı muzey olan və bu gün düşmən tapdağı altında qalan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.

    Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

    Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

    Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

    “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

    Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

    Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

    Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

     
  • “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti buraxılışı Xalq artisti Arif Babayevə həsr olunub

    Beynəlxalq Muğam Mərkəzindən (BMM) birbaşa yayımlanan “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti, professor Arif Babayevin yaradıcılığına həsr olunub.

    Muğam Mərkəzindən bildirilib ki, verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova xanəndənin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açıblar. Diqqətə çatdırılıb ki, şeir, sənət ocağı, istedadlar diyarı qədim tarixə malik Qarabağ torpağı Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin məskənidir. Azərbaycanın Qarabağ bölgəsində zəngin ənənəyə malik olan xanəndəlik sənəti şərəfli tarixi inkişaf yolu keçib. Bu sənətin layiqli nümayəndələri olan ustad xanəndələr Azərbaycan muğamlarını, təsnif və mahnılarını şifahi şəkildə nəsildən-nəslə ötürərək müasir dövrümüzədək gətirib çatdırıblar. Məhz xanəndələr nəsli muğam ustadlarının zəngin irsini qoruyub saxlamaqla yanaşı, həm də ondan bəhrələnib və bu xəzinəyə öz yeni töhfələrini bəxş ediblər. Onların hər biri Azərbaycan milli musiqi mədəniyyətində dərin izlər qoyub. Qeyd edilib ki, belə sənətkarlardan biri də Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı professor Arif Babayevdir. Vurğulanıb ki, sənətkar öz yaradıcılığında nəinki gözəl xanəndə kimi, həm də bir pedaqoq kimi geniş fəaliyyət göstərən muğam ustadıdır. Verilişdə “Şöhrət” və “İstiqlal” ordenli xanəndənin sənət yolu mərhələli şəkildə təhlil olunub.

    Xanəndənin tələbələri Əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları Əməkdar artistlər Elçin Həşimov(tar), Elnur Əhmədov (kamança) , Kamran Kərimov (nağara) müşayiət edib.

     
  • “Aşıq Şəmşir” mədəniyyət ocağı xeyriyyə aksiyalarını davam etdirir

    Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir.

    Pandemiyanın elan olunduğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan təşkilat bu həftə də İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı ilə Bakıda, eyni zamanda, Gəncə şəhəri və ətraf rayonlarda yaşayan yaşı 65-dən yuxarı olanlar, tənha insanlar, aztəminatlı və digər imtiyazlı ailələrlə görüşlər keçirib. Xeyriyyə aksiyası zamanı onlara İctimai Birlik tərəfindən ərzaq bağlamaları çatdırılıb, eyni zamanda, müvafiq maarifləndirici məlumatlar verilib.

    Görüşlərdə iştirak edən sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

    Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını özünün kredosu seçən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi növbəti həftələrdə də xeyriyyə aksiyalarını davam etdirəcək.

     
  • “Kitabxana – dostluq körpüsüdür” layihəsi uğurla davam edir

    Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 2018-ci ilin payızından Udmurt Respublikasının Milli Kitabxanası ilə beynəlxalq əməkdaşlıq çərçivəsində maraqlı layihələr həyata keçirir.

    Kitabxanadan bildirilib ki, əməkdaşlıq çərçivəsində növbəti layihə “Kitabxana – dostluq körpüsüdür” adlanır. Layihənin məqsədi Yasamal rayon MKS-i və Udmurt Milli Kitabxanasının oxucularının virtual məkanda ən çox mütaliə etdikləri kitabların seçilməsinə həsr olunub.