Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşı Sədaqət Hacıyeva Xalq şairi Rəsul Rzanın yaradıcılığına müraciət edərək “Çinar” şeiri əsasında "Azərbaycanın novator şairi" adlı videoçarx hazırlayıb.
Videoçarxı kitabxananın əməkdaşı Zemfira Hacıyeva səsləndirib.
XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm", "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" . Şairin "Rənglər" silsiləsi də məşhurdur.
Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.
Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olan Rəsul Rza bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.
Görkəmli şair Rəsul Rza 1981-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası mayın 24-də sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.
Müvafiq olaraq saat 19:00-da izləyicilərin ixtiyarına veriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Rejissor Nofəl Vəliyev tamaşa haqqında məlumat verərək çox aktual bir məsələ qoyulduğu üçün bu pyesə müraciət etdiyini bildirib. O, tamaşada əlil insanların cəmiyyətə inteqrasiya olunmasının diqqət mərkəzində olduğu qeyd edərək vurğulayıb ki, heç kim qüsurlu doğulmaqdan sığortalanmayıb.
Tamaşada söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.
Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti, professor Arif Babayevin yaradıcılığına həsr olundu.
Verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova xaənəndənin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açdılar. Diqqətə çatdırıldı ki, şeir, sənət ocağı, istedadlar diyarı qədim tarixə malik Qarabağ torpağı Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin məskənidir. Azərbaycanın Qarabağ bölgəsində zəngin ənənəyə malik olan xanəndəlik sənəti şərəfli tarixi inkişaf yolu keçmişdir. Bu sənətin layiqli nümayəndələri olan ustad xanəndələr Azərbaycan muğamlarını, təsnif və mahnılarını şifahi şəkildə nəsildən-nəslə ötürərək müasir dövrümüzədək gətirib çatdırmışlar. Məhz xanəndələr nəsli muğam ustadlarının zəngin irsini qoruyub saxlamaqla yanaşı, həm də ondan bəhrələnmiş və bu xəzinəyə öz yeni töhfələrini bəxş etmişlər. Onların hər biri Azərbaycan milli musiqi mədəniyyətində dərin izlər qoymuşdur. Belə sənətkarlardan biri də Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı professor Arif Babayevdir. Vurğulanıb ki, sənətkar öz yaradıcılığında nəinki gözəl xanəndə kimi, həm də bir pedaqoq kimi geniş fəaliyyət göstərən muğam ustadıdır. Verilişdə “Şöhrət” və “İstiqlal” ordenli xanəndənin sənət yolu mərhələli şəkildə təhlil olunub.
Xanəndənin tələbələri Əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları Əməkdar artistlər Elçin Həşimov(tar), Elnur Əhmədov (kamança) , Kamran Kərimov (nağara) müşayiət edib.
Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
Azərbaycan Dövlət “Yuğ” Teatrı Argentina yazıçısı A.B.Kasaresin hekayəsi əsasında hazırlanmış “Qəbir qazma üsulu” tamaşasını mayın 21-də onlayn nümayiş etdirəcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış yeni tamaşanın quruluşçu rejissoru və tərcümə edəni Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir.
Tamaşanın əsas ideyası ondan ibarətdir ki, mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərərsə, o, məhvə məhkumdur.
Argentina yazıçısı A.B.Kasaresin fikrincə, cinayətlər törətmiş insanlar bir-birini sevən iki gənc olduğundan, onlar günahlar içində ailəni qoruyub saxlaya bilməyəcək, ailənin dağılması ilə ölümlərinə, sevgilərinin məhvinə səbəb olacaqlar. Yazıçının polisemantik fikri teatrının poetikası üçün çox səmərəlidir. Əsərdə fikirləri birmənalı şəkildə deyil, hər tərəfə yozmaq mümkündür.
Polşanın “blogowisko.net” kulinariya portalında Azərbaycan mətbəxindən olan kükü barədə məqalə dərc olunub.
Məqalədə vegetarianların zövqünü oxşayacaq və turistlərin də sevdiyi kükünün iki variantda bişirilmə qaydası izah olunub. Qeyd olunub ki, azərbaycanlıların, həmçinin turistlərin sevdiyi bu tərəvəz yeməyi vegetarianlar üçün böyük tapıntıdır. Xüsusən bildirilir ki, azərbaycanlılar bu yeməyin yanında mütləq təzə dəmlənmiş çay da içirlər. Polşalı turistlərin bu yeməyi Azərbaycana gedib dadmaları tövsiyə edilib.
Məqalədə digər tərəvəz yeməyi olan pomidor çığırtması barədə də məlumat verilib. Bildirilib ki, hər iki xörək həm səhər yeməyi, həm də nahara və ya şama hazırlanan yüngül yeməkdir.
Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ukraynada 28 may-Respublika Günü münasibətilə onlayn konsert keçirilib.
Onlayn konsertdə mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, ukraynalı aktrisa, müğənni Natalya Kudryaşova Azərbaycanın klassik və bəstəkar mahnılarını səsləndiriblər. Həmçinin mərkəzin nəzdində fəaliyyət göstərən rəqs qrupu Azərbaycanın milli musiqisini ifa edib.
Bəstəkarlarımızın mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri konserti onlayn izləyən tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan musiqisinin təbliğinin önəmindən danışan Q.Abbasov bildirib ki, karantin dövründə onlayn konsertlər davam etdiriləcək. O, karantindən sonra Ukraynanın digər bölgələrində də konsertlərin keçiriləcəyini vurğulayıb.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın müəllifi olduğu “Soyqırımı” kitabı Türkiyədə nəşr olunub.
Əsərdə təcavüzkar Ermənistanın əsassız iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən bəhs olunur. Tarixi faktlar və şahid ifadələri ilə Ermənistanın işğalçılıq siyasətini türkdilli oxuculara çatdıran müəllif hərbi yolla zəbt olunan torpaqlarımızda dinc azərbaycanlı əhaliyə qarşı törədilən bəşəri cinayətin acılarından yazır. Xocalı soyqırımının dəhşətləri, bir milyondan yuxarı azərbaycanlının qaçqın və köçkün düşməsi, günahsız insanların şəhid və əlil olmasına, əsir və girov götürülməsinə dair ən son məlumatlar tədqiqata cəlb olunub.
Kitabda, həmçinin erməni silahlı birləşmələrinin ötən əsrin əvvəllərində Anadolunun şərq bölgəsində, o cümlədən İğdırda müsəlman-türk əhaliyə qarşı törətdiyi ağır cinayətlər şahid ifadələri ilə qələmə alınıb.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza özünün hüdudsuz istedadı, zəngin bədii təfəkkürü ilə dəyərli əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii zövqü, milli və bəşəri dəyəri, poetik rəngarəngliyi özündə ehtiva edən gözəl əsərləri ilə həyat həqiqətlərini incəliklərinə qədər əks etdirib. Şairin yaradıcılığı və çoxşaxəli irsi Azərbaycan poeziyasına, xalqımıza misilsiz sənət inciləri bəxş edib. Bu gün şairin anadan olmasının 110-cu ildönümü tamam olur. Bu münasibətlə filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəfəq Nasir unudulmaz şairin ömür yoluna və yaradıcılığına bir bədii ekskurs edərək, əsərlərinin ideya və mahiyyəti ilə bağlı fikirlərini paylaşıb.
XX əsr Azərbaycan ədəbiyyatı tarixinin görkəmli ədəbi şəxsiyyətlərindən olan Xalq şairi Rəsul Rza milli, ictimai şüurun inkişafına, poetik düşüncənin yenilənməsinə çoxşaxəli, çoxistiqamətli yaradıcılığı ilə güclü təsir etmişdir. Eləcə də əsərlərindəki bədii kəşfləri, yenilikləri ilə çağdaş poeziyamıza yeni nəfəs gətirmiş, onu özünün poetik ziyası ilə rövnəqləndirmişdir. Ömrünün mənəvi davamı da əsərlərinin ideya və məzmununun milli-bəşəri mahiyyət kəsb etdiyinin, yeni yaradıcı nəsillərin yetişməsində bir məktəb yaratdığının bariz nümunəsidir. Bu gün şairin milyonlarla oxucusundan biri olaraq, həm də qələm sahibi kimi, haqqında söz demək istəyində olduğumdan vaxtilə, elə indinin özündə də oxuduğum əsərlərini göz önündə canlandırdım. Açığı, bu yaradıcılığın nəhrində onun poeziyasından, tərcümə, publisistika və pyeslərindən ətraflı bəhs etmək, bütövlükdə irsinə nəzər salmaq yığcam bir yazının imkanı xaricində olduğundan fikrimdə başqa bir yol aradım. Rəsul Rza elə bir nəhəng ədəbiyyat adamıdır ki, onun yaradıcılığı, ümumən irsi bir baxışda, yaxud da hər bir əsəri ayrılıqda, yenicə nəşr etdirdiyi bir kitab, bir şeiri belə yarandığı zamanda rezonans doğurmuş, ədəbi mühitdə böyük heyrət və maraqla qarşılanmışdır.
Burda onu deməliyəm ki, R.Rzanı olduğu kimi, daha aydın və dolğun, həm yaradıcılığını, şəxsiyyətini, insana, milli ideallara münasibətini, həm də əsərlərinin yaranma tarixini, dünya ədəbiyyatına bələdliyini, görkəmli ədəbi simalarla dostluğunu, bir sözlə, olum tarixindən fiziki yoxluğunadək, ondan sonra davam edən həyatını dərindən bilən, müşahidə edən, bir çox məsələlərdə də ədəbi intuisiyası ilə duyan övladı, məsləkdaşı Anardır. Yazıçının Rəsul Rzanın həyatı və yaradıcılığından bəhs edən “Mübarizə bu gün də var...” monoqrafik əsəri hələ nəşr olduğu zamanda məndə böyük təəssürat yaratmışdı. Şairi yenidən oxumaq, yaradıcılıq yolunu izləmək, onun məsləyinə bələd olmaq, ədəbi şəxsiyyətin görünməyən tərəflərini dərk etmək məqsədilə bu kitabı qısa bir vaxtda vərəqləməyi məqsədəuyğun bildim. İndiki halda şairlə bağlı nələrisə öyrənmək, bildiklərimə xatirələr işığında qayıtmaq istəyəndə Anarın böyük vətəndaş şairə həsr etdiyi adıçəkilən əsərinə yığcam şəkildə münasibət bildirməyi vacib sanıram.
Əlbəttə, ədəbi şəxsiyyətin keçdiyi ömür yolunun, yaradıcılığının bütün istiqamətlərdən araşdırılması, tədqiqi, onun fiziki yoxluğundan sonra daha ətraflı, yeni faktlar, dəlillər və yeni düşüncənin işığında böyük məsuliyyətlə araşdırılır. Əks təqdirdə, faktlara və hadisələrə yanlış münasibət, şişirtmə və ya ideyanı doğru mövqedən təqdim etməmək, yaradıcılıq yolunu aydınlığı ilə göstərməmək, ən əvvəl tədqiqatçının özünə, onun qələminə hörmətsizlikdir, sonra da yazıçının şəxsiyyətinə, ədəbi-bədii irsinə xəyanətdir. Mənin “Mübarizə bu gün də var...” monoqrafik əsər haqqında ilk fikrim belədir ki, Anar bu əsərini yazarkən ona doğma, yaxın olan mövzuya böyük məhəbbət və məsuliyyətlə yanaşıb, həm də bəzi yanlış münasibətlərə aydınlıq gətirib.
Bu əsərdə böyük bir ictimai-siyasi, ədəbi mühit var, bu mühitin bir neçə nəslinin ədəbi simaları, dövrün ziddiyyətləri olduqca həssaslıqla, doğru mövqedən araşdırılıb, təhlil olunub. Özü də bu təhlil elmi-nəzəri-metodiki istiqamətdə deyil, ədəbi-publisistik formada, hissiyyat və duyumun ən yüksək məqamlarının təsiri altında işlənib. Belə bir əsəri Anardan savayı kim yaza bilərdi? Başqa bir tərəfdən, Anar bu əsərində ona, eləcə də ədəbiyyat tariximizə doğma və gərəkli olan bu mövzunu bir vətəndaş, ziyalı düşüncəsi ilə, azərbaycançılıq məfkurəsinin işığında arayıb-toplayıb, böyük bir ədəbi arxivin bütün sənədlərini (yaddaş arxivi də ilk sırada olmaqla!) araşdırmış, ən başlıcası da tərəfsiz, qərəzsiz münasibət bildirməklə təqdirəlayiq bir əsərin ərsəyə gətirilməsinə nail olub. Bu fikrin barizliyinə bir nümunə: “Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir.
Təbii ki, bu yolu bəyənmək də olar, bəyənməmək də. Bu, zövq məsələsidir. Bu yolu qəbul etmək də olar, etməmək də. Bu da meyl, səviyyə, marağın yönüylə bağlıdır. Bu yolla getmək də olar, getməmək də. Bu da istək, şübhəsiz bacarıq məsələsidir. Çünki tək istək azdır, bu yolla getməyi bacarmaq da lazımdır. Hətta bu yolla gedib, bu yolla getdiyini inkar etmək də mümkündür. Bu da insaf məsələsidir. Amma istər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz...”
Əslində yazıçının bu mövqeyi, bir ziyalı olaraq həqiqi ədəbiyyatın keşiyində durmaqdır, şairi anlamayanların yersiz hücumlarından, qarayaxmalarından qorumaqdır. Anar R.Rzanı, onun ömür-sənət yoldaşı, ilham pərisi Nigar xanımı bir övlad məhəbbətilə, yaddaşında şırım açmış xatirələrin izi ilə, digər tərəfdən də əvvəldə qeyd etdiyimiz kimi, ədəbi şəxsiyyətlərin arasında və yaratdığı əsərlərin fonunda təqdim edib. Burda mövzu birdir, amma onun şaxələndiyi hadisələr, istiqamətlər, mövzu içində mövzuların, müxtəlif məqamların əhatə dairəsi genişdir. Onlara ayrılıqda nəzər salmaq, ümumilikdə xırda çayların axıb-töküldüyü dənizə “baş vurmaq” növbəti bir yazımızın qayəsi olacaq.
Rəsul Rzanın yaradıcılığı çoxşaxəli, çoxçeşidli, eyni zamanda, özünün dərin, fəlsəfi çalarları, ideya-məzmunu ilə nəhəng bir düzənlikdə çəmənzarı, gülzarlığı xatırladır. Hər birinin öz biçimi, öz rəngi, nəfəsi və ən ümdəsi ideyası var. Şairin ilk kitabı “Çapey”dən sonra bir-birinin ardınca çoxlu sayda əsərləri işıq üzü görmüş, ədəbi ictimaiyyətə təqdim olunmuş, oxucuların ixtiyarına verilmişdir. Onların sırasında “Mən torpağam”, “İnsan”, “İşıqlar üşüyəndə”, “Etiraf”, “And”, “Mirzə Cəlilin nisgilləri”, “Təyyarədə düşüncələr”, “Dəniz haqqında nəğmələr”, “Rəngli yuxular”... şeir topluları, “Poeziya zəhmət və ilhamdır”, “O gün-bu gün”, “Ötən günlər”, “Milli şüur və milli iftixar”, “Uzaq ellərin yaxın töhfələri”... publisistik kitabları, “Ağ rəngin simfoniyası”, “Azərbaycan elmi”, “Bəxtiyar”, “Böyük ömrün anları”, “Eldən soruş”, “Kəndlilər, “Qız qalası”, “Qızılgül olmayaydı”, “Tikdim ki, izim qala”, “Üzeyir ömrü”, “Yaşıl rəngin qamması”, “Yuva qurdum söz içində”... filmləri, “Vəfa”, “Görüş” pyesləri yaradıcılığının geniş üfüqlərindən xəbər verir.
Azərbaycan oxucusu Rəsul Rzanın tərcüməsində Fransua Viyon, Robert Berno, Henrix Heyne, Mixail Lermontov, Nikolay Nekrasov, İvan Turgenev, Taras Şevçenko, Emil Verxarn, Artur Rembo, Vladimir Mayakovski, Marina Svetayeva, Rabindranat Taqor, Federiko Qarsiya Lorka və onlarla dünya ədəbiyyatının görkəmli şair və yazıçılarının əsərlərindən nümunələri dilimizə çevirmişdir. Bununla şair həm də xalqlar ədəbiyyatının bir-birinə yaxınlaşmasının, təbliğinin və təəssübünün də qayğısına qalıb. Bu əsərlərin hər biri onun tərcüməçilik səriştəsi, orijinal üslub və dəst-xətti haqqında da layiq olduğu fikirləri söyləməyə əsas verir.
Deyilənə görə, Rəsul Rza cod, sərt adam olub. Amma onun bir çox şeirlərini oxuyanda bu fikrə birmənalı yanaşmaq olmur. İnanıram ki, indi “Məndə ixtiyar olsa” şeirindən gətirəcəyim nümunə oxucuların də ürəyindən olacaq:
Mən istəyirəm:
buludlar ağlasın,
uşaqlar ağlamasın,
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
Güllələr açılmasın.
... Hər şey insana baxsın,
İnsan ələ baxmasın.
Axsın bulaqlar gözyaşı kimi
torpağın üzərində
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində
- deyən şair, körpələrin taleyindən yana nigarançılığını, İnsan oğlunun qürurunun, qeyrətinin təəssübkeşi kimi ürəyinin istəklərini dilinə gətirir. Əslində, Rəsul Rza ədalətsizliyə, yalana, xəyanətə qarşı coddur, sərtdir, barışmazdır. O, həmişə həqiqətin, haqsız yerə incidilənin yanında olub, istedadlılara qayğı göstərib.
Bir haşiyə: Heykəltəraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, Şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda dedi: “Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir”. Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...
Rəsul Rzanın yaradıcılığı haqqında bir çox ədiblərimiz dəyərli fikirlər söyləmişlər. Burda onlardan ikisini xatırlatmağı zəruri hesab edirəm: “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şeirlərində real hadisələrdən çox real həyəcanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır” (Əli Nazim), “Rəsul Rzanın şeirləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır” (Əhməd Cəmil).
Rəsul Rzanın təbi həmişə bulaq kimi çağlamışdır. Bu bulağın gətirdiyi poetik incilər ədəbi cəmiyyətdə böyük coşqu ilə qarşılanan, ictimai şüura, düşüncəyə yenilik gətirən, səs salan yaradıcılığına həmişəyaşar bir ömür vermişdir. Şair yaşam boyu həyatın hər üzünün gerçək mənzərəsini, eyni zamanda, hər biri bir bədii lövhə təsiri yaradan həyat məqamlarını, insanların ovqatını, təbəddülatlarla zəngin təbiətini bir rəssam, nəqqaş məharətilə, bəzən sözün qatı, bəzən də açıq rəngləri ilə çəkmişdir.
Rəsul Rzanın bütün həyatı, ömrü mükəmməl, fəlsəfi yaradıcılığı ilə yanaşı, mübarizələr içində keçib. O, bu mübarizələrin bitmədiyini, həyatı boyu davam edəcəyini bildiyi üçün yazırdı ki: Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında... Bu mübarizələr mərhələ-mərhələ şairin həyatına özünün təzadlı təsirini göstərmiş yaradıcılığında açıq-aşkar ifadə olunmuşdur... Hər dəfə şairin yaşadığı həyatın izini, əksini gördüyüm əsərlərini xatırlayanda gözümün qarşısında R.Rzanın əzəmətli, bir qədər də sərt görkəmi canlanır. Onun ədəbi irsi ilə bütövlükdə tanış olanda bu böyük əqidə sahibinin, şair-vətəndaşın özünün obrzını duymamaq mümkün deyil. Bu yaradıcılığın mərkəzində onun sanki qranitdən yonulmuş heykəlinin ucaldığını görürük. Mənə görə şairin həyatı boyu yaşadığı ağrı-acılarının istiqamətverici ünvanı onun “Soruş”şeiridir...
Od nə çəkdi, küldən soruş!
Baş nə çəkdi, dildən soruş!
...Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi, ildən soruş!
Zülmətlərin möhnətini kor söyləsin!
Bəm xalların fəryadını zildən soruş!
Zənnimcə, bu şeir Rəsul Rzanın qovğalar, mübarizələr dolu bir həyat yaşadığının aydın göstəricisidir. Bütün bunlar imkan verir deyək ki, özünəməxsus yaradıcılıq yolu olan və hələ sağlığında özünün məktəbini yaradan şairin ədəbi-bədii irsi Azərbaycan ədəbiyyatının, ictimai fikir tariximizin mükəmməl bir səhifəsidir.
İyunun 3-dən etibarən İtaliya hər şeyə yenidən başlayacaq. Biz regionlar daxilində hərəkət və Avropadan gələn qonaqlarımızı qəbul edə biləcəyik.
Bunu İtaliyanın Xarici İşlər naziri Luiji Di Mayo Avropa Birliyindəki həmkarları ilə keçirdiyi görüşdə deyib.
Nazir qeyd edib ki, İtaliyadakı bütün turizm obyektləri, xidmət sahələri və otellər buna hazırdır.
Avstriya və Almaniyadan olan həmkarlarının İtaliyaya səfərə açıq olmamaları barədə qərarına cavab olaraq Di Mayo deyib ki, AB ölkələri arasında “qara siyahı”ların olması faktı üzücüdür. O, vurğulayıb ki, bu qərar dəyişməzsə həmin ölkələrin əlaqədar sektorlarına da zərbə vuracaq. “Biz birlikdə hərəkət etməliyik. Hər gün İtaliya regionlar üzrə hesabat təqdim edəcək və hər kəs vəziyyətin necə olduğunu görəcək”,-deyə italiyalı nazir vurğulayıb.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası karantin rejimində “Ölkəmizi tanıyaq” layihəsinin davamı olaraq “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində #Evdəqal aksiyasına dəstək olaraq virtual turlar təşkil edir.
Kitabxanadan bildirilib ki, layihədə Ucar, Xızı, Göyçay, Ağcabədi, Qax rayon və Şəki şəhər Mərkəzi kitabxanaları fəal iştirak edirlər.
Növbəti tur Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xaçmaz rayonunadır.
Videoçarx Xaçmaz rayonunun giriş fotosu ilə başlayır. Fotodan sonra rayonun yaranma tarixi, ərazisi, əhalisi və digər ümumi məlumatlar qeyd edilib.
Qeyd edilir ki, rayon ərazisinin 20 min 800 hektarı meşə örtüyü ilə zəngin təbiəti geniş təsvir edilib. Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzərə tökülən – Ağçay, Caqacuqçay, Qaraçay, Quruçay, Vəlvələ çayları, bununla yanaşı Quba, Qusar, Xaçmaz rayonlarının ərazilərindən axaraq Xəzərə tökülən Qusarçay, Azərbaycanın dördüncü böyük və şimal-şərq bölgəsində ən iri çayı olan Samur çayı, Sonalı, Güləlan, Qımıl kimi süni yaradılan göllər haqqında məlumatlar fotolarla izləyicilərə təqdim olunub.
Təqdim edilən videoçarxda bir-birindən müxtəlif quruluşa malik ağaclardan – akasiya, qarağac, qızıl ağac, vələ, dəndə, vələs, qovaq, dərman hazırlamaq üçün istifadə edilən bitkilərdən – qırxbuğum, baldırğan, pəl, pərəpötüyün, təbiətə xüsusi əlvan rəng qatan güllərin, iqliminə uyğun olaraq burada məskən salan heyvanların adları və fotoları da toplanıb.
Xaçmaz ərazisində altmış iki tarixi memarlıq abidəsi var. Videoçarxda bu abidələrdən Niyazabad limanı, Alban kilsəsi, XV əsrə aid Şıxlar kəndində yerləşən Şeyx Yusif məscidi və digər tarixi abidələr də verilib.
Xudat Heydər Əliyev Muzeyi, akademik Zərifə Əliyeva Muzeyi, Xaçmaz Hərbi-Döyüş Muzeyi, Xalqlar Dostluğu Muzeyi və bunlar kimi turistlərin diqqətini cəlb edən digər muzeylərin siyahısı ilə yanaşı, Xalça Muzeyində saxlanan qədim xalçaların fotoları da videoçarxda yer alır.
Xaçmaza məxsus ləzzətlərdən – əriştə aşı, maşplov, üç bacı dolması, quzu buğlaması, stəkan ağzı kimi yeməklərin fotolarını da videoçarxda izləmək mümkündür.
Xaçmaz rayonunda yetmişə yaxın istirahət mərkəzi yerləşir.
Videoçarxda yer alan musiqi Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısıdır.
Xaçmaz rayonunu əks etdirən videoçarx “YouTube”da yerləşdirilib.
Karantin rejimini daha da səmərəli keçirmək üçün hazırlanan videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.