Tacikistanın “Millat” portalında böyük Azərbaycan yazıçısı, dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev haqqında tacik dilində məqalə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 31-də Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb və bu sənədə əsasən ədib haqqında Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Materialda böyük yazıçının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, Əbdürrəhim bəy Haqverdiyevin adı UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil olunub.
Bildirilir ki, ədib Peterburqda institut bitirdikdən sonra Bakıya qayıdır və o zaman nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının naşiri Cəlil Məmmədquluzadə onu jurnalda işləməyə dəvət edir.
Vurğulanır ki, musiqi ilə maraqlanan Əbdürrəhim bəy Haqverdiyev 1908-ci ildə Üzeyir Hacıbəylinin Bakıda tamaşaya qoyulan birinci Azərbaycan operası- “Leyli və Məcnun”na dirijorluq edib.
Koronavirus pandemiyası dünya iqtisadiyyatına, eləcə də əhalinin məşğulluq xidmətinə böyük məbləğdə ziyanlar vurur. Asiya İnkişaf Bankının məlumatına görə, pandemiya dünya iqtisadiyyatına təqribən 4,1 trilyon ABŞ dolları həcmində ziyan vura bilər. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycan iqtisadiyyatına dəyən ziyanın gündəlik miqdarı təqribən 120-150 milyon manatdır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, koronavirus pandemiyasından ziyan çəkən sahələrdən biri də turizm sektorudur. Son iki ayda dünya iqtisadiyyatının ən aparıcı sahələrdən biri hesab olunan turizm sektoru öz tənəzzül dövrünü yaşayır. Türkiyə, Misir, İtaliya, Fransa, İspaniya, Xorvatiya, Yunanıstan, İsrail və s. ölkələrdə turizm sektoruna dəyən ziyan özünü daha çox hiss etdirir. Bir sıra turizm şirkətləri fəaliyyətini dayandırıb, bronlaşdırma sistemi ləğv edilib, aviareyslər təxirə salınıb. Bunlarla yanaşı, hazırda yerləşdirmə müəssisələri ziyanla işləyir, restoran və kafelərdə müştərilərin sayı kəskin azalıb. Bu amillər turizm sektorunu krizisə sürükləyir.
“Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə dünya üzrə turistlərin sayının 1,4 milyard nəfərdən 1 milyard nəfərə düşəcəyini proqnozlaşdırır. Lakin bəzi mütəxəssislər bu rəqəmin daha yüksək olacağını düşünür və turistlərin sayının 45-60, bəzi ölkələrdə isə hətta 70 faiz azaldığını bildirirlər. Turistləri isə maraqlandıran əsas suallar koronavirus pandemiyasından sonra turizm sektorunun vəziyyəti ilə bağlıdır. Belə ki, turistləri səfərlərinin ölkə xaricində mümkünlüyü, böhranın səyahət xərclərinə təsiri, xüsusi sağlamlıq sənədlərinin tələbi və s. bu kimi suallar maraqlandırır.
Turistlərin suallarına cavab vermək üçün bir neçə ssenarilər işlənib hazırlanmalıdır. Bu ssenarilərə pandemiyadan sonrakı dövrdə ölkələrin siyasi və iqtisadi vəziyyətindən, yerləşdirmə müəssisələrinin turistləri qəbul etmək imkanlarından, onların təhlükəsizliklərinin təminatından və digər amillərdən asılıdır. Hazırda turizm sektoruna ziyanın azaldılması məqsədilə Türkiyədə “hər şey daxil” sisteminin ləğvi, İtaliya və İspaniyada yerli turistlərə çimərliklərin təhlükəsiz fəaliyyəti, İsrail otellərində “Bənövşəyi işarə” standartının hazırlanması, Misir otellərinin yalnız 25 faiz doldurulmasına icazə, Yunanıstanda xarici turistlərə “Sağlamlıq pasportu”, Xorvatiyada isə “COVID-19 pasportu” təqdim etmələri üçün müəyyən tədbirlər paketinin hazırlaması üzərində işləyirlər”, - deyə institutun şöbə müdiri bildirib.
Z.İmrani hesab edir ki, pandemiyadan sonrakı dövrdə turistlər dərhal başqa ölkələrə səyahət etməkdən çəkinəcəklər. Xarici səfərlər isə əsasən işgüzar xarakterli olacaq. Turizm sektoru əsasən yerli turistlərə xidmət göstərəcək ki, bu da turistlər üçün daha münasib qiymətləri olan kiçik büdcəli hostel və otellərin fəaliyyətini stimullaşdıracaq. Məhz bu yanaşma ölkədə turizm sektorunda qiymət siyasətinə də təsir göstərəcək.
18 may - Beynəlxalq Muzeylər Günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını üç dildə “Dinləyin bizdə nələr vardır”, “Təsviri sənət əsərləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” kimi müxtəlif rubrikalar altında geniş auditoriyaya təqdim edəcək.
Təqdimatda sağlamlıq imkanları məhdud insanlar da nəzərə alınacaq. Muzeyin hazırladığı audio-video almanaxda milli və dünya ölkələrinin musiqi alətləri haqqında musiqi müşayiəti ilə səslənən postlarla yanaşı, muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının dünyadakı muzey işçilərini təbrik etmək üçün hazırladıqları onlayn bayram konserti də yer alacaq.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “facebook” səhifəsində “Mənim günahım” tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.
Tamaşada ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.
Tamaşada Nurcahan rolunu, Əməkdar artist Nərgiz Kərimova ifa edəcək. Digər rolları Əməkdar artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) canlandırıblar.
Səhnə əsərinin dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.
Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ömür -gün yoldaşına deyil, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir...
Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü Ayqıza zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən çox peşman olur və bu mənəvi əzabını çəkir...
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.
Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Milli İncəsənət Muzeyi də koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda qeyd edəcək.
Belə ki, Azərbaycan Milli İncəsənət Muzeyi mayın 18-də saat 12:00-da ilk dəfə olaraq görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmlərindən ibarət sərgi təqdim edəcək. Bu rəsmlər muzeydə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində Tbilisi Rəssamlıq Akademiyasının professoru Georgiy Quraspaşvillinin xüsusi metodikası ilə keçirilmiş ustad dərsləri zamanı 5 nömrəli Respublika xüsusi internat məktəbinin və Reabilitasiya Mərkəzinin şagirdləri tərəfindən yaradılıb. Virtual sərgini muzeyin “facebook”, “ınstagram” və “twitter” səhifələrindən izləmək mümkün olacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Qarabağ xanlığının tarixi paytaxtı Şuşa haqqında videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarxda Şuşanın Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri, Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi olması, şəhərin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında məlumat verilir və burada yerləşən tarixi abidələrin slaydları nümayiş olunur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu abidələrlə yanaşı, görkəmli şəxslərin mülkləri, bağları, qəsrlər, muzeylər, körpülər, büstlər, heykəllər və digər mədəniyyət abidələri erməni işğalçılarının əsarəti altına keçib.
Dövlətimizin böyük səyi nəticəsində bu tarixi abidə 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.
Dünyanın ən məşhur tarixi yerlərindən biri olan İstanbulun Topkapı Sarayında 200 yeni əsər sərgilənəcək.
Bu barədə Türkiyənin Milli Saraylar İdarəsindən bildirilib.
Sarayın saxlama bölümündən 2 min 700 tarixi əsər çıxarılıb və hazırda onların bərpa işləri aparılır.
Bu, yeni əsərlərlə birlikdə idarənin rəsm muzeyində Osmanlı padşahlarının portretlərindən ibarət Türkiyənin ən böyük kolleksiyası yaradılıb.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən bağlı olan Topkapı Sarayının bu il yenidən açılması gözlənilir.
18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.
Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlarla qeyd edəcək. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış edəcəklər. Qeyd edək ki, virtual tur rus və ingilis dillərində də təqdim olunacaq. Həmçinin ekskursiya muzeydə ilk dəfə “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət ediləcək.
Bununla yanaşı, Beynəlxalq Muzeylər Günü Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi onlayn bağlantı yaradacaq. Onlayn bağlantı zamanı “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə və gələcək planlar müzakirə olunacaq.
2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı elektron məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığı, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslər Əbdürrəhim bəy Haqverdiyev haqqında, əsərləri, xatirəsinin əbədiləşdirilməsi, filmoqrafiya, fotoqalereya bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında yazıçının Azərbaycan, türk, rus və ingilis dillərində əsərləri, audiokitablar, dövri mətbuatda və məcmuələrdə çap olunan əsərləri, səhnələşdirilmiş əsərləri, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar və digər sənədlər təqdim olunur. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/emb/E.Haqverdiyev/index.html
Kürdəmir Regional Mədəniyyət İdarəsi koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi şəraitində mədəniyyət müəssisələrinin fəaliyyətinin dövrün tələblərinə uyğun şəkildə qurulmasına həsr olunmuş videokonfrans keçirib.
Tədbirdə idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərin rəhbərləri iştirak ediblər.
Videokonfransda sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə onlayn konsertlər müzakirə olunub.
Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə, sosial dəstəyə ehtiyacı olanlara və aztəminatlı ailələrə qayğı göstərilməsinin vacibliyi vurğulanıb.