Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür

    Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

    Bu gün Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 98 il ötür.

    Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

    Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.

    O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

    Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

    Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

    R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

    Bəstəkarın maraqlı operettalarından biri “Mənim məhəbbətim – Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə – bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.

    Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. “Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi–ictimai qayəli operetta yaratmağa nail olub.

    Təqdirəlayiqdir ki, “Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir.

    Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.

    Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınıb. 1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.

    Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

    Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilib. 1969-cu ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilib və tamaşaçıların rəğbətini qazanıb.

    1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

    Əlcəzairdə işləyərkən R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazıb. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra “Alov” və “Hürriyyət” adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunub. Müəllif baletdə xalq və inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə edib.

    R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın Mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

    Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. İnanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaq. Çünki onun yaradıcılığı ölməzdir.

     
  • “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq

    Mayın 18-də Mədəniyyət Nazirliyi və ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans keçiriləcək.

    Azərbaycan Milli Xalça Muzeyindən bildirilib ki, iki hissədən ibarət konfransın birinci hissəsi saat 14:00-da başlayacaq. Bu hissədə konfransın fəxri qonaqları qismində beynəlxalq ekspertlər: “Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə təcrübə məsləhətçisi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin professoru, ICOM-un keçmiş vitse-prezidenti Amareswar Galla çıxış edəcəklər.

    Konfransın moderatoru ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olacaq.

    Konfransın ikinci hissəsi saat 15:00-da başlayacaq. Bu hissədə isə Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Mərkəzi, “YARAT” Müasir İncəsənət Məkanı, “İçərişəhər” Muzey Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Tahir Salahovun Ev-Muzeyi, Cəfər Cabbarlının Ev-Muzeyi, Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi, Əzim Əzimzadənin Mənzil-Muzeyi, Nəriman Nərimanovun Xatirə Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin direktorları mövzu ilə bağlı müzakirələr aparacaqlar.

     
  • Beynəlxalq layihə: Azərbaycan xalq mahnısı yeni aranjimanda

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə ərsəyə gələn yeni beynəlxalq layihə Azərbaycan xalq mahnısının yeni aranjimanda tanınmış musiqiçilər tərəfindən təqdimatından ibarətdir.

    İdarədən bildirilib ki, layihədə 11 yaşlı azərbaycanlı gənc istedad, “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş, Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi Məhəmməd Allahverdiyev tanınmış caz ifaçıları - Əməkdar artist, bas-gitara ifaçısı Ruslan Hüseynov və Danimarkadan olan zərb alətləri ifaçısı Deodato Siquirlə bərabər “Gül açdı” Azərbaycan xalq mahnısını ifa edib.

    “Səs uşaqlar 2020” yarışmasının iştirakçısı Məhəmməd Allahverdiyev instrumental əsərlərin müəllifidir. Uşaqlıqdan caz musiqisinə böyük maraq göstərib, xüsusilə görkəmli bəstəkar Vaqif Mustafazadənin musiqisinin vurğunudur. “Yağış” və “Payız” əsərlərinə klip çəkdirib. 2019-cu ildə XIV Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” Gənc Caz İfaçıları Beynəlxalq Müsabiqəsində 14 yaşına çatmadığına görə müsabiqədənkənar iştirak etsə də, istedadı sayəsində xüsusi priz və diploma, həmçinin “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülərək bu il Böyük Britaniya və Danimarkada keçiriləcək Caz Festivala dəvət alıb.

    Yeni layihəni Baş İdarənin rəsmi “YouTube” kanalından izləmək olar.

  • Türk dünyası muzeylərinə virtual ziyarət təşkil ediləcək

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mayın 18-dən 24-dək “Türk dünyası muzeylərinin həftəsi” keçiriləcəkdir.

    Layihə çərçivəsində həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin muzeylərinə uşaq və gənclər üçün virtual ekskursiya təşkil ediləcək. Muzeylərlə tanışlıq proqramının açılışı mayın 18-də Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ilə başlayacaq. Sonrakı günlərdə ekskursiyalar Qazaxıstan Respublikası Milli Muzeyi, Qırğızıstan Milli İncəsənət Muzeyi, Türkiyə Troya Muzeyi, Özbəkistan Dövlət Tarix Muzeyi, Macarıstan Milli Muzeyi ilə davam etdiriləcək. Mayın 24-də isə muzey həftəsinə yekun vurulacaq.

    Bu müddət ərzində gənc tamaşaçılar qədim tarixə və zəngin mədəniyyətə malik olan türk dövlətlərinin məşhur muzeylərini onlayn səyahət edə biləcəklər.

    Proqramın məqsədi məktəbliləri türk dünyası muzeyləri ilə tanış etmək, gənclərin türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə təkan verməkdən ibarətdir.

     
  • “100 il şərəfli ömür” filmi beynəlxalq festivalın seçilmiş filmlərinin siyahısında

    Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Lissabonda “Heritales International Heritage” Film Festivalının siyahısına daxil olunub.

    Bu festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması, mədəni irs tarixi mövzusunda çəkilmiş filmlər qəbul edilir.

    “100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

    Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

    O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

    C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

    Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

    Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin hacıya böyük hörmətindən, hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

     
  • “Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin keçirdiyi “Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan şair və yazıçılar öz əsərlərini təqdim etməkdə davam edirlər.

    Kitabxanadan bildirilib ki, aksiyaya qoşularaq yeni-yeni seir və qəzəlləri ilə çıxış edən professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahin Fazil ömrünün səksəninci zirvəsində ağsaqqal sözü, müdrik kəlamları ilə həmişə oxucuların rəğbətini qazanıb. Koronavirusun dünyada geniş yayıldığı bir vaxtda şair oxucuların görüşünə “Darıxıb yazdığım qəzəl”i ilə gəlib.

  • “Mənim sevimli kitabxanam” adlı müsabiqə elan edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Instagram” və “Facebook” səhifələrində "Mənim sevimli kitabxanam" adlı müsabiqə elan edib.

    İdarədən bildirilib ki, hər kəs öz evindəki kitab guşəsinin şəklini çəkib kitabxanaya göndərə bilər. Ən çox rəy toplayan kitab guşəsinin sahibi günün qalibi olacaq və həmin şəxsə kitabxana tərəfindən kitab hədiyyə olunacaq.

  • Universal Pictures “Üzü çapıqlı” ekran əsərini yenidən çəkəcək

    “Məni öz adınla çağır” (Call Me by Your Name, 2017) filminin ssenarisinə görə Oskar mükafatı qazanan italiyalı rejissor Luka Quadanino vaxtilə Brayn de Palma tərəfindən çəkilmiş “Üzü çapıqlı” filminin remeykini hazırlayır.

    TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə Universal Pictures kinostudiyası öz saytında yazıb.

    Məlumatda bildirilib ki, Luka Quadanino “Üzü çapıqlı” filminə yeni nəzərlərlə yanaşacaq. Hadisələr Los Ancelesdə (Kaliforniya) cərəyan edəcək.

    Ekran əsərinin ssenarisi Koen qardaşlarına həvalə olunub. Filmə Skot Stuber prodüserlik edəcək. Aktyor heyəti hələ ki elan olunmayıb. Filmin premyerasının nə vaxt olacağı da məlum deyil.

  • Kitabxana Möminə Xatun türbəsi haqqında virtual sərgi hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın qədim memarlıq abidələri haqqında virtual fotosərgilər hazırlayır.

    İdarədən bildirilib ki, növbəti virtual fotosərgi qədim və müasirliyi özündə birləşdirən, yaşı min illərlə ölçülən Naxçıvan abidələrindən biri - Möminə Xatun türbəsindən bəhs edir.

    Azərbaycanın qədim memarlıq nümunələrindən biri də özünün yüksək inşaat texnikasının səviyyəsi və zəngin memarlıq bəzəyi ilə başqa tarixi-memarlıq abidələrinin içərisində xeyli fərqlənən Memar Əcəminin şah əsəri, əzəmətli Möminə Xatun türbəsidir ki, o, sanki eşq mücəssəməsidir. Türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olub. Lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Binanın səthinə başdan-başa müxtəlif növ naxışlar vurulub. Türbənin bütün 10 guşəsinin bir-birini təkrarlamayan, bir-birinə azacıq belə oxşamayan mürəkkəb həndəsi naxışlarla işlənməsi memarın zəngin təfəkküründən, onun böyük istedadından xəbər verir.

    Möminə Xatun türbəsi iki hissəlidir - yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yerüstü hissənin xarici görünüşü planda onbucaqlı, daxili görünüşü isə dairəvidir. Bina bişmiş kərpicdən hörülüb, onun bütün səthini örtən piltələrin üzəri həmin kərpicdən düzəldilmiş zəngin ornamentlə, bəzi yerlərdə isə mavi mina ilə bəzədilib. Memar türbənin hədlərinin bəzəyində külli miqdarda kufi xətlə yazılmış kitabələrdən istifadə edib.

    Türbənin kimin üçün tikilməsi onun qurşağındakı kufi xətlə ərəb dilində həkk olunmuş yazıda göstərilir. Kitabələrdən aydın olur ki, türbənin Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldənizin hərəmi Möminə Xatun adlı qadının şərəfinə inşa etdirib. Möminə Xatun Azərbaycanın diplomat qadınlarındandır.

    Binanın tikilməsi tarixi hicri 1186-cı il göstərilir. Kitabədə Azərbaycan atabəyi Məhəmməd Cahan Pəhləvanın (1175-1186) adı çəkilir.

    Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə Xatun türbəsi "Naxçıvan məqbərələri" tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilib.

     
  • İftixar Piriyev: özümüzü qorumalıyıq ki, bütünlükdə xalqımızı qorumuş ola bilək

    Sevimli həmvətənlərim, əziz xalqımız, bu günlərdə gərgin həyat rejimi ilə üz-üzə dayandığımız bir həqiqətdir. Bu həqiqəti dərk edən hər kəs sabahımızın reallıqları barədə düşünməyi özünə borc hesab etməlidir. Ölkə rəhbərimiz, xalqımızın mənafeyi naminə əlindən gələn heç bir qayğını və diqqəti xalqımızdan əsirgəmir. Bu yolda bizlərin də üzərinə düşən bütün həlli mümkün olan və olmayan məsələlərdə ölkə Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmək borcumuzu bir an belə unutmamalı, bu fəlsəfəni bütün varlığımız və idrakımızla dərk etməli, irəlidəki günlərdə bizi qarşılayacaq gözlənilən və gözlənilməz olan hər bir labirintdən uğurla çıxmamız üçün dövlətimizin siyasətinə ruhən bağlı şəkildə dəstək olmağa, bu istiqamətdə iradəli olmağa çalışmalıyıq.

    Bu fikirləri Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev söyləyib.

    Bildirib ki, hər birimiz öz sahəmizdə dövlət başçısının etimadlarını vicdan məsələsi kimi qəbul etməli və doğrultmalı, aparılan islahatlara öz töhfələrimizi verməliyik: “Pandemiya bəlasından sonrakı yeni dövrün ilk başlanğıcından etibarən, səmərəli və çevik dinamika ilə həyatımızı davam etdirmək üçün təfəkkürümüzü yeniləməliyik. Biz sənət xadimlərinin üzərinə düşən məsələlərdə ilk növbədə, önümüzdə mayak kimi parlayan və bizi işıqlı gələcəyə aparmaq üçün gecəsini gündüzünə qatan ölkə rəhbərimizə sədaqətimizi bütün varlığımız və ruhumuzla isbat etməliyik. Bizə göstərilən münasibətlərə qarşı bizim xəyanət etməyə ixtiyarımız yoxdur. Sənətimizlə, sənətkarlığımızla vətənimizə, dövlətimizə, xalqımıza, ölkə rəhbərimizin tutduğu yolda, üzərimizə düşən işlərlə səmərəli olmağa çalışmalıyıq. Hər kəs öz sahəsində aktuallıq göstərməli, novatorcasına çalışmalıdır. Görülən tədbirlərə qarşı diqqətli olmaqla, özümüzü qorumalıyıq ki, bütünlükdə xalqımızı qorumuş ola bilək. Hazırkı mənzərə göstərir ki, aparılan uğurlu işlər öz nəticəsini tədricən verməyə başlayıb. Biz isə bu ağır günlərdən sonrakı həyatımızı düşünməliyik. Bütün ruhumuz və idrakımızla yenilənməliyik. Yeni ruhla, yeni tələblərə çevik reaksiya verməklə və dinamikamızı getdikcə gücləndirməklə, dünyanın ritmindən geridə qalmamalıyıq. Bunun üçün də, bir an belə, birliyimizi, bütövlüyümüzü səngitməməliyik. Onsuz da biz elə bir gücə, birliyə malik qüvvə qazanmışıq ki, kənardan əsən yellər bizim səmtimizi dəyişdirə bilməz. Bizim əbədiliyimiz sarsılmaz birliyimizdədir”.