Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bölgələrdə yaşayan yazarlar da Bakıdakı kitabxananın keçirdiyi aksiyada fəal iştirak edirlər

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələblərini və #Evdəqal kampaniyasını əhali arasında təbliğ edərək “Kitabxana – koronavirusa yox deyir!” layihəsinin həyata keçirilməsinə başlayıb. Kitabxana layihəyə bir çox şair və yazıçıları cəlb edərək “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası çərçivəsində nəzərəçarpan təbliğat işləri görə bilib.

    Kitabxanadan bildirilib ki, qocaman yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İmamverdi Zeynalov da yeni yazdığı şeirləri kitabxanaya virtual formada təqdim edib.

    İmamverdi Zeynalov 1960-cı ildən bu günə kimi respublika mətbuatında bədii yazıları ilə çıxış edir. 1987-ci ildə şairin “Muğanın ağsaqqalı” povesti çapdan çıxıb. İ.Zeynalovun yaradıcılığına Xalq şairləri Süleyman Rüstəm, Qabil, Xalq yazıçısı İsmayıl Şıxlı yüksək qiymət verib.

     
  • #mənoxudumsəndəoxu layihəsi çərçivəsində “Nağıl saatı” təqdim edilib

    Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.

    Kitabxanadan bildirilib ki, Mərkəzi Kitabxana Baş İdarənin təşəbbüsü ilə həyata keçirilən #mənoxudumsəndəoxu layihəsi çərçivəsində “Nağıl saatı”nda əməkdaşı Zeynəb Ziyyədinlinin səsləndirdiyi "Göyərçin və qarışqa" nağılını təqdim edib.

     
  • “Qodonun intizarında” növbəti dəfə göstəriləcək

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq Semuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa mayın 2-də onlayn nümayiş ediləcək.

    Sənət ocağının “facebook” hesabında saat 18:00-da təqdim olunacaq səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rejissoru Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

    Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

    Qeyd edək ki, dünyada ilk dəfə “Qodonun intizarı” üçün simfonik musiqini Xalq artisti, professor Fərəc Qarayev yazıb.

    “Hadisələrin bir məkanda və zamanda baş verdiyi “Qodonun intizarında” pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir. Fərəc Qarayevin “Qodonun intizarı” simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada 5 obraz var: Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan. Hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqda məlumat verilmir.

     
  • Üçüncü “Azərbaycanım” rəsm müsabiqəsinin qeydiyyat müddəti uzadılıb

    Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti” (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsinə qeydiyyatın vaxtı uzadılıb.

    Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    Onun sözlərinə görə, festivalda iştirak etmək istəyən çoxsaylı insanların müraciətini və koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar müsabiqənin müddətinin artırılması xahişlərini nəzərə alaraq müsabiqəyə qeydiyyatın mayın 15-dək uzadılmasına qərar verilib.

    Müsabiqə haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.

    Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Azərbaycanım” afişasına toxunmaqla və ya http://xsm.az/site/azerbaycanimfestival/ linkinə daxil olmaqla 1 və ya 2 əsərinin fotosunu daxil edərək göstərilən anketi doldura bilər. 

    Qeyd edək ki, müsabiqəyə 21 yaşadək gənc və yeniyetmələr qatıla bilər.

     
  • Sabahı düşünərək məsuliyyətsiz addım atmamalıyıq

    Artıq bir neçə aydır ki, dünya insanlığa qənim kəsilmiş gözəgörünməz varlıqla savaşır. Çindən başlanan epidemiya tezliklə çox geniş areala yayılaraq pandemiya xarakteri alıb. COVID-19 dünyanın bir parçası olan Azərbaycanda da təşviş və narahatlıq yaradıb. Dəhşətli virusa qarşı mübarizədə ölkə rəhbərliyi bütün imkanları səfərbərliyə alıb və mümkün olan ən zəruri tədbirlər görüb. Həmin tədbirlər hamısı insanları bu bəladan sağ-salamat və ən minimal itkilərlə sovuşdırmağa yönəlib.

    Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nuranə Nur xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirləri dəstəkləyətək deyib: “Bütün bunlara baxmayaraq amansız virusla mübarizə arxayınlaşmaq üçün heç bir əsas vermir. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də adamların bir qismi xəstəliyə inanmır, ciddi qəbul etmir və hətta ironiya ilə yanaşanlar da var. Heç bir qorunma üsulu olmadan, maskasız və əlcəksiz küçələrə çıxanlar da var. Halbuki biz elə bir dəhşətli və qorxunc virusla üz-üzəyik ki, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə edərək erkən arxayınlaşmaq və məsuliyyətsiz davranışlar koronavirusun yayılmasının ikinci dalğasına yol aça bilər. Bu isə çox ağır və fəlakətli nəticələrə aparıb çıxarar ”.

    O, bu yolda aparılan mübarizəni ardıcıllıqla davam etdirilməsini, əhalinin karantin rejiminin tələblərinə ciddi əməl etməsini vacib və gərəkli sayır: “Bəşəriyyət həmişə belə sınaqla üz-üzə qalmır, yüz, iki yüz ildə bir dəfə baş verən bu nadir hadisə bizim nəslin bəxtinə düşüb. COVID-19 xəstəliyi uzunmüddətli prosesdir, onun öhdəsindən qısa zaman ərzində və asanlıqla gəlmək mümkün deyil. Unutmaq olmaz ki, virus infeksiyasına mübtəla olanları xilas etmək üçün gecəli-gündüzlü çalışan, günlərlə, aylarla ev üzü görməyən həkimlər, tibb işçiləri var. Pandemiyanın ilk günlərindən indiyə qədər xalqımızı birlik və həmrəylik nümayiş etdirərək qorxunc xəstəliklə mübarizədə ən az itkilər verib. Əgər qurbanların çox olmasını istəmiriksə, özümüzün, doğmalarımızın, ailə üzvlərimizin və ətrafda olanların sağlamlığını düşünürüksə xəstəliyin artım dinamikasına yol verməmək üçün mövcud qaydalara riayət etməli və vətəndaş məsuliyyətini azaltmamalıyıq. Həyat və yaşam naminə zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Yaşadığımız müqəddəs Ramazan günlərində özümüzü, yaxınlarımızı, dünyamızı xilas etməliyik. İndiki dövrdə hər bir kəsin üzərinə düşən ən mühüm vəzifə bundan ibarətdir”.

     
  • BMA-nın tələbəsi beynəlxalq müsabiqənin birincisi olub

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birinci kurs tələbəsi Əfşan Əfəndiyeva “Caspi art uluslararası sanat yarışması” müsabiqəsində birincilik qazanaraq diplomla təltif edilib.  Bu barədə BMA-dan bildirilib.

    Ə. Əfəndiyevanın müəllimi, “Dirijorluq” kafedrasının professoru Leyla Məmmədovaya isə təşəkkürnamə təqdim olunub.

     
  • Qazaxıstanda bu il 1 may - Xalqların Birlik Günü fərqli qeyd edilir

    Qazaxıstanda hər il mayın 1-i Xalqların Birlik Günü kimi qeyd olunur. Hər il ölkə üzrə ənənəvi, xalq gəzintiləri, yığıncaqlar, şənliklər və konsertlərlə qeyd olunan bayram bu il fərqli formatda keçiriləcək.

    Bu il koronavirus səbəbindən yaz bayramının qeyd olunmasına düzəlişlər edilib. Belə ki, Qazaxıstanda Xalqların Birlik Günü münasibətilə təşkil olunan bir çox tədbirlər, ölkə ulduzlarının ifasında bayram konsertləri onlayn formatda keçiriləcək. Artıq ölkə rəhbəri əhalini bayram münasibətilə təbrik edib.

    Rəsmi olaraq Qazaxıstanda bu gün qeyri-iş günüdür.

    Qeyd edək ki, hər il bu bayramda Qazaxıstanda yaşayan xalqların adət-ənənələri ilə tanışlıq məqsədilə ölkənin bütün vilayətlərində və müxtəlif mədəniyyət mərkəzlərində bayram tədbirləri keçirilirdi. Çoxmillətli respublikada 150-dən çox millətin nümayəndəsi sülh, həmrəylik və birlik şəraitində yaşayır.

    Qeyd edək ki, ölkənin birinci Prezidenti Nursultan Nazarbayev 1996-cı ildə 1 mayı Qazaxıstan Xalqlarının Birlik Günü elan edilməsi barədə Sərəncam imzalayıb.

     
  • Dünyanın qeyri-adi kitabxanaları haqqında videoçarx hazırlanıb

    Koronavirus pandemiyasının hökm sürdüyü dünya bütünlüklə virtual aləmdə fəaliyyət göstərir. Bu, planetimizin müxtəlif guşələrində yerləşən və indiyə qədər geniş oxucu kütləsi üçün qaranlıq qalan, qəribəlikləri, qeyri-adilikləri ilə diqqət mərkəzində olmağa layiq faktları, obyektləri və mədəni irs nümunələrini öyrənməyə və paylaşmağa imkan verir.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası #evdəqalməlumatsızqalma çağırışına qoşularaq məhz dünyanın ən məşhur qeyri-adi kitabxanaları haqqında videoçarx hazırlayıb.

     
  • Milli Kitabxana beynəlxalq onlayn forumda xidmətlərini təqdim edib

    Aprelin 29-da Milli Kitabxanada MDB dövlətlərinin və digər xarici ölkələrin Milli Kitabxana direktorlarının iştirakı ilə “Karantin şəraitində mütaliə: kitabxanalar yeni formatda” mövzusunda Beynəlxalq Onlayn Kitabxana Forumu keçirilib.

    Milli Kitabxanadan bildirilib ki, forumda Azərbaycan, Rusiya, Qazaxıstan, İtaliya, Malayziya, Fransa, Çin, Moldova, Bolqarıstan, Gürcüstan və digər ölkələrin Milli Kitabxana direktorları çıxış ediblər. Onlar koronavirus dövründə kitabxanaların fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıblar.

    Onlayn forumda koronavirus dövründə yaranan problemlər müzakirə edilib, kitabxanaların bugünkü onlayn xidmətləri barədə çıxışlar dinlənilib.

    Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Milli Kitabxanalar karantin dövründə: yeni şəraitdə yeni xidmətlər” mövzusunda çıxışında yeni onlayn xidmət formalarını nümayiş etdirib və rəqəmlərin dili ilə oxucuların fəallığının artmasından danışıb. Forum iştirakçılarını Milli Kitabxananın hazırladığı “Dissertasiyaların virtual elektron kitabxanası”, “Səsyazılarının və qrammofon vallarının elektron kitabxanası”, habelə elektron resursu olmayan materialların yerindəcə rəqəmsallaşdırılaraq PDF formatında sifarişçilərin elektron ünvanlarına göndərilməsi xüsusilə maraqlandırıb və bu barədə K.Tahirova çoxlu sayda suallar ünvanlanıb.

     
  • Bu gün dünyada cazsevərlərin bayramıdır

    Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.

    Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

    Azərbaycanda da cazı çox sevirlər. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.

    Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtouz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

    Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.