Mayın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “facebook” səhifəsində “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşası onlayn qaydada nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.
Səhnə əsərində əsas rolları Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva ifa edəcək.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.
Qeyd edək ki, tamaşa ilk dəfə 2011-ci il noyabrın 2-də teatrsevərlərin ixtiyarına verilib.
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində aprelin 30-da Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert proqramı təqdim edilib.
Konsertin bu dəfəki qonaqları BMM-nin solistləri, Əməkdar artist Sevinc Sarıyeva və xanəndə Elgiz Əliyev olub. Xanəndələr karantin günlərində fəaliyyətlərindən söz açıblar.
Bildiriblər ki, BMM-nin solistləri olaraq mərkəzin onlayn layihələrində iştirak edərək izləyicilərə öz ifalarını təqdim etməklə yanaşı, "Bizi birləşdirən mədəniyyət"in "Muğam ustadları" layihəsində də yaxından iştirak edirlər. Verilişdə ADMİU-nin tələbəsi, rəssam Fidan Abidova da qonaq olub. Rəssam layihəyə töhfə olaraq görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin portretini “Mədəniyyət” kanalına hədiyyə edib.
Canlı yayım xanəndələrin ifasında xalq mahnıları, təsniflər və bəstəkar mahnılarından ibarət repertuarla davam edib. İfaçıları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə dövründə, ölkəmizdə həyata keçirilən ciddi karantin rejimi şəraitində fəaliyyət göstərən kitabxanalar, oxucuların asudə vaxtının təşkili istiqamətində maarifləndirici fəaliyyətlərini davam etdirirlər.
Oxucuların arzu və istəklərinə uyğun olaraq müstəqil layihələr həyata keçirməklə yanaşı, hazırda ölkə ərazisində gerçəkləşdirilən təşəbbüslərdə də yaxından iştirak edirlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı #mənoxudumsəndəoxu çağırışı çərçivəsində "Ağ göyərçin" adlı Azərbaycan xalq nağılının videoçarxını hazırlayıb.
“Klinika” filmindəki vəkil Ted Baklend rolu ilə məşhur olan amerikalı aktyor Sem Loyd ömrünün 56 yaşında beyin xərçəngindən dünyasını dəyişib.
TASS agentliyinə istinadən xəbər verilir ki, aktyorun beynində əməliyyatı mümkün olmayan bu şişin olması haqqında diaqnoz 2019-cu ilin yanvarında qoyulmuşdur.
“O, yaxşı oğlan və mehriban bir insan idi. Onun üçün çoxları darıxacaq”, - deyə amerikalı ssenariçi, “Klinika” filminin rejissoru Bill Lourens özünün “Twitter” səhifəsində yazıb.
Sem Loyd 1963-cü ilin noyabrın 12-də ABŞ-ın Vermont ştatında dünyaya gəlib. O, “Utanmazlar” (Shameless), “Amerikalı ailə”, “Çarəsiz evdar qadınlar” və digər filmləri ilə tanınıb.
Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı, ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.
Bakı Media Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx bu dəfə məhz polislərimizə həsr olunub. Sözügedən videoçarx mərkəzin sosial şəbəkələrdəki hesablarında da yer alır.
Aprelin 29-da UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının birinci onlayn görüşü keçirilib.
250-dən çox nümayəndənin iştirak etdiyi görüşdə 45 Milli Komissiyanın təmsilçisi çıxış edib.
Görüşün məqsədi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində UNESKO tərəfindən həyata keçirilən tədbirlər və Milli Komissiyalarla əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Əvvəlcə, Afrika prioriteti və xarici əlaqələr üzrə UNESKO Baş direktorunun müavini Firmin Eduard Matoko tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb və Milli Komissiyaların COVID-19 pandemiyası ilə mübarizədə rolunu qeyd edib. Sonra təhsil, mədəniyyət, sosial və humanitar elmlər, kommunikasiya və informasiya, təbiət elmləri və digər sahələr üzrə UNESKO Katibliyinin hesabatları dinlənilib və pandemiya şəraitində qurum tərəfindən qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər, eyni zamanda mövcud çətinliklər və mümkün çıxış yolları barədə təqdimatlar edilib.
Daha sonra müxtəlif ölkələrin Milli Komissiyalarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verərək, fikir mübadiləsi aparıblar. Görüşdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edib.
E.Sultanov çıxışında pandemiya ilə mübarizə çərçivəsində UNESKO-nun təhsil, mədəniyyət, elm və informasiya və kommunikasiya sahələri üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər, müvafiq layihə və təşəbbüslərə dair məlumat verib. O, Təhsil Nazirliyi tərəfindən ölkədə teledərslərin təşkil edildiyini və bu günədək artıq 1000 dərsin keçirildiyini bildirib. E.Sultanov “Virtual məktəb” layihəsi haqda məlumat verərək 600 min şagird və 50 min müəllimin bu layihədə iştirak üçün qeydiyyatdan keçdiyini diqqətə çatdırıb. Daha sonra o, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kreativ Azərbaycan” layihəsi və “Evdə qal, evdə yarat” təşəbbüsü haqda məlumat verərək ölkəmizin UNESKO-nun “ResiliArt” hərəkatına qoşulduğunu bildirib. E.Sultanov həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən görülən işlərə dair məlumat verib. Eyni zamanda, o, Milli Komissiyanın UNESCO və aidiyyəti dövlət qurumları arasında sıx əlaqələndirməni təmin etdiyini vurğulayıb. Sonda o, UNESCO və Milli Komissiyalar arasında dialoqun müntəzəm şəkildə davam etdirilməsi, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, pandemiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məqsədilə UNESCO tərəfindən Milli Komissiyaların gələcək fəaliyyətinə dair “yol xəritəsi”nin hazırlanmasını təklif edib.
Tədbirin yekununda UNESKO-nun Üzv Ölkələr və Tərəfdaşlar Bölməsinin direktoru Genc Seiti bütün iştirakçılara təşəkkür edib və Milli Komissiyalar tərəfindən səsləndirilən təklifləri nəzərə alacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, iclas internet vasitəsilə canlı yayımlanıb.
Beynəlxalq Muğam Mərkəzi muzey hissəsindən Azərbaycanın qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında növbəti mühazirəni sosial şəbəkələrdəki hesablarından təqdim edib.
Mühazirənin budəfəki buraxılışı ud alətinə həsr olunub. Məlumatı Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim edib.
Ud Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi alətidir və Azərbaycanda geniş yayılıb. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olub.
Udun konstruksiyası zaman keçdikcə tez-tez dəyişdirilərək təkmilləşdirilib. Müasir ud 6 simli musiqi alətidir. Bunlardan 5 qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüşü və yerləşdirilməsi çox qəribədir: orta melodik, yəni musiqinin əsl havasını (modulyasiyasını) çalan simlər, yanlarından isə (hər iki tərəfdən dəm saxlayan) bəm (alikvot) simlər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi elmi tədqiqat və araşdırmayönlü fəaliyyəti nəticəsində bu günə kimi Dəyirmi masa layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib.
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gerçəkləşən “Əbədiyaşarlarımız” telehəftəsi bu dəfə (27 aprel – 3 may) görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub.
Həftə ərzində hər iki bəstəkarın zəngin yaradıcılığı təqdim olunur, opera və balet musiqiləri, kamera və simfonik əsərləri, mahnıları və s. səsləndirilir. Layihənin buraxılışlarında Əməkdar artist İlham Nəzərov, Nərgiz Əliyeva və Ayla Kərimova- Zəkəriyyənin ifalarında hər iki bəstəkarın yaradıcılıqlarından nümunələr təqdim edilib.
Aprelin 29-da Vasif Adıgözəlovun “Natəvan” operası telekanalda nümayiş olunub. Eyni zamanda layihədə iştirak edən müəssisə və musiqi məktəbləri kollektivlərinin ifalarında bəstəkarların əsərlərindən ibarət üç dəqiqəlik videoroliklər təqdim edilib.
Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin həftə buraxılışında həmçinin tarzən, Xalq artisti, professor Ramiz Quliyevin doğum günü ilə əlaqədar aprelin 30-da sənətkarın solo konserti tamaşaçılara təqdim olunub. Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunan M.Maqomayevin “Şah İsmayıl” operasının lent yazısı da sənətsevərlər üçün nümayiş etdirilib.
Layihə üzrə mayın 2-də Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli solo ifası ilə tamaşaçıların görüşünə gələcək.
Aprelin 1-dən davam edən “Bizi birləşdirən mədəniyyət” layihəsinin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimizi, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayınlar uğurla davam edir.
Kitabxanadan bildirilib ki, aprelin 30-da keçirilən canlı yayının növbəti qonağı Əməkdar artisti, Akademik Milli Dram Teatrın aktrisası Mehriban Xanlarova olub. Qısa bir zaman kəsiyində öz ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayınına da minə yaxın istifadəçi qatılıb. Canlı yayının aparıcısı, kitabxananın şöbə müdiri Günay Həsənovanın və istifadəçilərin suallarını cavablandıran Mehriban xanım sənətə gəlişindən, ilk rollarından, bir səhnəni bölüşdüyü dahi korifeylər ilə xatirələrindən danışıb. Söhbət əsnasında teatr və kino sənətinin maraqlı parelelləri aparılıb, qonaq həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açıb.
M. Xanlarova Türkiyədə aparılan serial çəkilişləri haqqında danışaraq, qardaş ölkədə kino çəkilişlərinin maraqlı nüanslarından bəhs edib. Bundan əlavə, canlı yayın zamanı müasir teatr və kino sənəti, tamaşaçı tələbatı və s. mövzular ətrafında maraqlı söhbətlər aparıb. Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.
Dəfələrlə növbədə durana, yolda rastlaşdığıma – gəncə, ahıla iradımı bildirmişəm ki, niyə maska taxmırsınız. Bəzən görürəm ki, insanlarda koronavirus təhlükəsinə qarşı bir inamsızlıq var. Biz elə bilirik ki, ağzından od çıxan əjdaha kimi gəlməlidir bu koronavirus. Mən Çin qadağasının tərəfdarıyam. Təhlükə tam sovuşandan sonra onlara yarımsərbəstlik verildi. Bu da təbiidir. Onlar tez-tez belə viruslarla üzləşdiklərindən təhlükəni dərk edirlər.
Bu fikirləri yazıçı, Beynəlxalq Andersen Şərəf Diplomçusu Qəşəm İsabəyli deyib.
Yazıçı qeyd edib ki, prosesin ikinci dalğasını gözləmək lazım deyil. Karantin rejiminin yumşaldılmasından sui-istifadə etsək, koronavirusun ikinci dalğası qaçılmaz olacaq. Hansısa iş sahələrinə icazə verilibsə, mütləq qoruyucu tədbirlər – maska taxmaq, içəri girən insanların temperaturunu yoxlamaq və maskasız bir nəfəri də içəri buraxmamaq şərt kimi qoyulmalıdır. Yumşalma Çin üsulu ilə aparılmalıdır. İtaliya, ABŞ, İspaniya sərbəstliyi bizə lazım deyil. “Əhalinin cansağlığı vacibdir. Koronavirus Əzrail kimi bir həqiqətdir – üzgörənlik bilmir, yaşa baxmır, seçim etmir. Belə bir vəziyyətdə arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət hər birimizin və bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial təcrid tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq”, - deyə Q.İsabəyli əlavə edib.