Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

    Hər il aprelin 30-da dünya ictimaiyyəti bəşəriyyətin ən qədim incəsənət növlərindən biri olan heykəltaraşlıq ilə bağlı əlamətdar günü - Beynəlxalq Heykəltaraşlıq Gününü qeyd edir. Bu bayram Beynəlxalq Heykəltaraşlıq Mərkəzi tərəfindən 2015-ci ildə təsis edilib. Onun məqsədi heykəltaraşlığı bir sənət növü kimi populyarlaşdırmaq və insanlara məşhur heykəltaraşların yaratdıqları şedevrlər haqqında geniş məlumatlar təqdim etməkdir.

    Azərbaycan da bəşər mədəniyyətinə görkəmli heykəltaraşlar bəxş edib. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltaraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltaraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də hələlik adları məlum olmayan heykəltaraşlar fəaliyyət göstəriblər. Məsələn, Dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycanda müasir peşəkar heykəltaraşlığının təşəkkülü prosesində Bakıda bir sıra monumental abidələr qoyulub, milli heykəltaraşlıq kadrları yetişib. 1920–1930-cu illərdə ilk azərbaycanlı heykəltaraşlar İbrahim Quliyev, Yelizaveta Tripolskaya və başqalarının iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı. Hazırda akademik Ömər Eldarovun rektoru olduğu Azərbaycan Rəssamlıq Akademiyasında istedadlı heykəltaraşlar yetişdirilir.

    Azərbaycanın professional heykəltaraşlığının inkişafı 1930-1940-cı illərdə daha da sürətlənib. Cəlal Qaryağdı, Fuad Əbdürəhmanov, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarov kimi görkəmli sənətkarların yaratdıqları əsərlər paytaxt Bakı və ölkəmizin digər şəhərlərini bəzəyir. Müasir dövrdə Azərbaycan heykəltaraşlığı XX əsrin ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır.

  • Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

    Bu ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub.

    AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya Federasiyası, 9,0 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi Gürcüstan, 1,0 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,9 faizi Bakıda, 8,8 faizi Qusarda, 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

    Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz artaraq 346,0 min olub ki, bu da ümumi gecələmələrin 44,4 faizini təşkil edir.

    2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz artaraq 111,7 milyon manat olub ki, onun da 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 faizi ictimai iaşə xidmətlərindən, 3,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 11,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

    2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub (2023-cü ilin yanvar-mart aylarında 13,4 faiz). Bu göstərici Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağıdır.

  • Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

    Paytaxtdakı 33 nömrəli Uşaq musiqi məktəbinin violin ixtisası üzrə III sinif şagirdi Aleksey Dzyuba (müəllim – Rüfət Manafov və konsertmeyster Elmira Mehdiyeva) görkəmli rus pianoçusu və pedaqoqu Yelena Fabianovna Qnesinanın (1874–1967) 150 illiyinə həsr olunmuş musiqiçi-ifaçıların və bəstəkarların “Romantizm: mənşəyi və üfüqləri” adlı XIV Beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Aleksey Dzyuba uğurla iştirak edərək I dərəcəli diploma layiq görülüb.

    A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri Türkiyənin “Caspi Art Sanat və Sanatsal Egitim Hizmetleri” TİC.LTD.ŞTİ-nin təşkilatçılığı ilə onlayn keçirilən "CA Art World” adlı XIV Beynəlxalq musiqi müsabiqəsində uğur qazanıblar.

    Müsabiqənin nəticələrinə əsasən, məktəbin tar ixtisası üzrə II sinif şagirdi Rəşad Məmmədli, qanun ixtisası üzrə III sinif şagirdi Məryəm Qarazadə, V sinif şagirdləri Əkbər Cavadzadə, Cavidan Vəliyev I dərəcəli diploma, kamança ixtisası üzrə II sinif şagirdi Ziya Məmmədli II dərəcəli diploma layiq görülüblər.

    Müəllimlər Həqiqət Abbasova, Samir Şahbəddinov, Şəhla Məmmədova, Natavan Bədəlova təşəkkürnamə ilə təltif ediliblər.

  • Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

    Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.

    Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.

    Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış edəcəklər.

    Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.

  • I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

    Aprelin 29-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının üçüncü günündə “Gənc istedadlar” adlı konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, konsertdə 4-14 yaş arası istedadlı ifaçılar iştirak ediblər. Gənc artistlər “Mezzo” qadın kamera orkestrinin (konsertmeyster Kübra Rzayeva) müşayiəti ilə səhnəyə çıxıblar.

    Tədbirdə Fidan Hacıyevanın Vokal Məktəbinin, Bülbül adına Vokal Məktəbinin, Aybəniz Həşimovanın İncəsənət Akademiyasının və şəhərdəki digər musiqi məktəblərinin şagirdləri, eləcə də Azərbaycan Beynəlxalq Məktəbinin (TISA) uşaq xoru, İsveçin Azərbaycandakı səfirliyinin uşaq xoru və “Big Ben Kids Academy” uşaq xoru iştirak ediblər.

    Konsertdə Azərbaycan və xarici bəstəkarların klassik əsərləri səsləndirilib.

    Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə I Beynəlxalq Opera Festivalı aprelin 27-dən mayın 3-dək keçirilir.

  • Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

    Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenli, Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyinə həsr olunan tədbir təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, Xalq artistləri Ramiz Həsənoğlu, Mərahim Fərzəlibəyov, İlham Namiq Kamal, Cəfər Namiq Kamal, Həmidə Ömərova, Əli Nur, sənətsevər Vasif Ayan və aktyorun digər sənət dostları sənətkarla bağlı xatirələrini bölüşüblər.

    Əməkdar artist Zakir Əliyev ifa etdiyi musiqi nömrələri ilə qonaqların zövqünü oxşayıb.

    Tədbir çərçivəsində muzeyin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanan videoçarx, həmçinin tamaşalar və bədii filmlərdə canlandırdığı obrazlardan ibarət fraqmentlər nümayiş olunub.

  • Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

    Bakının mərkəzindəki Tusi-Bohm Planetarisinin ulduzlu günbəzinin altında istedadlı pianoçu Nigar Əsədullayevanın ifasında dünyaşöhrətli bəstəkar Hans Zimmerin musiqi əsərləri səsləndirilib.

    AZƏRTAC xəbər verir ki, konsertin təşkilatçısı qismində çıxış edən “RED EVENTS & Distribution ltd” kreativ agentliyi Azərbaycan, Böyük Britaniya, Rusiya və digər ölkələrin qədim malikanələrində, onların damlarında, oranjereyalarda, planetarilərdə və digər qeyri-adi ab-havası olan məkanlarda şam işığında unikal mədəniyyət tədbirləri keçirir.

    Elə bu axşam da planetarinin kiçik zalını dolduran dinləyicilər quraşdırılmış videoçarxların köməyi ilə heyranedici musiqi səyahətində iştirak ediblər. Video-art və kamera musiqisinin müşayiəti ilə keçirilən multimedia konserti Hans Zimmerin məşhur filmlərə bəstələdiyi və hər kəsə tanış olan musiqi əsərlərinə xüsusi ovqat qatıb.

    Konsert proqramında ifa edilən musiqi əsərləri arasında “He’s a pirate”, “The medallion calls” (“Karib dənizinin quldurları: Qara incinin lənəti”), “Now we are free”, “The battle” (“Qladiator”), “This land”, “Circle of life”, “Can you feel the love tonight” (“Aslan Kral”), “Mermaids” (“Karib dənizinin quldurları: Qəribə sahillərdə”), “Time” (“Başlanğıc”), “I see dead people in boats” (“Karib dənizinin quldurları: Dünyanın sonunda”), Jack Sparrow, Davy Jones (“Karib dənizinin quldurları: Ölünün sandığı”), “Chevaliers de Sangreal” (Da Vinçinin şifri”) filmlərinin saundtrekləri olub.

    Nigar Əsədullayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib: “Planetarinin meydançası tamamilə başqadır. Bu formatı ilk dəfə tətbiq etdik. Planetari, canlı fortepiano musiqisi, yeni klassiklərin əsərləri...İdeya, sadəcə, möcüzəvidir və mənim çox xoşuma gəldi. Açığı, konsert fəaliyyətinin bu cür modelində ilk dəfə iştirak edən ifaçılardan biri olduğuma sevinirəm və məchul platformada özümü göstərmək imkanı yaratdığına görə “RED EVENTS”ə minnətdaram”.

    -Bütün konsert boyu sizin üzərinizdə “kosmik həyat” canlanırdı.

    -Çox təəssüf ki, bütün instalyasiyanı müşahidə edə bilmirəm, amma ifam əsnasında hansısa məqamlarda şüuraltı olaraq hiss edirəm ki, üzərimdən bir şey uçur.

    -Bu, planetaridə ikinci konsertinizdir. Hər hansı fərqlər varmı?

    - Mən Hans Zimmerin əsərlərini, xüsusən də onun film musiqilərini çox sevirəm. Birincisi, bu qeyri-adi musiqidir. İkincisi, musiqi nöqteyi-nəzərindən qeyri-adi harmoniyaya malikdir və bu, ona yeni səs verir. Mən onun bəstələrini ifa etməyi çox sevirəm və fikrimcə, bu konsert bir qədər uğurludur. Ludoviko Eynaudinin musiqisinə dərin hörmətlə yanaşıram, amma bu gün sanki başqa bir nəfəs açıldı. Musiqi ilə kosmosun birləşdiyi atmosferi daha yaxından duydum. Özümü daha rahat hiss etdim. Tamaşaçıların enerjisi daha çox hiss olunurdu.

    - Bəzən Zimmeri bir çox bəstələr yazmaq üçün üç notdan istifadə etməkdə ittiham edirlər, lakin o, özünə istinadla bağlı mübahisə etmir.

    -Hansı notlardan söhbət getdiyini bilmirəm, amma məni mediadakı məqalələrdən çox onun musiqisi maraqlandırır. Amma bu, mümkündür... Yeri gəlmişkən, Dmitri Şostakoviç öz əsərlərində konkret notlardan istifadə edib, öz adını bəstələdiyi melodiyada şifrləyib.

    -Konsert proqramlarının özündə dəyişiklik olurmu?

    -Konsert proqramlarını tərtib edərkən çox çalışıram ki, onları bir-birindən fərqləndirim. Düzdür, Ludoviko Eynaudinin qısa siyahısı nadir hallarda dəyişir, çünki dinləyicilər bu musiqini emosional qavrayışın bəzi xüsusiyyətlərinə görə sevirlər. Zimmerin musiqisi dərhal xüsusi ekran şəkli ilə əlaqələndirilmək qabiliyyətinə malikdir və düşünürəm ki, bu kosmik quraşdırma dinləyicilərə adi qavrayışlarından mücərrədləşmək və ətrafdakıları yenidən görmək və eşitmək imkanı verdiyi zaman əlavə rəngə bürünür.

    -“RED EVENTS” ilə əməkdaşlığınız çərçivəsində konsert verdiyiniz məkanlardan hansında çıxış etməyə üstünlük verirsiniz?

    -Kilsə ilə planetarinin məkanlarını müqayisə etmək tamamilə yanlış yanaşmadır. Hissiyyatlara müraciət edək; mən musiqiçinin emosional və enerjili rəy aldığı auditoriyaya insanları yerləşdirmək imkanı da daxil olmaqla, təsiredici sərbəstliyi olan böyük səhnəyə öyrəşmişəm. Planetarinin həcmləri fərqli atmosferə malikdir. Birincisi, günbəzin altında instalyasiya. İkincisi, işıqlandırmanın tam tənzimləndiyi yarıqaranlıqda demək olar ki, tam qərq olma - notlar və klaviatura. Buna görə kiçik bir narahatlıq ola bilər, lakin enerjinin konsentrasiyası daha sıxdır və nəfəs alarkən hiss edilə bilər. Beləliklə, Kirx və planetarinin 50/50 nisbətində olduğunu söyləyə bilərik.

    -Ancaq planetaridə tamaşaçılar daha çox başlarının üstündə nümayiş etdirilən görüntülərə aludə olurlar və musiqiçiyə baxmırlar.

    - Tamaşaçının diqqətinin instalyasiya ilə yayındırılması bir musiqiçi kimi mənim üçün heç də kritik deyil. Axı bu, məhz əsas fikirdir: niyə olmasın? Yeni formatları sınamaq maraqlı və zəruridir. Aydındır ki, musiqiçi tamaşaçının diqqətinin onun üzərində cəmləşməsini sevir, amma mən qısqanc deyiləm. Hər halda, konsert sonunda bütün alqışlar mənə məxsusdur!

    - Ulduzlu günbəzin altında növbəti konserti səbirsizliklə gözləməliyik?

    - Tusi-Bohm Planetarisinin saytında konsertlərin davamı mütləq olacaq! Cümə günü, mayın 3-də yeni proqram təqdim edəcəyəm. Buraya Eynaudi, Zimmer və hətta digər neoklassiklərin əsərləri daxil ediləcək. Onu da qeyd edim ki, hazırda partiturasını təhlil etdiyim “Interstellar”ın saundtreklərini ilk dəfə ifa edəcəyəm. Əminəm ki, bu dəfə “RED EVENTS” layihəsi çərçivəsində Tusi-Bohm Planetarisinin ulduzlu günbəzi altında keçiriləcək konsert neoklassik musiqiyə dərindən bələd olanları və onun həvəskarlarını kosmik səyahətin qeyri-adi atmosferi ilə yenidən sevindirəcək.

  • Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

    “Bu il Qazaxıstanın Tamqalı bölgəsində Tambalı petroqliflərinə həsr olunmuş və Türk dünyası alimlərini bir araya toplayacaq elmi-praktik konfrans keçiriləcək. Bu gün Bakıda keçirilən tədbirdə fürsətdən istifadə edərək hər birinizi Qazaxıstanda baş tutacaq elmi-praktik konfransa iştirak üçün dəvət edirəm”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva Bakıda keçirilən Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısında deyib.

    Qazaxıstanlı nazir bildirib ki, Tamqalı elmi-praktik konfrans petaqalif tarixi-mədəniyyət qoruğunda baş tutacaq: “Tambalı tarixi mədəni qoruğu Qazaxıstanın paytaxtı Almatıdan 170 kilometr məsafədə yerləşir. Burada petroqaliflər əks olunmuş qaya - Tambalı ərazisi UNESCO-nun mədəni irsinə daxildir. Bu il keçiriləcək elmi-praktik konfrans iştirakçıları nadir petroqlifləri ziyarət etmək fürsəti əldə edəcəklər”.

  • “Don Rafael Trombonçu” yenidən səhnədə

    Mayın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Don Rafael Trombonçu” tamaşası növbəti dəfə nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva və Nofəl Vəliyev canlandıracaq.

    Komediya janrında olan səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət çox ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur - nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir.

    Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq.

  • Bu gün Beynəlxalq Caz Günüdür

    Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

    Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayıb. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdı. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir və yeni nailiyyətlərə imza atır.

    Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.