“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.
“YARAT”dan bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir.
Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə təqdim edilir. Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.
"Öz adanı kəşf et" poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub.
Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.
Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu ilin mayın 30-dək ziyarətçilər üçün açıqdır.
Özbəkistanın “ishonch.uz” portalında rus dilində Azərbaycan aşıq sənəti haqqında “Azərbaycanın qeyri-maddi mədəni irsi-aşıq sənəti” sərlövhəli məqalə yerləşdirilib.
Materialda ozan-aşıq sənəti haqqında özbək oxuculara bilgi verilir. Bildirilir ki, aşıqlıq sənəti Azərbaycan xalq arasında geniş yayılıb. Azərbaycanda aşıq sənətinin geniş yayıldığı bölgələrdə qədim zamanlardan aşıqlar el şənliklərini yola verib.
Yazıda aşıq havaları haqqında da məlumat verilir, bildirilir ki, hazırda aşıqlar 80-dən artıq hava ifa edirlər.
Bildirilir ki, ənənəvi klassik aşıq musiqisində bayatı, gəraylı, qoşma, təcnis və digər poetik janrlardan istifadə olunur.
Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun “İzlaniş səmərələri” adlı elmi məcmuəsində (2021) görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, professor Teymur Əhmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Fidaiy ijodkor” (“Fədakar sənətkar”) adlı məqalə dərc olunub.
Məqalə müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova alimin elmi-yaradıcı fəaliyyətini bir neçə istiqamətdə tədqiqata cəlb edib. Teymur Əhmədov ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizə dair xeyli sayda orijinal məzmunlu elmi-tədqiqat xarakterli monoqrafiyaların və kitabların müəllifidir. Bu əsərlərdə ədəbiyyatımızın klassik və görkəmli nümayəndələrinin – yazıçı və şairlərin, alimlərin yaradıcılıq yolları Teymur müəllimin qələmində işıqlanıb.
Dəfələrlə təkmilləşdirilərək nəşr olunan “Azərbaycan yazıçıları” fundamental ədəbi salnaməsi ədəbiyyat tariximizdə misli-bərabəri olmayan ədəbi abidədir. Fotoalbom janrında nəşr etdirdiyi rəngli kitablar həm də nəfis tərtibatı ilə diqqətəlayiqdir. Teymur Əhmədov xeyirxah insan kimi müdriklik mücəssəməsidir.
Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclası açan komitə sədri Qənirə Paşayeva deputatlara qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 30 ildən sonra torpaqlarımızı düşmən tapdağından azad etməsinin xalqımızın tarixi zəfəri olduğunu vurğulayıb, bu münasibətilə həmkarlarını bir daha təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Sonra Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən vacibi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna edilən dəyişikliklərdir. Komitə sədri hesabat dövründə komitədə görülən işlərlə bağlı geniş məlumat verib, deputatların ölkə gündəmində baş verən hadisələrə, işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrimizin, maddi-mənəvi irsimizin məhv edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə belə faktlarla bağlı deputatlar tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.
Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.
Hesabat məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək. Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, Prezident İlham Əliyevin işğaldan azad edilən Şuşa şəhərini Azərbaycan Mədəniyyət Paytaxtı elan etməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Festivalının və payız aylarında Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami İli” elan olunması ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.
Sonra komitənin iş planı təsdiqlənib.
Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətli olacağı vurğulanıb.
Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.
Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.
Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
“Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb.
“Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn jurnalın bu nömrəsi poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş xüsusi buraxılışdır.
Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.
Heydər Əliyev Sarayı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim edib.
İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan bu layihənin həyata keçirməsində məqsəd gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim edilməsidir.
Layihəyə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri qatılıb. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə Respublika regional musiqi məktəbləri sagirdlərinin də cəlb olunması nəzərdə tutulur. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunacaq.
Azərbaycan Yazıçılar Birliyinin “AYB Kitab” layihəsi çərçivəsində tanınmış şair-publisist Dəyanət Osmanlının “Həsrətin həzzi” adlı yeni şeirlər kitabı çap olunub.
Nəşrdə müəllifin yaradıcılığında üstünlük verdiyi milli-ictimai məzmunlu şeirlər və 15 sentyabr Bakının daşnak işğalından azad edilməsinə həsr olunmuş “İt nəfsi”, həmçinin “Çörək ağacı” poemaları yer alıb.
Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabın “Ön söz” müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayeva, layihənin rəhbəri isə Xəyal Rzadır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri Tomris Babanlı “Nizami Gəncəvi – dünya ədəbiyyatının incisi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib. Ölkənin bir sıra elm və təhsil müəssisələrinin nümayəndələrinin, eləcə də dünya miqyaslı alimlərin təmsil olunduğu videokonfrans Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, beynəlxalq tədbirdə Tomris Babanlı “Nizami Gəncəvi irsinin təbliğində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin həm milli ədəbiyyatı tədqiq etmək, həm də bu ədəbiyyatın yaradıcılarının irsini geniş auditoriyaya çatdırmaq vəzifəsinin mərhələlərindən bəhs edib. Bildirib ki, klassik Yaxın və Orta Şərq fəlsəfi fikrinin, bədii-estetik düşüncə tərzinin nümayəndəsi kimi Nizami şəxsiyyəti və irsini dünya ictimaiyyətinə tanıtmaq muzey izahatçılarının ən ümdə və şərəfli vəzifəsidir.
Tədbirdə, həmçinin mərkəzin dərnək üzvlərinin ifasında şairin şeirləri səsləndirilib, Nizami Gəncəviyə həsr olunmuş "Nizami yaradıcılığı və bədii sənət", "Dünya şöhrətli Nizami" adlı videoçarxlar nümayiş etdirilib.