Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq 10 yanvar 2024-cü ildən HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Xalq yazıçısı Elmira Axundovanın IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” və "Dövlət keşiyində" kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Şərq Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlı Elmira Axundovanın Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində çox böyük işlər gördüyünü bildirib.
O, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabının oxucuya yaxın bir dildə yazıldığını diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, yalnız Elmira xanımın yazdığı əsərlər fərqlidir: "O kitablar zərif və gözəl üslubda yazılıb". "Kitabların təqdimatının Heydər Əliyevin 100 illiyində keçirilməsi çox əlamətdar hadisədir. Həmçinin qeyd etmək istərdim ki, Elmira xanımı Heydər Əliyevin salnaməsi hesab etmək olar", - deyə Səlim Babullaoğlu əlavə edib.
“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.
"Dövlət keşiyində" əsəri isə Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən bəhs edir.
Xalq yazıçısı Elmira Axundova kitabların yaranması haqqında danışıb. O, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini bildirib.
Türkiyəli məşhur aktyor Ercan Kesal Bakıya gəlir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç məlumat verib.
Bildirilib ki, Ercan Kesalın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək: “Ercan Kesal Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Bakıya gəlir. Türkiyəli məşhur aktyor noyabrın 14-də saat 11:00-da sərgidə Yunus Əmrə İnstitutunun stendində kitablarını imzalayacaq və "Cebimdeki Ekmek Kırıntıları" adlı mövzuda çıxış edəcək. O, "Peri Gazozu", "Velhasıl", "Hekimlik Sanatları", "Evvel zaman", "Cin aynası" və s. kitablarının müəllifidir.
Bununla yanaşı Ercan Kesal keçmiş həkim kimi Tibb Universitetində "Hekimlik sanatı" mövzusunda tələbələrlə görüşəcək, təcrübə və hekayələrini bölüşəcək”.
Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı ssenari müəllifi və yazıçıdır. O, "Çukur" serialında İdris Koçovalı obrazı ilə daha çox məşhurlaşıb.
AzTV növbəti ildən cizgi filmlər istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ankarada səfərdə olan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədovla Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub. Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.
Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.
Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, Azərbaycan Televiziyasının əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.
Bu barədə Reporta qurumdan məlumat verilib.
Bildirilir ki, hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.
Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.
Qeyd edək ki, “Azərişıq” elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.
Noyabrın 13-də Bakı Ekspo Mərkəzində Milli Kitabxananın Elmi İşlər və Kitabxana İnformasiya Xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılovanın tərtib etdiyi “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdimatı keçirilən fotoalbom haqqında qonaqlara məlumat verib. O, fotoalbomun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdir Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər qonaqlar çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycanda kitab sənayesinin inkişafında Azərbaycan Milli Kitabxanasının rolundan danışılıb. Həmçinin “Azərbaycan Milli Kitabxanası” fotoalbomunun Milli Kitabxananın 100 illik yubileyinə bir hədiyyə olduğu, bir əsrlik tarixin maraqlı anlarını özündə əks etdirən kitab olduğu vurğulanıb.
Noyabrın 19-da Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Həmidə Ömərovanın yubiley yaradıcılıq gecəsi keçiriləcək. Tədbirdə Xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, Sərxan Sərxan, Gülyanaq Məmmədova, Xalidə Quliyeva və digərləri iştirak edəcəklər.
Sovet və Azərbaycan aktrisası, Azərbaycan SSR-in Əməkdar artisti (1988), Azərbaycanın Xalq artisti (2005), Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü (2021-ci ildən) Həmidə Ömərova 30-dan çox filmdə çəkilərək, 80-ci illərin ən uğurlu azərbaycanlı aktrisasına çevrilmişdi. O, “Qorxma, mən səninləyəm” (1982, rejissor Yuli Qusman) filmindəki Telli rolu ilə Azərbaycanın hüdudlarından kənarda da məşhurdur.
Həmidə Ömərova yaradıcılıq gecəsində tamaşaçılara nələrin təqdim ediləcəyi barədə fikirlərini AZƏRTAC-la söhbətində bölüşüb.
“Hər gün mənə zənglər olur. Bu tədbirə necə gəlmək barədə soruşurlar. Hamı fikirləşir ki, tədbiri mən keçirirəm. Lakin mən təşkilatçı deyiləm. Rasim Balayevin yaradıcılıq gecəsinin təşkilatçıları mənə müraciət etdilər. Mən həmin tədbirdə iştirak edirdim. Tədbir başa çatan kimi onlar mənə yaxınlaşdılar. Düzünü desəm, əvvəlcə imtina etdim... Bir var, rol oynayıb və ya kimisə təbrik etmək üçün səhnəyə çıxasan, bir də var ki, gecə tək sənə həsr olunsun”, - deyə Həmidə Ömərova qeyd edib.
Lakin təşkilatçıların, həmkarların və tamaşaçıların sevincinə rəğmən aktrisa yaradıcılıq gecəsinin keçirilməsinə razılıq verib.
“Tədbirdə mənim həmkarlarım, tanınmış artistlər iştirak edəcəklər. Sərxan Sərxan da olacaq. Biz onunla kinoda çəkilmişik, artıq neçə il keçib! Gülyanaq Məmmədova da gələcək. Yeri gəlmişkən, mən nə vaxtsa ona dərs demişəm. Başqa gözəl artistlər də olacaq. Deyirlər, onlar mənə hansısa sürpriz hazırlayacaqlar. Ancaq necə sürpriz olduğunu bilmirəm! Onlar bunu möhkəmcə gizlədirlər. Fikrimcə, gecə çox maraqlı keçəcək”, - deyə agentliyin müsahibi bildirib.
Həmidə Ömərovanın özünün proqramda iştirakına gəlincə, aktrisa xüsusi olaraq hazırlaşmamağa üstünlük verir, o, vəziyyətə görə improvizə edəcək.
“Mən ekspromtu çox sevirəm. Digər tərəfdən, ən mühümü əvvəldən hazırlanan və əzbərlənən proqram deyil, tamaşaçılarla canlı ünsiyyətdir. İnsanlar mənim monoloqlarımı dəfələrlə eşidiblər. Ancaq zal ilə söhbətləşmək heç də həmişə yaxşı alınmır. Əvvəllər biz tamaşaçılarla tez-tez görüşür, rayonlara gedərdik. Bu, insanları bir-birinə çox yaxınlaşdırır. Buna görə də hər şeydən əvvəl, mən gecənin qonaqları ilə ünsiyyət saxlayacağam, onlardan suallar gözləyəcək və bu suallara məmnuniyyətlə cavab verəcəyəm”, - deyə aktrisa əlavə edib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına da öz töhfəsini verir.
Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər, xüsusən bu ilin oktyabrında Şuşada gerçəkləşən I Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə də bu forumun önəmi qeyd olunub.
Söhbət zamanı birgə mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Noyabrın 13-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyinin təşkilatçılığı ilə hazırlanan "Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası-100" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində daha böyük uğurlar qazandığını bildirib.
Vurğulanıb ki, bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət edən Heydər Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin ən mühüm hissələrindən biri də Azərbaycan dövləti və xalqımız üçün çox böyük və zəruri əhəmiyyət kəsb edən mülki aviasiya olmuşdur. Azərbaycan Mülki Aviasiyası onun diqqətindən heç vaxt yayınmamışdı.
Tədbirdə çıxış edən digər natiqlər “Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası-100" kitabının məziyyətlərindən danışıblar.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın yekunlarına dair mətbuat konfransı keçirilib.
Əvvəlcə festivalla bağlı videorolik nümayiş etdirilib.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli Nuriyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev və Mədəniyyət Nazirliyinin sektor müdiri Elgün Əliyev festival haqqında məlumat veriblər.
Qeyd olunub ki, 22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək müraciət daxil olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə sentyabrda Bakıda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.
Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub.
İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən RMİ-nin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 uşaq üçün yay düşərgəsi təşkil edilib.
Avqustun 26-27-də Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.
Çıxışlardan sonra media nümayəndələrinin sualları cavablandırılıb.