Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.
Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.
IX Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Gənclər Kitabxanasının “Ulduz” jurnalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində gənc yazarlarla görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, gənc şairlər və yazıçılar iştirak ediblər.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov “Ulduz” jurnalı ilə birgə keçirilən layihə haqqında geniş məlumat verib. O, gənc istedadlara, şair və yazıçılara göstərilən dövlət qayğısından danışaraq, bu ənənənin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, böyük diqqət və qayğı ilə davam etdirildiyini bildirib.
Varis Yolçuyev müasir dövrümüzdə gənclərin öz yaradıcılıq nümunələrini çap etdirmək üçün geniş imkanlara malik olduğunu qeyd edib, yeni minillikdə poeziya və nəsrin mövzusunun dəyişdiyini, yeni istiqamətlər və çalarlar ilə zənginləşdiyini deyib.
Fərid Hüseyn uzun illər davam edən Qarabağın işğalının və Şuşa itkisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışaraq, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını diqqətə çatdırıb.
Təqdimatda Aygün Bayramlının, Emin Quliyevin, İntiqam Yaşarın, Şəhriyar del Geraninin və Fərid Hüseynin müəllifi olduqları şeirlər səsləndirilib.
Noyabrın 13-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Ankarada Şuşa mədəniyyət günləri”nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un baş ofisində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmilər iştirak ediblər.
Qarabağın incisi olan tarixi Şuşa üçün çox mühüm əhəmiyyət kəsb edən tədbirdə çıxışı zamanı Aydın Kərimov 2023-cü il ərzində Şuşa şəhərinin Türk xalqlarının mədəniyyətini, zəngin tarixini əks etdirən bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Tədbirdə şuşalı rəssamların şəhərin tarixini, özünəməxsus təbiətini, gözəlliyini özündə əks etdirən rəsm əsərləri nümayiş olunub, muğam ustalarının ifasında doğma Qarabağımızın tərənnümü ilə bağlı mahnılar səsləndirilib.
Hər il noyabrın 14-də qeyd edilən Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü dünyaya xatırladır ki, mədəni irs nümunələrinin oğurlanması, talanması və qanunsuz dövriyyəsi halları tez-tez baş verir. Bu barbarlıq aktlarını törədənlər xalqların mədəniyyətini, kimliyini və tarixini qarət edir. UNESCO beynəlxalq ictimaiyyəti bu cinayətlərə qarşı birgə mübarizə aparmağa çağırır.
Bu kontekstdə Ermənistanın Azərbaycana məxsus mədəni sərvətlərin qarət edilməsi cinayətlərini xatırlatmaq yerinə düşər. Hamıya məlumdur ki, müharibə və silahlı münaqişə zonalarında mədəni irs abidələrinin qarət olunması və onların qanunsuz dövriyyəsi daha tez-tez baş verir. Bu baxımdan, UNESCO Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın və Qarabağda olan separatçıların cinayətlərini daha dərindən araşdırmalıdır. Həmin illərdə ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyi və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz eksponatları oğurlanıb. Erməni təcavüzkarları həmin muzeylərdə olan Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları qarət edərək Ermənistana və digər ölkələrə daşıyıblar.
UNESCO-nun müraciətində qeyd olunub ki, mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinin bir çox səbəbləri var və bunun kökündə əxlaqsızlıq dayanır. Qeyri-qanuni ticarət edilən mədəni sərvətlər çox vaxt ya dünya üzrə qeyri-qanuni bazarlar, ya da hərraclar kimi qanuni bazarlar, o cümlədən internet vasitəsilə ötürülür. İnsanlar, hökumətlər, incəsənət bazarı və qurumlar maarifləndirmək, incəsənət və mədəniyyət obyektlərinin alqı-satqısı zamanı məlumatlı və etik olmaq, qanunlar qəbul etmək və onlara hörmət etmək, mədəni irsi və mülkiyyəti qorumaqla bununla mübarizə aparmaq üçün öz üzərinə düşəni edə bilərlər. Təəssüf ki, Qarabağda mədəni sərvətlərimizi talan edənlər üçün əxlaq anlayışı və bu prinsiplər tamamilə yaddır.
UNESCO ilk dəfə 2019-cu ildə 40-cı Baş Konfransı zamanı bu cinayətə və onunla mübarizə yollarına diqqəti artırmaq, habelə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq məqsədi ilə 14 noyabr tarixini Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qəbul edib və mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiya (1970) vasitəsilə proaktiv tədbirlər görür. 2020-ci ildə 50 illik yubileyi qeyd edilən bu Konvensiya qeyri-qanuni dövriyyəyə qarşı mübarizədə digər irəliləyişlərə paralel olaraq oğurluq və talançılığın qarşısının alınması və oğurlanmış mədəni sərvətlərin qaytarılması və bərpası üçün beynəlxalq çərçivə təmin edir. Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə son qoymaq üçün əldə edilmiş mədəni sərvətlərin mənşəyini yoxlayarkən hər bir alıcının tələb olunan lazımi yoxlamaya əməl etməsi vacibdir.
Erməni qarətçiləri məhz bu Konvensiya əsasında məsuliyyətə cəlb edilməli, onların dünyanın qeyri-leqal bazarları və ya hərraclar yolu ilə dövriyyəyə buraxdığı Azərbaycan xalçaları və digər qiymətli mədəni irs nümunələri müsadirə olunaraq geri qaytarılmalıdır. Bu il oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinin bariz nümunəsidir. Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Azərbaycanın Avstriyadakı səfirliyi buna etiraz əlaməti olaraq BMT-nin Vyana bölməsinin rəhbərinə məktub ünvanlayıb.
Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən noyabrın 8-dən 13-dək Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrika Respublikasından olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı xarici qonaqlar “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində quşların Qafqaz dağları ilə Xəzər dənizi arasında 90 kilometr uzunluğunda keçid yolunu əhatə edən "darboğaz"ı ziyarət edərək, payız miqrasiyasını müşahidə ediblər.
Bundan əlavə, Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan Milli parkları, Mahmudçala gölü, Varvara su anbarı, Xızı dağları, eləcə də digər ərazilərə səfərlər həyata keçirilib, Azərbaycanda mövcud olan nadir quş növləri müşahidə edilib.
Proqram çərçivəsində səfər iştirakçıları üçün ornitoloji turizmlə bağlı təqdimatlar, həmçinin B2B formatlı görüşlər təşkil olunub.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına başlayır.
Report bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379, Gəncə Yaşayış Kompleksi üzrə 34, Sumqayıt layihəsi üzrə 1 mənzil olmaqla, ümumilikdə 432 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə - 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318;
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;
Gəncə Yaşayış Kompleksi üzrə - 13.05.2020-ci il tarixli 29272;
Sumqayıt layihəsi üzrə - 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzilin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Sumqayıt layihəsi üzrə:
3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsinin www.hovsan.mida.gov.az, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsinin www.hovsan2.mida.gov.az, Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az, Sumqayıt layihəsinin www.sumqayit.mida.gov.az internet səhifələrinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
Tanınmış şairə Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq.
Report xəbər verir ki, "Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Şairənin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayacaq gecə Mərkəzin səhnəsində konsert proqramı ilə davam edəcək.
Konsertdə həm müəllifin, həm də tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səslənəcək. Həmçinin, məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa edəcək.
Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış edəcəklər.
Konsertin biletlərini Beynəlxalq Muğam Mərkəzinin və şəhərin kassalarından, həmçinin İticket saytından onlayn əldə etmək mümkündür.
Tanınmış rusiyalı yazıçı Viktor Slipençuk IX Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair 2023) iştirak edib.
AZƏRTAC xəbər verir ki, Rusiya ilk dəfə olaraq bu il sərginin fəxri qonağı olub. O, bütün ölkələr arasında ən böyük stendlə və daha çoxsaylı nümayəndə heyəti ilə təmsil olunub. Rusiya stendində rus ədəbiyyatı klassiklərinin, müasir yazıçı və şairlərin əsərləri, Rusiyanın tarixi və coğrafiyası ilə bağlı ümumilikdə 600-dən çox nəşr təqdim edilib.
Kitablardan birini sovet və Rusiya yazıçısı Viktor Slipençuk təqdim edib. “Rus sözü ilə səyahət” adlı kitab müəllifin hekayələrinin və müsahibələrinin məcmusudur, nəşrdə ötən günlərin xatirələri, həyat fəlsəfəsinə dalmaq, xeyir-şər məfhumları haqqında düşüncələr toplanıb. Bu kitab rusiyalı yazıçının əsərlərindən ibarət 8 cildli külliyyata əlavə olub.
Bu günlərdə Bakıdakı Rus evində Viktor Slipençukun yaradıcılıq gecəsi keçirilib. Bakı ziyalıları ilə görüş yazıçını ilhamlandırıb və o, Azərbaycanda bir müddət qalmaq, qonaqpərvər diyarla daha yaxından tanış olmaq qərarına gəlib.
Xatırladaq ki, kitab sərgisi noyabrın 15-dək davam edəcək. Hələ oxucuları yazıçılarla xeyli maraqlı görüşlər gözləyir. Tədbirdə dünyanın 11 ölkəsindən 30-dan çox təşkilat iştirak edir.
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə hazırladığı “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirə moderatorluq edən "Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlı 6 dildə - Azərbaycan, rus, fars, türk, ərəb, ingilis dillərində işıq üzü görən kitabın hazırda Çin dilinə tərcüməsi üzərində işlər aparıldığını diqqətə çatdırıb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxışında nəşrin Vətən müharibəsinə həsr olunan ilk kitab olduğunu qeyd edib. "Əsərdə Birinci Qarabağ müharibəsində məğlubiyyətin səbəbləri, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ordu quruculuğu ilə bağlı fəaliyyətindən bəhs edilir. Həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının mühüm aspektləri işıqlandırılır", - deyə o əlavə edib.
Nəşrin həmmüəllifi, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, kitabda 2003-cü ildən bəri Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr təhlil edilib. O, Qələbəyə doğru gedən yolun üç əsas səbəbini qeyd edib: “Qarabağın tarixən Azərbaycan torpağı olduğunu sübut etmək, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirmək və informasiya məkanında Ermənistanın təbliğat maşınını dağıtmaq. Bu üç əsas amil Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilib və Qələbəyə gətirib çıxarıb”.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mirtural Mirsultanov, "Şərq-Qərb" nəşriyyat evinin direktoru Sevil İsmayılova vurğulayıblar ki, kitabda, həmçinin İkinci Qarabağ müharibəsi dövrünün Qələbə tarixi və diplomatiyası araşdırılır. Azərbaycanın tarixi Qələbəsinin geosiyasi nəticələri və Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı dövrdə Qarabağın sosial-iqtisadi inkişaf strategiyası geniş təhlil edilib.
Qeyd olunub ki, bu kitab vasitəsilə oxucular Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinin bütün təfərrüatlarını öyrənə biləcəklər. Kitab Vətən müharibəsində qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacaq.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitaba giriş sözü yazıb. Nəşrin elmi redaktoru professor Kərim Şükürovdur.
Sabah Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda qazın verilişində fasilələr yaranacaq.
Reportun yerli bürosu xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.