Noyabrın 14–dən 16-dək Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Aşqabad şəhərində “Xoşbəxtlik dövrünün teatr sənəti” adlı IV Beynəlxalq Teatr Festivalı keçiriləcək. Ölkəmizi bu mötəbər festivalda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və TÜRKSOY–un təşkilatçılığı ilə qədim tarixi ənənələrə malik olan Şuşa Dövlət Musiqili Dram Teatrı təmsil edəcəkdir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı festivala Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası ilə yollanır. Şuşa Dövlət Musiqili Dram Teatrı noyabrın 15-də Böyük Saparmurat Türkmənbaşı adına Baş Dram Teatrının səhnəsində çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Əməkdar artistlər Nazir Rüstəmov (Həsənzadə), Azad Məmmədov (Fərəc), aktyorlar Zəhra Salayeva (Nargilə) və Püstəxanım Zeynalova (Nəzakət) ifa edirlər.
Görkəmli Azərbaycan dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” (sonradan “Sən həmişə mənimləsən” adı ilə məşhurlaşmışdır) pyesinin yazılmasından 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, əsər bu gün də sevilir, bu gün də tamaşaçı zövqünü oxşayır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası noyabr ayı üçün tədbirlər planını açıqlayıb.
AZƏRTAC tədbirlər planını təqdim edir:
7 noyabr- “Zəfər” musiqi və teatr festivalı çərçivəsində konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
10 noyabr- Azərbaycan SSR xalq artisti, violonçel ifaçısı Sabir Əliyevin 95 illiyinə həsr olunmuş konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
11 noyabr- Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Bəstəkarlar İttifaqının tədbiri. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
16 noyabr- Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
17 noyabr- Xalq artisti, bəstəkar Eldar Mansurov yaradıcılıq gecəsi. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
20 noyabr- YAP Səbail rayon təşkilatının 30 illiyinə həsr olunmuş tədbir. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
22 noyabr- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş tədbir. (ADMİU-nun tələbə xalq çalğı alətləri orkestr)
24 noyabr- Bəstəkar İlyas Mirzəyevin 60 illik yubileyinə həsr olunmuş konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
25 noyabr- II Braziliya Klassik Musiqi Festivalı. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
27 noyabr- Opera Art Dinarə Əliyeva IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert.
28 noyabr- “Könül” ansamblının konserti.
29 noyabr- Macarıstan səfirliyinin tədbiri. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
30 noyabr- Bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin yaradıcılıq gecəsi. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
Noyabrın 11-dən 15-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək. Sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 7-də sərgiyə həsr olunmuş mətbuat konfransında bildirilib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli sərgi ilə bağlı ətraflı məlumat verib: “Sərgi çərçivəsində fəxri yazarların və fəxri qonaq Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər təşkil olunacaq. Ümumilikdə 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur”.
Bildirilib ki, sərgidə Azərbaycanın Xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar ilə yanaşı, məşhur xarici yazıçıların da iştirakı gözlənilir. Belə ki, sərgidə Türkiyədən İsgəndər Pala, Tayfun Atmaca, Yunus Şen, Nimet Yıldırım, Rusiyadan Dmitri Bak, Dmitri Danilov, Aleksey Salnikov, Anastasiya Strokina, Vera Boqdanova, Gürcüstandan 2021-ci il üzrə Buker mükafatının uzun siyahısına daxil olan Nana Ekvtimişvili və ingilis yazıçı Anne Tomson da iştirak edəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində Azərbaycan nəşriyyatları tərəfindən kitablara 30-50 faiz endirim olunacaq.
Diqqətə çatdırılıb ki, ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Hər gün saat 10:00-dan 20:00-dək davam edəcək sərgiyə giriş ödənişsizdir.
“Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə sərgidə ilk dəfə Qətərin də təmsil olunacağını bildirib. Qeyd edib ki, sərgidə üç təqdimat zonası fəaliyyət göstərəcək.
Qeyd edilib ki, 9-cu Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərini bir-birindən rəngarəng proqramlar, məşhur simalarla və müxtəlif ölkələrdən iştirak edəcək fəxri qonaqlarla görüşlər gözləyir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar videomaterial hazırlanaraq izləyicilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Azərbaycanın dövlət rəmzi bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da öz əksini tapıb. Materialda 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında, Zəfər Paradında vüqarla dalğalanan Azərbaycan Bayrağının görüntüləri də təqdim edilir.
Videomaterialda milli istiqlal şairi Əhməd Cavadın, Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduqları və milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olan Azərbaycanın dövlət bayrağına həsr edilən şeirlərindən parçalar da yer alır. Bundan əlavə izləyicilər materiallarda Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqda da maraqlı məlumatlar əldə edə bilərlər.
9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir. Bu, eləcə də Mədəniyyət Nazirliyinin Zəfər Günü münasibətilə təşkil etdiyi "Zəfər" Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, "İRƏLİ" İctimai Birliyinin tərəfdaşlığı ilə noyabrın 8-də Ağdam Dövlət Dram Teatrında "İnanıram" monotamaşası ilə çıxış edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin rejissoru Elşad Rəhimzadədir. Tamaşada ana rolunu aktrisa Zemfira Əbdülsəmədova canlandırır.
Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...
Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.
Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr olunan Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zefer_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Bakı Ekspo Mərkəzində noyabrın 11-də açılışı olacaq 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli noyabrın 7-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, Təşkilat Komitəsi tərəfindən Xalq yazıçısı Afaq Məsud və tanınmış şair Şəhriyar Del Gerani 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib. 2019-cu il üzrə Buker mükafatının (Man Booker Prize for Fiction) laureatı Coxa əl-Harsi (Jokha Alharthi) 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.
“Sərgi çərçivəsində fəxri yazarların və fəxri qonaq Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər təşkil olunacaq. Sərgidə Azərbaycanın xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar iştirak edəcəklər”, - deyə A.Marifli diqqətə çatdırıb.
O əlavə edib ki, noyabrın 15-dək davam edəcək sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları şanlı tariximizin qürur səhifəsi 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü ərəfəsində “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” adlı elektron məlumat bazası hazırlayaraq istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında rəsmi sənədlər, Şuşa tarixinin xronologiyası, inzibati ərazi bölgüsü, tarixi-memarlıq abidələri, erməni qəsbkarlarının vandalizminə məruz qalan mədəniyyət, incəsənət nümunələri və bu gün həmin təhsil, mədəniyyət ocaqlarında aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar yer alır. Bazada görkəmli şəxsiyyətlərin Qarabağın incisi Şuşa şəhəri haqqında söylədikləri dəyərli fikirlər, mədəniyyət paytaxtı haqqında Azərbaycan və 10-dan çox xarici dildə qələmə alınan kitab, dövrü mətbuat materialları, musiqi nümunələri, izomateriallar təqdim edilir.
Elektron bazada Zəfər tarixinə, Prezident İlham Əliyevin Şuşa şəhərinə səfərlərinə, Şuşada keçirilən mədəniyyət tədbirlərinə həsr edilən bölmələr də mövcuddur. Məlumat bazasında Şuşa şəhərinin filmoqrafiyası, video və fotoqalereyası da təqdim edilir.
“Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkarın anadan olmasından 106 il ötür.
Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.
1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meyilini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.
O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəsgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.
Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.
1936-cı ildə Ü.Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.
Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.
Caz kollektivi saxlamaq məqsədilə, gənc ifaçıların hamısını Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər.
Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.
1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və M.Qorki adına Gənc tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən, U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.
Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.
O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir. Bu günlərdə “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.
Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.
Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xətti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.
T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.
Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.
Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.
Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.
Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.
Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, təmir işləri "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər olan hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-a qədər aparılacaq.
Agentlik sürücülərə qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.