Noyabrın 6-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbir keçirilib.
Report xəbər verir ki, tədbir çərçivəsində "Kətan, Vətən" adlı sənədli film də nümayiş olunub. “Azərbaycantelefilm” studiyasının istehsalı olan filmdə Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş dörd rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov və Fərid Məmmədovun döyüş xatirələri, onların müharibəyə insani və yaradıcı münasibətləri əksini tapıb.
Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranıb. Filmin sonunda göstərilən həmin rəsm əsəri bugünkü sərgidə də nümayiş olunub.
"Azərbaycantelefilm" studiyasının rəhbəri Əməkdar incəsənət xadimi Elçin Musaoğlu bildirib ki, bu günə kimi qurum tərəfindən Vətən müharibəsi mövzusunda bir sıra bədii-sənədli filmlər çəkilib. Bu mövzulu ekran əsərlərinin davamı olaraq noyabrın 8-də AzTV-də "O tərəfi kölgə" adlı bədii film nümayiş etdiriləcək.
Çıxışlardan sonra “Kətan, Vətən” filmi nümayiş olunub. Ekran işinin ssenari müəllifi və rejissoru Rövşən Nicat, layihə rəhbəri Elçin Musaoğlu, quruluşçu operatoru Elxan Rüstəmovdur.
Tədbir çərçivəsində, həmçinin Muzey Mərkəzinin Sərgi qalereyasında “Döyüşən rəssamlar” adlı sərginin də açılışı olub. Sərgidə Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovla yanaşı, Pəri Əsgərova və Fəxri Musazadənin ümumilikdə 55 əl işi nümayiş etdirilib.
Sonda qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın noyabr ayı üçün hazırlanan repertuar planı açıqlanıb.
AZƏRTAC sənət ocağının noyabr repertuarını təqdim edir.
4 noyabr- “Leyli və Məcnun”
8 noyabr- “Bir nəfəs qədər”
10 noyabr- “Qızıl cücə”, “Kimdir müqəssir”
11 noyabr- “Qırmızı papaq”, “Utancaq qız”, “Sevənlərindir dünya”
12 noyabr- “Bremen musiqiçiləri və Pen”, “Beş manatlıq gəlin”
17 noyabr- “Qırmızı papaq”, “Mən dəyərəm min cavana”
18 noyabr- “Qırmızı papaq”, “Leyli və Məcnun”
19 noyabr- “Düyməcik”, “Nəğməmə inan”
24 noyabr- “Bəxtiyar”
25 noyabr- “Qızıl cücə”, “Amerikalı kürəkən”
26 noyabr- “O olmasın, bu olsun”.
Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edən mədəniyyət naziri Adil Kərimli qəbuldan sonra Naftalan şəhərinə səfər edib, şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə baş çəkilib. Mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat verilib.
Daha sonra Naftalan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirilib. Müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Nazir son olaraq Naftalan şəhər Uşaq musiqi məktəbində olub, müəllim və şagird kollektivi ilə görüşüb. Təhsil ocağında istedadlı, yaradıcı potensiallı uşaqların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.
Azərbaycan Gənclər Fondunun təşkil etdiyi “Öz mahnını oxu” adlı layihənin müsabiqə mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə bir çox dövlət qurumlarının nümayəndələri, ekspertlər, musiqiçilər və Göyçay gəncləri iştirak ediblər.
Müsabiqənin münsiflər heyəti iştirakçılara təqdim edildikdən sonra gənclərin ifaları dinlənilib.
On beş ifaçı arasından Əvəz Əmirli “Sinyaya veçnost” mahnısı ilə birinci yeri, Namiq Məhərrəmli “Küçələrə su səpmişəm” mahnısı ilə ikinci yeri, Nailə Fətəliyeva isə “Dilbərim” mahnısı ilə üçüncü yeri tutub.
Layihə Göyçay, Ağdaş və Ucar rayonlarında yaşayan, musiqi istedadı olan 18-29 yaş arası gənclərin istedadlarının üzə çıxarılmasını və onların tanıdılması məqsədilə baş tutub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyi, Göyçay Heydər Əliyev Mərkəzi və Arif Məmmədov adına Göyçay Musiqi Məktəbi ilə əməkdaşlıq edilib.
Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində XIV–XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatı Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil edilir.
Tədbirdə Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəya Ağayeva Ə.Marağayinin yaradıcılığı mövzusunda məruzə ilə çıxış etdikdən sonra Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər Xalq artisti Munis Şərifov) konsert proqramı təqdim olunacaq.
Konsertə giriş sərbəstdir.
Noyabrın 3-də mərhum deputat Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimatı keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin lentə aldığı filmin rejissoru Elnurə Kazımovadır. Film işlənərkən 64 gün ərzində Türkiyənin 57 vilayətində çəkilişlər aparılıb.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.
Təqdimat mərasimini açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov keçmiş həmkarının Vətəninə, xalqına bağlı olduğunu, insanların onu çox sevdiyini və ona inandıqlarını vurğulayıb: “Qənirə Paşayeva anadan jurnalist doğulmuşdu. Sonra siyasətdə də uğur qazandı. Ünsiyyəti, səmimiyyəti, insansevərliyi onu həmişə digərlərindən fərqləndirirdi. O, çox yaradıcı insan idi və öz dövlətinə sadiq idi. Qənirə xanımı Türk dünyasında çox sevirdilər. O, bu məhəbbəti əməlləri ilə qazanmışdı”.
Qənirə Paşayevanın Türk dünyasını, türkləri çox sevdiyini diqqətə çatdıran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirib ki, Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan “Addım-addım Türkiyə” sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir. “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi, - deyə C.Bağçı əlavə edib.
Qənirə Paşayevanı milli təfəkkürə malik insan, jurnalist, şəxsiyyət kimi xarakterizə edən, onun təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının övladı olduğunu deyən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onun zəhməti ilə ərsəyə gələn filmin əhəmiyyətini qeyd edib. Bildirib ki, Qənirə Paşayeva karyerasına jurnalist kimi başladığı kimi, onun jurnalist kimi son işi də çəkdiyi sənədli film oldu. AzTV-nin sədri Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi ilə Qənirə Paşayevanın izləyicilərə mesajlar verdiyini vurğulayıb.
Mərhum deputatın əmisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, qardaşı Hüseyn Paşayev, Milli Məclisin deputatı Arzu Nağıyev onunla bağlı xatirələrini bölüşüblər.
Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışıb. Filmin çəkilişində mərhum deputatın çox əziyyət çəkdiyini dilə gətirən rejissor Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmi davam etdirəcəyini bildirib.
Çıxışlardan sonra sənədli film nümayiş olunub.
“Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində noyabrın 17-də Bakıda Gənc Sahibkarların IV Forumu keçiriləcək.
Bu barədə Reporta Azərbaycan Gənclər Fondundan bildirilib.
Məlumata görə, Gənclər Fondu və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.
Forum Azərbaycanda sahibkarlığın formalaşmasında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkədə elan edilən “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir.
Tədbirdə panel müzakirələr təşkil olunacaq. Forumda sahibkarlar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər.
İsmayıllı rayonunun Sulut kəndində turizm mərkəzinin açılış mərasimi olub.
Report xəbər verir ki, mərkəzin açılışında əsas məqsəd kənd turizmini inkişaf etdirmək, turistləri kəndin tarixi və onun ətrafında yerləşən tarixi abidələrlə tanış etməkdir.
Tədbirdə turizm sektorunun və media nümayəndələri, blogerlər, yerli bələdçilər iştirak ediblər.
Qeyd edək ki, Sulut dağ kəndi İsmayıllı rayonundan 45 km aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. İsmayıllı rayonunun ən qədim kəndlərindən biridir.
Tədbir iştirakçıları əvvəlcə kəndin tarixi və tarixi məkanları ilə tanış olub.
Layihə rəhbəri Fuad Rəsulovun sözlərinə görə, Sulut kəndi turizmin inkişafı üçün böyük potensiala malikdir: "2021-ci ildə yeni asfalt yolun tikintisi başa çatdırılıb. Beləliklə, turistlərin kəndə səfər etmək imkanı yaranıb. Kənd qədim tarixi, mənzərəsi, 300-400 yaşa sahib ağacları, tarixi obyektləri ilə diqqət çəkir. Daha çox turist cəlb etməyə çalışırıq. Bu il Rusiyadan, İsraildən, Avstraliyadan, Cənubi Afrikadan qonaqlarımız olub”.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Azəriqaz” İstehsalat Birliyi yeni “QAZandım” transformasiya layihəsinə start verib.
Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qaz təchizatı sisteminin müasir standartlar səviyyəsində qurulması və müasir texnologiyaların tətbiqi, eyni zamanda İstehsalat Birliyini kommunal xidmətlər arasında nümunəvi təşkilata çevirmək məqsədi ilə 2023-cü ildən yeni strategiya işlənib hazırlanıb. “QAZandım” layihəsində Birliyin gələcəyə baxışının və məramının ətraflı qeyd olunduğu strategiya uzunmüddətli perspektivə hesablanan 3 əsas komponentə ayrılır:
Bunlar biznes səmərəliliyi, o cümlədən əməliyyat mükəmməlliyi, kommersiya fəaliyyətinin təkmilləşdirilməsi və şəbəkə inkişafı, ikincisi şərtləndirici amillər, o cümlədən texnoloji və rəqəmsal həllər və yeni iş modelinə keçid, həmçinin, tənzimləyici rejim və standartlar.
Qeyd olunanların icrası qaz təsərrüfatı sahəsində strukturun təkmilləşdirilməsinə, insan kapitalının və korporativ mədəniyyətin formalaşmasına, ətraf mühitə ziyan vurmadan, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmağa təkan verəcək. “QAZandım” layihəsində əhalinin təbii qazla təmin edilməsinə, ölkənin mövcud qaz şəbəkəsi sisteminin ayrı-ayrı hissələrinin yenidən qurulmasına, avadanlıqların istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji və texniki tədbirlərin görülməsi, eləcə də yeni qaz kəmərlərinin tikintisi də nəzərdə tutulub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.
Report xəbər verir ki, toplantıda təşkilat üzvlüyünə namizədlərin müraciətlərinə baxılıb.
Səsvermə nəticəsində açağıdakı şəxslər AKİ-yə qəbul olunublar:
Səbinə Əliyeva – kinoaktrisa və prodüser
Babazadə Rüstəm – ssenarist
Allahverdi Firudin – bəstəkar
Ağayev Hakim – operator
Vüsal Hacıqədir (Əzizov) – prodüser, rejissor, aktyor
Abbaslı Natavan – aktrisa
Hüseynova Türkan – kinorejissor
Rəhman Fürqətoğlu – kinorejissor
Bağırzadə Nərgiz – ssenarist
Məlahət Əhməd – kinoaktrisa, prodüser
Azər Hacıəsgərli – bəstəkar
İsmayıl Qasımov - prodüser