"Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:
- Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;
- Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;
- Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaq.
Dövlət Film Fondunda “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Sənədli filmin layihə rəhbəri "Əlil Qadınlar Cəmiyyəti"nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filmin ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov deyib ki, Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, ordumuzun qüdrətini, döyüş bacarığını və suverenliyimizin bərpasını bütün dünyaya nümayiş etdirdi.
Bildirilib ki, “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi öz əksini tapıb. Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı bildirib ki, belə tədbirlərin sayının çox olması xalqımızı daha da birləşdirir və daha geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır. O, cümlədən Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya arenasına çıxarılmasında əsaslı dönüş yaradır.
Beynəlxalq Media Qurupun İdarə Heyətinin sədri Rahim Sadıqbəyli çıxışı zamanı 2023-cü il oktyabrın 21-də İsveçin paytaxtı Stokholm şəhərində sənədli filmin ingilis dilində təqdimatının keçirilməsi və böyük rezonas doğurmasından danışdı. O qeyd edib ki, filmin təqdimatının nəticəsində dünyanın bir çox ölkələrində erməni lobbisində narahatlıqlar yaranıb. Çıxışlardan sonra sənədli film nümayiş olunub.
Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin 2-ci və 3-cü rüblər üzrə nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bu nömrənin özəlliyi Kinematoqrafçılar İttifaqının son 6 ay ərzində fəaliyyətini əhatə etməsidir. Bundan başqa, bülletendə çəkiliş meydançaları, festivallar və müsabiqələr, yubileyi olan filmlər, sənət adamları haqqında məqalələr yer alıb.
Bülletendə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Azərbaycan” kinoteatrında rejissor İlqar Nəcəfin “Suğra və oğulları” filminin nümayişi, hollandiyalı ssenarist, bir sıra nüfuzlu kinofestivallarının iştirakçısı və qalibi Roelof Yan Minneboonun ustad dərsi keçirməsi, sənətşünas Nadir Bədəlovun ssenari yaradıcılığı və kinoşünaslığa həsr olunmuş “Kino gözlə söz arasında” kitabının təqdimatı, eləcə də ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.
Xatırladaq ki, əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarət olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası əsasında yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məsləhəti ilə çap edilir.
Bülletenin nəşrə məsulu, AKİ katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanovadır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi, milli qürur və şərəf tariximiz olan Zəfər Günü ilə əlaqədar “Tarixi Qələbə - Zəfər Günü”, “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı ənənəvi, “Şuşa Şəhəri Günü”, “8 Noyabr - Zəfər Günü” adlı virtual kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, eyni zamanda “Milli qürur, milli ləyaqət, tarixi qələbə” adlı videomaterial hazırlanaraq oxuculara təqdim edilib.
“Şuşa Şəhəri Günü” və “8 Noyabr - Zəfər Günü” adlı virtual sərgilərdə Ümummilli Lider Heydər Əliyevin Şuşa şəhərinin tarixi dəyəri və əhəmiyyəti haqqında söylədiyi fikirlər, bir gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa ediləcəyinə, mənfur düşmən tapdağı altında olan əzəli Azərbaycan torpaqlarının geri qaytarılacağına dair sarsılmaz qətiyyətini, inamını əks etdirən videogörüntülər, səs yazıları nümayiş edilir.
Materiallarda Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında qəbul edilən Sərəncamın tam mətni, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dönəmində xalqa olan müraciətləri, xarici mətbuat orqanlarına verdiyi müsahibələr, qırx dörd günü əhatə edən şanlı zəfər tarixinin xronologiyası, Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi ilə artıq üçüncü ildir ki, təşkil edilən zəfər paradının qürurverici görüntüləri əks olunur.
Virtual sərgilərdə Qarabağın incisi Şuşa şəhərində keçirilən mədəniyyət tədbirləri- “Xarıbülbül” festivalları, Vaqif Poeziya günləri, qardaş Türkiyə Respublikası ilə müttəfiq münasibətlər haqqında məlumatlar əks olunur.
Eyni zamanda 2020-ci ildən başlayaraq, şanlı zəfər tarixi mövzusunda dərc edilən 20-dən çox kitabın və dövrü mətbuat nümunələrinin biblioqrafik təsvirləri də yer alır.
Kitabxana əməkdaşlarının hazırladığı videomaterialda “Qələbəyə doğru dəmir yumruq əməliyyatı”, “Rəşadətli Azərbaycan Ordusu Qarabağ müharibəsində qələbə çaldı”, “Ata vəsiyyətinin həyata keçirilməsi”, “Yenidən qurulan şəhər, canlanan torpaq, yurda qayıtmağın sevincini yaşayan Qarabağ sakinləri”, “Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür”, “Qarabağın incisi Şuşa” və sair bu kimi rubrikalar vasitəsilə qədim tarixə malik olan Şuşa şəhəri haqqında geniş, ətraflı və maraqlı məlumatlar və görüntülər təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən Zəfər Günü və 8 noyabr Şuşa Şəhəri Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi alman bəstəkarı Johannes Brahmsın 190 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə violin ifaçısı Mariya Solozobova (İsveçrə) və cello ifaçısı Meehae Ryo (Koreya) öz ifalarının təqdim ediblər.
Proqramda bəstəkarın Violin və cello ilə orkestr üçün ikili Konserti (a-moll,op.102) və 1 saylı Simfoniyası (c-moll, op.68) səslənib.
Sonra orkestr Johannes Brahmsın 5 saylı Macar rəqsini (g-moll) ifa edib.
Nazrilər Kabinetinin qərarı ilə 8-12 noyabr tarixləri qeyri-iş günü olduğundan "Bakı "Metropoliteni" QSC-nin iş rejimində də müvafiq dəyişikliklər edilib.
Bunu Reportun sualına cavab olaraq səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
Bununla belə, onun sözlərinə görə, 8 noyabr - “Zəfər günü”ndə qatarların hərəkət intervalı 2 dəqiqə olacaq: “Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.
Bakıda Argentina səfirliyinin təşkilatçılığı ilə II Latın Amerikası Filmləri Festivalı çərçivəsində növbəti filmin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl qonaqları salamlayan Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi Argentina-İspaniya ortaq istehsalı olan “Gözlərindəki sirr” adlı film haqqında qonaqlara qısa məlumat verib.
Bildirilib ki, 2009-cu ildə dram janrında çəkilmiş ekran əsərinin rejissoru Xuan Xose Kampanelladır. Film argentinalı yazıçı Eduardo Saçerinin eyniadlı romanı əsasında ekranlaşdırılıb. Yazıçı romanın film ssenarisinə uyğunlaşdırılmasında yaxından iştirak etdiyi üçün filmin ssenarisi və əsər arasında sıx əlaqə var.
Qeyd edilib ki, Argentina və İspaniyanın birgə istehsalı olan film iki milyon yarımdan çox tamaşaçı ilə 2009-cu ilin ən uğurlu və ən yüksək gəlir əldə edən filmlərdən biri olub. Bu ekran əsəri 2010-cu ildə “La historia oficial” (1985) filmindən sonra ən yaxşı xarici film nominasiyasında Oskar qazanan ikinci Argentina filmidir.
Diqqətə çatdırılıb ki, “Gözlərindəki sirr” roman bu yaxınlarda Argentina Respublikasının Tərcümələrə Dəstək “Cənub proqramı” çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək “Qanun” nəşriyyatında çap olunub.
Sonra film nümayiş edilib.
Xatırladaq ki, noyabrın 25-dək davam edəcək II Latın Amerikası Filmləri Festivalı çərçivəsində Braziliya, Çili, Kuba, Kolumbiya, Venesuela və Argentina filmlərinin nümayişi nəzərdə tutulub.
Noyabrın 6-da Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya Milli Kitabxanada olub.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib.
Görüş zamanı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağı kitabxanada görməkdən məmnun olduğunu vurğulayıb. O, səfirə Azərbaycan Milli Kitabxanası, eləcə də kitabxanada fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq zalında açılan Latviya daimi guşəsi haqqında məlumat verib, Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalandığından, beynəlxalq kitab mübadiləsi və ikitərəfli tədbirlərin təşkilindən, digər əməkdaşlıq münasibətlərindən və həyata keçirilən beynəlxalq kitab mübadiləsindən söz açıb.
Səfir Edqars Skuya Azərbaycan Milli Kitabxanasını ilk dəfə ziyarət etdiyini və burada olmaqdan məmnun olduğunu qeyd edib. O, professor Kərim Tahirov başda olmaqla bütün kitabxana kollektivini Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə təbrik edib və ölkələrimiz arasında istər siyasi, istərsə də mədəniyyət sahəsində mövcud olan sıx beynəlxalq əməkdaşlıq münasibətlərindən qürur hissi duyduğunu vurğulayıb.
Görüş çərçivəsində səfir “Heydər Əliyev” guşəsini ziyarət edib və burada nümayiş olunan kitablarla tanış olub.
Direktor Kərim Tahirov Beynəlxalq Əməkdaşlıq zalında fəaliyyət göstərən Latviya daimi guşəsində nümayiş olunan kitabların daim yeniləndiyini və hər zaman oxucuların diqqət mərkəzində olduğunu səfirin diqqətinə çatdırıb.
Daha sonra səfir Beynəlxalq Əməkdaşlıq zalında fəaliyyət göstərən Latviya daimi guşəsində nümayiş olunan kitablarla tanış olub. O, bu kitablar vasitəsilə azərbaycanlı oxucuların Latviyanın tarixi və mədəniyyəti haqqında məlumat əldə edə bilməsinin vacibliyini qeyd edib.
Sonda səfir Edqars Skuya Latviya Milli Kitabxanası adından Azərbaycan Milli Kitabxanasına Latviya Respublikasının ədəbiyyatını, tarixini, mədəniyyətini və s. əks etdirən kitablar bağışlayıb.
Professor Kərim Tahirov da öz növbəsində qonağa Milli Kitabxana adından “Bakı simfoniyası”, “Azərbaycan Milli Kitabxanası” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları hədiyyə edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Ş.Məmmədova adına Opera studiyasında Azərbaycan dirijorluq məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist Fərid İbrahimov yubilyara Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun adından Fəxri fərman təqdim edib. Həmçinin Cavanşir Cəfərov Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adından da təltif edilib.
Bildirilib ki, N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının məzunu olan C.Cəfərov uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin baş dirijoru olub, teatrın repertuarındakı bir çox opera və balet tamaşalarını ustalıqla idarə edib. Maestro bu gün də dirijor kimi teatrda fəaliyyətini davam etdirir.
C.Cəfərov Opera və Balet Teatrında çalışdığı illərdə Azərbaycanın hüdudlarından kənarda - Fransa, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olub, musiqi sənətimizi uğurla təmsil edib.
Sənətkarın yubileyinə həsr olunmuş təntənəli gecədə Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artistləri Samir Cəfərov və Gülnaz İsmayılova, Əməkdar artistlər Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Zadə, İlahə Əfəndiyeva, Fərid Əliyev, Afaq Abbasova solistlər Fatimə Cəfərzadə, Mahir Tağızadə, Adil Axundov, Nina Makarova, teatrın xor kollektivinin üzvləri ilə birgə çıxış ediblər. Yubiley konsertində dünyaşöhrətli bəstəkarlar C.Verdi, C.Puççini, P.Maskanyi, C.Rossini, İ.Ştraus və başqalarının musiqiləri səsləndirilib.
Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Reporta Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.