Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not kitablarının təqdimatı olub

    Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının təqdimatı olub.

    Report xəbər verir ki, Könül Arifqızının aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təqdim edilən əsərlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

    O qeyd edib ki, notlar Azərbaycan musiqi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyətli rol oynayır.

    Sonra “Əbədi imzalar" filminin nümayişi olub.

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan musiqisi Heydər Əliyev Fondu tərəfindən bütün dünyada tanıdılır.

    “Elə ölkə yoxdur ki, muğamımız və musiqimiz tanınmasın. Bu gün bütün ifaçılarımız hər bir əsəri səsləndirə bilər. Bir neçə müddət idi ki, bir qrup bu layihə üzərində çalışırdı. Layihə musiqimizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir”, - deyə nazir müavini qeyd edib.

    Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə not kitablarının hazırlanması zamanı İttifaqın əməkdaşlarının böyük təşəbbüs göstərdiyini bildirib. Xalq artisti bu cür topluların bütün dünyaya yayılmasından şad olduğunu söyləyib.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Əməkdar artist, bəstəkar Vüqar Camalzadə çıxış edərək layihə üzərində çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

    Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, fortepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

    Tədbirdə Üzeyir Hacıbəylinin, Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun və digər bəstəkarların xor, mahnı və instrumental əsərləri ifa edilib.

  • Musiqi Mədəniyyəti Dövlət Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir

    Noyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin qəhrəmanlığından danışıb.

    Sonra Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “8 Noyabr – Şanlı zəfər tariximiz” mövzusunda çıxış edib. Qeyd edib ki, 44 gün davam edən və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik mesajları ölkəmizi yalnız regionda deyil, eyni zamanda, beynəlxalq müstəvidə də problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib”, - deyə Ə.Abdullayeva vurğulayıb.

    Vətən müharibəsində şəhid olan igidlərimizin adları və şəkillərindən ibarət videoçarx nümayiş olunub.

    Türkiyədə fəaliyyət göstərən tanınmış Azərbaycan musiqi terapevti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullayevanın sözlərinə görə, dövrümüzdə elm sübuta yetirib ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir: “Musiqi stresi azaldır, ona ağrıkəsici vasitə kimi təsir göstərir, xəstəliklərin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir. Bir sözlə, musiqi sağlamlığımızda böyük rol oynayır”.

    Daha sonra Züleyxa Abdullayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə mənəvi dəstək məqsədi ilə “Sənə səni ifa edərəm” adlı musiqi terapiyası adlı məşğələ keçib. O, şəhid ana-bacıları, tədbir iştirakçıları ilə dialoq qurmaqla, onlarla enerji əlaqəsi yaratmağa çalışıb. Hər kəsə özünəməxsus daxili hisslərini pianoya köçürüb musiqi ifa etməklə, bu improvizasiyalarda onlara özlərini görməyə, hiss etməyə, yaralarına məlhəm olmağa çalışıb.

  • Dövlət Teatr Muzeyində “44 günlük qəhrəmanlıq dastanı” adlı tədbir keçirilib

    Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “44 günlük qəhrəmanlıq dastanı” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsinin gedişatını əks etdirən videoçarx nümayiş olunub.

    Tədbirdə Vətən müharibəsinin iştirakçıları – qazilərimiz Azərbaycanın suverenliyinin qorunması və torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüş əməliyyatlarından, həmçinin şəhid anaları öz övladları barədə xatirələrindən danışıblar.

    Konsert proqramı ilə davam edən tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagird və tələbələri vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər.

    Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Heydər Əliyev adına Hərbi İnstitutun tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

    Sonda musiqiçilərə muzey tərəfindən “Təşəkkürnamə” təqdim olunub, birgə xatirə şəkli çəkilib.

  • Azərbaycan İstiqlal Muzeyində şəhidlərimizə həsr olunmuş sərgi keçirilib

    Noyabrın 3-də Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində sərgi keçirilib.

    Muzeydən AZƏRTAC-a verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı Sərəncama əsasən, 2021-ci ilin yanvarından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.

    Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daim Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin nəzərindədir.

    Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Cəmil Həşimlinin, kapitan Ramil Babayevin, əsgər Pərviz Novruzovun, çavuş Ruzi İbrahimovun və Xalid Mecdunovun, baş leytenant Məmmədhəsən Sadıqlının və Fərrux Hüseynovun əziz xatirələri anılıb.

    Sonra sərgidə muzey fondlarımızda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunub.

    Tədbirdə şəhid ailələri, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantları, “İrəli” İctimai Birliyinin könüllüləri və digər qonaqlar iştirak ediblər.

    Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabrın 10-na qədər davam edəcək.

  • “Meymunlar planeti: Krallıq” filminin treylerinin premyerası olub

    “20th Century Studios” “Meymunlar planeti: Krallıq” filminin treylerini təqdim edib.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin rejissoru Ves Boldur.

    Filmin dünya premyerası 2024-cü ilin may ayı üçün planlaşdırılır. Ekran əsərində Freya Allan, Kevin Durand və digər aktyorlar iştirak edirlər.

    Filmdə yeni bir zalım meymun lider öz imperiyasını qurarkən, bir gənc meymun keçmiş haqqında bildiyi hər şeyi şübhə altına alaraq, həm meymunların, həm də insanların gələcəyini müəyyən edəcək seçimlərə səbəb olan dəhşət dolu səyahətə çıxır. Rejissor Ves Bol filmin həyəcan dolu və bir-birindən maraqlı epizodları ilə izləyiciləri daim həyəcanda saxlayacağını bildirib.

  • Beynəlxalq Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert təqdim ediləcək

    Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsert Muğam Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçiriləcək.

    Proqramda BMM-in solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcək. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusibli, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov müşayiət edəcək.

    Konsertə giriş sərbəstdir.

  • Zəfər Günü Azərbaycan teatrlarında təntənəli şəkildə qeyd olunacaq

    Elə hadisələr var ki, tarixə qızıl hərflərlə yazılır. Minilliklər keçsə belə bu tarix dəyişilməz olaraq qalır. 2020-ci il noyabrın 8-i də Azərbaycan xalqı üçün belə tarixi günlərdəndir. 44 gün davam edən və 30 illik torpaq həsrətinə son qoyan İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbə artıq 3 ildir ki, ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Xalqımız misilsiz qələbə sevinci, yüksək qürur, fərəh hissləri yaşadan bu əlamətdar tarixi gün ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Sözsüz ki, Azərbaycan teatrları da bu əlamətdar günə öz töhfələrini verməyə çalışır.

    AZƏRTAC xəbər verir ki, bayram ərəfəsində sənət ocaqlarımızda bir-birindən maraqlı tamaşalar təqdim olunacaq.

    Qarabağın tarixindən bəhs edən “Qarabağnamə”

    Akademik Milli Dram Teatrında noyabrın 8-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunacaq. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa edəcək.

    Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunacaq.

    Eyni zamanda teatrda Zəfər Musiqi və Teatr Festivalı Çərçivəsində Konsert proqramı təşkil olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təşkil olunan konsert proqramının dirijoru Mustafa Mehmandarovdur. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovadır. Konsertin solistləri Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artisti Tural Ağasıyev və Rauf Məmmədzadədir. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

    “Yarımçıq qalmış” və “Balaca kişilər”

    “Biz sizi unuda bilmərik. Sizin təmiz, cəsarətli ruhunuzu, işıqlı üzünüzü, sizin yarımçıq qalan arzularınızı... Biz sizi hər zaman xatırlayacağıq”- şəhid oğlunun məzarı üzərində çarəsiz ananın,atanın söylədiyi bu təsirli cümlələr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq “Yarımçıq qalmış” tamaşasındandır. 2016-cı ildə dörd günlük Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanıb. Dörd günlük müharibə dörd ildən sonrakı 44 günlük müharibənin təməlini qoymaqla, böyük Zəfərimizin başlanğıcı olub. Bizim Qələbəmiz yarım qalmış xəyallar, arzular və böyük itkilər hesabına qəhrəmanlıq salnaməmizin ən gözəl səhifələrindən birinə çevrilib.

    Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa edir.

    Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq növbəti tamaşa isə yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” tamaşası İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası xalqın şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

    Şuşa Teatrının təqdimatında “Dəmir Yumruq”

    Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Günündə “Dəmir Yumruq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edəcək. Qələbə ruhlu şeirlərdən ibarət olan kompozisiyada bir sıra tanınmış şairlərin şeirləri ilə yanaşı, teatrın redaktorlarının yazdığı şeirlər də səsləndiriləcək. Tədbirdəki əsas qayə inkişaf etməkdə olan gənc nəsilə fəxarət hissini aşılamaq və eyni zamanda dövlətçilik ənənələrinin təbliğ etməkdir.

    Şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu”

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2-ci Qarabağ Müharibəsində əldə olunmuş zəfərin 3-cü ildönümü ilə əlaqədar olaraq zəfər həftəsi adlı Musiqi- İncəsənət festivalı keçirir. Bu çərçivədə Kukla Teatrı noyabrın 8-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu” tamaşasını hazırlayıb. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın saat 12:00 seansı yalnız şəhid övladları üçün təşkil olunub. Tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.

    Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bilir.

    “Bir nəfəs qədər” yaxın olanlar

    44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə, yaralanmış qazilərimizə, bu ağrını yaşayan əsgər övladlarına və zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulub.

    Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşada Fikrət Əmirovun musiqisindən, həmçinin, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

    Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

  • Qocaman bəstəkarın 70 illik yaradıcılıq hesabatı

    Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov yaradıcılığının 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bəstəkarın Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb

    Bildirib ki, Tofiq Bakıxanovun tar və kamança üçün bəstələdiyi çoxsaylı musiqi əsərləri var: “Tofiq müəllim musiqi tariximizə böyük töhfələr verən sənətkardır”.

    Musiqişünas-pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Tofiq Bakıxanovun əsərlərindən söz açaraq deyib ki, o, bizim üçün canlı tarixdir. Tarixin mahiyyətini bədii əsərlər daha doğru verir. Keçmiş dövrün musiqilərini də dinləyəndə tarixi faktları görürük və gizli məqamları hiss edirik. Tofiq Bakıxanovun musiqisində də bu incə detalları görmək mümkündür. “Onun “Xəzər Balladası” baleti XX əsr neft sənayesi dövründə yazılan ən dəyərli musiqi nümunəsidir. 1960-cı illərin sonunda Fransadan və digər ölkələrdən məşhur rəqs festivallarından biri üçün balet əsərləri seçməyə gəlmişdilər. “Xəzər balladası”na baxanda heyran qalmışdılar. Bu balet Parisdə rəqs festivalında nümayiş olundu və sintetik quruluşuna, mövzusuna və musiqisinə görə böyük uğur qazandı. Fransanın bir çox şəhərlərində də səhnəyə qoyuldu. Tofiq müəllim həm də bizim çox da üzdə olmayan muğam nümunələrimizi simfonikləşdirib”, - deyə Əməkdar incəsənət xadimi bildirib.

    Bildirilib ki, bu gün Tofiq Bakıxanov yaradıcılığı kamillik zirvəsindədir. O, mahir ifaçı, bəstəkar olmaqla yanaşı, həm də görkəmli pedaqoqdur. Musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadimdir.

    Tofiq müəllimi yaradıcılığının 70 illiyi münasibətilə təbrik edənlər ona ən xoş arzularını bildiriblər.

    Tədbir konsert proqramı ilə davam edib.

  • “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunub

    Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunub.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər noyabrın 28-dək sənədlərini nagillar2023@gmail.com ünvanına göndərməklə müsabiqədə iştirak edə bilər.

    Seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək.

    Təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

    Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət etmək olar.

    Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində açılacaq.

  • Bakının Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində inşa olunan yeni yerüstü piyada keçidinin yürüyüş zolağının quraşdırılması ilə əlaqədar bu gecə saat 01:00-dan səhər saat 07:00-a qədər işlərin aparıldığı zolaq üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Agentlik sürücülərə qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.