Azərbaycan həqiqətlərinin dünyada təbliğatı istiqamətində diaspora təşkilatları mədəniyyətimizin təşviqi istiqamətində müxtəlif tədbirlər keçirir. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Niderland “Odlar Yurdu” cəmiyyəti də mədəniyyətimizin təbliği məqsədilə tez-tez belə tədbirlər təşkil edir.
Baharın gəlişi münasibətilə cəmiyyətin təşkil etdiyi növbəti konsert Drenthe vilayətinin Assen şəhərində reallaşıb. “Odlar yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırova və Klankrjk Drenthe musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri Klankrjk Drenthe musiqi məktəbinin şagirdləri tərəfindən ifa edilib. Şagirdlərin ifası maraqla qarşılanıb.
Sonda Azərbaycan musiqisinə göstərdikləri maraq və təqdimata görə musiqi məktəbinin müəllim və şagirdlərinə sertifikatlar verilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qarabağnamə” tamaşası növbəti dəfə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Martın 29-da nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edəcək.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Martın 29-da Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Katarsis” tamaşası göstəriləcək.
Qeyri-adi üslubda hazırlanan tamaşada dünya ilə insan münasibətlərinin yozumundan danışılır.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Nargilə Qəribovadır. Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Sənubər Səmədovaya, musiqi tərtibatı isə Nargilə Qəribovaya məxsusdur.
Xronometrajı 40 dəqiqə olan səhnə əsərində qəhrəmanların mənsur poetik parçalar şəklində təzahür edən daxili monoloqlarının növbə ilə səsləndirilməsi canlanır.
Azərbaycan Prezidentinin 2019-cu ildə Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığı müvafiq Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə görkəmli sənətkarın adının verilməsi tapşırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib. Məktəb Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 92 ünvanında yerləşir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti hər zaman dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.
Düşənbənin mərkəzindəki Dusti meydanında, İsmayıl Somani abidəsinin yanında 30 metr hündürlüyündə səməni ucaldılıb.
Səməninin diametri isə 16 metrdir. Meydanda Novruz bayramını simvolizə edən bar ağacları, güllər əkilib, Novruz atributları qoyulub.
Martın 1-dən 20-dək Rudaki prospektində “Novruz yarmarkaları-Düşənbə 2020” adlı müxtəlif sərgi və satış yarmarkaları keçirilir.
Bununla belə Tacikistanın Mədəniyyət Nazirliyi elan edib ki, koronavirus təhlükəsi ilə bağlı Novruz şənlikləri məhdud formatda, xalq gəzintiləri olmadan keçiriləcək.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 147-ci ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.
Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. “Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar”, deyərdilər.
Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.
Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir.
İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.
İlaxır çərşənbələrdən üçüncüsü və dördüncüsü ilə bağlı ziddiyyətli məqamlar da var. Bəzən yel və torpaq çərşənbələrindən hansının əvvəl olması mübahisə doğurur. Folklorşünas alim Azad Nəbiyev bu barədə tədqiqatlarında yazırdı ki, ilaxır çərşənbələrdən sonuncunun - Yel çərşənbəsi olması daha çox dini inanclara söykənir. Çünki dini etiqada görə, Allah yaradılış prosesində ən son olaraq hava-yel - yəni nəfəs-ruhdan istifadə edib. İnsana ruhun verilməsi ilə o, canlı varlıq halına gəlib. Lakin xalq inanclarına görə, təbiətdə ən son oyanış torpağa aiddir. Torpağın oyanması ilə həyat yenidən dirçəlir, yaşam prosesi təzələnir. Buna görə də ilaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü, sonuncu isə Torpaq çərşənbəsi hesab edilir. Bu məntiqlə Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su yaradılışın maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəçi, təkanverici statusunda çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox stabillik, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılıb, canlı, çevik bir varlıq kimi təsəvvür edilib. Bu təsəvvürlər daha çox "Yel baba" mifik obrazında cəmlənib. Bəzən Yel baba mənfi obrazda xatırlansa da, əksər hallarda müsbət obrazda özünü göstərir.
Qədim inanclarda Yel dağının da adı keçir. İnsanlar ürəklərində hər hansı bir dilək tutub o dağı ziyarət edir, nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.
Maraqlıdır ki, “Yel baba” ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş edir. Ola bilsin ki, ilkin inanclarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə sayılırdı. Yəqin elə buna görədir ki, Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı - Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan çərşənbə hesab edilir.
Bayramınız mübarək!
Martın 9-da Avstriyanın Baden şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu konsert proqramı ilə çıxış edib.
Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 80 illiyinə həsr olunub.
Konsertdən öncə Baden Şəhər Bələdiyyəsinin üzvü Ernst Şebesta Azərbaycan Mədəniyyət Mərkəzi ilə artıq ənənə halını alan mədəni əməkdaşlıq qurulduğunu və Badendə indiyədək müxtəlif səpkidə birgə tədbirlərin keçirildiyini bildirib. O, görkəmli Azərbaycan bəstəkarı və cazmen V. Mustafazadənin yubileyinin Baden şəhərində baş tutmasından məmnunluğunu ifadə edib.
Konsert çərçivəsində İsfar Sarabskinin rəhbərlik etdiyi caz kvarteti V. Mustafazdə, Y. S. Bax, P. İ. Çaykovski və digər bəstəkarların əsərlərini özünəməxsus caz üslubunda təqdim edib. İsfar Sarabskinin bəstələdiyi “Planet“, “Qarabağ atları“, “Vaqifə ithafən popurri“ və digər əsərləri, eləcə də tar musiqi alətinin ifasında etno-caz üslubundakı kompozisiyalar böyük maraqla qarşılanıb.
Avstriyanın dövlət radiosu Beynəlxalq Muğam Mərkəzindən (BMM) reportaj hazırlayıb.
Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Avstriyanın "Radio Ö 1" dövlət radiosunun əməkdaşları Beynəlxalq Muğam Mərkəzində olublar.
Radionun əməkdaşları Erich Klein və Roman Tschiedl Beynəlxalq Muğam Mərkəzinin yaranması, memarlıq üslubu və fəaliyyəti ilə tanış olublar.
Radioya BMM-nin yaranma tarixi və fəaliyyəti barədə qurumun direktoru, Xalq artisti Murad Hüseynov müsahibə verib. Bildirib ki, Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir mərkəzdir. Mərkəz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. Beynəlxalq Muğam Mərkəzinin 2008-ci il dekabrın 27-də təntənəli açılış mərasimi baş tutub. Bu mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi kimi yadda qalıb. Sevindirici haldır ki, indi yalnız Bakıda deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə də istedadlı gəncləri yetişdirmək və muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın muğam sənəti bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biridir.
Qonaqlar həmçinin BMM-nin muzey hissəsində qədim musiqi alətləri ekspozisiyası ilə tanış olub, Azərbaycan milli musiqi alətləri haqqında məlumatları qeyd ediblər. BMM-nin foyesində büstləri ucaldılan görkəmli muğam ustadlarının hər biri haqqında ayrılıqda məlumatlandırılıblar. Avstriyada efirə gedəcək radioveriliş üçün müsahibədə direktor Qarabağ muğam məktəbi, Şuşa və işğal altında olan sənət abidələrimiz haqqında məlumatı diqqətə çatdırıb. Daha sonra qonaqlar onlar üçün xüsusi təşkil edilən muğam konserti dinləyərək lentə alıblar.
Qeyd edək ki, BMM yerli və beynəlxalq media nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması və genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirir. Bu günə kimi Qazaxıstan, Rusiya, Özbəkistan, Gürcüstan və Türkiyə televiziya kanalları mərkəzin fəaliyyətini əks etdirən veriliş və süjetlər hazırlayaraq təqdim ediblər.
Bu ilin mayında məşhur Misir fironu Tutanhamonun “lənətlənmiş” tabutunun 3345 ildən sonra öz yerindən Qahirəyə - açılışı gözlənilən Böyük Misir Muzeyinə aparılacağı xəbəri Luksor vilayətinin sakinləri arasında qorxu yaradıb. 1922-ci ildə Fironlar Vadisində yerləşən bu sərdabada sarkofaqı açan altı nəfər arxeoloqun və arxeoloji ekspedisiyanın təşkilatçısı Lord Karnarvonun sirli ölümü dünyanın ən mənhus tabutu haqqında əfsanələr yaradıb. Sərdabədə olan qiymətli artifaktların dünyanı dolaşdığı məlumdur, lakin fironun tabutu minilliklər boyu öz yerində qalıb.
Qədim Misir tədqiqatçısı Əhməd Rabiyə Məhəmməd “The Sun” nəşrinə müsahibəsində Tutanhamonun tabutunun Qahirəyə aparılmasının Luksor sakinlərini məyus edəcəyini deyib. Onun sözlərinə görə, bundan sonra Fironlar Vadisi öz şöhrətini xeyli itirəcək. Lakin Böyük Misir Muzeyinin baş arxeoloqu Əltayib Abbas onunla razılaşmır və iddia edir ki, Qədim Misirin ən böyük abidələrinin paytaxt muzeyinə köçürülməsi turizmin inkişafı və ölkənin mədəni irsinin təbliği baxımından daha məqsədəuyğundur.
Qeyd olunub ki, son iki ay ərzində fironların və əyanların 36 tabutu Luksordan Qahirəyə aparılıb.