Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dünya şöhrətli kitabxanada Azərbaycan kitablarının təqdimatı olub

    ABŞ-ın məşhur Konqres Kitabxanasına Azərbaycan kitabları hədiyyə edilib. Sözügedən kitablar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən hədiyyə olunub.

    Təqdimat mərasimi Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Konqresin Tomas Cefferson adına Kitabxanasında keçirilib.

    Tədbir kitabxananın möhtəşəm və tarixi Şimal-Şərq Pavilyonunda baş tutub. Tədbirdə kitabxananın Yaxın Şərq Bölməsinin rəhbəri Coan Viks çıxış edərək, sözügedən bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Viks tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, hədiyyə edilmiş kitabların Konqres Kitabxanasının Yaxın Şərq bölməsindəki Azərbaycana aid olan kolleksiyasında mühüm boşluqları doldurmasına töhfə verəcəyini söyləyib.

    Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov kitabxana rəsmilərinə öz təşəkkürünü bildirərək onların gördüyü işin insanların inkişafı üçün çox vacib olduğunu vurğulayıb. Belə bir tədbirin təşkilində göstərdikləri dəstək üçün səfir C.Viks və kitabxanada çalışan həmyerlimiz Müjgan Nəzərovaya xüsusi minnətdarlığını ifadə edib. Səfir ABŞ Konqres Kitabxanasında artıq 6 mindən çox Azərbaycan dilində çap edilmiş kitabın mövcud olduğunu söyləyib. Kitabxanada türkdilli xalqların yazılarının saxlanıldığını xatırladan diplomat Azərbaycanın türk dünyasının aparıcı və tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası da daxil olmaqla artıq ölkəmizin 10 kitabxanası ABŞ-ın Konqres Kitabxanası ilə mübadilə tərəfdaşlığı edir.

    Ümummilli lider Heydər Əliyevin “Kitabxanaya hörmət xalqın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” sözlərinə istinad edən səfir Azərbaycanda savadlılıq dərəcəsinin 100 faizə yaxın olduğunu qeyd edib, ölkəmizdə hər zaman kitabxana işinə böyük hörmətlə yanaşdığını bildirib. Hədiyyə olunan 50 kitabın içərisində fərqli mövzuları əhatə edən kitablar təqdim edilib. Beləliklə, ABŞ Konqres Kitabxanasının oxucuları Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və coğrafiyasına aid olan kitablarla artıq tanış ola bilər. Səfir 2017-ci ilin mart ayında Konqres kitabxanasında Fəridə Buyuranın “Nar və Zəfəran” adlı kitabının təqdimatının keçirilməsini xatırladaraq, əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.

    Sonda səfir E.Süleymanova kitabxana adından rəsmi təşəkkür məktubu və ümumi mübadilə tərəfdaşlığı barədə sazişin surəti təqdim edilib.

     
  • “Çölçü” filmi ABŞ-da yenidən uğur qazanıb

    ABŞ-da keçirilən “Mindfield Film Festival – Albuquerque”da beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin qərarı ilə Şamil Əliyevin “Çölçü” filmi iki kateqoriyada “Best narratıve feature” (“Ən yaxşı bədii film”) və “Best dırector” (“Ən yaxşı rejissor”) mükafatına layiq görülüb.

    Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 64 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

    “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

    Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüseri M.Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

     
  • “Bizim müəllim” layihəsi davam edir

    “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllimi Vəfa Qocayevaya həsr olunub.

    Təhsil Nazirliyindən bildiriblər ki, V.Qocayeva sözügedən məktəbdə rus dili və ədəbiyyatı fənnini tədris edir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 52 bal toplayıb.

    “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

     
  • Qarabağın qədim dövr arxeoloji irsi haqqında kitab çapdan çıxıb

    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərovun “Qədim Qarabağ (Tarixi-arxeoloji tədqiqat: tunc və erkən dəmir dövrü)” monoqrafiyası nəşr edilib.

    İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, vəsaitdə Azərbaycanın ayrılmaz və əzəli ərazisi olan Qarabağda Tunc və İlk Dəmir dövründə cərəyan etmiş etnik-mədəni proseslər izlənilir. Əsərdə yaşayış yerləri, qəbir abidələri, onlardan əldə olunmuş artefaktlar, ibtidai memarlıq, dəfn mərasimi, təsərrüfat sahələri, sənətkarlıq, iqtisadi-mədəni əlaqələr, ictimai quruluş və s. haqqında ətraflı məlumat verilir.
    Səkkiz fəsildən ibarət əsərin birinci hissəsi Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixinə, ikinci hissəsi Qarabağın İlk Tunc dövrü, üçüncü fəsil Orta Tunc dövrü, dördüncü fəsil Son Tunc və İlk Dəmir dövrü abidələrinə və artefaktlara həsr edilib. Beşinci fəsildə abidələrin xronoloji dövrləşdirilməsi problemlərinə toxunulur. Monoqrafiyanın altıncı fəslində tədqiq edilən dövrdə regionun təsərrüfat həyatından və sənətkarlıqdan bəhs edilir. Son hissələrdə isə göstərilən dövrlərdə Qarabağın ətraf dünya ilə mədəni-iqtisadi əlaqələrinə, qədim əhalinin ictimai quruluşuna toxunulub.

    Müəllif arxeoloji faktlarla Qarabağın Tunc dövründə etnik və mədəni baxımdan Azərbaycanın digər regionları ilə üzvü surətdə bağlı olduğunu göstərib.

    “Elm” nəşriyyatında çapdan çıxan kitabın rəyçiləri professorlar Abbas Seyidov və Nəcəf Müseyiblidir.

    Monoqrafiya arxeoloqlar, tarixçilər, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

     
  • Rəssamların “II Art Zone Week – 2020” simpoziumu başa çatıb

    Bir qrup rəssamın iştirakı ilə "Şahdağ" qış-yay turizm kompleksində keçirilən “II Art Zone Week – 2020” simpoziumu başa çatıb.

    Tədbirin təşkilatçısı və ideya müəllifi məşhur telejurnalist Şakir Eminbəylidir. Simpoziumda Azərbaycandan və Rusiyadan olan on dörd fırça ustası iştirak edib. Onlar burada təkcə mənzərə janrının təşəkkülü ilə kifayətlənməyib, eyni zamanda özlərinin arzularında gəzdirdikləri digər janrlı mövzulara da bədii tutum veriblər. Fırça ustalarının burada yaratdıqları rəsm əsərləri mart ayının sonunadək "Şahdağ" mehmanxanasında sərgilənəcək.

    Qeyd edək ki, Simpoziumun yaz və yay fəsillərində də davam etdirilməsi gözlənilir.

     
  • “Manqurt” tamaşası yenidən səhnədə

    Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində 10 mart – Milli Teatr Günü Münasibətilə “Manqurt” tamaşası nümayiş olunacaq.

    Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.

    Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

    Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

     
  • Milli İncəsənət Muzeyində “Novruz gəlir, yaz gəlir” xüsusi əyləncəli proqram davam edir

    Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla, həm də bir çox xalqların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə yeni həyat başlayır.

    Azərbaycan Milli İncəsənət Muzeyində baharın gəlişi münasibətilə təşkil edilən “Novruz gəlir, yaz gəlir” adlı xüsusi əyləncəli proqram davam edir.

    Proqramda muzeyin azyaşlı ziyarətçilərə Novruz adətlərindən bəhs olunur və onlar üçün müxtəlif ustad dərsləri keçirilir. Həmçinin, Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramla tədbirə xoş ovqat qatacaqlar.

    Həmçinin, balacalar muzeyin “Azərbaycan İncəsənəti minilliklər boyunca” ekspozisiyasını izləmək imkanı qazanırlar.

    Qeyd edək ki, proqram mart ayı boyunca davam edəcək.

     
  • Rəna Mirqasımova-Fel: Mən heç yerdə özümü burada, ata evindəki qədər yaxşı hiss etmirəm

    Bizim xaricdəki dostlarımız - israilli gid Rəna Mirqasımova-Fel və onun italiyalı həmkarı Sergey Yermolinski yenidən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin qonaqları olublar. Artıq üçüncü dəfə həmin Mərkəzdə bu istedadlı təhkiyəçilərin və tarix bilicilərinin mühazirələri təşkil olunub. Tədbirin keçirilməsinə “Paşa Travel” şirkəti çox kömək göstərib, buna görə şirkətə təşəkkürümüzü bildiririk.

    Maqsud İbrahimbəyov yaradıcılığını XV əsrdə Florensiyada keçirilən yaradıcılıq məclisləri ilə müqayisə edən Sergey Yermolinski uzaqgörənliklə deyir: “Tezliklə burada möhtəşəm hadisə olmalıdır”. Rənanın sözlərinə görə isə, bu evin divarlarını Maqsud İbrahimbəyovun şəxsiyyəti “canlandırır”. “Mən heç yerdə özümü burada, ata evindəki qədər yaxşı hiss etmirəm”, - deyən Rəna xanım əlavə edir ki, Maqsud İbrahimbəyov Mərkəzinin ziyarət edilməsi Bakıya gələn israilli turistlər üçün ekskursiya proqramına daxildir.

    Azərbaycan ziyalılar nəslinin parlaq nümayəndələrindən biri olan Rəna Mirqasımova-Fel İsraildə yaşayır. Orada ekskursiyaçı-gid kimi tanınıb. Qeyri-adi istedadı sayəsində təkcə real şəhər üzrə deyil, həm də çoxdan keçmişdə qalmış dövrlərə və ya ümumiyyətlə uydurulmuş dünyalara ekskursiyalar keçirməyi bacarır. Məsələn, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində o, “Mahabharata” və “Ramayana” adlı qədim hind eposlarına həsr edilmiş iki mühazirə və təxəyyülü canlandıran “Şivanın kosmik rəqsi və ya allahların əbədi diyarı” mövzusunda daha bir mühazirə oxuyub. Tamaşaçılar bizim Mərkəzin rahat zalını tərk etmədən sərgüzəştlər və sehirlərlə dolu bir dünyaya - allahların, iblislərin və qəhrəmanların yaşadığı müəmmalı və sakral hind vedanta fəlsəfəsi və tarixi dünyasına “səyahət edirlər”.

    Qədim Hindistan mifologiyası nə qədər mürəkkəb və dolaşıq olsa da, Rəna Mirqasımova-Fel bu barədə maksimum sadə dildə maraqlı və inanılmaz dərəcədə hazırcavablıqla söhbət aça bildi. Mühazirə o qədər maraqlı oldu ki, tamamilə gözlənilməz debatlar və nəticələr şəklində davam etdi: Rənadan sonra kinorejissor Oqtay Mirqasımov və Bakı Marionet Teatrının rejissoru Tərlan Qorçu da arilərin və digər xalqların mənşəyi barədə söhbətə qoşuldular.

    İtaliyada yaşayan ekskursiyaçılar nəslinin davamçısı, Orta əsrlər və İntibah dövrü incəsənəti tarixi üzrə mütəxəssis Sergey Yermolinski saray intriqaları, böyük incəsənət əsərlərinin sirləri və o dövrün zadəganlarının həyatı barədə, necə deyərlər, hər şeyi bilir. Bu dəfə Bakıda iki mühazirə oxudu - “böyük və dəhşətli” Mediçi klanına qarşı sui-qəsd və Florensiyanın məşhur Uffisi qalereyası barədə. Bu mühazirələrdən birincisi dinləyiciləri təmtəraqlı interyerlər arasında baş verən qətl cəhdlərinin gözəgörünməz şahidlərinə çevirdi, ikinci mühazirə isə onları Avropanın ən qədim və məşhur muzeylərindən biri ilə tanış etdi.

     
  • İsraillə Azərbaycanın turizm sahəsində mümkün əməkdaşlığı müzakirə edilib

    Martın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

    Agentlikdən bildirilib ki, görüş zamanı iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, cari il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib.

    Görüşdə səfir Corc Dik diqqətə çatdırıb ki, Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.

    Görüş çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

     
  • Məşhur belaruslu dirijor Vyaçeslav Voliç Bakıda çıxış edəcək

    Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operası nümayiş ediləcək.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcəklər.

    Operada Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.

    Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

    Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov operada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə isə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.

    Opera Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç tərəfindən idarə olunacaq.