Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.
Kitabxanadan bildirilib ki, bülletendə “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, yaradıcılıq fəaliyyəti, müəllimləri, onun oynadığı teatr tamaşaları əks olunub. Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin “YouTube” kanalında yerləşdiyi versiyalarının linkləri göstərilib. Həmçinin Leyla Bədirbəylinin görkəmli şəxsiyyətlər haqqında sözləri və yaradıcı insanların onun haqqında fikirləri də verilib.
Martın 15-də Azərbaycan Dövlət “Yuğ” Teatrı repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə təqdim edəcək.
Teatrdan bildirilib ki, yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq.
Tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.
Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Beynəlxalq Yazıçı Günü ilə əlaqədar sərgi təşkil edilib.
İdarədən bildirilib ki, sərgidə Azərbaycan, rus və digər xarici ədiblərin bioqrafiyaları, memuarları, haqqında yazılan xatirələr, fotoalbomlar nümayiş olunub.
Qeyd edək ki, maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları martın 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.
Eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011-ci ildə yaradılıb və prezidenti postuna Xalq yazıçısı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır.
Martın 6-da Trend İnformasiya Agentliyində Almaniyanın Ştutqart şəhərində keçirilən İKA – Dünya Kulinariya Olimpiadasında və Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində təşkil olunan “Xalyar (pəl, yabanı soğan, yabanı sarımsaq) Festivalı”nda iştirak edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) əldə etdiyi nəticələrlə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov İKA-nın 1930-cu ildən başlayaraq dörd ildən bir Almaniyada keçirildiyini, kulinariya, qida, restoran biznesi sahəsində dünyanın ən böyük sərgisi və yarışı olduğunu söyləyib. Bildirib ki, yarışda 67 ölkədən 1800-ə yaxın aşpaz qatılıb, bunlardan 110-u komanda, 800-dən çoxu isə fərdi iştirakçı olub.
Qeyd edib ki, 28 komandanın iştirak etdiyi ketrinq yarışlarında ölkəmiz uğurla çıxış edib və 4-cü yerə sahib olub. Danimarka, Finlandiya, İsveç, İsveçrə qızıl, Kanada, Almaniya, Norveç və ABŞ gümüş medal qazanıb. Azərbaycan və Avstraliya komandaları isə diploma layiq görülüb.
Tahir Əmiraslanov Qroznı şəhərində Çeçenistan Turizm Nazirliyi, Qroznı şəhər meriyası və Qərbi Qafqaz Aşpazlar Gildiyasının təşkilatçılığı və Dünya İslam Kulinariya Birliyinin dəstəyi ilə keçirilən “Xalyar Festivalı” haqqında da məlumat verib. Bildirib ki, festivalda 20 minə yaxın qonaq iştirak edib. Bunlar xalyar yetişən Qafqaz regionu və xalqlarıdır. Festivalda ölkəmiz 12 nəfərdən ibarət komanda ilə yarışıb. Qeyd edib ki, çempionat qara qutu sinfində keçirilib. Qara qutu sinfində 14 komanda yarışıb. Bunların üçü Azərbaycan, biri Gürcüstan, digərləri isə Rusiya Federasiyasının Qafqaz region komandaları olub. Yarışmada birinci yeri Azərbaycan komandası tutub və qızıl medala layiq görülüb.
Tədbirdə çıxış edən digər natiqlər də kulinarlarımızın beynəlxalq yarışlarda iştirakını yüksək qiymətləndiriblər və onlara uğurlar arzulayıblar.
Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.
Ədəbiyyat və sənət jurnalı olan “Ustad”ın 34-cü nömrəsi çap olunub.
Bu nömrədə müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb.
Jurnal baş redaktor Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı ilə başlayır. Məqalə İlqar Fəhminin “Mənəm, mən...” mistik-psixoloji dramı əsasında YUĞ teatrının hazırladığı tamaşa haqqındadır.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi və s. haqqında danışılıb.
Filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın Dino Busattinin “Tatar çölü” romanı haqqında yazısı, Səlim Babullaoğlunun “Noyabr gündəliyi” jurnalının bu nömrəsində çap edilib.
Azərbaycan mühacirətinin ən görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc olunub. Məqalədə sovet tənqidçilərinin Rəsul Rza yaradıcılığına münasibəti qabardılır.
Müasir türk ədəbiyyatından Hakan Bıçakıçının hekayələri AMEA-ın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirovanın tərcüməsində oxuculara təqdim edilib.
Azərbaycan bölgələrində son illərdə yaranan ədəbiyyatın janr və forma müxtəlifliyi, toxunular mövzular və s. barədə Nizami Hüseynovun “Bölgələrdə nədən yazılır?” məqaləsində məlumat verilib.
Pərvinin tərcüməsində Aykut Ərtoğrulun “Dünyanın ən qəzəbli hekayəsi”, Camal Şakarın “Bəzən gələcək gəlməz”, Güray Süngünün “İşıqlı baş”, Nəcib Tosunun isə “Balaca Bərivan” hekayələri, Ceylan Mumoğlu tərcüməsində isə Səid Faiq Abasıyanıqın “Açıq səma altında otel” hekayələri jurnalın bu nömrəsində yer alıb.
Kino-resenziya rubrikasında Kamran Şeyxzamanlı Con Lennonun ölümündən bəhs edən “27-ci hissə” filmi haqqında yazıb. Filmdəki “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə qəhrəmanın taleyi arasındakı paralellər şərh edilib.
Şeir rubrikasında Emin Pirinin, Orxan Yaşarın və Vasif Zöhraboğlunun şeirləri dərc olunub. Fərid Məmmədovun “Uçmağı öyrənmək” və Uraqanın “Qurban” hekayəsi də oxucuların ixtiyarına verilib. Eyyub Məmmədovun “Finişdən o yandakı həyat” esse-yazısı Salam Sarvan yaradıcılığına həsr olunub.
Jurnalın sənət rubrikasında “Kubizm – inteqrativ sənət” haqqında araşdırma yazı verilib. Rəssamlıqda kubizmin doğuluşu, əsas nümayəndələri və digər sənət sahələrində təzahürü barədə araşdırmanın müəllifi Nizami Hüseynovdur.
Martın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş ediləcək.
Səhnə əsəri Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda izləniləcək.
İkihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan səhnə əsərində rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, Əjdər Həmidov, Əməkdar artistlər Elşən Rüstəmov, Əlvida Cəfərov, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Günel İmanova canlandıracaq.
Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim edilib. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.
Martın 20-də təqdim ediləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları canlandıracaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.
Polşanın “Radio Kielce” dalğasında ölkəmiz də daxil olmaqla, Qafqaza həsr olunmuş veriliş yayımlanıb.
“Musiqili səyahət” adlı proqramda Yeji Yopun qonağı fotoqraf Mixal Yonça olub. O, Şimali Osetiya, İnquşetiya, Çeçenistan, Dağıstan və Azərbaycana etdiyi səyahətdən, bu torpaqların insanları, qonaqpərvərliyi və musiqisindən danışıb.
Ölkəmiz barədə məlumat verən fotoqraf Azərbaycanın turizm potensialının özünəməxsusluğunda da söz açıb.
Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.
1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.
Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.
Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski deyirdi: “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.
Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləyinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir”.
Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.
Ölümündən 101 il ötməsinə baxmayaraq görkəmli sənətkar hər zaman böyük hörmət və ehtiramla xatırlanır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C. Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında hazırlanan və yeni tamaşalardan olan eyniadlı səhnə əsəri martın 10-da teatrsevərlərin ixtiyarına veriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.
Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı, aktyorlar Kərəm Hadızadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə və İmran Qurbanov rol alıblar.