Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • EL ESPAÑOL: Bakı, Azərbaycanda ənənələr və müasirlik

    “EL ESPAÑOL” portalında paytaxtımızın mədəniyyətinə və tarixi irsinə həsr olunmuş ”Bakı, Azərbaycanda ənənələr və müasirlik” sərlövhəli məqalə dərc olunub. Məqalədə Bakının Azərbaycanın elmi-texniki və sənaye mərkəzi olduğu bildirilir. Tarixi yaddaşın müasirliklə daima təmasda olduğu bu şəhərin bənzərsiz gözəlliyini seyr etməkdən ötrü buraya səyahət etmək arzusunda olanların sayı gün-gündən çoxalır.

    Bakının tarixi keçmişi, coğrafi mövqeyi barədə məlumat verən məqalənin müəllifləri Içərişəhərin Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektlərinin siyahısına daxil olmasını vurğulayırlar.

    “EL ESPAÑOL” ispaniyalı turistləri dəb, şoppinq və musiqi həvəskarları üçün ideal istirahət məkanı ola biləcək Bakıya səyahətə dəvət edir. ”Kristal-holl”da və Heydər Əliyev mərkəzində il ərzində dünya ulduzlarının konsertləri, Bakı Caz mərkəzində isə müxtəlif caz üslublarında şoular təşkil olunur.

     
  • Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının binası yenidən qurulur

    Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin kompleks inkişafına dair proqrama Dərbənd Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işləri də daxil edilib.

    Dərbənddə Dövlət Proqramı çərçivəsində park və bağların, küçələrin təmiri və yenidən qurulması həyata keçirilir. Proqrama əsasən, Mirzə Kazım bəy küçəsi, Nizami Gəncəvi adına park və digər obyektlərin təmiri davam etdirilir.

    Proqram çərçivəsində Dağıstan hökuməti Azərbaycan Dram Teatrının yerləşdiyi torpaq sahəsini Dərbənd Şəhər Administrasiyasının mülkiyyətinə verib. Hazırda binanın bərpası üçün tədbirlər görülür. Dərbəndin meri Hizri Abakarov özünün sosial şəbəkədəki hesabında yazıb ki, teatrın binasının bərpasına dair sənədlər hazır olandan sonra tender keçiriləcək və tikinti işlərinə başlanılacaq.

    Dərbənddə Azərbaycan xalq teatrı 1904-cü ildə yaradılıb. 1927-ci ildə teatr dövlət statusu alıb. O zaman teatrın baş rejissoru İsmayıl Dağıstanlı olub. Böyük Vətən müharibəsi başa çatdıqdan sonra teatr maliyyə çətinlikləri üzündən bağlanıb. 1950-ci illərin əvvəllərində teatr fəaliyyətini davam etdirib.

     
  • “YARAT” növbəti sərgiyə hazırlaşır

    Martın 18–dən iyunun 14-dək “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Fərid Rəsulovun "Qurban olum" və Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün "Heç bir şeir şairini sevməz" sərgiləri təqdim olunacaq.

    Sərginin kuratoru Suad Qarayeva-Malekidir.

    “YARAT”ın təsisçi rəssamlarından olan Fərid Rəsulov, incəsənət məkanına müqəddəs Qurban bayramına həsr olunmuş əsəri ilə qayıdır. Bu bayramın qeyri-iradi olaraq təmsil etməyə başladığı xəsislik və israfçılığı şübhə altına qoyaraq, rəssam daim inkişaf edən müasir dövrümüzdə qədim təcrübənin yenidən nəzərdən keçirilməsinə həvəs oyatmaq üçün absurd, satira və qrotesk üsullarından istifadə edir. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və film daxildir.

    Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlərboyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır.

    Fərid Rəsulov “YARAT”da nümayiş ediləcək sərgisi üçün başlanğıc nöqtəsini müsəlmanların əsas bayramı sayılan Qurban bayramından götürür. İbrahim Peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür. Lakin son zamanlar bu paylaşmaq ənənəsi status və sərvət göstəricisinə çevrilmişdir. Fərid Rəsulov “Yuxuların yuxusu” adlı yeni filmində xəstəxana palatasında canlandırılan dramatik və eyni zamanda, gülməli süjet yaradır. Filmdə iki həkimin bayram münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayarkən, üzərindəki çoxlu zinət əşyalarını onun bağırsaqları ilə qarışdıraraq söhbət etdiklərini görmək olar; eyni zamanda, həm olduqca məzəli, həm də istehzalı olan bu səhnə bu mərasimlə əlaqələndirilən absurd maddiyyatçılığa diqqəti çəkir.

    Rəssam irəlidə bu filmi instalyasiya şəklində daha da inkişaf etdirir. Geyim, qızıl-zinət əşyaları və tibbi avadanlıqlar kimi müxtəlif predmetlər əməliyyat masasına və onun ətrafına qoyulub. Burada tamaşaçı yenidən bu sürrealist və qrotesk ssenari ilə üzləşir. Rəssamın digər əsərləri də onun səciyyəvi adətləri təxribatçı və hazırcavab nöqteyi-nəzərdən ayırdığını göstərir; məsələn, Bakıda geniş yayılmış şiş kabab üsulunu əsas götürən Fərid Rəsulov qalereya divarlarından birini tutan geniş, həndəsi instalyasiya yaradır. Ümumi predmetlərin və hekayələrin repurpozisiyası zamanı rəssam adət-ənənələrin müasir reallıqlar fonunda yenidən qiymətləndirilməsini təşviq edir.

    Sərginin sonunda Fərid Rəsulov geniş çeşiddə yeni, irihəcmli rəsm əsərlərini təqdim edir. İllüstrativ yanaşmanın istifadə edildiyi bu əsərlərdə karnaval kimi qeyd edilən Qurban bayramı təsvir edilir. Ənənəvi mərasim zamanı müvafiq şəxslər qurbanlıq qoyunun başını kəsərkən heyvanın ətrafında izdihamın yarandığını görmək mümkündür; burada olan hər kəsi karikaturlaşdıraraq səhnəni satiraya çevirən rəssam bu müqəddəs bayramın sürrealist elementlərini vurğulayır.

    Ahmet Öğütün sərgisinə isə iki yenicə yaradılmış, xüsusi olaraq məkana uyğunlaşdırılmış "Heç bir şeir şairini sevməz" (No poem loves its poet) və "Müəssisələrdə məskunlaşmış canlı varlıqlar" (Living Beings Squatting Institutions) adlı video və heykəltəraşlıq texnikalarını əhatə edən əsərlər daxildir. Ahmet Öğütün əsərləri tarix boyu bəşəriyyətin tətbiq etdiyi, həm canlı varlıqları, həm də mədəniyyətləri bir-birindən ayıran fiziki və sosial hüdudlara müraciət etməklə, bu maneələrin nəticə etibarilə tam olaraq nüfuz edilə bilən durumlarda olmasını göstərir.

    "Heç bir şeir şairini sevməz" videoinstalyasiyası, öz adını rəssamın Bakının hazırda sökülməkdə olan tarixi Sovetski məhəlləsinə səfəri zamanı qarşılaşdığı qraffiti əsərindən götürüb. "Sub-Botnick" (Ahmet Öğüt və Maru Muştriyeva) duetinin bəstələdiyi orijinal musiqinin daxil olduğu geniş LED modullu ekranda təqdim olunan bu video, Bakının mərkəzi məhəllələrini əhatə edən, hündürlükdən çəkilmiş kadrları göstərir. Dağıntılar arasında, əvvəllər Sovetski məhəlləsindən keçən, əlində "Tolstoy küçəsi" yazılmış lövhəni saxlayan iki itkin düşmüş stüardessaları görmək olar.

    Bütün sərgi məkanı boyunca yerləşən memarlıq instalyasiyası, Bakının sovet mədəniyyətinin qalıqları olan, "arzuolunmaz" əraziləri gizlətmək məqsədilə inşa edilmiş şəhər divarlarını imitasiya edir. Tamaşaçılar üçün kompozisiyanın video və heykəltəraşlıq elementlərini eyni zamanda gizlədən və göstərən bir keçid yaradaraq, Öğütün instalyasiyası ömür boyu Bakıda yaşamış və yaşamaqda davam edən insanlar üçün metafora kimi çıxış edir.

    Bundan əlavə, sərgidə yer alan müəssisələrdə məskunlaşmış canlı varlıqlar əsəri, qlobal mədəniyyət müəssisələri ilə əlaqəli olan heyvanların məskunlaşdığı beş heykəldən ibarətdir. Burada “Tate Modern” qalereyasının şahinləri, Boston Təsviri İncəsənət Muzeyinin veymaraner iti, Kamboca Milli Muzeyinin yarasaları, "Artica Svalbard" Fondunun ətrafında ağ ayılar, eləcə də “YARAT” Müasir İncəsənət Mərkəzinin pişiyi təqdim olunur. Ahmet Öğüt bəşəriyyətin məqsədyönlü şəkildə digərləri üçün qapalı məkanlar qurmasını qeyd etməklə bərabər, canlı varlıqlar və mədəniyyətlərin bir çox müxtəlif formalarda çıxışı edərək, birgə mövcudluq yollarını tapmasına işarə edir.

    Sərginin kuratorları Mari Spirito (Protocinema) və Suad Qarayeva-Malekidir.

     
  • Soydaşlarımız Qırğızıstanda mükafatlandırılıblar

    Xalqlar arasında sülh, əmin-amanlıq, dostluq, birlik, həmrəylik fəaliyyətlərinə görə Bişkekdəki “TÜRKEL” Media Qrupunun rəhbəri Hökümə Xəlilovaya Qırğızıstanın “Ala Too Ayımdarı” Fondunun “Zuurakan Kaynazarova” və baş redaktor Ramiz Məşədihəsənliyə “Alımbek Datka” ordenləri təqdim edilib.

    Dövlətin və cəmiyyətin inkişafına şəxsi dəstəyi, siyasi-iqtisadi, sosial-mədəni sahədə fəal iştirakına görə Hökümə Xəlilova, eyni zamanda Qırğızıstan parlamenti-Joqorku Keneşin “Qadın Millət Vəkilləri Forumu” tərəfindən Fəxri fərmanla təltif olunub.

    Xatırladaq ki, 2016-cı ildə Rusiya Prezidenti Vladimir Putin, 2017-ci ildə Böyük Britaniya Kraliçası II Yelizaveta və 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Ala Too Ayımdarı” Fondu tərəfindən “İlin adamı” elan edilib.

  • Tokioda keçirilən Azərbaycan mətbəxi barədə təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb

    Tokioda fəaliyyət göstərən “Active International Assosiation” (AIA) qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən Azərbaycan mətbəxi barədə təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Yaponiya paytaxtının Minato-ku rayonunda yerləşən Azabu Kids to-Teens Hall mərkəzində təşkil edilən təqdimat mərasimində Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərgiz Talıbova və Nərminə Aslanova ölkəmiz, onun coğrafi mövqeyi, zəngin mədəniyyəti və tamı ilə bütün dünyaya səs salan mətbəxi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan və öz keyfiyyəti ilə seçilən bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutmaqdadır.

    Təqdimat zamanı yapon xanımların iştirakı ilə Azərbaycan mətbəxinin şahı hesab olunan plov, həmçinin kükü və manqal salatı hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər və Azərbaycan istehsalı olan nar şərabları qonaqlara təqdim edilib. İştirakçılar mətbəximizin nümunələrinin tamına baxdıqdan sonra onlara qoz və gilas mürəbbəsi ilə Azərbaycan çayı da verilib.

    Təqdimatın təşkilatçısı AIA qeyri-hökumət təşkilatının sədri Aoki Koh AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan mədəniyyəti, milli yeməklərin hazırlanmasında birbaşa iştirak etmək məşğələ iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb: “Son illər Azərbaycan Yaponiyada ən çox sevilən ölkələr sırasında yer tutmağa başlayıb. Ölkənizə səfərdən dönən hər kəs xüsusən sizin çox tamlı mətbəxinizdən danışır. Buna görə də qərara gəldik ki, Yaponiyada yaşayan xanımların iştirakı ilə Azərbaycan mətbəxinin təqdimatını keçirək. Gördüyünüz kimi, həm qadınlarımız, həm də dadlı yemək həvəskarı olan kişilər bu tədbirə həvəslə qatılıblar. Çox maraqlı təqdimata görə, həm Nərgiz xanıma, həm də Nərminə xanıma xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan milli mətbəxinin belə dadlı yeməkləri ilə tanış olmaq çox xoş oldu. Xüsusən plov çox dadlı idi. Kükü və manqal salatı da çox xoşumuza gəldi. Hamısı çox ləzzətli idi. Düşünürəm ki, belə tədbirlər həm Azərbaycanın zəngin mədəniyyətini və mətbəxini Yaponiyada təbliği, həm də xalqlarımız arasında dostluq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətlidir”.

    Təqdimat Yaponiyanın J-Com telekanalı tərəfindən də videolentə alınıb.

     
  • Sabahın hava proqnozu açıqlandı

    Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq.

    Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

    Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq. 

     
  • Azərbaycanlı modelyerin yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub

    Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer və diaspor fəalı Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub.

    Gənc modelyer qürbətdə doğulmasına baxmayaraq, Azərbaycan həqiqətlərini, tarixi və mədəniyyətini daima yaratdığı yeni əsərlərində istifadə etməyi ilə tanınır.

    Bu dəfə də Türkiyədə keçirilən “Antalya Fashion Week 2020” moda günlərində modelyer Şervin Nəcəfpurun "Milli mirasımızın mənşəyi" (Land of our origin) adlı kolleksiyasının nümayişi keçirilib. Ümumilikdə 15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində "Qobustan" qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.

    AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi məlumatda Şervin Nəcəfpur deyib: “Bir Azərbaycan-türk övladı olaraq, hər zaman çalışıram ki, vətən borcumu layiqincə ödəyəm. Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və hər zaman yeni işlərimi ərsəyə gətirdikdə çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən istifadə edim. Bir çoxlarına məlumdur ki, uzun illərdir diaspor fəaliyyəti ilə də məşğulam. Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının sədri kimi, missiyamız Norveç və Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətini inkişaf etdirməkdir və Antalya Moda Həftəsində də fərdi olaraq işlərimi bir Azərbaycan və türk əsilli modelyer kimi nümayiş etdirmişəm”.

    Yeni kolleksiyası haqda danışan modelyer qeyd edib ki, Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyələrinə əsaslanaraq məhz Qobustan qayaüstü rəsmlərini yeni yaratdığı libaslarda istifadə etmək qərarına gəlib. “Milli motivlərimizdən istifadə etməyimin əsas səbəbi isə bizim tarixi mirasımızın dünyaya tanıtdırmaqdır”.

    Qeyd edək ki, 1200-dən çox qonağın qatıldığı "Antalya Fashion Week 2020" modasevərlərin maraq və alqışla qarşıladığı "Milli mirasımızın mənşəyi" adlı kolleksiya Norveç mediasının da marağına səbəb olub.

  • “Radio Courtoisie” radiosunda Azərbaycan-Vatikan əlaqələrinə həsr olunan veriliş yayımlanıb

    Fransanın “Radio Courtoisie” radiosunda dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Vatikanla münasibətlərinə dair veriliş yayımlanıb.

    Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev verilişdə Heydər Əliyev Fondunun xristian irsinin bərpasına verdiyi töhfələrdən danışıb. Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsindən, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş xristian irsi abidələrindən - Müqəddəs Marçellinio və Pietro katakombalarından, Müqəddəs Sebastian sərdabələrindən söz açıb.

    Verilişdə, xüsusilə kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçının (Dama di Gran Croce dell’ordine Piano) təqdim etməsinə toxunulub. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görüldüyü vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın IX Piy Ordeninin Böyük Xaçını alan ilk müsəlman olduğu bildirilib.

    Azərbaycan-Vatikan münasibətlərinin tarixinə toxunaraq, bu münasibətlərin dünyəvi müsəlman ölkəsi ilə dünya katolik kilsəsi arasındakı münasibətləri, katolik dünyası ilə müsəlman dünyası arasında dialoqu, məhsuldar, səmərəli tərəfdaşlığı əks etdirdiyi diqqətə çatdırılıb.

    Ölkəmizlə Müqəddəs Taxt -Tac arasındakı rəsmi əlaqələrin hüquqi çərçivəsindən danışılıb.

    Roma Papasının ölkəmizə səfərlərindən, Bakıda katolik kilsəsinin tikilməsindən, ikitərəfli sazişdən, Vatikanın ölkəmizdəki multikulturalizmi yüksək qiymətləndirməsindən danışılaraq, Azərbaycanda böyük dinlərin nümayəndələrinin – xristianların, müsəlmanların və yəhudilərin bərabər, birgə mehriban yaşadığı diqqətə çatdırılıb.

    Vatikanla qarşıdan gələn illərdə həyata keçiriləcək birgə layihələr və əməkdaşlıq diqqət mərkəzində olub.

    Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasından, azərbaycanlılara qarşı aparılan etnik təmizləmədən, Vatikanın bu istiqamətdə mövqeyindən də söz açılıb. Qeyd edilib ki, bir sıra müddəalarla bağlı Vatikanla oxşar baxışlar var.

    Azərbaycanlı tədqiqatçılarının Vatikanın konfidensial arxivində Azərbaycanla bağlı tədqiqat işləri apardığı, ölkəmizlə bağlı bu arxivdəki sənədlərin surətinin Azərbaycana aparılmasından danışılıb.

    Səfir fransız dilində işıq üzü görmüş “Azərbaycan böyük dövlətlər arasında” kitabı haqqında da məlumat verib və veriliş zamanı dinləyicilərin suallarını cavablandırıb.

     
  • “Həkim qəlbinin palitrası” – Xətai Sənət Mərkəzində açılan növbəti rəsm sərgisi belə adlanır

    Xətai Sənət Mərkəzində həkim, həvəskar rəssam İlqar Mustafayevin “Həkim qəlbinin palitrası” adlı fərdi rəsm sərgisi açılıb.

    Mərkəzdən bildirilib ki, açılışdan öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərgidə nümayiş edilən əsərlərlə bağlı təəssüratlarını bölüşüb. O, sərgidə bir zövqün olduğunu, heç bir əsərin bir-birinə bənzəmədiyini və bir məna kəsb etdiyini qeyd edib.

    Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tarixdə və həyatımızda müxtəlif peşə sahiblərinin təsviri sənətlə məşğul olduqlarını bildirərək sərginin önəmini qeyd edib.

    Çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov təsviri sənətin ictimailəşməsi naminə qeyri-peşə sahiblərinin bu sahəyə münasibətini müsbət qiymətləndirib, müəllifə uğurlar arzulayıb.

    Müəllif tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib.

    Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

     
  • Parisdə “Azərbaycan böyük dövlətlər arasında” kitabının təqdimatı keçirilib

    Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində səfir Rəhman Mustafayevin fransız dilində nəşr edilmiş “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabının təqdimatı olub.

    Təqdimat mərasimində “Hermine” kommunikasiya şirkətinin rəhbəri Loran Pultye dü Menil, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi və “Presses du Châtelet” nəşriyyat evinin rəhbəri Jan-Daniel Belfond çıxış ediblər.

    Bildiriblər ki, arxiv materialları əsasında yazılmış kitab Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranması və fəaliyyətindən bəhs edir. Kitab tədqiqatçılar üçün çox faydalıdır. Natiqlər Azərbaycanın geosiyasi mənzərəsi haqqında məlumat veriblər. Azərbaycanın balanslı siyasətinə, regionda vacib roluna, qonşu böyük dövlətlərlə münasibətlərinə toxunublar.

    Qeyd edilib ki, Azərbaycan Avropa, eləcə də Fransa üçün çox önəmli ölkə olub və yenə də olmaqdadır. Ölkəmizin geosiyasi mövqeyi, regional təhlükəsizlik sistemlərindəki iştirakı, bununla bağlı strateji qərarlarından danışılıb.

    “Azərbaycan böyük dövlətlər arasında” kitabının müəllifi səfir Rəhman Mustafayev çıxış edərək, kitab haqqında ətraflı məlumat verib.

    Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə dair xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə dair Prezident İlham Əliyevin Sərəncamı birinci Azərbaycan Demokratik Respublikasına ölkəmizdə verilən əhəmiyyəti əks etdirir. Bu sərəncamlardan irəli gələn vəzifələrdən biri də Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatların aparılmasıdır.

    Bildirilib ki, kitabda ölkəmizin müstəqilliyinin elan edilməsindən, Azərbaycanın ilk parlament və hökumətinin, dövlət aparatının təşkil olunmasında, sərhədlərinin müəyyənləşdirilməsindən, bayraq, himn və gerbinin yaradılmasından söz açılıb. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsindən, Azərbaycanın ilk universitetinin təsis olunmasından danışılıb. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti irqindən, dinindən, cinsindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarına eyni hüquqları verib.

    1918-ci ildə baş vermiş siyasi proseslərdən, ilk Respublikanın nailiyyətlərindən söz açılan kitabda, həmçinin o dövrdə Azərbaycan diplomatiyasının əsas məqsədlərinə toxunulub. 1918-1920-ci illərdə böyük dövlətlərin ölkəmizə qarşı mövqeləri təhlil olunub.

    Birinci Respublika dünyəvi dövlət çərçivəsində demokratiya və İslamı harmoniya şəklində birləşdirən ənənəvi müsəlman cəmiyyətində parlament sisteminin yaradılmasının mümkünlüyünü göstərib. Xalq Cümhuriyyətinin daxili və xarici siyasətindən danışılıb. Eyni zamanda, 1918-ci ilin martında erməni daşnak dəstələrinin xalqımıza qarşı törətdiyi kütləvi qırığından söz açılıb. Ovanes Kaçazuninin 1923-cü ilin aprelində Buxarestdə hökumətinin və partiyasının daxili və xarici siyasətini tənqid edən hesabatından sitatlar gətirilib.

    Fransa, İtaliya və İngiltərənin Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanımasından və bundan sonra fransız diplomatiyasının regionda fəallaşmasından danışılıb.

    1918-1920-ci illərdə Ermənistanın Qarabağ, Zəngəzur və Naxçıvanda erməni separatçılarını dəstəkləməsindən, erməni daşnaklarının bolşeviklərlə “Qarabağ cəbhəsi” açmaq sazışindən bəhs olunub.

    Zəngəzur rayonunun Ermənistana verilməsi nəticəsində Azərbaycanın Naxçıvanla əlaqələrinin kəsildiyi diqqətə çatdırılıb. Sovet Rusiyasının rəhbərliyi Azərbaycan ərazilərindən istifadə edərək, regionda öz strateji məqsədlərinə nail olduğu bildirilib.

    1921-1923-cü illərdə Dağlıq Qarabağın muxtariyyətinin yaradılması ölkədə, eləcə də regionda siyasi vəziyyətin qeyri-stabillik faktoru idi. 1987-1988-ci illərdə Ermənistan bu faktordan istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları qaldırdığı səsləndirilib.

    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.