Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda gənc rəssamın “Favole” adlı fərdi sərgisi açılacaq

    Martın 12-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Afsana Habibin “Favole” adlı fərdi sərgisi açılacaq.

    Sərgi martın 15-dək davam edəcək.

    Afsana Habibin “Favole” adlanan fərdi sərgisinin adı, italyan dilindən “nağıllar, əfsanələr” kimi tərcümə olunur. Bu baxımdan, sərginin adı, rəssamın adı ilə üst-üstə düşür. Rəssam Afsana Habib gözəlliyə qiymət verənlər üçün 62 rəsm əsərin daxil olduğu, özündə “müəmma” və “tapmaca” ideyaları, bir çox mənaları və... oyunları birləşdirən ekspozisiya hazırlayıb. Əsərlərin əksəriyyəti dünya mədəniyyətinin “Venesiya karnavalı” kimi tanıdığı unikal hadisəyə həsr edilib və bu heç də təsadüfi deyil.

    “Niyə məhz Venesiya və onun təkraredilməz karnavalı? Yəqin, ona görə ki, hələ uşaq yaşlarımda, uşaq karnavallarının keçirildiyi dövrdən məni maskaların müəmmalılığı cəlb edib: mən belə düşünürdüm ki, hər bir insan, onların arxasında gizlənə bilər” – deyə Afsana Habib bildirib.

    Afsana Habib hazırda Bakıda ciddi yaradıcılıqla məşğuldur. Parisdə Luvrda ilk sərgidən sonra Afsana Habibin yaradıcılıq bioqrafiyasında, Roma, London, Moskva, Brüssel, Tbilisi və dünyanın bir sıra digər iri şəhərlərində bir çox qrup vernisajları da yer almağa başlayıb. Beynəlxalq müsabiqələr iştirakçısıdır və bir çox müsabiqələr qalibidir. 2020-ci ilin baharın ilk günlərində Afsana Habib əzizlərinə, dostlarına və sənətsevərlərə – gözəlliyə və klassikaya sevgi kimi ümumiləşdirilmiş mövzu ətrafında bir araya gələn əsərlərdən ibarət geniş kolleksiyanın yer aldığı “Favole” fərdi sərgisini təqdim edəcək.

     
  • Gənc rəssam Mənsumə Ələkbərin ilk fərdi sərgisi açılıb

    Martın 3-də “Artis Saloon”da tanınmış gənc rəssam Mənsumə Ələkbərin “Inspiration” adlı ilk fərdi rəsm sərgisi açılıb.

    Üç gün ziyarətçilər üçün açıq qalacaq sərgidə rəssamın 50-dək əsəri nümayiş olunur.

    Sərginin açılışından öncə aparıcı Ceyhun Əli çıxış edərək rəssam haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildə anadan olan gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını rəngkarlıq ixtisası üzrə bitirib. Vurğulayıb ki, hələ tələbəikən Mənsumə Ələkbərin sənət əsərləri bir sıra beynəlxalq festivallarda nümayiş edilib. Onun əsərləri hazırda bir sıra yerli və xarici kolleksionerlərin şəxsi kolleksiyalarında saxlanılır. M.Ələkbər bir çox rəsm müsabiqələrinin qalibi və iştirakçısı olub.

    Sərginin özəlliyinə toxunan aparıcı söyləyib ki, ekspozisiyada təqdim edilən sənət əsərləri rəssamın yeddi aylıq gərgin əməyinin nəticəsidir.

    Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxış edərək rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb: “Çox xoşdur ki, bu sərgi-salonunun açılışı, belə bir gözəl rəssamın ilk fərdi sərgisinin açılışı ilə üst-üstə düşür. Sənət əsərlərinin gözəlliyi, həm də onunla ölçülür ki, insan ona baxdığı zaman hər şeyi unudub rahatlıq tapır. Düşünürəm ki, bu salonda nümayiş olunan əsərlər, o məğzi özündə ehtiva edir. Rəssam o vaxt xoşbəxt olur ki, onun əsərləri insanların həyatının bir hissəsinə çevrilə bilir. İnanıram ki, Mənsumə xanımın bir çox əsəri kimlərinsə həyatının bir hissəsinə çevrilə biləcək. Əsərlərlə tanış olduqda aydın olur ki, rəssam öz istedadını, düşüncələrini əsərlərinə yükləyə bilib. Bir daha təbrik edir, uğurlar arzulayıram”.

    Yazıçı-publisist Sevinc Nuruqızı və digərləri çıxış edərək sərgi ilə bağlı təəssürtalarını bölüşüb, gənc rəssamın yaradıcılıq məziyyətləri barədə fikir və mülahizələrini bildiriblər.

    Sonda rəssam Mənsumə Ələkbər çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib.

    “Mənim ən böyük arzum, çəkib-yaratdığım əsərlərimlə insanlarda xoş təəssürat yaratmaq, onları bir az da olsa rutin həyatdan ayırmaqdır. Buna nə qədər nail ola bilməyimi, əlbəttə, ziyarətçilərin öhdəsinə buraxıram. Bir daha burada iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm”, - deyə rəssam söyləyib.

    Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

    Fevralın 6-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

    Qeyd edək ki, “Artis Saloon”nun təsisçisi Nigar Kərimova, direktoru isə Nərgiz Rzayevadır.

     
  • Xalq artisti Xuraman Hacıyevanın xatirəsi anılacaq

    Martın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşası nümayiş olunacaq.

    Tamaşadan əvvəl aktrisanın həyat yolu və fəaliyyətindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasından söhbət açılacaq.

    Qeyd edək ki, Xuraman Hacıyeva 1945-ci il martın 7-də Bakıda dünyaya göz açıb. 1965-ci ildə ekranlaşdırılan “Arşın mal alan” bədii filmində Asya rolu ilə şöhrət qazanan aktrisa 1972-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında çalışıb. Xuraman Hacıyeva teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. O, teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Aktrisa 2005-ci il fevralın 15-də Bakıda vəfat edib.

     
  • “Üzlərdəki dünya” mövzusunda çəkilən fotolar

    Səyyah-fotoqraf Aleksandr Himuşin son on il ərzində dünya toplumundan uzaq yaşayan etnik azlıqların olduğu bölgələri gəzərək oradaki insanların şəkillərini çəkib.

    “Üzlərdəki dünya (The World In Faces)” mövzusunda başlatdığı layihə çərçivəsində o, cəmiyyətdən uzaq yaşayan müxtəlif insanları ziyarət edir, onların adət-ənənələri, mədəniyyəti və gündəlik həyat tərzi ilə tanış olur.

    İndiyədək 84 ölkəni gəzən fotoqraf səyahət üçün Yer kürəsinin bələdçi kitablarında yer almayan, ən ucqar və yolsuz yerləri seçir.

    Qeyd edək ki, Aleksandr Himuşin özü də dünyanın ən soyuq və əlçatmaz bölgələrindən olan Yakutiyada doğulub.

     
  • Musiqili Teatr “Cehizsiz qız”ı səhnəyə hazırlayır

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə böyük rus yazıçısı Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlayıb.

    Sənət ocağının rus bölməsində hazırlanan əsərin quruluşçu rejissoru Prezident mükafatçısı, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

    “Ostrovskinin bu əsəri maraqlı quruluşu ilə nəinki Akademik Musiqili Teatrın tarixində, eləcə də ölkəmizin teatr məkanında bir yenilik olacaq. Tam fərqli rakursda, gözlənilməz nüanslarla zəngin tamaşada caz musiqilərindən geniş istifadə olunacaq... İradə xanım əvvəllər də bizim teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Onun ölkəmizin hüdudlarından kənarda da məşhur teatrlarda da tamaşaya qoyduğu əsərlərin xoş əks-sədası bizi çox sevindirir. Ümidvaram ki, İradə xanımın Akademik Musiqili Teatrda hazırladığı yeni səhnə əsəri də rəğbətlə qarşılanacaq”, – deyə Ə.Lalayev söyləyib.

    Qeyd edək ki, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artisti Vaqif Məstanov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanova olan bu tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları ifa edəcəklər.

    Tamaşaçıları peşəkar aktyorla yanaşı, teatrın xor və balet artistlərinin də gözəl çıxışları gözləyir.

     
  • Misirdə yeni mumiyalar məskəni aşkar edilib

    Misirin tarixi abidələrlə zəngin olan Luksor şəhərinin yaxınlığındakı Tuna əl-Gebel rayonunda antik nekropollar tapılıb. Onların içərisində daş tabutlar və mumiyalar aşkar edilib. Bu barədə Misirin Qədim Abidələr Nazirliyi məlumat yayıb.

    Bu unikal tapıntılar haqqında "Live Science" elmi nəşrində geniş məqalə dərc olunub. Mumiyaların Qədim Misirin son dövrlərinə - eramızdan əvvəl 747-30-cu illərə aid olduğu bildirilir. Arxeoloqlar ehtimal edirlər ki, onlar Ptolemey sülaləsinin, o cümlədən onun son fironu VIII Kleopatranın qulluqçularının mumiyalarıdır.

    Alimlər qeyd ediblər ki, Roma İmperiyası qoşunlarının Qədim Misiri mühasirəyə aldığı vaxt öldürülən və ya intihara məcbur edilən qulluqçular əyanlara layiq şəkildə dəfn ediliblər. Belə ki, mumiyaların yanında 700-dən çox qızıl və digər metallardan olan zinət əşyaları da tapılıb. Bundan başqa, tabutlarda keramik heykəlciklər də aşkar edilib.

    Tapılan mumiyalardan birinin isə yüksək rütbəli kahinə, yaxud onun köməkçisinə aid olduğu bildirilir. Arxeoloqlar qeyd ediblər ki, Qədim Misirdə qulluqçuların meyitlərinin da mumiyalanması ənənəsi olub. Fironların və əyanların inancına görə onlar ölümdən sonrakı həyatda da öz sahiblərinə xidmət edirlər. Fironların son dövründə isə bu inanclar xeyli dəyişib. Eramızdan əvvəl 1975-1640-cı illərdə fironların və əyanların sərdabəsində qulluqçuların keramik heykəlciklərini qoyublar.

    Misir hökuməti unikal mumiyaların tapıldığı ərazini abadlaşdırmağı və turizm obyektləri siyahısına daxil etməyi planlaşdırır.

     
  • “Paris Notr-Dama ithaf” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə təqdim olunacaq.

    İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    Martın 15-də göstəriləcək səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

    Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

    Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcək.

     
  • UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

    Danimarkanın “Area9 Lyceum ApS” şirkətinin idarə heyətinin sədri Ulrik Juul Kristensen Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

    UNEC-dən bildirilib ki, rektor, professor Ədalət Muradovla görüşdə qonağa ali təhsil ocağı barədə ətraflı məlumat verilib. UNEC-in Avropanın və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından bəhs olunub. Rəqəmsallaşmanın təhsil sahəsində ciddi dəyişiklikləri qaçılmaz etdiyini deyən rektor Ədalət Muradov UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını, ölkədə ilk dəfə olaraq burada distant təhsilə start verildiyini diqqətə çatdırıb.

    Ulrik Juul Kristensen adaptiv təhsilin əhəmiyyətindən, bu platformanın təhsil və korporativ təlim sahəsində səmərəliliyindən danışıb. O bildirib ki, adaptiv təhsil tələbənin, eləcə də korporativ sektorda çalışanların fərdi qabiliyyət və ehtiyaclarını maksimum dərəcədə nəzərə alan təhsil platformasıdır. Bu platformada elektron tədris sistemləri vasitəsilə təhsilalanların bilik səviyyəsinə uyğun olaraq, materiallar mətn, audio və video formatında təqdim edilir, materialın mənimsənilməsi qiymətləndirilir və kurs çərçivəsində sonrakı istiqamət müəyyənləşdirilir. Qeyd edilib ki, adaptiv təhsil təhsilalana iki dəfə az müddətə kursu tam mənimsəməyə imkan verir.

    Görüşdə UNEC ilə “Area9 Lyceum ApS” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Ədalət Muradov adaptiv təhsil sahəsində də UNEC-in ölkədə yeni bir ilkə imza atacağını və bu istiqamətdə şirkət ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

    Sonra iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Area9 Lyceum ApS” şirkəti UNEC-də təhsil sahəsində və korporativ sektor üçün adaptiv təhsilin tətbiqi üçün proqram təminatı təqdim edəcək, eyni zamanda, bu istiqamətdə texniki dəstək göstərəcək. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimlərinin adaptiv təhsil proqramlarını mənimsəməsi üçün təlimlərini təşkil edəcək.

     
  • “Yaşar” tamaşası nümayiş olunacaq

    Martın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan “Yaşar” tamaşası növbəti dəfə nümayişi olacaq.

    Görkəmli ədib, nasir, dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Нərmin Həsənоvаdır.

    Səhnə əsərində rollarda Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq kamal, Əməkdar artistlər Elnar Qarayev , Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov və Elxan Quliyev, aktyorlar Cavidan Novruzov, aktyor Elçin Əfəndi, Əli Nurzadə, Rada Nəsibova, Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Firuzə Balayeva, İlyas Əhmədov, Elnur Qədirov və Vüsal Mustafayev çıxış edəcəklər.

    Qeyd edək ki, müəllif “Yaşar” pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, Toğrul və Tanya kimi gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə “Yaşar” adlandırılıb. “Yaşar”dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar.

     
  • Yaponiyalı alimlər Azərbaycanın Mezolit və Neolit dövrünə aid tapıntıları tədqiq edir

    Tokiodakı Kokuqakuin Universitetinin Yazı fakültəsinin doktoru, arxeoloq Hiroto Nakata və Yaponiya Elmin İnkişafı Fondunun və Perspektivli Tədqiqatlar Universitetinin doktoru, arxeoloq Sayci Arai AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Arxeoloji Fondda kameral tədqiqatlar aparır.

    AMEA-dan bildirilib ki, yaponiyalı alimlərin kameral tədqiqatlarının əsas obyekti - arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisində aşkar edilmiş Mezolit və Neolit dövrünə aid daş və sümük əmək alətləridir. Aşkarlanmış alətlərin trasoloji analizi Azərbaycan ərazisində yaşamış Mezolit və Neolit dövrü insanlarının daş və sümük emalı texnologiyalarının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən edilməsi, yerli özəlliklərin və əhalinin mümkün miqrasiya vektorlarının təyinidir. Eyni zamanda, yaponiyalı mütəxəssislərin müasir texnologiyalar vasitəsilə apardığı tədqiqatlar Mezolit dövründə Azərbaycan ərazisinin iqlimi, flora və faunası barədə təsəvvür yaratmağa imkan verir.

    Qeyd edək ki, yaponiyalı mütəxəssislər 2015-2019-cu illər arasında Azərbaycanın qərb rayonlarında, əsasən də Qazax rayonun hüdudlarında yerləşmiş Avey dağı ərazisində və Damcılı mağarasında tədqiqat aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının üzvləridir.