Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalar və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.

    MKS-dən bildirilib ki, informasiya bülletenində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir” sözləri epiqraf kimi verilib.

    Həmçinin informasiya bülletenində “Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni yerləşdirilib.

    Eyni zamanda, burada Nəriman Nərimanovun həyatı, yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Nəriman Nərimanov həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. Nəriman Nərimanov M.F.Axundzadənin yaratdığı ədəbi məktəbin klassik ənənələrinin qüdrətli davamçısı olub.

    İnformasiya bülletenində Nəriman Nərimanovun hikmətli sözləri də yer alır.

    Burada Nəriman Nərimanovun heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Bakının Nərimanov prospektində ucaldılmış heykəli, Bakıda və Tbilisidəki ev-muzeyləri haqqında da məlumat verilir.

    Bundan əlavə, informasiya bülletenində görkəmli ictimai xadim haqqında çəkilmiş filmlərin siyahısını da görmək mümkündür.

     
  • “Medeya. Sekvensiya 001” növbəti dəfə nümayiş olunacaq

    Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan “Medeya. Sekvensiya 001” tamaşası növbəti dəfə martın 14-də teatrsevərlərin ixtiyarına veriləcək.

    Teatrdan bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

    Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

    Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

     
  • Kukla Teatrı azyaşlı tamaşaçıları dəvət edir

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı martın 6-da balaca teatrsevərlər üçün isveçli dramaturq, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında səhnələşdirilən “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşanı təqdim edəcək.

    Teatrdan bildirilib ki, balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həlli, teatrın quruluşçu rejissoru Anar Məmmədova məxsusdur.

    Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

    Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.

    Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandıracaq.

     
  • “Bu şəhərdə”nin Xarkov və Kiyevdə konsert proqramı keçiriləcək

    Azərbaycanda fəaliyyət göstərən “Bu şəhərdə” komediya teatrının aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun iştirakı ilə Ukraynanın Xarkov və Kiyev şəhərlərində konsert proqramı keçiriləcək.

    Martın 27-də Y.Mudrov adına Xarkov Milli Universitetinin Tələbə Sarayında, martın 29-da isə Kiyevdə Politexnik Universitetinin Mədəniyyət Sarayında təşkil olunacaq “Bu şəhərdə”nin “Canavar” adlı konsert proqramında soydaşlarımıza yeni səhnəciklər də təqdim ediləcək.

    Konsert Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutacaq.

  • Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq

    Aprelin 22-dən 26-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək.

    Teatrın saytına istinadla xəbər verilir ki, aprelin 22-də və 24-də səhnə əsərində Violetta Valerinin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

    D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

     
  • Builki Beynəlxalq Uşaq Kitabı Günü “Söz aclığı” mövzusuna həsr olunacaq

    Hər il Beynəlxalq Uşaq Kitabları Şurasının (International Board on Books for Young People – IBBY) milli seksiyası Beynəlxalq Uşaq Kitabı Gününün sponsoru olmaq imkanı qazanır. Beynəlxalq sponsor olan ölkə mövzunu müəyyənləşdirərək, uşaqlara müraciət yazmaq üçün yazıçını və plakat hazırlamaq üçün illüstratoru seçir.

    IBBY şurasının saytına istinadla xəbər verilir ki, Sloveniya builki Beynəlxalq Uşaq Kitabı Gününün sponsorudur. Sloveniya yazıçısı Peter Svetina “Söz aclığı” sərlövhəli yazısı ilə uşaqlara müraciət edib. Müraciətdə məktəbli oğlanın görmə problemi ilə bağlı bir müddət mütaliəni dayandırması, müalicədən sonra kitabı acgözlüklə oxuması, mütaliənin uşaqların dünyagörüşünə təsiri, bədii əsərlərin insan üçün mənəvi qida olduğu bildirilir.

    Beynəlxalq Uşaq Kitabı Gününün plakatını isə Sloveniya rəssamı və illüstrator Damian Stepançiç hazırlayıb.

  • Orta məktəbdə yazıçı Reyhan Yusifqızı ilə görüş keçirilib

    Qobu qəsəbəsində Qəzənfər Xalıqov adına 1 saylı tam orta məktəbdə sevimli uşaq yazarı Reyhan Yusifqızı ilə görüş keçirilib. Tədbir elmi-kütləvi və fantastik povestlərin müəllifi Reyhan Yusifqızının trilogiyası əsasında hazırlanıb. Əvvəlcə məktəbin foyesində uşaqların əl işlərindən ibarət “Kainatın sirləri” adlı sərgi ilə tanışlıq olub.

    Tədbirdə yazıçılar Reyhan Yusifqızı, Aygün Bünyadzadə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış ediblər. Çıxışlarda uşaqların intellektual inkişafında mütaliənin rolu vurğulanıb.

    Görüşdə “Kainatın sirləri” adlı bədii kompozisiya təqdim olunub: kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qız Leminin Rüstəm və Kənanla dostluğunu əks etdirən səhnəciklər göstərilib. Tədbir hər bir kəsdə xoş ovqat yaradıb.

    Qeyd edək ki, müəllifin “Yaşıl gözlü qız“ kitabı elmi-fantastika janrda yazılmış birinci əsəridir və kitab 2009-cu ildə Ankarada beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.

     
  • “Adagio” növbəti dəfə səhnədə

    Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında maraqlı tamaşalardan olan “Adagio”nu növbəti dəfə martın 8-də nümayiş ediləcək.

    Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.

    Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa edəcəklər.

    Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir. Yazıldığı gündən dillərə, könüllərə düşən, illər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan, insan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər “Adagio”nun təqdimatında sankı yenidən yazılır, yenidən kəşf olunur.

     
  • “Akademik Musiqili Teatrın Könüllüləri” fəaliyyətə başlayıb

    Hər zaman uğurlu layihələri ilə fərqlənən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, bu dəfə də maraqlı təşəbbüs ilə – teatra, incəsənətə marağı olan gəncləri “Akademik Musiqili Teatrın Könüllüləri” dəstəsində öz ətrafına toplayıb. Bununla sənət ocağı nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində ölkəmizdə növbəti bir ilkə imza atıb.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev layihənin məqsədi haqqında ətraflı məlumat verib. Sonra o, yeni yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim edib.

    A.Şəkərova “Akademik Musiqili Teatrın Könüllüləri” ideyasının reallaşmasında yaradılan şəraitə görə gənclər adından teatr rəhbərliyinə təşəkkür edib.

    Təhsil Nazirliyinin “Bir tələbə-könüllü” proqramının 2019-cü il üzrə ən fəal koordinatoru kimi mükafata layiq görülən Alüdə Şəkərova ölkəmizdə keçirilən ən müxtəlif beynəlxalq tədbirlərdə xüsusi qruplara rəhbərlik edib, könüllülük hərəkatında uğurlu fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülüb.

    “2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi düşünür.

    “Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək. Teatr və könüllülük – hər ikisi yüksək dəyərlərdir və ölkəmizin inkişafı naminə könüllülərin kreativ ideyalarından lazımi istifadə olunmalıdır. Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq”, – deyə Ə.Lalayev vurğulayıb.

     
  • Tanınmış azərbaycanlı pianoçu Adilə Əliyeva Sumqayıtda ustad dərsi keçib

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyeva Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində şagird və müəllimləri üçün ustad dərsi keçib.

    Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin şagirdləri Əsmər Əlizadə, Artyemiy Zorikov, Fidan Əlizadə və Həmidə Süleymanova ustad dərsində iştirak ediblər. Şagirdlərin ifaları Adilə Əliyeva tərəfindən dinlənilib, daha sonra onlar yeni ifa texnikaları ilə tanış olublar.