TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının öncülləri” layihəsi çərçivəsində gerçəkləşən 17-ci tədbir Şimali Kiprin görkəmli ədəbiyyatçısı Harid Fedainin anadan olmasının 90 illiyinə həsr olunub.
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbirdə türk dünyasını təmsil edən ədəbiyyatçılar, Türkiyədən olan millət vəkilləri, o cümlədən Şimali Kiprin tanınmış simaları iştirak ediblər.
Əvvəlcə TÜRKSOY-un fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Sonra böyük ədib Harid Fedainin həyat və fəaliyyəti barədə geniş məlumat verilib və sənədli film nümayiş olunub.
Rəsmi hissə və paneldən ibarət olan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Orxan Erdem, tanınmış alim Hüseyn Əzilməz, yubilyarın qızı İlay Fedai Taşkın, şairə İltər Yeşilay və başqaları H.Fedainin həyat və yaradıcılığından danışıblar. Yubilyarın zəngin poeziya yaradıcılığı, pedaqoji fəaliyyəti nəsillərə örnək kimi dəyərləndirilib.
Mərasimdə türkiyəli aşıq Səlahəddin Dündar ifasında şairin şeirləri dinlənilib.
Bakı Fotoqrafiya Evi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı “Azərbaycan məscidləri” adlı fotosərginin keçirilməsi ilə əlaqədar işlərin qəbulunu elan edib.
“İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi yarandığı gündən maraqlı və yadda qalan tədbirlər, fotosərgilər, layihələr və müsabiqələr keçirir. Bu tədbirlər zamanı gənc və yaradıcı insanlara xüsusi yer ayırmaqla İçərişəhərin təbliğatı istiqamətində təqdirəlayiq addımlar atılır.
Layihənin ideya müəllifi Dadaş Məmmədovdur.
Həvəskar və peşəkar fotoqrafların iştirak edəcəyi fotosərgi martın 19-dan aprelin 1-dək davam edəcək. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Sərgidə iştirak etmək istəyənlər fotolarını martın 15-dək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) fəaliyyətə başladığı gündən böyük inkişaf yolu keçib. Təşkilatın hər bir layihəsi dünya mədəni irsinin zənginləşməsinə töhfədir. TÜRKSOY yeni-yeni layihələrlə fəaliyyət dairəsini genişləndirdikcə türk xalqlarının mədəni inteqrasiyasını daha da gücləndirir.
Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Orxan Erdem ifadə edib.
Şimali Kipr əsilli, görkəmli şair Harid Fedainin fəaliyyətini yüksək dəyərləndirən millət vəkili deyib: “Fedainin həyat və yaradıcılığı bütün türk dünyası üçün əhəmiyyətlidir. O, həyatının əsas hissəsini yazıb-yaratmağa, təhsilə və ictimai işlərə həsr edib. Onun əsərləri yazılı ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayıb. Əminliklə deyə bilərəm ki, Harid Fedainin əbədiyyətə qədər sevilə-sevilə oxunacaq və xalqlarımıza fayda gətirəcək. Şairin 90 illiyi münasibətilə TÜRKSOY tərəfindən təşkil olunan mərasim Harid Fedainin timsalında türk dünyasının bütün öncüllərinə göstərilən ehtiramdır”.
Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan “Məhəbbət əfsanəsi” baletinin təqdimat tarixi dəyişdirilib.
Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Qeyd edək ki, tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda hazırlanır. Koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan “Məhəbbət əfsanəsi” baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcək.
Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.
Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor Əşrəf Abbasovun "Qaraca qız" baletinin tamaşası keçiriləcək. Tamaşa bəstəkarın 100 illik yubileyinə həsr olunur.
Tamaşada Əməkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və digərləri çıxış edəcəklər.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.
Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq Qaraca qız insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri qoruyub saxlayır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində aparılan struktur və funksional islahatların məntiqi davamı olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrin formalaşmasına xidmət edən “Bölüşərək zənginləşək” şüarı altında yeni tədris modulları əsasında ixtisasartırma kurslarının ikinci mərhələsinə start verilib.
MEMİM-dən bildirilib ki, bu mərhələdə mədəniyyət müəssisələrinin rəhbərləri və digər mədəniyyət işçiləri tətbiqi biliklərlə yanaşı, bacarıq və kreativ peşə səriştələri əldə edəcəklər. Yeni tədris modullu ixtisasartırma kurslarının, ustad dərslərinin və səyyar təlimlərinin növbəti mərhələsi ölkəmizin müxtəlif regionlarında, həmçinin Ağstafa, Kürdəmir, Ağdaş, Sabirabad rayonlarında təşkil olunacaq.
Qeyd edək ki, nazirliyin regionların mədəni ixtisaslaşdırılması siyasətinin davamı olaraq, bu ilin kurslarında Ağstafa rayonu “Muzey işi” və “Heydər Əliyev Mərkəzləri”, Ağdaş və Sabirabad rayonları “Mədəniyyət evləri və klub işi” və Kürdəmir rayonu “Kitabxana fəaliyyəti üzrə” ixtisaslaşmış təlim bazaları seçilib.
Xatırladaq ki, kursların 1-ci mərhələsi 2019-cu ildə uğurla başa çatıb. Çətinlik dərəcəsinə görə beş səviyyədən ibarət olan ixtisasartırma kurslarının birinci səviyyəsinə ali təhsili olmayan mədəniyyət işçiləri cəlb olunub. Yeni formatlı kursların ilk məzunlarına beynəlxalq standartlı sertifikatlar təqdim edilib. Sertifikatlarda dinləyicilərin layiq olduqları qiymətlər ilə yanaşı, kurs nəticəsində əldə etdikləri bilik və səriştələr, kursun ümumi məzmunu, yerli və beynəlxalq tərəfdaşlar, habelə təlimçilər haqqında məlumatlar öz əksini tapıb.
Martın 6-da Dövlət Uşaq Filarmoniyasında Beynəlxalq Qadınlar Günü münasibətilə konsert keçiriləcək.
“Sizin üçün” adlı proqramda “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edəcək.
Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.
Misirin məşhur Coser ehramı 14 il davam edən bərpa işlərindən sonra yenidən turistlərin üzünə açılıb.
Günümüzədək gəlib çatan ən qədim daş tikilinin yeni görkəmdə təqdimatı mərasimində Misirin Baş Naziri Mustafa Madbuli iştirak edib.
Bərpa işlərinin fevralda başa çatdığını diqqətə çatdıran Misirin Qədim Abidələr Nazirliyinin nümayəndəsi Vaad Abul Əla bildirib ki, restavrasiya zamanı ən müasir elmi metodlardan istifadə olunub. Bu prosesdə bir çox tanınmış arxeoloqlar da iştirak ediblər. Ehramın fasadı, içərisindəki divarlar, daxili hissəsinə aparan daş pillələr, dəhlizlər və sarkofaqlar əsaslı təmir edilib. Bərpa işlərinə 2006-cı ildə başlanılıb, UNESKO-nun divarların uçması təhlükəsi ilə əlaqədar təkidi ilə 2011-ci ildə müvəqqəti dayandırılıb və 2013-cü ildən sonra davam etdirilib. Coser ehramına turist axınını təmin etmək məqsədilə onun ətrafı və yolları da abadlaşdırılıb.
Misirdə doqquz ən hündür ehramdan biri sayılan qədim tikili eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilib. Burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilib.
“ADA” Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb.
“ADA” Universitetindən bildirilib ki, bu razılaşma çərçivəsində universitetlər Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirəcək, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edəcək və birgə tədqiqat layihələri aparacaqlar.
Razılaşmaya əsasən, həyata keçirilən ilk tərəfdaşlıq “ADA” Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən təklif olunan Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının açılmasıdır. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərin üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçiriləcək. Vaşinqtondakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.
Proqramın məzunları “ADA” Universiteti və Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər.
Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri və oradakı yaşayış xərcləri Dövlət proqramı və BP və tərəfdaşları tərəfindən ödənilir.
Proqrama qəbul üçün namizədlərdən müvafiq sahədə bakalavr dərəcəsi və ingilis dili bilikləri tələb olunur. Müraciət üçün son tarix aprelin 17-sidir.
Bütün maraqlanan namizədləri əlavə məlumat üçün ada.edu.az/csda veb-səhifəsinə daxil olmağa və ya csda@ada.edu.az elektron ünvanına məktub yazmaqla və ya (+99450) 274 95 52 nömrəsinə zəng etməklə qəbul şöbəsi ilə əlaqə saxlamağa dəvət edirik.
Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Portalının, eləcə də mərc-operatoru “Topaz”ın dəstəyi ilə “Cannes Lions” Beynəlxalq Yaradıcılıq festivalının gənc reklam mütəxəssislərinə yönlənmiş mərhələsi “Young Lions” Azərbaycanda da baş tutacaq. Festivalın ölkəmiz üzrə rəsmi təmsilçisi isə “Endorphin” reklam agentliyinin CEO-su Orxan Kərimovdur.
Nazirlikdən bildirilib ki, “Young Lions” Azərbaycan müsabiqəsinin 2 qalib komandası bu yay Fransanın Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaqdır.
“Cannes Lions” dünyanın ən prestijli yaradıcılıq festivallarından biridir. 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində baş tutan festival reklam sektorunun iş keyfiyyətini və yaradıcılıq rəqabətini artırmağa yönəlib. “Cannes Lions” festivalından mükafatla geri dönmək hər reklam agentliyinin arzusudur. Çünki burada qazanılan “aslanlar” gələcəkdə yeni fürsətlərə açılan qapılardır. Bu il 67-ci festivalı gerçəkləşəcək “Cannes Lions” dünyanın dörd tərəfindən insanların bir araya gəldiyi, yeni fikirlər kəşf etdiyi mərkəzə çevriləcək.
1995-ci ildən bəri təşkil olunan “Young Lions” müsabiqəsi isə 30 yaşadək reklam mütəxəssislərinin ikili komanda şəklində qatılması üçün nəzərdə tutulub. “Young Lions” yarışmalarında print, rəqəmsal, film, dizayn, gənc marketoloqlar, media və ictimaiyyətlə əlaqələr olmaqla, 7 kateqoriya üzrə işlər yarışdırılır. Azərbaycanda keçiriləcək ilk “Young Lions” müsabiqəsində isə bunlardan yalnız print və film kateqoriyası üzrə müraciətlər formalaşdırılacaq.
Müsabiqəyə müraciət etdikdən dərhal sonra göndəriləcək brifə əsasən print kateqoriyası üçün 24 saat, film üçün isə 48 saat ərzində fikri dolğun şəkildə izah edəcək çalışmalar göndərilməlidir. Göndəriləcək işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriyadan bir komanda olmaqla ümumi 2 komanda, yəni 4 reklamçı qaliblər müəyyənləşdiriləcək. Qalibləri isə builki “Cannes Lions” festivalında iştirak haqqı gözləyir.
Müsabiqəyə qeydiyyat aprelin 3-dək davam edəcək. İştirak etmək istəyənlər canneslions.az linkində qeydiyyatdan keçməlidirlər.