Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısında heykəli ucalacaq.
AZƏRTAC-ın müxbiri heykəlin hazırlanması ilə əlaqədar keçirilən müsabiqənin qalibi Xalq rəssamı Xanlar Əhmədovun emalatxanasında olub və heykəlin hazırlanması prosesi ilə maraqlanıb.
Emalatxanada heykəlin gil variantı üzərində son tamamlama işləri gedirdi. Heykəlin hər bir detal üzərində incəliklə işlənildiyi elə ilk baxışdan diqqəti özünə cəlb edir. Gərgin əmək, yuxusuz gecələr hesabına ərsəyə gələn başında buxara papaq, əynində ənənəvi libas, bir əlində təsbeh, bir əlində əsa, sinəsi orden-medallı məşhur xeyriyyəçi-mesenatın əzəmətli görkəmi xoş təsir bağışlayır.
Uzun illər dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan rəssam Xanlar Əhmədov heykəl üzərində işlədiyi iki aydan çoxdur. Bəzən gecə yarısına, bəzən də sübhə qədər tişəni əlindən yerə qoymur.
Xalq rəssamı bir neçə il əvvəl Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan fərdi sərgi açmaq arzusuna düşəndə ilk olaraq Hacı Zeynalabdın Tağıyevin obrazını yaratmaq istəyib: “Milyonçu millət atasının obrazı üzərində 10-12 il əvvəl də işləmişdim. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarov, cümhuriyyətin hərbi nazirinin müavini, artilleriya generalı Əliağa Şıxlınski, görkəmli bəstəkar Tofiq Quliyev, Xalq artisti Nəsibə Zeynalova və digər tanınmış şəxsiyyətlərin obrazları üzərində yaradıcılıq axtarışları aparmışdım. Əlbəttə, xalqımızın həyatında müstəsna rol oynamış və ürəklərdə özünə əbədiyyət heykəli qoyan görkəmli şəxsiyyətlərin hamısının obrazını qranit və mərmər lövhə üzərinə köçürməyə bir ömür də bəs eləmir. Bununla belə həmin silsilədən olan yaradıcılıq işlərinə ara verməmişəm”.
O, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə əlaqədar elan edilən müsabiqəyə üç eskiz təqdim edib. 26 eskizlər içərisində onun layihəsinin qalib gəlməsini heykəltəraş böyük sevinc hissi ilə qarşılayıb: “Uzun müddət idi ki, xeyriyyəçi, mesenat Tağıyevə heykəl qoyulması haqqında söhbətlər gedirdi. Dövlət başçısı da məsələyə çox müsbət yanaşdı və bundan az sonra bu mövzuda müsabiqə elan olundu. Müsabiqəyə təqdim olunan eskizlər arasında qalib gəlməyə layiq olan xeyli əsər var idi. Qalib seşilməyim məni sevindirsə də, üzərimə çox böyük məsuliyyət hissi də qoyur. Axı bu əsər uzun illər paytaxtın mərkəzi hissəsində ucalan heykəllərdən biri olacaq. Bu heykəl gələcək nəsillərə Bakının ən məşhur xeyriyyəçisini xatırladacaq...”
Abidənin müəllifi deyib: “Heykəl üzərində son tamamlama işləri gedir, martın ortalarında isə tam hazır olacaq. İlk baxışda çox sadə görünsə də, onun arxasında olduqca gərgin iş və çox böyük zəhmət dayanır. Adi bir misal deyim. Tağıyevin sinəsindəki medalları əks etdirmək üçün onların hər birinin ölçüsünü dəqiq bilmək lazım idi. Ona görə də milyonçunun geyimini, medalların məna və ölçülərini xırdalığına qədər öyrənmək üçün Tarix Muzeyinə müraciət etdim. Mənə çox nəfis bir kitab bağışladılar. Lakin digər mənbələrdən də Tağıyevin şəxsiyyəti haqqında öyrənməyə çalışdım. Yaratdığım əsərdə onun uzqagörənliyini, duruşunda mərdlik, xasiyyətində kişilik, qürur, alicənablıq və xeyirxahlıq kimi keyfiyyətləri daha qabarıq verməyə çalışmışam”.
Onun verdiyi məlumata görə, heykəl tuncdan töküləcək, alt hissəsi qırmızı qranitdən təşkil ediləcək, hündürlüyü isə iki metr yarım olacaq. Hacı İçərişəhərdə doğulduğu və qədim qala divarları içərisində hər tərəf tarixi tikililərlə əhatə olunduğundan heykəlin ucaldılması üçün ən münasib məkanın “İçərişəhər” metrostansiyasının qarşısı olduğu qərara alınıb.
Yaxın vaxtlarda milyonçu, xeyriyyəçi-mesenat, qızlar məktəbinin banisi Hacı Zeynalabdin Tağıyevin heykəli doğulub boya-başa çatdığı, bütün varlığı ilə bağlı olduğu bu qədim şəhərdə ucalacaq. Həmin sənət əsəri yalnız bir mesenatın xatirəsini əbədiləşdirməyəcək, həm də qədirbilən Azərbaycan xalqının xeyirxahlığa və müdrikliyə göstərdiyi ehtiramın bariz nümunəsi olacaq.
Martın 7-də Dövlət “Yuğ” Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa növbəti dəfə təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.
Rejissor tamaşanın yozumu barədə belə deyir: “Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.
Martın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış rəssamı Fərid Rəsulovun “Qurban olum” və Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün “Heç bir şeir şairini sevməz” sərgiləri təqdim olunacaq.
“YARAT”ın təsisçi rəssamlarından olan Fərid Rəsulov, incəsənət məkanına müqəddəs Qurban bayramına həsr olunmuş əsəri ilə qayıdır. Bu bayramın qeyri-iradi olaraq təmsil etməyə başladığı xəsislik və israfçılığı şübhə altına qoyaraq, rəssam daim inkişaf edən müasir dövrümüzdə qədim təcrübənin yenidən nəzərdən keçirilməsinə həvəs oyatmaq üçün absurd, satira və qrotesk üsullarından istifadə edir. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və film daxildir.
Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlərboyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır.
Fərid Rəsulov “YARAT”da nümayiş ediləcək öz sərgisi üçün başlanğıc nöqtəsini müsəlmanların əsas bayramı sayılan Qurban bayramından götürür. İbrahim Peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür. Lakin son zamanlar bu paylaşmaq ənənəsi status və sərvət göstəricisinə çevrilmişdir. Fərid Rəsulov Yuxuların yuxusu adlı yeni filmində xəstəxana palatasında canlandırılan dramatik və eyni zamanda, gülməli süjet yaradır. Filmdə iki həkimin bayram münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayarkən, üzərindəki çoxlu zinət əşyalarını onun bağırsaqları ilə qarışdıraraq söhbət etdiklərini görmək olar; eyni zamanda, həm olduqca məzəli, həm də istehzalı olan bu səhnə bu mərasimlə əlaqələndirilən absurd maddiyyatçılığa diqqəti çəkir.
Rəssam irəlidə bu filmi instalyasiya şəklində daha da inkişaf etdirir. Geyim, qızıl zinət əşyaları və tibbi avadanlıqlar kimi müxtəlif predmetlər əməliyyat masasına və onun ətrafına qoyulub. Burada tamaşaçı yenidən bu sürrealist və qrotesk ssenari ilə üzləşir. Rəssamın digər əsərləri də onun səciyyəvi adətləri təxribatçı və hazırcavab nöqteyi-nəzərdən ayırdığını göstərir; məsələn, Bakıda geniş yayılmış şiş kabab üsulunu əsas götürən Fərid Rəsulov qalereya divarlarından birini tutan geniş, həndəsi instalyasiya yaradır. Ümumi predmetlərin və hekayələrin repurpozisiyası zamanı rəssam adət-ənənələrin müasir reallıqlar fonunda yenidən qiymətləndirilməsini təşviq edir.
Sərginin sonunda Fərid Rəsulov geniş çeşiddə yeni, irihəcmli rəsm əsərlərini təqdim edir. İllüstrativ yanaşmanın istifadə edildiyi bu əsərlərdə karnaval kimi qeyd edilən Qurban bayramı təsvir edilir. Ənənəvi mərasim zamanı müvafiq şəxslər qurbanlıq qoyunun başını kəsərkən heyvanın ətrafında izdihamın yarandığını görmək mümkündür; burada olan hər kəsi karikaturlaşdıraraq səhnəni satiraya çevirən rəssam bu müqəddəs bayramın sürrealist elementlərini vurğulayır.
Qeyd edək ki, iyunun 14-dək ziyarətçilər üçün açıq qalacaq sərginin kuratoru Suad Qarayeva-Malekidir.
Moskvada Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi təşkil ediləcək.
Martın 12-də Moskvada, Mərkəzi Jurnalistlər Evində Xalq şairi, yazıçı və dramaturq Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Gecədə Vaqif Səmədoğlunun Azərbaycan və rus dillərində şeirləri səslənəcək, onun ssenarisi əsasında çəkilmiş filmlərdən parçalar nümayiş etdiriləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda keçirilən respublika müşavirəsi maraqlı müzakirələrlə yadda qalıb.
Nazirlikdən bildirilib ki, müşavirənin ilk günü panel iclasında “Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr” mövzusunda məruzələr dinlənilib.
Panel iclasda çıxış edən “Şirvan şərabları” MMC-nin satış üzrə meneceri Nizami Əliyev “Şərab yolları” marşrutu barədə çıxışında Azərbaycanın şərabçılıq ənənələri, şərabın müalicəvi xüsusiyyətləri, müəssisənin üzümçülük və şərabçılıq kompleksi haqqında məlumat verib.
Vurğulanıb ki, şirkət tərəfindən 2014-cü ildə Şamaxı rayonunun Meysəri kəndində 310 hektar sahədə üzümçülük və şərabçılıq kompleksinin yaradılması, yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarının salınması, dünyanın qabaqcıl şirkətlərinin müasir texnologiyalarından istifadə edərək sahəsi 4398 kvadratmetr olan zavodda orqanik bioşərabın istehsalı, eləcə də kompleksin ərazisində şərab muzeyi, restoran, mağaza və qonaq evinin istifadəyə verilməsi Azərbaycanda şərabçılıq turizminin inkişafına da töhfə verib, istehsal olunan şərablar qısa müddətdə bazarda öz layiqli yerini tutub.
Həmçinin, üzümün yetişdirilməsindən şərab məhsullarının istehsalına kimi bütün mərhələlərdə kimyəvi vasitələrdən, süni konservantlardan, boyaq maddələrindən, aromatizatorlardan istifadə olunmadan hazırlanan, özünəməxsus dadı, rəngi və ətri ilə seçilən şərablar “Meysəri” markası və “Sədəf”, “Mərcan”, “Məxməri”, “Bülluri”, “Sənəm” və “İnnabı” adları ilə satılmaqdadır. Təqdirəlayiq haldır ki, istehsal olunan məhsullar Fransanın “Ecosert” şirkəti tərəfindən sertifikatlaşdırılıb, eyni zamanda regionda ilk dəfə 2017-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata, müəssisə isə ISO 22000 - Qida Təhlükəsizliyi Sistemi sertifikatına layiq görülüb.
2019-cu ilin 30-31 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi yerli şərab məhsullarının istehsalına və ixracına dəstək olmaqla yanaşı, turizmin inkişafı, şərab mədəniyyətinin və kompleksin mühüm mədəni marşrutlardan biri olaraq təbliğində də əhəmiyyətli rol oynayıb. Hazırda kompleks yerli və xarici turistlərin tərcih etdiyi, turizm şirkətləri tərəfindən mədəni turların təşkili olunduğu turistik məkanlardan biridir.
İclasda həmçinin, “Absheron Olive Garden” şirkətinin marketinq meneceri Aişə İbrahimova məruzəsini təqdim edib. Bildirib ki, 2018-ci ilin oktyabr-noyabr aylarında Portuqaliyanın “Vinomatos” şirkətinin Azərbaycana müvəqqəti gətirdiyi xüsusi texnika və mütəxəssislərin iştirakı ilə 610 ha sahədə zeytun bağı salınıb. Layihəyə İtaliya, İspaniya, Türkiyədən də mütəxəssislər cəlb olunub. Müəssisə tərəfindən istehsal olunacaq zeytun yağları və süfrəlik zeytun növləri yerli və xarici bazarlarda satılacaq.
“Yəhudi irsi üzrə Avropa marşrutu” humanitar təşkilatının direktor müavini - Azərbaycan üzrə nümayəndə Zamir İsayev çıxış edərək diqqətə çatdırıb ki, yəhudilər Azərbaycanda hər zaman rahat və sərbəst yaşayaraq milli irslərini qoruyub saxlayıblar.
Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən dağ, Avropa və gürcü yəhudiləri icmaları Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğində aktiv iştirak edirlər. Bu həqiqətlərin dünyaya çatdırılmasında İsrail hər zaman Azərbaycanın yanındadır.
Z.İsayev yəhudilərin kompakt yaşadığı Qubadakı Qırmızı Qəsəbədə bu xalqın nümayəndələri üçün hər cür şəraitin mövcud olduğunu deyib. Bildirib ki, Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev “Qədim qayaüstü incəsənət izləri” marşrutu barədə məlumat verib. Vurğulanıb ki, UNESCO-nun Dünya irs siyahısında yer alan Qobustan qoruğundakı qayaüstü təsvirlərdə ovçuluq, fauna, flora və həyat tərzinə aid simvollar mövcuddur.
“Termal şəhərlər” marşrutu üzrə “Qalalatı Hotel and SPA”nın satış üzrə meneceri Fəxri Qafarlı kurort mərkəzinin xidmətləri və qeyd edilən marşrutda mövqeyi ilə bağlı məruzə edib. Bildirib ki, bənzərsiz memarlıq üslubuna və istirahət formasına sahib olan mərkəz Bakıdan 120 kilometr aralıda, Şabran rayonunda fəaliyyət göstərən tibb və rekreasiya kompleksidir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən “Qalaaltı” kurortu 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerli sakinlər müalicə əhəmiyyətli bu suya “Naftsu”, yəni “neftli su” deyirlər. “Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.
Vurğulanıb ki, Mədəniyyət Nazirliyi ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub. “Qalaltı” kurortu 2016-cı ildə Avropa Şurasının “Termal şəhərlər” marşrutuna üzv qəbul olunub.
“Grand Agro” MMC-nin direktor müavini İlqar Məhərrəmov “Zeytun ağacları” marşrutu üzrə məruzə edib. Bildirib ki, bu marşrut Azərbaycanda zeytun mədəniyyətinin inkişafında yeni mərhələdir. O, təmsil etdiyi MMC-nin fəaliyyəti haqqında məlumat verdi, layihənin əhəmiyyəti, bağların yerləşməsi, köhnə bağların bərpası və yenilərinin salınması, zeytun mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təkliflər səsləndirib.
Panel iclasda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu ilin fevralın 27-də Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Xarici İşlər nazirlikləri ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunmasına dair tədbirlər planını işləyib hazırlamaq tapşırılıb. Bununla əlaqədar bu il üçün tədbirlər planımız var. Həm ölkədə, həm də xaricdə sərgilərin, konsertlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riyad Qasımov deyib.
Bildirib ki, aprel ayında xarici mütəxəssislərin iştirakı ilə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunan konfrans keçirəcək. “Bununla yanaşı, xarici muzeylərlə işlərimizi davam etdirəcəyik. Aprel ayında İstanbuldan Ağqoyunlu dövlətinə aid 17 eksponat gətiriləcək və ilin sonunadək sərgilənəcək. Bu ilin iyun ayında Parisdə UNESCO-nun mənzil-qərargahında İçərişəhərə aid sərgi, "Dastan" brendi nümayiş olunacaq. Bu tipli tədbirlər Britaniya, İtaliya və Brüsseldə də keçiriləcək. Həmçinin İçərişəhərdə yay aylarında mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub”, deyə idarəsinin aparat rəhbəri vurğulayıb.
Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev finala vəsiqə qazanmış layihələrlə tanış olub.
“Azerbaijan Design Award” layihəsinin təsisçi və təşkilatçıları gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi) və Ramin Nəsirovdur (həmtəsisçi) tədbirdən əvvəl müsahibə verərək bildiriblər ki, müsabiqə ölkənin ən yaxşı dizaynerlərinin seçilməsi üçün təsisi olunub. Bu il layihə çox böyük uğura imza atıb. Belə ki, artıq 2-ci dəfə təşkil olunan müsabiqəyə böyük maraq yaranmışdır. 18 münsifin olduğu layihədə 6 ölkədən olan peşəkarlar da yer alıb. Ümumilikdə müsabiqəyə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunmuşdur.
Bildirilib ki, on dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verib. Layihənin rəsmi tərəfdaşı, həmçinin Kreativ Azərbaycan portalıdır (www.creative.az).
Dövlət himninin səslənməsi ilə başlayan mükafatlandırma mərasimində “Azerbaijan Design Award” layihəsinə aid videomaterial təqdim olunub.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilib. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib.
Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndiriblər.
Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.
Sonra “Azerbaijan Design Award” layihəsinin qalibləri möhtəşəm final gecəsində elan olunub. Finalçılar “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqədə dizaynerlər 10 digər kateqoriya ilə yanaşı, 2019-cu ildə Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilməsi münasibətilə Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə də işlərini təqdim edib.
Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə müsabiqənin qalibi xüsusi mükafatla – “Apple Macbook Air 2019 noutbuku” ilə təltif olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Gənc istedadlılar” adlı konsert keçirilib.
İdarədən bildirilib ki, konsertdə 4 nömrəli uşaq musiqi məktəbinin şagirdləri iştirak ediblər.
Konsertdə musiqi məktəbinin gənc istedadlıları bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Sonda Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinə öz təşəkkürünü bildirib.
Azərbaycanın təbliğ edilməsi məqsədilə Kolumbiyanın ən səviyyəli kolleclərindən biri olan İngilis-Amerikan kollecində diplomatik nümayəndəliyimiz tərəfindən Azərbaycana dair mühazirə təşkil olunub.
Azərbaycanın Boqotadakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Elnur İsgəndərov gənc kolumbiyalılara Azərbaycanın coğrafi mövqeyi, iqlimi, əhalisi və dövlət quruluşu barəsində məlumat verib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizə qarşı Ermənistan təcavüzü barədə həqiqətlər çatdırıb.
Mühazirə zamanı Azərbaycanın tarixi, Qafqaz Albaniyası, qədim şəhərləri, tarixi abidələri (Qobustan, Yanardağ, Alban kilsələri, Qız Qalası və sair) və mədəni irsi barəsində bəhs edilib. Daha sonra Türkmənçay və Gülüstan müqavilələrinin tarixi nəticələri, Müsəlman Şərqinin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyəti barədə, həmvətənlərimizin faşizm üzərində qələbəyə verdiyi töhfə, “20 Yanvar” faciəsi və Xocalı Soyqırımına dair məlumat verilib.
Eyni zamanda, ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın inkişaf yolu və nailiyyətləri, həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi və onun rəhbərliyi altında ölkədə bütün sahələrdə nail olunmuş inkişaf, o cümlədən irimiqyaslı qlobal layihələrdə lider rolu və onların əhəmiyyətinə dair məlumatlar auditoriyaya təqdim olunub.
ABŞ-ın Nyu-York şəhərində 23-cü Nyu-York Sephard Yəhudi Film Festivalı keçirilib.
Azərbaycan sözügedən tədbirdə bu il ilk dəfə, rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub.
Film ABŞ və Avropa ölkələrində dəfələrlə nümayiş olunmasına baxmayaraq, bu festivalda da maraqla qarşılanıb. Festival çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur. Filmdə ölkəmizdə yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahüridir.