Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra beynəlxalq ictimaiyyətə inteqrasiya yolunda bir neçə mühüm istiqamət müəyyən edib. Onlardan biri də “mədəniyyət diplomatiyası”nın çoxşaxəli şəkildə həyata keçirilməsidir. Tarixi şəxsiyyətlərimizin və müxtəlif sahələri tərənnüm edən dəyərli əsərlərin tanıdılması, nadir nəsr və poeziya əsərlərinin başqa dillərə tərcümə edilməsi və xarici ölkələrdə nəşri, film və tamaşaların ölkə kənarındakı səhnələrə çıxarılması və s. işləri bu fəaliyyətə növünə nümunə kimi göstərə bilərik. Mübaliğəsiz deyə bilərik ki, bütün bu işlər üçün Azərbaycana münasib olan ən vacib coğrafi məkan türkdilli ölkələrdir. Dil, din və mədəniyyət qohumluğunun türkdilli xalqlarda yaratdığı genetik doğmalığı daim qoruduğu üçün qarşılıqlı olaraq mədəniyyət sahəsində inteqrasiya marağı həmişə mövcud olub. Beləliklə, Azərbaycanın uğurlu “mədəniyyət diplomatiyası” ölkəmizi türkdilli coğrafiyada həm ciddi şəkildə tanıdır, həm də türkdilli xalqların mədəniyyətini özünə cəlb edir. Bu çərçivəli əməkdaşlıq o qədər geniş və çoxşaxəlidir ki, onlar haqqında nə qədər yazılsa da yetərli deyil. Son vaxtlar Azərbaycan-Qırğızıstan mədəniyyət əlaqələrində bir sıra dinamik sıçrayış müşahidə olunur. İki türksoylu xalqın mədəniyyət əlaqələri barədə geniş məlumat almaq üçün Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Kayrat İmanaliyevə müraciət etdik. Kayrat İmanaliyevlə tanışlığımız Qırğız Respublikasının Xalq şairi, Qırğızıstanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevin 60 illik yubileyi münasibətilə Ankarada keçirilən mərasimə təsadüf etdi. Natiqliyi və yüksək intellekti, ən əsası isə sadəliyi ilə ətrafdakıların diqqətini çəkən nazir müavini Azərbaycana olan sevgisini dərhal büruzə verdi. Beləliklə, qırğız nazir müavini Kayrat İmanaliyevlə AZƏRTAC-ın suallarını cavablandırır:
- Kayrat bəy, ötən il TÜRKSOY-un qərarı ilə Qırğızıstanın Oş şəhəri türk dünyasının mədəniyyət paytaxtı oldu. Nəticələri necə dəyərləndirirsiz?
- Qədim Oş şəhərinin ötən il türk dünyasının mədəniyyət paytaxtı seçilməsi hər bir qırğız üçün qürurvericidir. Bizim üçün əlamətdardır ki, TÜRKSOY-un bu qərarı bütün türk dünyası tərəfindən hərarətlə qarşılandı. Oş türk dünyasının mədəniyyət paytaxtı çərçivəsində təkcə bu şəhərdə deyil, həm ölkəmizdə həm də digər türkdilli ölkələrdə çoxsaylı tədbirlər keçirildi. Oş qədim mədəniyyətə, nadir tarixi və təbiət abidələrinə malik olan bir şəhərdir. Ötən il Oşun təkcə türksoylu xalqlar üçün yox, bütün dünyada daha yaxından tanınması üçün böyük imkanlar qazandıq. Fürsətdən istifadə edərək qeyd etməliyəm ki, Oş türk dünyası mədəniyyət paytaxtı açılış və bağlanış mərasimlərində Azərbaycan incəsənət ustalarının möhtəşəm çıxışları ilə yaddaşlarda silinməz iz buraxdı. Qeyd etməliyəm ki, Oşda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da gözəl bir tamaşa ilə iştirak etdi.
-Azərbaycan-Qırğızıstan arasındakı mədəniyyət sahəsində əlaqələri neçə dəyərləndirirsiz?
-İki qardaş ölkə həm Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində, həm də ikitərəfli formada mədəni sahədə əməkdaşlıq edir. Ortada tərəfləri qane edən real nəticələr var. Təbii ki, həm Azərbaycan, həm də Qırğız tərəfini daha böyük hədəflər maraqlandırır. Yaşadığımız il iki qardaş ölkə münasibətləri üçün mühüm hadisələrlə başlayıb. Yanvar ayında paytaxt Bişkekdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Azərbaycanın səfiri Hidayət Orucov Azərbaycan-Qırğızıstan Dostluq Parkının və Heydər Əliyev adına məktəb binasının layihələri ilə tanış olduqdan sonra parkın təməlini qoydular. Əminəm ki, gələcəkdə Heydər Əliyev adına məktəbdə oxuyacaq hər bir şagird Azərbaycan sevgisi ilə türk dünyasının birliyi naminə özünü böyük xidmətlərə hazırlayacaq. Azərbaycan-Qırğızıstan Dostluq Parkına gələn hər bir şəxs bu tarixi işi xoş duyğularla dəyərləndirəcək.
- Qırğız xalqının Azərbaycan mədəniyyətinə marağı necədir?
-Qırğızlar bütün sahələr üzrə yaradıcı olduqları üçün digər xalqların yaradıcılığına da böyük ehtiram göstərirlər. Qırğızıstanda hər zaman Azərbaycan mədəniyyətinə, film, tamaşa və bədii əsərlərinə böyük maraq olub. Beş il əvvəl Azərbaycanın Qırğızıstandakı səfirliyi bizim ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında müsəlman Şərqində ilk operanın, operettanın, musiqili komediyanın yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə yubiley gecəsi və konsert təşkil edib. Sizi əmin edirəm ki, qeyd etdiyim yubiley tədbiri qırğız xalqının yaddaşına əbədiyyətə qədər silinməz xoş xatirələr yaratdı. Qırğız KİV-ləri bu yubileyi geniş şəkildə xalqımıza çatdırdı. Sevindiricidir ki, Azərbaycanın elm və mədəniyyət xadimlərinin qırğız ictimaiyyətinə tanıdılması üçün mühüm addımlar atılır. Əlavə edə bilərəm ki, TÜRKSOY-un nəşr etdirdiyi "İmadəddin Nəsimi dünya dillərində" kitabının ötən il Bişkekdə Qırğızıstan Milli Kitabxanasında və Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən təqdimatlar Azərbaycan ədəbiyyatına, poeziyasına göstərdiyimiz diqqətin təzahürüdür.
-Azərbaycanda qırğız mədəniyyətinə göstərilən diqqət sizin ölkədən necə görünür?
-Mənim müşahidələrimə görə, Azərbaycan bütün mədəniyyətlərə xüsusi bir məhəbbətlə yanaşan ölkədir. Sevinirik ki, burada qırğız mədəniyyətinə xüsusi bir diqqət, tükənməz sevgi və ehtiram vardır. Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinin ən geniş yayıldığı ölkələrdən biri də Azərbaycandır. Yeri gəlmişkən, hazırda Ç. Aytmatovun “Cəmilə” pyesinin Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilməsinə lazımi dəstək veririk. Əminəm ki, Azərbaycanın yüksək intellektli teatr xadimləri bu tamaşanı Çingiz Aytmatovun görmək istədiyi bir ucalıqla tamaşaçı qarşısına çıxara biləcəklər. Çox arzulayıram ki, Azərbaycana səfər etmək, Xəzər sahilinin ən gözəl şəhərlərindən olan Bakını görmək mənə də nəsib olsun.
- Kayrat bəy, ümumilikdə TÜRKSOY-un fəaliyyətini necə dəyərləndirirsiz?
-TÜRKSOY xalqılarımızın mədəniyyət ocağıdır. Əlamətdardır ki, təşkilat getdikcə əhatə dairəsini daha da genişləndirir. Bunun iki mühüm səbəbi var. Birincisi türkdilli xalqlar zəngin mədəniyyətə sahibdirlər. İkincisi isə təşkilatın hədəfləri sağlam və bütün dünya üçün faydalıdır.
-Müsahibə üçün təşəkkür edirik.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Oyun” teatrının hazırladığı Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan “Solğun sevgilər” tamaşası nümayiş edilib.
Görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan səhnə əsəri “Solğun çiçəklər” pyesi əsasında səhnələşdirilib.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.
Səhnə əsərinin əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırıblar.
Birhissəli səhnə əsərində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov, Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd ifa ediblər.
İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli alman bəstəkarı Lüdviq van Bethovenin 250 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
BMA-dan bildirilib ki, konsertdə ifaçıları dirijor, Əməkdar artist Fuad İbrahimovun bədii rəhbərliyi ilə Bakı Kamera Orkestri müşahidə edib.
Konsert zamanı Avropa bəstəkarlarının yaradıcılığına müraciət olunub.
Martın 10-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Keçmişdən partlayış” adlı tamaşa nümayiş ediləcək.
“YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş ediləcək tamaşa məşhur azərbaycanlı rəssam Əşrəf Muradın fantaziyasında “məskunlaşmış” Vinsent Van Qoq, Səttar Bəhlulzadə, Frida Kalo, Maral Rəhmanzadə kimi rəssamların və Volfqanq Amadey Motsart kimi incəsənət tarixinə iz qoymuş şəxsiyyətlərdən bəhs edir.
Nümayişdən sonra tamaşaçıların sualları cavablandırılacaq.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə Dövlət Arxivləri tərəfindən ölkəmizin görkəmli ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu, arxivlərə ekskursiyalar, “Açıq qapı” günlərinin keçirilməsinə başlanılıb.
İdarədən bildirilib ki, Milli Arxiv İdarəsinin və qurumun tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinin əməkdaşlarının iştirakı ilə ilk belə tədbirlərdən biri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə olub.
Görüşdə Baba Vəziroğlu ilə yanaşı, Xalq artisti Mübariz Tağıyev də iştirak edib. Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qonaqlar haqqında qısa məlumat verib. Daha sonra çıxış edən natiqlər, həmçinin qonaqlar arxivlərin əhəmiyyəti, şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsi haqqında öz fikir və mülahizələrini bildiriblər.
Sonda Baba Vəziroğlu sənədlərinin dövlət mühafizəsinə təqdim etmək üçün Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə müvafiq akt imzalayıb.
Milli Arxiv İdarəsi adından qonaqlara Dövlət Səs Yazıları Arxivində mühafizə edilən və onların özünə aid olan sənədlərin surətləri xatirə hədiyyəsi olaraq verilib və gül dəstələri təqdim edilib.
Martın 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi kitabxanalarının əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi məqsədilə treninqlərin açılışı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara tətbiqinin vacibliyindən, bugünkü cəmiyyətdə kitabxanaların qarşısında duran vəzifələrdən, treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin təşkilində əhəmiyyətindən danışıb və mütəxəssislərə uğurlar arzulayıb.
Daha sonra Milli Kitabxananın direktoru Kitabxananın trener müəllimlərini mütəxəssislərə təqdim edib.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları və xidmət növləri ilə də əyani tanış olacaqlar. Treninqlər bir həftə davam edəcək. Sonda müdavimlərə sertifikatlar təqdim ediləcək.
Martın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Zərgərlik məmulatları” kolleksiyasına yeni daxil olan Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan XIX əsrə aid asma bəzəklərin tarixinə dair mühazirə keçiriləcək.
Muzeydən bildirilib ki, “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşan mühazirə muzeyin elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova tərəfindən Azərbaycan dilində təqdim olunacaq.
Mühazirəyə hər kəs qatıla bilər.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş (MKS) Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.
Kitabxanadan bildirilib ki, informasiya bülletenində görkəmli sərkərdənin döyüş yolu, təltifləri, ona həsr olunmuş şeirlər, fotoqalereya və digər məlumatlar toplanıb.
İnformasiya bülleteni MKS-in veb-saytında yerləşdirilib.
Milli Konservatoriyanın məzunu, istedadlı ifaçı Cavahir Abdulova bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Vətən” adlı solo konsert proqramı ilə çıxış edib.
Tamaşaçılar ilk olaraq Cavahir Abdulovanın ifasında Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını dinləyiblər. O, elə ilk dəqiqələrdən hamının diqqətini özünə cəlb etməyi bacarıb.
Gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət ilə çoxlarının sevgisini qazanmış Cavahir Abdulova ənənəsinə sadiq qalaraq bu dəfə də ən sevilən mahnıları səsləndirib. Ürəyəyatımlı, məlahətli səsi ilə könülləri oxşayan ifaçı nəyinki tamaşaçıları əla almağı bacarıb, həm də onlara ən yaddaqalan bir konsert proqramı bəxş edib.
Ömrünün 20 ilini “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına bağlayan Cavahir Abdulovanın repertuarında xalq və bəstəkar mahnıları hər zaman yeni çalarlarla, özünəməxsus formada təqdim olunur.
Gecədə ifaçını təbrik edən tanınmış yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova Cavahir Abdulovanın sənət uğurlarından söz açıb, ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Canlı ifaları ilə hamının zövqünü oxşayan C. Abdulovanı tamaşaçılar səhnədən alqışlarla yola salıblar.
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabinetinin yanında Operativ qərargahdan "Report"a bildirilib ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.