Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək

    Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 3-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 11-14, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. 

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

     
  • “Yeni dudman” müasir dramaturgiya müsabiqəsi elan edilib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı “British Council Azərbaycan”ın dəstəyi ilə “Yeni dudman” müasir dramaturgiya müsabiqəsi elan edib.

    Nazirlikdən bildirilib ki, müsabiqənin adı bu il 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilən görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Köhnə dudman” əsərindən iqtibas olunub. Müsabiqənin ideyası da bu paradoksda – “yeni” və arxaik “dudman” sözlərinin vəhdətindədir.

    Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır.

    “Yeni dudman” müasir dramaturgiya müsabiqəsi tədris proqramı, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə ehtiva edir.

    Tədris proqramı çərçivəsində aprel-may aylarında yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mövzularda mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaq. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.

    Dramaturgiya müsabiqəsi mərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək.

    Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.

    “Yeni dudman” müasir dramaturgiya müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.

    Müsabiqədə 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Daha əvvəl pyesi tamaşaya qoyulan şəxslər müsabiqədə iştirak edə bilməz.

    Əsərlərin müsabiqəyə aprel 15-dək təqdim edilməlidir.

    İştirak etmək istəyənlər yenidudman@gmail.com e-mail adresinə özləri haqqında informasiya göndərə bilərlər.

     
  • “Hacı İsgəndər” adlı yeni roman işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Hacının “Hacı İsgəndər” adlı yeni romanı işıq üzü görüb.

    Roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Romanda Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.

    Romanda Ömər Faiq Nemanzadə, Hacı Zeynalabdin Tağıyev, Ənvər Paşa, Nuru Paşa, Ruhulla Axundov, şairlərdən Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.

    Kitab Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi tərəfindən çap olunub.

    Nəşrin redaktoru İlhamə Hacıyevadır.

  • Kinomuzun korifey sənətkarı

    Fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun doğum günüdür.

    Tiflisdə anadan olan Mustafa Mərdanov kiçik yaşlarından teatra böyük maraq göstərib, 1910-cu ildən dram dərnəklərində çıxış edib. Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.

    Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.

    Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək dəvəti alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.

    Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.

    Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.

    Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.

     
  • Qazaxıstanda Azərbaycan turizminə böyük maraq var

    Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Qazaxıstan turizm sahəsində Azərbaycan təcrübəsindən istifadə etmək istəyir.

    Qazaxıstanın “Qazax Turizm” Milli Şirkətinin sədr müavini Kayrat Sadvakasov bildirib ki, ölkəsində Azərbaycana böyük maraq var. Son illər iki ölkə arasında sürətlə inkişaf edən və strateji xarakter alan münasibətlər turizm sahəsinin inkişafına da təsirsiz ötüşməyib. Statistik məlumatlara görə təkcə ötən iki il ərzində Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 50 faizədək artım qeydə alınıb. Qazaxıstanda ölkənizi daha çox əlverişli coğrafi mövqeyinə, hər mövsümə uyğun turizm imkanlarına, dəniz və çimərlik turizminə, tarixi məkanlarına, milli mətbəx və ev sahibliyi etdiyi Avroviziya, Avropa Oyunları, Formula 1 kimi kütləvi yarışlarla xatırlayırlar. Elə bu üstünlüklər Azərbaycana marağın artmasının əsas səbəbləri kimi göstərilir.

    Kayrat Sadvakasov deyib: “Bizim vətəndaşları daha çox çimərlik, qastronom turizmi maraqlandırır. Bu səbəbdən də daha çox buna uyğun özlərinə istirahət axtarırlar. Amma tədricən tendensiya dəyişir və indi macəra turizmi önə çıxmağa başlayıb. Qazaxıstandan hər il 11 milyondan artıq insan səyahət edir. Onlardan çoxu biznes səyahətidir. Yaxşı ki, indi Azərbaycan Hava Yolları bizim ən böyük şəhərimiz olan Almataya uçuşlar təşkil edir və bu gələcək inkişaf üçün stimuldur. Ən çatışmayan cəhət isə yəqin ki, bir-birimiz haqqında informasiya qıtlığıdır”.

    Ekspertin qənaətinə görə, informasiya çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, qarşılıqlı şəkildə məlumatlandırma tədbirləri görmək lazımdır.

    “Hesab edirəm ki, biz öz turoperatorlarımızı Azərbaycana göndərməli, sizin turopeatorlar isə bizim ölkəyə gəlməlidir. Eyni zamanda, mediaturlar təşkil etmək, turizm sahəsindən yazan bloqqerləri dəvət etmək lazımdır. Biz informasiya turlarına qatılmaq istəyən Azərbaycan turoperatorlarını dəstəkləməyə hazırıq. Ötən il Azərbaycanda olduq və Bakını çox sevdik. Həm iqlimi əlverişlidir, həm də tarixi yerləri və Xəzər sahili çimərlikləri var. Bu dənizsevərlərə də yaxşı imkanlar açır. Həmçinin Naftalan haqqında eşitmişəm və bizim qazaxıstanlı turistlərə səhiyyə turizmi, Naftalan çox maraqlıdır. Hazırda Türk Şurası çərçivəsində həyata keçən “İpək yolu” layihəsində turizm sahəsində Qazaxıstanın Azərbaycanla sıx əməkdaşlığı var. Düşünürəm ki, bu ideyanı davam etdirmək lazımdı. Biz Azərbaycanla və digər türkdilli ölkələrlə işləməyə hazırıq. İpək yolu üzərində 34 ölkə var. Bu, İndoneziyadan tutmuş İtaliyaya qədə geniş bir arealı əhatə edir”,-deyə “Qazax Turizm” Milli Şirkətinin sədr müavini deyib.

    Onun sözlərinə görə, ortaq tarixi köklər, mədəniyyətin və milli adət-ənənələrin bənzərliyi də qazaxıstanlı turistləri Azərbaycana cəlb edən amillər sırasındadır. Ekspertin qənaətinə görə, Azərbaycan turizm baxımından digər qonşularına nisbətən daha böyük potensiala sahibdir.

    Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı vizasız rejim haqqında sazişə dəyişikliklər barədə protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Qazaxıstan vətəndaşları bu ölkələrin ərazisində 30 gün ərzində qeydiyyatsız qala, 90 gün ərzində isə vizasız yaşaya bilərlər.

     
  • Beynəlxalq elmi konfransda qədim Azərbaycan şəhərlərinin gerbləri barədə elmi məruzə dinlənilib

    Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajı muzeyində keçirilən “Heraldika: Tədqiqat və təcrübə” adlı beynəlxalq elmi konfransda, Beynəlxalq Muzeylər Şurasının (İCOM) tərkibində İCOMAM Beynəlxalq Komitəsinin idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Rusiya İmperiyasının tərkibində Azərbaycan şəhərlərinin mahal və quberniyalarının gerbləri” adlı elmi məruzəsi dinlənilib.

    Tədbirdə nüfuzlu alimlər və mütəxəssislər iştirak ediblər.

    Tarixçi alim P.Gözəlovun məruzəsi zamanı fotoslaydlar nümayiş edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • Türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişafı məsələləri müzakirə olunub

    Qırğızıstanın Özbəkistandakı səfiri İbrahim Junusov Daşkənddə TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşüb.

    Görüşdə türkdilli dövlətlər arasında mədəni sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsində TÜRKSOY-un rolu, üzv ölkələrdə Novruz bayramının təntənəli şəkildə keçirilməsi istiqamətində görülən işlər, 2020-ci ildə qədim Xivə şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması məsələləri müzakirə edilib.

    İbrahim Junusov “Oş-Türk dünyasının mədəniyyət paytaxtı 2019” tədbirlərinin yüksək səviyyədə keçirilməsi istiqamətindəki xidmətlərinə görə Düsen Kaseinova minnətdarlıq edib.

     
  • “ASAN Radio” yeni layihəni təqdim edib

    “ASAN Radio”nun dəstəyi ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş yeni layihə hazırlanıb. Layihənin rəhbəri “ASAN Radio”nun direktoru Emin Musəvi, ideya müəllifi isə Əməkdar artist Bəhram Bağırzadədir.

    Videoda H.Z.Tağıyevin həyat yolundan ən vacib və nümunəvi məqamlardan birinə yer verilib. Böyük xeyriyyəçinin Azərbaycanın savadlı gələcəyi naminə xidmətlərinə nəzər yetirilib.

    Layihənin ərsəyə gəlməsinə Milli Azərbaycan Tarixi Muzeyi dəstək göstərib.

    Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə aktyor Bəhram Bağırzadə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişdi. Dövlət başçısı təklifi bəyənərək, dərhal tapşırıq verdi. Beləliklə, böyük azərbaycanlı, xeyriyyəçi H.Z.Tağıyevin heykəli tezliklə paytaxtın mərkəzində ucaldılacaq.

     
  • Əbülfəs Qarayev: Musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron qaydada aparılacaq

    Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq.

    Bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev “Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər” forumunda çıxışı zamanı deyib.

    Nazir söyləyib ki, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq. Onun sözlərinə görə, iki ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir.

    “Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz təhsil almasını dövlət öz üzərinə götürüb”, - deyə nazir qeyd edib.

  • Şah Mat Teatrının yeni tamaşası – “İstehkam” maraqla qarşılanıb

    Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

    Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə göstərilib.

    Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

    Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış ediblər.

    Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır.

    Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.