Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib

    Təhsil Nazirliyi dövlət ümumtəhsil müəssisələri və ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir. Nazirlikdən bildirilib ki, layihə təklifləri martın 2-dən 31-dək qəbul ediləcək. Hər iki kateqoriya üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az portalında qeydiyyatdan keçərək müvafiq sənədləri sistemə yükləməlidirlər. Layihə təkliflərinin məbləğləri “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

    Müsabiqə 9 mövzu - ümumtəhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması; şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması; ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi; ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması; təhsildə texnoloji yeniliklərin tətbiqi; təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi üzrə keçirilir.

    Xatırladaq ki, bu müsabiqə 2017-ci ildən keçirilir.

     
  • Xocalı soyqırımı dünya portallarında

    İsrailin “Aziznews”, Ukraynanın “Everyday”, İranın “Tabrizema.ir”, Gürcüstanın “Brandnews.ge” portalları bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı ilə bağlı videomaterial yerləşdirib.

    Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanan videomaterialda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı törətdiyi qətliamın canlı şahidi olmuş tanınmış Litva jurnalisti, “Ladziyay ulduzu” ictimai-siyasi qəzetinin baş redaktoru Riçardas Lapaytisin hadisə ilə bağlı fikirləri təqdim olunub.

    Videosüjet ingilis və Azərbaycan dillərinə tərcümə edilmiş titrlərlə verilib.

     
  • İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək

    İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparılıb, böyük beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək.

    Bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də jurnalistlərə müsahibəsində deyib.

    Nazir söyləyib ki, bu tədbirlər çərçivəsində muzeylərdə saxlanılan əşyaların bir qismi sərgilərdə nümayiş olunacaq. Eyni zamanda, bir sıra mədəni proqramlar təqdim ediləcək: “Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq. Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Çünki bu gün İçərişəhərdə görülən işlər təqdirəlayiqdir”.

     
  • Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar

    Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın “Profi+travel” portalında təşkil olunmuş təlim layihəsində qalib gələn turagentlərin Azərbaycana infoturu təşkil olunub.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanla tanışlıq səfərində layihə müddətində ölkəmizə turlarının aktiv satışını həyata keçirən 10 ən aktiv turagent statusunu qazananlar iştirak ediblər.

    Qonaqların Azərbaycanın əsas turizm infrastrukturu, tarixi məkanları, milli mətbəxi, yerli adət-ənənələri, hotelləri, turistlərə təklif olunan xidmətlər, eləcə də qış turizmi imkanları barədə məlumatlandırılması məqsədilə Bakı, Qobustan, Quba və Qusara səfərlər təşkil edilib.

    Fevralın 28-də qalib turoperatorlarla yerli turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.

    Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Ulyanovsk, Tolyatti, Saratov, Samara və Yaroslavl şəhərlərini təmsil edən turoperatorlarla 70-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında görüşlər zamanı əməkdaşlıq imkanları qiymətləndirilib.

    Qeyd edək ki, “Profi+travel” portalında 6 ay davam edən onlayn təlim layihəsinin sonunda rusdilli ölkələri təmsil edən turagentlər Azərbaycanın turizm potensialı, hotellər və turizm marşrutları haqda yerləşdirilən materialları mənimsəyiblər.

    Tematik vebinarları dinləyən və sonda test mərhələsini uğurla adlayan qaliblər Azərbaycan Turizm Bürosu tərəfindən sertifikatla təltif ediliblər.

     
  • “Oyun”un “Solğun sevgilər”i yenidən səhnədə

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı sosial layihələrini, fiziki məhdudiyyətli istedadlı yaradıcı gənclərin teatra inteqrasiyasını uğurla davam etdirməkdədir.

    Bu mənada sağlamlıq imkanları məhdud yuxarı yaş qrupunda həvəskarların cəlb olunduğu “Oyun” adlı teatr və onun qısa zamanda əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır.

    Əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarımızın müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır.

    Ötən ilin sonlarında premyerası ilə gündəmə gələn və sənətsevərlərin marağına səbəb olan “Oyun”çular çoxsaylı müraciətləri nəzərə alaraq yenidən teatrsevərlərin qarşısına çıxacaqlar.

    Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova AZƏRTAC-a bildirilib ki, martın 1-də (saat 19.00) Dövlət Kukla Teatrının böyük zalında tamaşanın ikinci premyerası olacaq.

    Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Müəllifin “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib.

    Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

    Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.

    Birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov ,Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar.

    Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.

  • Milli Dram Teatrında Xocalı qurbanlarının xatirəsi anılıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun ikihissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq artisti Siyavuş Kərimidir. Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov canlandırıblar.

    Tamaşa müharibədə çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

    Həmçinin tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

    Tamaşaboyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.

    “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

     
  • “Gənc istedadlar” liseyinin şagirdləri Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər

    Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

    BDU-dan bildiriblər ki, tədbiri liseyin direktoru Arif Bağırov açaraq ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən soyqırımının təkcə azərbaycanlılara deyil, insanlığa qarşı cinayət olduğunu bildirib.

    Anım mərasimində faciə qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov və Xocalı soyqırımının şahidi Müşkünaz Əhmədova çıxış edərək ümumtəhsil müəssisələrində belə tədbirlərin keçirilməsilə ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının yad edilməsinin və Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın vacib olduğunu qeyd ediblər.

    Tədbir lisey şagirdlərinin hazırladığı ədəbi-bədii hissə ilə davam edib. Sonda Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub.

    Xatırladaq ki, Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən “Gənc istedadlar” liseyində ilk dərslər də Xocalı soyqırımına həsr edilib.

     
  • Dövlət Uşaq Filarmoniyası “Sizin üçün” adlı konsert proqramı ilə çıxış edəcək

    Martın 6-da Azərbaycan Dövlət Uşaq Filarmoniyası tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə konsert təşkil olunacaq.

    Konsertdə “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edəcək.

    Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.

     
  • “Mədəniyyət qalası” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

    Şəki Regional Mədəniyyət İdarəsinin orqanı olan “Mədəniyyət qalası” qəzetinin növbəti, fevral nömrəsi çapdan çıxıb.

    Qəzetin yeni nömrəsində oxuculara Gənclər Günü münasibətilə keçirilən ənənəvi “Gəncliyin səsi” festivalı, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı, Özbəkistanın Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini qəbul etməsi, Şəkidə ötən ilin yekunlarına dair hesabat yığıncağı, Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi və regionun mədəni həyatını əks etdirən digər məqalələr təqdim olunub.

    Qəzetlə onlayn www.sheki.mctgov.az elektron ünvanından tanış olmaq mümkündür.

  • “Sevilya bərbəri” iki ölkənin opera ulduzlarını bir araya gətirəcək

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi səhnə əsərində iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (Almaviva rolunu ifa edəcək) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa edəcək) dəvət edib.

    Ukraynalı sənətkarlarla yanaşı, operada Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.

    Martın 7-də təqdim ediləcək səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.