Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Sabah 17 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında fevralda 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. 

    Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 27-28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

     
  • Polad Bülbüloğlu: “Xocalıda baş verənləri unutmaq olmaz”

    “Xocalıda törədilənlər xüsusi qəddarlıqla həyata keçirilən əsl soyqırımı idi. Qurbanların çoxu diri-diri yandırılıb, insanların gözləri çıxarılıb, başları və qulaqları kəsilib”.

    Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyinin təşəbbüsü ilə Moskvadakı Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində Xocalıda baş verən soyqırımına həsr olunmuş tədbirdə deyib.

    Səfir Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini yad etmək məqsədilə toplandıqlarını xatırladaraq həmin qanlı hadisələrin detalları barədə məlumat verib: “Xocalı şəhəri bir gecədə yerlə yeksan edildi”.

    P.Bülbüloğlu soyqırımı qurbanlarının əsl sayının heç kimə məlum olmadığını, rəsmi mənbələrdə göstəriləndən daha çox olduğunu vurğulayıb.

    “Zaman sağaltmır. Neçə il keçməsinə baxmayaraq, başverənləri unutmaq, səhifəni bağlamaq, çevirmək mümkün deyil. Kimsə zaman keçdikcə dövlətimizin mövqeyinin dəyişəcəyinə və ya zamanla transformasiyaya uğrayacağına ümid edirsə, ümidləri puç olacaq. Azərbaycanlılar heç vaxt torpaqlarından imtina etməyəcəklər və hər zaman ölkələrinin maraqlarını müdafiə edəcəklər”, - səfir bildirib.

    P.Bülbüloğlu bugünlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı son görüşü xatırladaraq, xalqımızın maraqlarını sonuna qədər dəstəkləmək əzminin bir daha nümayiş etdirildiyini söyləyib: “Cənab Prezident Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı bir sıra danılmaz faktları qeyd etdi və tezislərini tarixi məlumatlarla və çoxsaylı dəlillərlə, O cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə əsaslandırdı”.

    “Dəlillərə və sənədli sübutlara, cinayətkarların, demək olar, adbaad bəlli olmasına baxmayaraq, indiyə qədər heç kim dünya ictimaiyyətinin gözü qarşısında törədilmiş dəhşətli soyqırımı aktına görə məsuliyyətə cəlb olunmayıb. Ölənləri geri qaytara bilmərik, ancaq Xocalıda baş verənlər haqqında həqiqəti dünyaya çatdırmalıyıq ki, bu bir daha və heç yerdə təkrar olunmasın. Məhz bu məqsədlə Heydər Əliyev Fondunun vitse-prezidenti və AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” hərəkatı başlayıb. O, dünyada yüzminlərlə gənci bir araya gətirib. Onlar missiyalarını Xocalı soyqırımı ilə bağlı həqiqətləri müxtəlif ölkələrin vətəndaşlarına çatdırmaqda görürlər. Bir çox ölkələr, eləcə də ABŞ-ın 22 ştatında Xocalı hadisələrini soyqırımı kimi tanıyıblar”, - P.Bülbüloğlu söyləyib.

     
  • Musiqili Teatr “Ər və Arvad” tamaşasını yenidən repertuara salıb

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Ər və arvad” tamaşasını yenidən repertuara salıb.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, martın 13-də nümayiş ediləcək tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

    Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edəcək.

    Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

     
  • Yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək

    Fevralın 27-də yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək.

    “Goethe Zentrum Baku” nun təşkilatçılığı ilə reallaşacaq tədbir M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi zalında gerçəkləşəcək.

    Konsert çərçivəsində iki eksperimental elektron musiqi ifası səslənəcək. Belə ki, konsertdə Həzi Kərim və Anar Keytarmanın dueti, həmçinin niderlandlı modulyar- sintezator ustası Tomas Ankersmit öz dalğın və fleqmatik audio eksperimentləri ilə çıxış edəcəklər.

    Gecə proqramı çərçivəsində sərt industrial musiqi Skalodromda ifa olunacaq. Moskvanın məşhur “Mutabor” klubundan Poima canlı duet ifa edəcək. Həmçinin gecədə Berlinin əfsanəvi “Trezor” klubunun nümayəndəsi və Almaniyanın texno səhnəsinin veteranı Pacou çıxış edəcək. Onlar səhnəni Reef, Leo Hazree və Tasktydusk ilə bölüşəcəklər.

     
  • Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqram ilə çıxış edəcək

    Fevralın 28-də violonçel ifaçısı Camal Əliyev Biqarda (“Biggar Music Society”, Böyük Britaniya) konsert proqramı ilə çıxış edəcək.

    Bu barədə məlumat musiqiçinin və Biqar Musiqi Klubunun saytında yer alıb. Camal Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.

    Konsertdə L.V.Bethoven, Y.Brams, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.

    Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

     
  • Timur Əsgərov “Bayaderka” baletində Solorun partiyasını ifa edəcək

    Martın 12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdvik Minkusun “Bayaderka” baleti nümayiş etdiriləcək.

    Səhnə əsərində Solorun partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

    T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

     

  • İstanbulda “Cəhənnəmdə 8 gün” teatr tamaşasının premyerası olub

    Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulun Gültepe Mədəniyyət Mərkəzində “Cəhənnəmdə 8 gün” tamaşasının premyerası olub. Baş rolun ifaçısı, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəhbəri Kəmalə Kamal müsahibəsində bildirib ki, Xocalı sakini Dürdanə Ağayevanın xatirələri əsasında hazırlanan tamaşanın ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə, musiqi tərtibatçısı Aynur Axundzadədir. Tamaşa “Bir millət, iki dövlət” layihəsi çərçivəsində hazırlanıb. Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş və səkkiz gün əsir həyatı yaşamış qadının hekayəsini özündə əks etdirən səhnə əsərində aktyorlardan Şəlalə Coşqun Tuna, Bülənt Altay, Yavər Hüseynzadə, Said Vardar, Musa Çakır və digərləri iştirak edirlər.

    Premyeradan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

    Tədbirdə çıxış edən türkiyəli yazıçı Mətin Yıldırım, tamaşanın baş koordinatoru Ayhan Ünlü və digərləri Xocalıda yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıb, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar.

    Tamaşadan əvvəl Xocalı qətliamının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.

    Səhnə əsəri izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

    Teatrın foyesində Xocalı soyqırımını əks etdirən rəsm sərgisi təşkil edilib.

     
  • Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb

    Oktyabrın 9-10-da Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsi keçiriləcək.

    Fondun rəsmi saytına istinadla xəbər verilir ki, müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.

    Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

    Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turdan ibarət müsabiqə simfonik orkestrin müşayiəti ilə keçiriləcək. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.

    Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.

    Müsabiqənin əsasnaməsinə əsasən, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 15 min, 10 min, 5 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.

    İştirak arzusunda olanlar mayın 12-dən gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər. Ətraflı məlumatı http://m-magomaev.ru/ru/contest/Pologenie2020/ linkindən öyrənmək olar.

    Xatırladaq ki, vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsində I yerə Azərbaycanın Əməkdar Artisti İlham Nəzərov, II yerə beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb.

  • Brüsseldə Beynəlxalq Ana Dili Günü keçirilib

    Türkiyə Respublikasının Belçika Krallığındakı səfirliyində Beynəlxalq Ana Dili Günü münasibətilə azyaşlı uşaqların iştirakı ilə tədbir keçirilib.

    Səfirliyin Təhsil müşavirliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirdə Türkiyənin Belçikadakı səfiri Həsən Ulusoy və baş konsulu Dilşad Kırbaşlı Karaoğlu, türk və yerli etnik qrupların birgə yaratdığı dərnəklərin təmsilçiləri, Belçikanın Kağonyon (Quaregnon) Bələdiyyəsinin Sosial Təbliğat məktəbində türk dili dərsləri alan tələbələr iştirak ediblər. Tədbirdə uşaqlar və tələbələr əsasən türk, eləcə də fransız, holland və ingilis dillərində bir çox şeir və mahnılar səsləndiriblər.

    Türkiyə tərəfinin dəvəti üzrə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bu tədbirdə təmsil olunub. Ölkəmiz adından 8 yaşlı Mədinə Bəşirova Səməd Vurğunun “Azərbaycan” şerini səsləndirib. Onun çıxışı auditoriyanın böyük maraq və sevgisinə səbəb olub.

    Tədbirdə çıxışçılar tərəfindən ana dilinin mükəmməl mənimsənilməsi və sevgi ilə öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, bu mövqeyin istər elmi araşdırmalar əsasında, istər də UNESCO tərəfindən mütləq qaydada dəstəkləndiyi və tövsiyə olunduğu bəyan edilib.

    Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi təşəbbüsü Banqladeş tərəfindən irəli sürülüb, 1999-cu ilin noyabr ayında UNESCO Baş Konfransı tərəfindən təsis olunub. BMT Baş Assambleyası 2002-ci il tarixli A/RES/56/262 saylı qətnaməsində bu bəyanatı dəstəkləyib. BMT Baş Assambleyası 2007-ci il tarixli A/RES/61/266 saylı qətnaməsində üzv dövlətləri “dünyanın bütün xalqları tərəfindən istifadə edilən dillilərin qorunması və müdafiəsi üçün tədbirlər görməyə” çağırıb.

    Dil və mədəni müxtəlifliyi təbliğ etmək məqsədilə Beynəlxalq Ana Dili Günü 2000-ci ildən etibarən hər il qeyd edilir. Builki əlamətdar gün “Sərhədsiz dillər” devizi ilə keçirilib.

     
  • “InSight” zondu Marsda yüzlərlə yeraltı təkan qeydə alıb

    “InSight” eniş platformasının cihazları Mars planetində yüzlərlə yeraltı təkan qeydə alıb, qırmızı planetin süxurlarında gözlənilməz güclü maqnitləşmənin izini tapıb. Bu barədə missiya iştirakçıları “Nature” jurnalının keçirdiyi telekonfransda danışıblar.

    TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, NASA-da “InSight” missiyasının rəhbəri Brüs Banerdt deyib: “Biz sübut etdik ki, Mars seysmik aktiv planetdir. Planetin təki Aydan daha çox fəal, lakin Yerdən daha az narahatdır. Bu baxımdan bütövlükdə Mars bizə planetimizin parçalanmadan və seysmik gərginlikdən uzaq sakit guşələrini xatırladır”.

    “InSight” modulu Marsın səthinə 2018-ci ilin dekabrında enib. Onun əsas vəzifələri Marsdakı zəlzələlərin izini axtarmaq və qırmızı planetin daxili strukturunu öyrənməkdir. O, birinci yarımildə 174 zəlzələ qeydə alıb. Planetoloqların sözlərinə görə, bu təkanların əksəriyyəti, kifayət qədər zəif olub. Yerdə qalan 24-ü 20-30 kilometr dərinlikdə yerləşib və təxminən 3-4 bal gücündə olub. Əgər episentrin ətrafında insanlar yaşasaydı, bu təkanları hiss edə bilərdirlər.

    Marsın geologiyası ilə bağlı digər maraqlı fakt isə modulun cihazlarının planetin qabığında qalıq maqnitləşmənin yüksək səviyyəsini qeydə almasıdır ki, bu da qırmızı planetdə güclü maqnit qütbünün olmaması haqqında təsəvvürlə bir araya sığmır.

    Tədqiqatlar davam etdirilir.