“Yüksəliş” müsabiqəsində iştirak edən namizədlər martın 1-də qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.
Əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.
Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bazar günü məktəblərində məşğələlər davam edir.
MDU-nun Bakı filialının saytına istinadla xəbər verilir ki, martın 1-də biologiya, martın 7-də və 14-də rus dili və ədəbiyyatı fənlərindən bazar günü məktəbi təşkil ediləcək. Məşğələlər pulsuzdur.
Bazar günü məktəbinə yazılmaq üçün MDU-nun Bakı filialının saytında formanı doldurmaq lazımdır. Qeydiyyat bazar ertəsi saat 9:30-dan açılır və şənbə günü saat 11-də bağlanır. Ətraflı məlumatla MDU-nun Bakı filialının saytında tanış olmaq mümkündür. Əlaqə nömrəsi: +99412 598 93 32.
Balidə qızıl suyuna salınmış 43 şüşə muncuq dənəsi aşkarlanıb. Şüşə və hazırlanma texnikasına əsasən, onlar eramızdan əvvəl IV-I əsrlərdə Roma dövründə Misirdə düzəldilib. Bu cür muncuqlar az miqdarda daha əvvəl Cənubi Hindistanda, Malay yarımadasında tapılıb. Onlar şəffaf, ya da açıq sarı şüşədən ikiqat hazırlanıb və qatların arasına nazik qızıl təbəqəsi yerləşdirilib. Bu cür muncuqlar eramızdan əvvəl IV əsrdə Misirdə düzəldilməyə başlanılıb və sonra həmin texnologiya geniş yayılıb.
“Nauka i jizn” nəşrinə istinadla xəbər verilir ki, Balidə muncuqlar qismən tədqiq olunan Panqkunq Paruk abidəsində aşkar edilib. Görünür ki, bu, nekropoldur – arxeoloqlar və torpağın sahibi dörd daş sarkofaq aşkar ediblər. Onların içində çoxlu sayda əşyalar var. Cənubi-Şərqi Asiyada bu cür muncuq hələ tapılmayıb. Qızılla işlənmiş muncuqla yanaşı, iki cüt qızıl sırğa, iki Çin bürünc güzgüsü tapılıb. Sırğaların analizi göstərir ki, onların hazırlandığı metal Mərkəzi Vyetnam və Laos qızılına oxşayır. Güzgü isə Çində Xan dövründə hazırlanmış oxşar materialdandır. Tədqiqatın nəticələri “Antiquity” jurnalında dərc edilib.
Tapıntılar Balinin geniş ticarət əlaqələrindən xəbər verir. Roma bəzəkləri adaya görünür ki, ya Hindistan və Malay yarımadası, ya da Hindistandan dəniz vasitəsilə gəlib çıxıb. Bali muncuqları Qədim Romanın uzaq əlaqələrindən xəbər verən yeganə sübut deyil. Daha əvvəl Yaponiyada Roma sikkələri və boşqabı tapılması, habelə romalıların Çin təbabəti haqqında məlumatlı olması barədə xəbər verilib.
Fransız və italyan alimləri müəyyən ediblər ki, Afrika pinqvinlərinin (eynəkli pinqvinlər) səs siqnalları insan nitqində olan qanunlara tabedir. Daha əvvəl Britaniya alimləri şimpanzelərdə jestikulyasiyanı öyrənərkən oxşar nəticəyə gəliblər. Rusiyalı bioloqların məlumatına görə, afalinlərin səs siqnallarının quruluşu söz yaradıcılığını xatırladır. RİA novosti agentliyinə istinadla xəbər verilir ki, Britaniya primatoloqları 2014-cü ildə Uqandada vəhşi şimpanzeləri müşahidə edərkən onlarda 66 jest ayırıblar. Bu jestlərlə heyvanlar bir-birinə “çəkil”, “bəsdir”, “arxamca gəl” kimi informasiya siqnallarını ötürüblər. Meymunlar həmcinsinə nəsə “demək” üçün onun diqqətini cəlb etməyə çalışıb. Beş il sonra Roehampton universitetinin alimləri şimpanzedə 2000-dək jesti təsvir edərək belə qənaətə gəliblər ki, bu kommunikasiya sistemi də insan nitqi kimi linqvistikanın qaydalarına tabedir. Belə ki, təbii dillərdə daha qısa sözlər tez-tez işlənir – meymunlar üçün də bu və ya digər jestə üstünlük verməsi onun uzunluğundan asılı idi. Yaxud uzun dil vahidləri daha qısa elementlərdən ibarətdir. Məsələn, dillərdə söz uzun olduqca, onun təşkil olunduğu hecalar qısa olur. Meymunların mürəkkəb jesti də qısalar üzərində qurulub. Nəticədə 873 ayrıca jest müəyyən edilib, qalanları isə düzəltmə olub. Ən uzun ardıcıllıq 45 jestdən ibarət olub.
Bu yaxınlarda məlum olub ki, Cənubi Afrika Respublikası və Namibiyanın sahillərində yaşayan eynəkli pinqvinlərin vokal ünsiyyəti də linqvistika qanunlarına tabedir.
Beynəlxalq alim qrupu İtaliyanın bir neçə zooparkında 28 növ eynəkli pinqvinin 590 “mahnısını” qeydə alıb. Sonra əldə edilən nümunələr qısa (A), uzun (B) və aralıq (C) növünə ayrılıb. Daha çox A, ən az B növdən istifadə edilib.
Rusiya Elmlər Akademiyasının P.Şirşov adına Okeonologiya İnstitutunun Dəniz məməliləri laboratoriyasının elmi işçisi Aleksandr Aqafonov bildirir ki, bütün bunlar heç də heyvanların insanlar kimi ünsiyyət saxlaması demək deyil. Pinqvinlərə gəldikdə isə həmin tip siqnallar digər quşlarda olduğu kimi, onlarda da çox deyil. Buna görə də pinqvinlərin insanlar kimi bir-birilə “danışması” barədə fikir söyləməyinə dəyməz. Əgər “heyvanların dili” insan nitqi ilə analogiya edilərsə, ona daha çox afalin delfinlərin kommunikativ sistemi oxşardır. Onlarda impulsların ardıcıllığını göstərən mürəkkəb modullaşmış siqnallar çoxdur. Afalinlərdə bir neçə tip siqnal var. Bunlardan birincisi özünəməxsis yüksəktezlikli fit səsidir ki, bununla həmin heyvanlar bir-birini, habelə digərlərinin harada olduğunu müəyyənləşdirir. Hər belə siqnal fərdidir ki, bu da delfinin özünəməxsus “avtoqrafıdır”. Afalin üzərkən bu səsi çıxarır ki, digərləri də öz səsləri ilə ona cavab verir. Fit səsi onların həyatında çox vacibdir, lakin yeri müəyyənləşdirməkdən başqa digər informasiyanı onunla ötürmək mümkün deyil. Hərəkəti əlaqələndirmək lazım gələndə, məsələn birgə balıq ovu zamanı afalinlər digər siqnal növündən - impulslu-tonal səsdən istifadə edirlər. Bu, böyük tezlikli genişzolaqlı impulslar silsiləsidir. Həmin siqnallar impulslar arasında intervalların dəyişməsi hesabına modullaşır. Bunlar, heyvanlarda olduğu kimi, məhdud sayda deyil, özlüyündə iyerarxik sistemdir. Bu sistem müxtəlif mürəkkəblik dərəcəsində elementlər kombinasiyasının bir neçə səviyyəsindən ibarətdir ki, bu mənada insan nitqini xatırladır. Yəni burada elementlərin iyerarxiyası var – fonem, morfem, söz və s. Afalinlərin “repertuarının” 60 faizi bu cür siqnallardan ibarətdir. Alimlər güman edirlər ki, onlarda həqiqətən də kifayət qədər inkişaf etmiş kommunikativ sistem ola bilər. Lakin bunu sübut etmək üçün mürəkkəb və uzun tədqiqatlar aparılmasına ehtiyac var.
Fevralın 27-də Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı təqdim dəcək.
Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə göstəriləcək.
Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.
Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edəcək.
Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə təqdim olunub.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.
Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa ediblər.
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqənin yekun sərgisi açılıb.
Sərgidə 225-dək uşaq və yeniyetmənin 250-dən çox sənət əsəri nümayiş edilib.
Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əməkdar rəssamlar Aydın Rəcəbov, Rafael Muradov, rəssam Nazim Məmmədbəyov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşı Azər Rəhimov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb, sərgidə nümayiş edilən əsərlərlə bağlı təəssüratlarını bölüşüblər.
Xocalı soyqırımının başvermə səbəb və nəticələrindən danışan natiqlər diqqətə çatdırıblar ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsidir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.
Məlumat verilib ki, müsabiqəyə respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə virtual olaraq qatılıb.
Sonra işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunublar.
Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə “Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı dəyirmi masa keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ilə əlaqədar AMM il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
AMM “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış Qarabağ ədiblərinə, xüsusən Əbdürrəhim bəy Haqverdiyevə və ədibin yaradıcılığına geniş yer verəcək.
Mədəniyyət Mərkəzi Özbəkistanın regionlarında və universitetlərində yaradılan Azərbaycan ocaqlarında da il ərzində bununla bağlı dəyirmi masa və seminarların keçirilməsi, ədibin əsərlərinin özbək dilinə tərcümə edilməsi, Əbdürrəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmənin yaradılması, habelə özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşüb.
Nazirlikdən bildirilib ki, qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Daha sonra Əbülfəs Qarayev Masallı rayon Heydər Əliyev Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən mədəniyyət sahəsi üzrə ali təhsil alan tələbələrin könüllülük prinsipi əsasında mədəniyyət müəssisələrində çalışması, rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərzilik dərnəyinin müasir avadanlıqlarla təmin olunması, kitabxanaların dərsliklər və uşaq ədəbiyyatı ilə təmin edilməsi, yaradıcı sənayenin dəstəklənməsi məqsədilə müxtəlif yerlərdə hazırlanan əl işlərinin satış-sərgilərinin təşkili, uşaq musiqi məktəblərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə ustad dərslərinin keçirilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Qəbulda vətəndaşlar tərəfindən həmçinin rayonda yerləşən tarixi hamamın təmir-bərpa olunması, tarixi abidə olan Banbaşı kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, klub müəssisələrində çalışan işçilərin attestasiyasının keçirilməsi, kitabxanaların ALİSA (mərkəzləşdirilmiş elektron kitabxana sistemi) proqramı ilə təmin olunması, uşaq musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunması, Əməkdar artist, xanəndə Sabir Mirzəyevin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı nazir Əbülfəs Qarayevə müraciət edilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verib.
Xocalı soyqırımının anım günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.