Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xocalı fəryadı...

    Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Xocalı fəryadı” adlı tədbir keçirilib.

    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Xocalı faciəsinə dair videoçarx nümayiş etdirilib.

    Tədbirdə çıxış edənlər bildirib ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında, Xocalıda üzləşib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olunub. Erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

    Tədbirdə həmin hadisələrin canlı şahidi olan Xocalı rayonu Yaloba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov çıxış edərək həmin günlərin dəhşətini, şahidi olduğu hadisələri iştirakçıların nəzərinə çatdırıb.

    Sonda Elmi Bərpa Mərkəzinin kollektivi və qonaqlar Cəbrayıl rayonu 22 nömrəli məcburi köçkün məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə “Ana harayı” abidəsini ziyarət ediblər.

     
  • “Qırmızı papaq” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı böyük Rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşasını növbəti dəfə repertuara salıb.

    Rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.

    Bir-birindən maraqlı nağıl qəhrəmanlarını teatrın sevimli aktyorları – Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar. Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.

    Martın 8-də nümayiş ediləcək səhnə əsərini izləmək üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.

     
  • Azərbaycanın bir sıra ali məktəbləri “Girne Amerikan” Universiteti ilə sıx əməkdaşlıq edirAzərbaycanın bir sıra ali məktəbləri “Girne Amerikan” Universiteti ilə sıx əməkdaşlıq edir

    Kiprin “Girne Amerikan” Universiteti Azərbaycanın aparıcı ali təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə sıx əməkdaşlıq edir.

    Bu sözləri müsahibəsində “Girne Amerikan” Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. Qeyd edib ki, universitet Vaşinqton, İngiltərə, Honkonq, İstanbul, Kişinyov və Kiprdə filialları olan böyük korporasiyadır. Azərbaycandan bu universitetdə 200-dək tələbə, bakalavr, magistratura və doktarantura pilləsində təhsil alır. Eyni zamanda universitetdə 15-ə yaxın azərbaycanlı professor-müəllim heyəti də çalışır. Hər il Azərbaycandan 200-ə yaxın təhsil işçisi bu universitetdə təcrübə keçir.

    O.Həsənoğlu vurğulayıb ki, hazırda universitetdə güzəştli təhsil alan azərbaycanlı tələbələr də var və bundan sonra da soydaşlarımıza müəyyən güzəştli təhsil proqramları təklif olunacaq.

  • Müvafiq tədbirlər” – “Artım”da açılacaq növbəti sərgi belə adlanır

    Fevralın 28-də “Artım” layihə məkanında multidistiplinar rəssam Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi açılacaq. Rəssamın ilk fərdi sərgisi olan “Müvafiq tədbirlər” insanları dialoqa və ya heç olmasa reaksiyaya dəvət edən bir “provokasiyadır”. Sərginin adı kütləvi informasiya vasitələrinin şablon xarakterli mətnlərindən ilhamlanaraq götürülüb. Xüsusi olaraq bu sərgi üçün hazırlanan əsərlərin konsepsiyasının əsas inkişafı iki istiqamətdə aparılaraq, yerli media və Azərbaycanda erkən nikah problemlərinə həsr olunub.

    Rəssamın toxunduğu yerli telekanallar mövzusu, əslində, daha geniş diapazonu əhatə edərək, şahidi olduğumuz dövrün dəyərləri, reallıqları/illüziyaları, arzuları və absurdlarından bəhs edir. Ekspansiyasız mövcud ola bilməyən kapitalizm quruluşunun insan kütlələri simasında böyük istehlakçı bazarı vardır. İstehsal strukturunun ayrılmaz hissəsi olan televiziya/media, istehlak prosesini istənilən halda, pozitiv və anlaşılmasında heç bir çətinlik olmayan "virtual" məhsul şəklində təqdim etmək məcburiyyətindədir. Bu fikirlərdən irəli gələrək, rəssam istehlak prosesini əksər televiziya kanallarında yayımlanan əsas verilişlər - xəbərlər, idman, hava proqnozu, teleserial - vasitəsilə açıqlayaraq, kitç mədəniyyətinin törəməsi olan strukturu kəskin tənqid edir. İdeyanın açıqlanmasında lokal identiklik meyarını əsas alət kimi tutaraq, rəssam təqdim olunan teleproqramlara fərqli bucaq altında baxmağı təklif edir.

    Bununla o, istehlakçı cəmiyyətdə formalaşmış hedonistik həyat tərzinə incə işarə edir.

     
  • “Akvariuma xüsusi sifariş” tamaşasının premyerası olacaq

    Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 25-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Akvariuma xüsusi sifariş” əsəri əsasında hazırlanan tamaşanın - birhissəli absurd komediyanın premyerasını təqdim edəcək.

    Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

    Bildirib ki, tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

    Rollarda Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətoğlu, Müdvər Nemətova, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Arzuman Tanrıverdi, Rövşən Cəfərov və Zəki Fətəliyev çıxış edəcəklər.

  • Rabatda UNESCO-nun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü qeyd olunub

    Rabat şəhərində Mərakeş Krallığının Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutu və Məğrib ölkələri üzrə UNESCO-nın Regional Bürosunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş mədəni tədbir keçirilib.

    Tədbirdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin dəstəyi ilə Rabatda yaşayan azərbaycanlı məktəblilər Rəvan Məmmədbəyli, Fərid Ağazadə və Elçin Əlizadə tərəfindən Xalq şairi Səməd Vurğunun “Azərbaycan” və Abbas Səhhətin “Vətən” şeirləri doğma dildə səslənib, Fərəhnaz Məmmədbəyli tərəfindən “Sarı gəlin” Azərbaycan xalq rəqsi ifa edilib.

    Tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.

    Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutunun rektoru Əhməd Bukus Azərbaycan təmsilçilərinin ifasından böyük zövq aldığını qeyd edərək, onların tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

  • Görkəmli bəstəkar Süleyman Ələsgərovun mahnıları səsləndirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunan “Əbədiyaşar musiqimiz” adlı konsert proqramı təşkil edilib.

    İdarədən bildirilib ki, tədbirdə bəstəkarın ömür yolu və yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, bəstəkar on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişə xanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi-xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifidir.

    Görkəmli bəstəkarın xatirəsinə həsr olunan tədbirdə bəstəkarın sevilən musiqi nömrələri təqdim edilib.

    Konsertin keçirilməsində məqsəd gənc nəsli Süleyman Ələsgərovun həyat və yaradıcılığı ilə tanış etmək, Azərbaycan musiqisinin zənginliyini göstərməkdir.

     
  • ƏSA Teatrı yeni tamaşanı təqdim etməyə hazırlaşır

    Əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı “Paris partladı” tamaşasını təqdim edəcək.

    Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşası martın 18-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

    “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

    Səhnə əsərinin quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadədir.

    Rollarda İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elsevər Rəhimov, Niyaz İlyasoğlu, Elvin Mirzəyev, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, Aysel Feziyeva, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Orxan Əliyev və Cəmilə Məmmədli çıxış edəcəklər.

    Tamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.Az onlayn bilet satış portalından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindən, “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

  • Şuşa Teatrının səhnəsində yeni tamaşa

    “Human” teatrının “Mənim” tamaşası Şuşa Dövlət Musiqili Teatrının səhnəsində baş tutacaq.

    Pantomim üslubda hazırlanmış “Mənim” psixoplastik tamaşası səfil bir insanın həyat tərzindən bəhs edir.

    Tamaşanın quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayevdur. Rolları Xalq artisti Pərviz Məmmədrzayev və Elgün Həmidov canlandırırlar.

    Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Park Bulvar”, “Gənclik”, “28 Mall” ticarət mərkəzləri və iTicket.Az saytından əldə edə bilərsiniz.

     
  • İrəvan Teatrı Bərdədə qastrol səfərində olub

    Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə Bərdə rayonunda qastrol səfərində olub.

    Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

    Bərdə rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

    Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

    Rollarda Əməkdar artist Sərvər Əliyev, aktyorlar Natiq Həziyev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev və Güney Əliyeva çıxış ediblər.

    Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.