Bakıda və Abşeron yarımadasında fevralda 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 25-i gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində ilk tədbir keçirilib.
Akademiyadan bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsi tələbələri faciənin 28-ci ildönümünə həsr olunmuş “Əsir Xocalım” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələr 28 il öncə Qarabağın dilbər guşəsi Xocalıda törədilmiş qanlı hadisələr haqqında təfərrüatı ilə danışıb, şeirlər səsləndiriblər. Tədbirdə, həmçinin faciə ilə bağlı foto və videomateriallar nümayiş etdirilib.
Mərasimdə akademiyanın müəllimi, Əməkdar artist Tamilla Əliyevanın görkəmli xanəndə Alim Qasımovun “İlahi” mahnısına quruluş verdiyi rəqs ifa olunub, Muğam Televiziya Müsabiqəsinin laureatı Xəyalə Qafarlının ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun dosenti Natiq Məmmədzadə soyqırımla bağlı elmi-tədqiqat işlərindən, tarixi həqiqətlərdən danışıb. Xocalı sakinləri isə ağrılı-acılı xatirələrini bölüşüblər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 28-29-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçiriləcək.
Nazirlikdən bildirilib ki, müşavirədə dövlət və özəl sektorun, yerli sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulur. Həmçinin tədbir zamanı Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni və adıçəkilən qurumdan daha 2 nəfər ekspertin mövzu ilə əlaqədar çıxışları eləcə də, təlimlərdə iştirakı planlaşdırılır.
Bununla yanaşı, müşavirədə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.
Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-cu ildə qoşulub.
Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulumuz Otto Hauzer Azərbaycan aşpaz komandasını bu şəhərdə keçirilən aşpazlar Olimpiadasında qarşılayıb.
Komandaya Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov rəhbərlik edib.
Yarışmaya 40-dan çox ölkənin milli komandaları qatılıb. Ştutqart ikinci dəfə dünyanın ən böyük beynəlxalq yemək sərgisinə ev sahibliyi edib. Növbəti olimpiada dörd il sonra yenə də Ştutqartda keçiriləcək.
Bu yarışmaya ilk dəfə qatılan Azərbaycan komandasının iştirakından məmnunluğunu ifadə edən Otto Hauzer deyib: “İştirak qələbələrdən daha vacibdir”.
İlk turlarda komanda 28 iştirakçı arasında dördüncü yeri tutub. Təəssüf ki, bu olimpiya kürsüsündə yer almaq üçün kifayət etməsə də, komanda üçün əlamətdar bir qiymətləndirmə olub. Ancaq 4 il sonra Azərbaycan kulinariya mədəniyyətini və yeməklərini beynəlxalq auditoriyaya təqdim etmək üçün yeni bir şans daha var.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə fevralın 22-də Bərdə rayonunda qastrol səfərində olacaq.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Natiq Həziyev, Əməkdar artist Sərvər Əliyev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev və Güney Əliyeva çıxış edəcəklər.
Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.
“British Council Azərbaycan” təşkilatı “ASAN radio” və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birlikdə “Selector PRO”nu artıq üçüncü dəfə Bakıda təqdim edəcək.
Layihə ilə bağlı təşkil olunan mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maliki məlumat verib.
Bildirib ki, builki layihə gender bərabərliyini təmin etmək məqsədi daşıyır və “Selector Live: women.sounds.waves” adlanır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə tədbirin keçirilməsinin əsas məqsədinin qadınların inkişaf etdirilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, gender bərabərliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da kifayət qədər mühüm məsələdir. Ona görə də bu istiqamətə xüsusi diqqət yönəldilməlidir.
Böyük Britaniyanın dünyada musiqinin inkişafı baxımından böyük imkanlara sahib olduğunu vurğulayan diplomat deyib: “Son 50 il ərzində bizim ölkəmiz musiqinin inkişafı baxımından qabaqcıl rol oynayır. Eləcə də elektron musiqinin inkişafında xüsusi rola malikdir. Layihənin gerçəkləşdirilməsi zamanı bu sahədə təlimlərin keçirilməsi də nəzərdə tutulub”.
“British Council Azərbaycan”ın ölkə üzrə rəhbəri Samr Şah “Selector PRO” layihəsinin “ASAN radio” və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb: “Selector şou dünyanın müxtəlif ölkələrindən olan auditoriya ilə daim dəyişən Birləşmiş Krallıq mədəniyyəti arasında körpü rolunu oynayır və 30-dan çox ölkədə yayımlanır. Selector şou Birləşmiş Krallığın ən səs-küylü musiqiçilərinin canlı performanslarını təqdim edir. “Selector Live: women.sounds.waves” adlanan builki konsertdə Britaniyadan olan JAMZ SUPERNOVA, HOLLY LESTER kimi DJ-lərlə yanaşı Azərbaycandan olan istedadlı qadın musiqiçilər də iştirak edəcəklər. Düşünürük ki, bu əməkdaşlıq gələcəkdə Azərbaycan və Birləşmiş Krallıq musiqiçiləri arasında daha sıx əməkdaşlığın qurulmasına xidmət edəcək”.
S.Şah “British Council” tərəfindən Tuğkan Mutlunun rəhbərliyi ilə iki günlük intensiv “Selector PRO” təlimi keçirəcəyini söyləyib. Bildirib ki, iştirakçılar təlimdə Ableton proqramı vasitəsilə professional şəkildə musiqi yaratmaq üçün faydalı məlumat və vasitələrlə təmin olunacaqlar. Bundan başqa, "ASAN radio"da DJ BAZAUR tərəfindən ingilis konsertlərindən ən yaxşı musiqi nümunələri təqdim ediləcək. Fevralın 21-də Pullman Baku otelində elektron musiqiyə həsr olunmuş Selector Live partisi baş tutacaq.
Sonra layihənin Azərbaycan üzrə təmsilçiləri çıxış ediblər.
Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında Böyükağa Mirzəzadənin adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır söyləyiblər.
Bu gün görkəmli fırça ustasının ad günüdür. Milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb.
Böyükağa Mirzəzadə 1921-ci ilin fevralın 21-də Bakının Fatmayı qəsəbəsində dünyaya göz açıb. O, sənətə təsadüf nəticəsində gəlib. Atası onun həkim olmasını arzulayırmış. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar rəssam təhsilini yarımçıq qoyur və Bakıya qayıdır.
Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, 1966-cı ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
Rəssamın yaradıcılığı həm çoxşaxəli, həm də məhsuldar olub. Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr – dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olmaq olar.
Rəssam süjetli tabloların gözəl nümunələrini yaradıb. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar.
Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutub, onun bu sahədəki fəaliyyəti diqqəti xüsusilə cəlb edib. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb. Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar.
Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.
Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin.
B.Mirzəzadə, həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.
Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyət də göstərib. Uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc istedadlı rəssam kadrların yetişməsində və təsviri sənətimizin zənginləşməsində əməyi olub. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır.
B.Mirzəzadənin yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilib. Rəssam 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
B.Mirzəzadə 2007-ci il noyabrın 3-də 86 yaşında vəfat edib.
Onun əsərləri bu gün öz müəllifini yaşatmaqla yanaşı, həm də Azərbaycan təsviri sənətinin nəyə qadir olduğunu bir daha sübut edir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı növbəti dəfə repertuara salıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 29-da nümayiş ediləcək səhnə əsərinin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.
Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.
Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.
Heydər Əliyev Fondunun layihəsi olan və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanan səhnə əsərində Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, İqrar Salamov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov və İbrahim Əlizadə ifa edəcəklər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.
Fevralın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası nümayiş ediləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək.
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrola gəlib. Hələ 2019-cu ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirində iştirakı zamanı bu teatrla qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri qurulub.
Teatrdan bildirilib ki, bu əməkdaşlıq əlaqələri çərçivəsində bu gün və sabah Özbəkistan sənətçiləri Bakıda Gənc Tamaşaçılar Teatrı səhnəsində Özbəkistanın Xalq şairi Qafur Qulamın “Ozornik” (Şumbola) tamaşasını teatrsevərlərə təqdim edəcəklər.
“Şumbola” əsəri tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbola uşaqlara “Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq izah edir.
Qafur Qulamın Azərbaycana və ədəbiyyatımıza, mədəniyyətimizə münasibəti də bir sıra əsərlərində özünü göstərir. Onun “Bir-birinə şagird, bir-birinə ustad”, “Qırx yaşlı Azərbaycan”, “Səməd Vurğuna”, “Qardaş Azərbaycan pambıqçılarına”, “Xəzər” adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimi şəkildə ifadə olunub.
Qeyd edək ki, gələcəkdə bu əməkdaşlıq çərçivəsində Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrolu planlaşdırılır.