Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə təqdim olunacaq səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Fevralın 26-sı günü nümayiş ediləcək səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları canlandıracaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialında Beynəlxalq Ana Dili Gününə həsr olunan “Ana dili adlanır, bizim ilk dərsliyimiz” adlı kitab sərgisi təşkil olunub.
İdarədən bildirilib ki, oxuculara ana dilimiz haqqında məlumat verilib. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ildə keçirilən baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilib.
Diqqətə çatdırılıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayıb. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradıb. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladıb. Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranıb, tərəqqi edib. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov bu günün əhəmiyyətindən danışıb.
Bildirib ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında, insanlar arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Professor onu da vurğuladı ki, müəyyən tarixi dövrlərdə dilimiz düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmış və çətin sınaqlarla üzləşib. Lakin xalqımızın əyilməzliyi, milli qüruru, öz dilini qoruyub saxlamaq arzusu sayəsində ana dilimiz öz təbiiliyini və zənginliyini itirməyib.
K.Tahirov çıxışında Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini və onun bu istiqamətdə gördüyü tədbirləri xüsusi olaraq vurğulayıb. O, həmçinin ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və dilimizin zənginləşdirilməsi məqsədilə apardığı siyasətin önəmini də qeyd edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.
Sərgi bir həftə nümayiş ediləcək.
Tokioda “Imegine One World – Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib.
Azərbaycanın Yaponiyadakı Səfirliyində təşkil edilən tədbirdə “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq dövlətlərin və ərazi vahidlərinin kimonosunu hazırlayan “Imegine One World-Kimono Project” layihəsinin təmsilçiləri, NHK World telekanalının nümayəndələri, diasporumuzun üzvləri iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək Yaponiyada keçiriləcək Olimpiya və Paraolimpiya Oyunları ilə bağlı hər bir iştirakçı ölkənin milli üslubda kimonosunun hazırlanması layihəsinə 2014-cü ildə start verilib. Azərbaycanın milli ornamentlərinin əks olunduğu kimononun hazırlanması ilə əlaqədar layihənin nümayəndələri dəfələrlə səfirlikdə olub, müvəqqəti işlər vəkili Fərid Talıbov layihənin rəhbəri Yoşimasa Takakura və digər üzvlərlə kimononun layihəsi barədə fikir mübadiləsi aparıblar. Həmin görüşlərdə verilən tövsiyələr əsasında Azərbaycana həsr olunan kimono hazırlanıb.
Layihənin əsas məqsədi yapon mədəniyyətinin ənənələrini bütün dünyaya təqdim etmək üçün 213 ölkənin və ərazi vahidinin kimonosunu yaratmaq, “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq ölkələrin Yaponiyada təşviqi, ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Bu kimonoların hər birinin hazırlanması üçün 2 milyon yen (təqribən 18200 dollar) məbləğində vəsait tələb olunur. Azərbaycan kimonosunun hazırlanması layihəsinin sponsoru Osaka şəhərində fəaliyyət göstərən “Sakai” daşımaçılıq şirkətidir.
Tədbirdə çıxış edən F.Talıbov bildirib ki, Azərbaycan kimonosu ölkəmizin müasir inkişafı və mədəni ənənələri nəzərə alınaraq hazırlanıb. Kimonoda Dövlət Bayrağının rəngləri, milli atributlar kimi tanınan nar və buta, Bakının rəmzinə çevrilmiş “Alov qüllələri” öz əksini tapıb.
NHK World telekanalının müxbirinin Azərbaycan kimonosu ilə bağlı suallarını cavablandıran F.Talıbov vurğulayıb ki, layihənin üzvləri artıq bir ilə yaxındır səfirliklə əməkdaşlıq edirlər. Azərbaycanın müasir inkişafını və zəngin mədəniyyətini əks etdirən kimono məhz bu əməkdaşlıq nəticəsində hazırlanıb. Kimononun hazırlanmasında əsas məqsəd ölkəmizin zəngin mədəniyyətinin və müasir gözəlliyinin Yaponiyada daha geniş tanıdılmasıdır.
F.Talıbov kimonoda yer almış təsvirlər haqqında ətraflı məlumat verib və kimono layihəsinin üzvlərinə, xüsusən də layihənin dizayneri Yako Yurikoya bu cür gözəl sənət əsərinə görə minnətdarlığını bildirib.
Layihənin dizayneri, tanınmış kimono ustası Yako Yuriko da öz növbəsində layihənin reallaşmasında, Azərbaycan üçün hazırlanmış kominonun milli cəhətlər nəzərə alınaraq hazırlanmasında göstərilən köməyə görə səfirliyə və Yaponiyadakı Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan kimonosu məhz bu əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində çox gözəl alınıb.
Azərbaycana həsr olunmuş kimononun təqdimatı barədə NHK World telekanalında xüsusi verilişin fevralın son günlərində nümayiş etdirilməsi nəzərdə tutulur.
Hər il fevral ayının üçüncü cümə axşamı ölkələrdə Dünya Antropologiya Günü qeyd olunur.
Amerika Antropologiya Assosiasiyası tərəfindən təsis olunan və bu il fevralın 20-nə təsadüf edən Dünya Antropologiya Gününün qeyd olunması bəşəriyyətin tarixini, başqa sözlə, insanların sosial və bioloji xüsusiyyətlərini, onların dəyişilməsini öyrənən antropologiya elminə marağın artırılması məqsədi daşıyır. Hazırda ABŞ, Almaniya, İngiltərə, İtaliya və digər ölkələrdə antropologiya üzrə elmi müəssisələr, təşkilat və kurslar fəaliyyət göstərir, bu sahəyə dair tədris proqramları, monoqrafiyalar, elmi toplular hazırlanır.
AMEA-dan bildirilib ki, Azərbaycanda antropologiya sahəsində prioritet mövzular, müasir nəzəriyyələr müəyyənləşdirilir, antropologiya elminin inkişaf konsepsiyası hazırlanır. Ölkə antropoloqlarının tədqiqatlarının əsas istiqamətini Azərbaycan xalqının tolerantlığının tarixi köklərinin araşdırılması, azərbaycanlıların sosial-mədəni birlik kimi formalaşması və onların oхşarlıqlarının aşkar edilməsi məsələləri təşkil edir. Antropologiya elminin inkişafı istiqamətində AMEA-da da mühüm işlər görülür. Belə ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Antropologiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə antropologiyanın çoxsaylı problemləri üzrə elmi tədqiqatlar aparılır, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Həmçinin Antropologiya ixtisası üzrə AMEA-da magistraturaya qəbul həyata keçirilir.
Bununla yanaşı, AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Arxeologiya, etnoqrafiya və antropologiya ixtisasları üzrə Elmi şurasının yaradılması da bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə AXIN üzvləri üçün nəzərdə tutulmuş növbəti tədbir təşkil olunub.
Tədbir çərçivəsində tanınmış bərpaçı-rəssam Sabir Hüseynovun iştirakı ilə “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusu müzakirə edilib.
Tədbir çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya yenindən fevralın 22-də teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcək.
Fevralın 19-da Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Azərbaycan–Ukrayna ədəbi əlaqələri istiqamətində Mərkəz tərəfindən ərsəyə gətirilən tərcümə və nəşr layihələri – Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr olunmuş çağdaş Ukrayna şeiri antologiyası “Kişi, qadın və çətir”, ukrain dilində Ukraynada işıq üzü görmüş “Müasir Azərbaycan poeziyası” antologiyası, tanınmış Ukrayna nasirləri Vladimir Danilenko və Nikolay Xomiçin Azərbaycan dilində Azərbaycanda işıq üzü görmüş “Qürub çağının işığında” və “Sərdabənin sirri” kitablarından, eləcə də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq ukrain dilinə çevrilərək Kiyevdə işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum”) kitabından söz açılıb. Daha sonra Ukrayna–Azərbaycan ədəbiyyatı mübadilələri üzrə 2020–2025-ci illərdə nəzərdə tutulan perspektiv layihələr, Azərbaycan ədəbiyyatının Ukrayna sosial şəbəkələrində yayımlanması və digər əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonağa İmadəddin Nəsiminin Ukraynada işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” kitabı hədiyyə edilib.
Martın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Ronald Beykerin konserti baş tutacaq.
Dünya çapında 7 solo albomu ilə "Müasir cazın ən yaxşı albomları" yerini alan ifaçı bu dəfə Bakı caz həvəskarlarının qarşısında maraqlı proqramla çıxış edəcək. Stil və formaca cəsarətli eksperimentlər edən Beyker 1950-ci illərin cazına xas olan mürəkkəb emosional mesaj və harmoniya ilə çıxış edir. Klifford Braun və Dizzy Gillespie ənənələrini davam etdirən amerikalı truba ifaçısı və vokalist Ronald Beyker həm də dünyaca məşhur caz ifaçısı Neti Kinq Koulun davamçısıdır.
Biletləri İticket.az və şəhərin bütün kassalarından əldə etmək olar.
Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsi öz zövqünə güvənən 10-18 yaşarası uşaq və yeniyetmələr üçün növbəti layihəni təqdim edir.
Muzeydən bildirilib ki, iştirakçılar martın 1-dən iyunun 1-dək, həftənin şənbə günləri, saat 10:00-dan 13:00-a qədər muzeydə milli geyimlərin tikilməsi və təbliği məqsədilə həyata keçiriləcək təhsil proqramına qatılmaq imkanı əldə edəcəklər. “Nənəmin sandığından yaranmış Fashion Show’’ adlı proqram müddətində iştirakçılara milli geyimlərimizin tarixi, həmçinin materiallardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçiriləcək. 3 aylıq təhsil proqramının sonunda iştirakçılar tərəfindən hazırlanmış kostyumların moda nümayişi olacaq. Təhsil proqramını uğurla bitirən uşaqlara sertifikatlar da təqdim ediləcək.