Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonundakı 176 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə “Doğma dilim, ana dilim” adlı tədbir keçirib.
Tədbiri kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova açaraq Beynəlxalq Ana Dili Günü barədə məlumat verib. Qeyd edilib ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
176 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva çıxış edərək bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Tədbirdə 176 nömrəli tam orta məktəbin biologiya müəllimi Musayeva Xuraman, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Qənirə Mustafayeva öz çıxışlarında ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışıblar.
Sonra məktəbin şagirdləri Sadiq Quliyev, Xədicə Qasımova, Aytac Şabanova, Nəzrin Quliyeva və digərlərinin ifasında Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şeirlərini səsləndirib.
Tədbir kitabxanada “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxışla sona çatıb.
Gənc pianoçu Leyla Zeynalova Estoniyanın Narva şəhərində keçirilən XIII Beynəlxalq Şopen Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.
Leyla Zeynalova müsabiqəyə öz təşəbbüsü ilə qatılıb. İlk dəfə bu müsabiqədə 12 yaşında iştirak edən ifaçı 2-ci yeri qazanıb.
Seçim turuna ötən ilin oktyabrında videoifasını göndərən Leyla noyabrda müsabiqəyə dəvət alıb. Müsabiqənin birinci turunda 25, ikinci turda 30 dəqiqə solo proqramla, sonda isə orkestrlə birgə çıxış edərək böyük uğura imza atıb.
Qazandığı uğurlara görə ona dəstək olan insanlara təşəkkürünü bildirən pianoçu deyib: “Bakı Musiqi Akademiyasının professoru Kəmalə Nemanovanın tələbəsiyəm. Bu illər ərzində onunla çox layihələr həyata keçirmişik. Müəlliməm hər zaman məni dəstəkləyir, hər vaxt yanımdadır. Hətta müsabiqəyə birlikdə getməsək də, hər turdan əvvəl telefonla əlaqə yaradıb məsləhətlərini verir, mənə dəstək olurdu. Düzdür, müsabiqəyə qatılan hər kəsin içində qalib olmaq inamı olur. Bu uğur mənim üçün inanılmazdır. Yaşadığım hissləri ifadə etmək çətindir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Leyla Zeynalovanın adı gənc istedadların "Qızıl kitab"ına yazılaraq Prezident təqaüdünə layiq görülüb.
Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan Leyla ölkəmizlə yanaşı, Almaniya, İngiltərə, Belçika və Latviyada bir sıra müsabiqələrdə iştirak edib, laureat olub, əksəriyyətində Qran-pri mükafatına və birinci yerə layiq görülüb. O, dəfələrlə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltikyanı ölkələrinin Uşaq Musiqi Akademiyasının ustad dərslərində iştirak edib. 2015-ci ildə gənc pianoçu Vladimir Spivakovun təşkil etdiyi "Moskva dostları qarşılayır" festivalına qatılıb.
L.Zeynalovanın uğurlu fəaliyyəti 2018-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.
Onu da bildirək ki, Leylanın qardaşı, beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov da vaxtilə Narvada keçirilən Beynəlxalq Şopen Müsabiqəsinin qalibi olub. Rüstəm hazırda Moskva Konservatoriyasının aspiranturasında təhsilini davam etdirir.
Azərbaycanda turizm sahəsi inkişaf edir və biz bu təcrübəni öyrənməliyik.
Bu barədə Qazaxıstan Parlament Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin turizm cəmiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Spiker qeyd edib ki, bu gün Qazaxıstan turizm sahəsində mövcud olan ən yaxşı dünya təcrübəsini öyrənməlidir. Bir çox ölkələr öz sərvətlərinin əhəmiyyətli hissəsini turizmdən əldə etdikləri gəlirlər hesabına qurmuşlar. Buna misal olaraq təkcə ABŞ, İspaniya, Fransa, İtaliya, Çin kimi turizm bazarının liderlərini deyil, həm də qonşularımız – Azərbaycan və Özbəkistanı qeyd etmək olar. Bu ölkələrdə dövlət tərəfindən qəbul edilmiş qanunvericilik, təşkilati, iqtisadi və digər tədbirlər nəticəsində turizm milli iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir.
Qazaxıstanın turizmin inkişafı üçün böyük potensialı olduğunu deyən Nurlan Niqmatulin hesab edir ki, bu sahənin inkişafı üçün yeni proqram işlənilməlidir.
Cari ildə keçiriləcək növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin sektor müdiri Nərgiz Abdullayeva Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüblər.
Görüş zamanı ölkəmizin "Fəxri qonaq ölkə" qismində iştirakı ilə bağlı silsilə tədbirlərin keçirilməsi müzakirə olunub. Həmçinin Dövlət Ermitajında qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələri ilə tanışlıq olub, restovrasiya mərkəzində eksponatların nümayişi baş tutub və ölkəmizə ayrılacaq zallar müəyyən edilib.
Qeyd edək ki, forum çərçivəsində Dövlət Ermitajında keçiriləcək silsilə tədbirlərin və ölkəmizin mədəniyyətinin təbliğ edilməsi məqsədilə burada qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrindən ibarət daimi ekspozisiyanın təşkili planlaşdırılır.
Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyanada “Konserthaus“ Mədəniyyət Evinin “Böyük zal”ında geniş konsert proqramı ilə çıxış ediblər.
Avstriyanın ən böyük konsert zallarından biri hesab edilən “Böyük zal“dakı konsert anşlaqla keçib. Konsertin proqramında italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri yer alıb. Macarıstan Dövlət Operasının Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.
Dünya klassik musiqi səhnəsində özünəməxsus yerə malik cütlüyün konserti tələbkar Vyana musiqisevərləri tərəfindən böyük maraq və vurğunluqla qarşılanıb. Qeyd edilməlidir ki, cütlüyün 2020-ci ildə verəcəyi konsertlər tamamilə italyan bəstəkarların (Verdi, Puççini, Cordano) əsərlərindən ibarət olacaqdır. Operasevərlər yaxın müddətdə Hamburq və Berlində dünyanın ən yaxşı sopran və tenor cütlüyünün konsertlərindən zövq ala biləcəklər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib.
İdarədən bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tbilisidə “Seçilmiş əsərləri” çapdan çıxıb. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində nəşr olunub.
Diqqətə çatdırılıb ki, Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınıb. Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilib. 100-dən artıq şeirinə musiqi bəstələnib.
Sonda oxucular ədibin əsərləri ilə tanış olublar.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 21-də təqdim ediləcək tamaşada ağlasığmaz sevgi oyunlarından bəhs olunur. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də izlənilib və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb.
Dövlət Xidmətindən bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib.
Eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.
Qərara əsasən, Dövlət Xidmətinin 5 - Bakı, Şabran, Qəbələ, Gəncə və Salyan regional idarələri yaradılıb.
Həmçinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan tamaşanı - ikihissəli tarixi elegiyanı təqdim edib.
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Natiq Həziyev, Əməkdar artist Rəşid Rzayev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev, Güney Əliyeva, Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış ediblər.
Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.
Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.
Kənd ağsaqqalı Ramiz Bəkirov bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun yaradıcılığının gələcək nəsillərə çatdırılması üçün nəzərdə tutulan Poeziya evi üçün torpaq sahəsi ayrılıb.
Bolnisi rayon bələdiyyəsinin əməkdaşları, Ramiz Bəkirov və kənd ağsaqqalları Poeziya evinin tikiləcəyi sahəyə baxış keçirib, tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.
Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu il yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub. Bu münasibətlə şairin anadan olduğu kənddə keçirilən tədbirdə bir sıra təkliflər, o cümlədən Poeziya evinin tikilməsi ilə bağlı rayon rəhbərliyinə və parlamentin deputatına müraciət qəbul olunub.