Fevralın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində “Adajio Xammerklavir”, “Solo”, “İki cütlük üçün variasiyalar”, “Beş tanqo” adlı birpərdəli baletlər nümayiş etdiriləcək. Teatrın saytına istinadla xəbər verilir ki, “İki cütlük üçün variasiyalar” baletində Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının premyeri Timur Əsgərov çıxış edəcək.
Səhnə əsərində Benjamin Britten, Stefan Kovaç Tikmayer, Astor Pyatsollanın musiqisindən istifadə edilib. Baletin dünya premyerası 2012-ci ildə Amsterdamda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü ildə oynanılıb.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Buratino axmaqlar ölkəsində” tamaşasını növbəti dəfə azyaşlıların ixtiyarına verib.
Lev Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” nağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir.
Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exoladır. Tamaşada aktyorlar - Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), Əməkdar artistlər - Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar - Elsevər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova və Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), əməkdar artist Mirzə Ağabəyli (Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova (Qurbağalar) çıxış ediblər.
Mahnıları Teymur Kazimov, Bəsti Qasımova, Nazəni Həsənova və Əlif Cahangirli ifa edib.
Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.
İsveçrədə Bern Universiteti və Avrasiya Araşdırmaları Cəmiyyəti tərəfindən “Mədəniyyətlərin təması: Mərkəzi Asiya ticarət, mədəniyyət və bilik mübadiləsinin mərkəzində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər.
İnstitutdan bildirilib ki, alimlərimiz konfrans çərçivəsində xüsusilə Azərbaycan tarixinə həsr olunmuş sessiyada çıxış ediblər. Akademik Şahin Mustafayevin məruzəsi orta əsrlərdə Azərbaycanın şimal-şərqində Xəzər ticarət yolunun fəaliyyəti və bu marşrut üzərində mövcud olan tarixi abidələrin vəziyyəti ilə bağlı idi. Fərda Əsədovun məruzəsi isə erkən orta əsrlərdə Azərbaycanın şimal bölgələrində xəzərlərin mövcudluğunu sübut edən arxeoloji faktların təhlilinə həsr olunub. Alimlərimizin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şahin Mustafayev və Fərda Əsədov Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun eyni günlərdə Berndə keçirilən akademik şurasının toplantısına da qatılıblar. Azərbaycan 2003-cü ildən UNESCO və dünyanın 9 ölkəsi ilə bərabər bu mötəbər beynəlxalq elmi qurumun tam hüquqlu üzvüdür. İnstitutun akademik şura toplantısında növbəti ildə bu qurumun fəaliyyət planı müzakirə olunub və 2020-2021-ci illərdə həyata keçiriləcək elmi layihələr təsdiqlənib.
Elmi tədbirdə İsveçrə, Fransa, İngiltərə, İtaliya, Almaniya, ABŞ, Rusiya, İsrail, Pakistan, Azərbaycan və Orta Asiya ölkələrindən qırxa qədər tarixçi və arxeoloq iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyi ilə əlaqədar Dendrologiya İnstitutunda Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ətraf mühit və təbiəti sevək” adlı elmi seminar və rəsm, fotoşəkil və əl işlərindən ibarət müsabiqə elan olunub.
İnstitutdan bildirilib ki, məqsəd ətraf mühitin mühafizəsi sahəsində insanların bilik və bacarıqlarını artırmaq, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinə nail olmaqdır. Müsabiqədə iştirak etmək istəyənlər ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə aprelin 10-dək əl işlərini AMEA Dendrologiya İnstitutunun dendro.amea75@gmail.com və ya arazli.tunzale@mail.ru ünvanlarından birinə göndərməlidirlər.
Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilərlər. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Uşaqların əl işlərində kənar müdaxiləyə (müəllimlərin, valideynlərin) yol verilməməsi və yeni yaradılmış əsərlərin təqdim edilməsi arzu olunur. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.
İlk üç yerin qalibləri (I yer – 300 manat; II yer – 200 manat; III yer – 100 manat) mükafatlandırılacaq.
Müsabiqənin yekun sərgisi aprelin 16-17-də Dendrologiya İnstitutunda keçiriləcək.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imtahan müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.
Qeyd edək ki, bundan əvvəl həmin imtahanın müddəti 45 dəqiqə olub.
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sifarişi və təşkilati dəstəyi ilə Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır.
RİİB-dən verilən məlumata görə, layihənin icrasını Bakı Media Mərkəzi həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar RİİB ölkədə könüllülük hərəkatının genişləndirilməsi, könüllülərin fərdi inkişafı və faydalı məşğulluğunun təmin edilməsi, gənclərdə sosial məsuliyyət, vətənpərvərlik, dövlətçilik, humanizm dəyərlərinin möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər və sosial layihələr reallaşdırır.
Sənədli film və fotosərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət-özəl sektor-vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə başlanan könüllülük hərəkatının Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı uğurlu gənclər siyasəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyması, gənclərin kreativlik, təşəbbüskarlıq, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə könüllülük fəaliyyətinə yeni nəfəs verməsi əksini tapacaq.
Eləcə də gənclərin ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” və digər irimiqyaslı tədbirlərdə, müxtəlif dövlət qurumlarında könüllü kimi fəaliyyətindən geniş bəhs olunacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialında Qaradağlı faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
İdarədən bildirilib ki, əvvəlcə oxuculara Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, erməni hərbi birləşmələrinin 28 il əvvəl Qaradağlı kəndində törətdikləri vəhşiliklər, kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparması barədə məlumat verilib.
Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadlı müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.
1992-ci il fevralın 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə qədim Azərbaycan kəndi olan Qaradağlıya hücum ediblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Sonda oxucular Qaradağlı faciəsinə həsr edilən sərgi ilə tanış olublar.
Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu “Mədəniyyət üzrə Qran- Pri” (Grand Prix de la Culture) mükafatına layiq görülüb.
Gənc musiqiçiləri karyera pillələrində dəstəkləmək və incəsənət aləminin tanınmış sənətçilərini öz səhnə fəaliyyətinə görə qiymətləndirmək məqsədi daşıyan bu mükafat ”Wiener Privatbank SE” bankı və “Hollaender-Calix“ incəsənət agentliyinin birgə layihəsidir.
Azərbaycanlı tenor bu mükafata dünyanın müxtəlif opera səhnələrində çıxışları, yaratdığı obrazlar və mükəmməl səsinə görə layiq görülüb.
Y.Eyvazov mükafatlandırma mərasimində təşkilatçılara onun sənətinə verilən qiymət və etimada görə təşəkkür edib.
Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərinin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyində növbəti tədbir xalqımızın nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrinin müzakirəsinə həsr edilib.
Müzakirələr zamanı xalqımızın toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmaq imkanı da yaradılıb.
Tədbir iştirakçılarının bu qədim ənənəmiz barədəki sualları etnoqraf-alim Solmaz Məhərrəmova tərəfindən cavablandırılıb.
Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 1-ci hissəsi “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanıb. Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.
Filmdə Azərbaycanın din tarixi, İslamın gəlişi, bu gün dövlət-din münasibətləri, müxtəlif dini icmaların fəaliyyəti, multikulturalizm haqqında geniş məlumat verilir.
Ölkəmizdə səfərdə olmuş fransız jurnalistlər dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşlərini lentə alaraq “France 2” televiziya kanalının geniş auditoriyasına təqdim ediblər. Müxtəlif dini icmaların nümayəndələrinin müsahibələri vasitəsilə ölkəmizdəki mədəniyyətlər, etnik qruplar və dinlərarası münasibətlər televiziya tamaşaçılarına çatdırılıb.
Filmin 1-ci hissəsində “Bibiheybət məscid ziyarətgahı”, “Təzə pir” məscidi, Bakıdakı kilsələr və sinaqoqlar, Gəncə İmamzadəsi, Nizami türbəsi, Qubadakı Qırmızı Qəsəbə, Alban-Udi kilsəsi və digər ibadətgahların tarixi və bu günü haqqında ətraflı məlumat verilib. Bakının ev sahibli etdiyi Dünya dini liderlərinin II Sammitindən danışılıb.
Filmdə müsəlman ölkəsi olan Azərbaycanın mədəniyyətlər və dinlərarası platforma olduğu, burada müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşayışı diqqətə çatdırılıb. Ölkəmizin Şərq və Qərb arasında körpü olduğuna toxunularaq, onun Böyük İpək Yolu üzərində yerləşdiyi bildirilib. Tarixi və dini abidələrlə zəngin olan Azərbaycanın sivilizasiyaların kəsişməsində yerləşdiyi vurğulanıb.
Filmin ideya rəhbəri Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari, rejissoru Bualem Geritli, prodüseri Cellul Bequra, tərcüməçisi Şəhla Ağalarovadır.
Xatırladaq ki, filmin 1-ci hissəsini fevralın 23-dək “France 2” televiziya kanalının saytında yenidən izləmək olar (https://www.france.tv/france-2/islam/1241787-azerbaidjan-premiere-partie.html). Filmin 2-ci hissəsi fevralın 23-də səhər “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanacaq.